Poetik enerji axtarışında

 

“Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” kitabından 2-ci məqalə

 

 

Akademik Kamal Abdulla uzun illərdən bəri qələmə aldığı “Kitabi-Dədə Qorqud” dastanının poetikasına giriş” adlı tədqiqat əsərini tamamlamışdır.

 

Əsər qədim dastan poetikasının özəl, immanent xüsusiyyətlərini öyrənməklə yanaşı, onların yaranma səbəblərini, yaranma mühitini tədqiq edir. Əsərdə bənzətmə və müqayisələrin, təkrar və şişirtmələrin, digər poetik elementlərin ilkin, ibtidai məqamları müəyyənləşdirilir, onların sonradan klassik formalara keçid perspektivləri öyrənilir.

 

Monoqrafiyada müxtəlif yaranış mərkəzlərinə məxsus olan qədim dastanların bir-birilə səsləşdiyi məqamlar ciddi elmi təhlilə cəlb edilir. Poetik təzahür, onun bazası və qaynaqları, o cümlədən, mifoloji energiya, poetik potensial, poetik şərait, poetik məqam monoqrafiyanın əsas çıxış nöqtələri kimi özünü göstərir.

 

Qədim mifoloji təfəkkürdən yazının klassik mədəniyyət nümunəsi kimi özünü göstərdiyi vaxta qədər Dastan təcrübəsinin yığdığı ilkin, ibtidai poetik energiya saf-çürük edilir və bütün bunlar psixoloji, ədəbi, linqvistik, kulturoloji yanaşmalarla zəngin olan bir sistem daxilində nəzərdən keçirilir.

 

Akademik D.S.Lixaçov məşhur “Qədim rus ədəbiyyatının poetikası” əsərində belə bir sual qoyur və onu cavablandırmağa çalışır. Sual budur: “Qədim və yeni rus ədəbiyyatı arasında fərqliliklərin mahiyyəti nədən ibarətdir?”

 

D.S.Lixaçov bu sual ətrafında iki ədəbiyyat növünü ayırır və onların arasında müəyyən sərhədlərin olmasını qeyd edir. Sərhədlər coğrafi və mənəvi sərhədlərdir. Tədqiqatçı ilk əvvəl qədim rus ədəbiyyatının coğrafi bütövlüyünü, onun qərbi və cənubi slavyan ədəbiyyatları ilə, Bizans ədəbiyyatı ilə əlaqəsini müəyyənləşdirir. Eyni zamanda yeni rus ədəbiyyatı ilə bağlanan gizli mənəvi telləri araşdırır. O, qeyd edir ki, iki ədəbiyyat növü - qədim və yeni ədəbiyyat arasında (bir növdən digərinə keçid zamanı) müəyyən bir dövr olmuşdur və bu dövr kifayət qədər uzun bir zamanı əhatə etmişdir. Alimin gəldiyi mühüm qənaət belədir: “Qədim rus ədəbiyyatının poetikası yeni ədəbiyyatın poetikasından fərqlənir”.

 

“Kitabi-Dədə Qorqud” dastanının bir bütöv mətn kimi formalaşmasından əvvəl onun bir-birindən həm tarixən, həm psixoloji-bədii cəhətdən fərqlənən hissələrinin formalaşması prosesi baş vermişdir. Dastan, əslində, ona daxil olan dastanların (boyların) yaranmasından sonra, bütöv bir quruluşalandan sonra müvafiq(yekun!) formalaşma prosesi keçmişdir. Azərbaycanın görkəmli alimi, dil tarixinin dərin bilicisi və mütəxəssisi Ə.Dəmirçizadənin müşahidəsinə əsaslansaq, “Dədə Qorqud” dastanı ayrı-ayrı əsərlərdən ibarətdir, ən azından Müqəddimə ilə boylar arasında əlaqə yoxdur. Bu fikir dediklərimizi dolayısı ilə təsdiq edir.

 

Dastan boyu ayrı-ayrı boyların həm bir-birilə əlaqəsinin zəifliyi və ya yoxluğu hiss edilir. Bu ayrı-ayrılıqda formalaşmanın təzahürüdür və əlbəttə ki, bəzən eyni qəhrəmanların ayrı-ayrı boylarda iştirakı bütövlük amilinə xidmət etmir. Bu boyların hər birinin öz daxilində hətta ayrı-ayrı estetik məqamların “səsi” eşidilir. Dastan quruluşuna immanent rakursdan baxdıqca bu kimi ayrıntılar barədə daha qəti düşüncələrə gəlmək mümkündür.

 

İlk olaraq bizi belə bir sual maraqlandırmalıdır. Dastan boyu qeyd etdiyimiz struktur-semantik rəngarənglik bizi belə düşünməyə vadar edir ki, Dastan bütövlükdə izolyasiya şəraitində formalaşmayıb. Onun ayrı-ayrı boylarının ən azından konseptual baxımdan ayrı mədəni məkanlarda formalaşması istisna edilməməlidir. Bizim belə bir suala indi də cavabımız yoxdur: Səyyar süjetlər yunan mədəni mühit müstəvisindən həm coğrafi, həm mənəvi baxımdan o qədər də yaxın olmayan mədəni əraziyə necə gəlib çıxıb?! Bu suallara cavabı vaxtilə görkəmli ədəbiyyatşünas, professor Əli Sultanlı ararmışdı.

 

Bəzi süjetlər hətta adaptəedilmiş tərcümələri xatırladır. “Beyrək” və “Basat” boylarının adını çəkmək kifayətdir. O dövrdə püxtələşmiş, dilləri və mədəniyyətləri mükəmməl bilən mütəxəssislər lazım idi ki, yerli mədəni ərazidə bu “köçəri quşları” “yerbəyer” və “sakin” edə bilsin. Bununla bağlı texniki məsələlər həyata necə keçirdi?!Alman şərqşünası Fon Dits 1815-ci ildə “Basat Təpəgözü öldürdüyü boy”a yazdığı məşhur önsüzündə qeyd edirdi ki, eyni süjet variantının uyğun gəlməyən məqamlarını tərcüməçinin (?) nöqsanı kimi açıqlamaq lazımdır.

 

Amma sual doğur. Bu tərcüməçi kim idi?! O mühit belə bir intellektual qüvvə ortaya çıxara bilərdimi? Mətnin formalaşmasını şərtləndirən bədii-psixoloji proseslər hansı gözəgörünməz yollardan keçib? Bizim indi əlimizdə az-çox bütöv bir mətn varsa və biz buna haqlı olaraq seviniriksə, bu mətnin formalaşma və əmələgəlmə peripetiyalarını unutmağa ki haqqımız yoxdur.

 

Yuxarıdakı məsələ ilə bağlı sualları belə də qoymaq olar:

 

- “Kitabi-Dədə Qorqud” izolyasiya şəraitində formalaşıb, yoxsa necə?

 

- Səyyar adlandırılan süjetlər bu mənəvi müstəviyə necə gəlib çıxıb? Bəlkə onları adaptəedilmiş tərcümələr kimi qəbul etmək lazımdır?

 

- Bu tərcüməçilər (və yaxud “orda” öyrənib, “burda” danışanlar) kimlər olub?

 

- Motivlər Azərbaycan mədəni məkanından Orta Asiyaya necə keçib?

 

Qədim dastan dövrü öz müstəvisinə digər oğuz xalqlarının da qatılmasını vacib edir. “Kitabi-Dədə Qorqud” əlyazmasının haradan hara (Türkiyədən Prussiyaya, oradan Saksoniyaya) aparılmasına baxmayaraq, məhz Azərbaycan dil mühitində (mədəni məkanında) formalaşması şübhə doğurmur. Formalaşma mərkəzi (gələn mənəvi xətlər və gedən mənəvi xətlər), bunu  dilçilər, tarixçilər də qəbul edirlər ki, məhz Azərbaycan məkanıdır. Belə isə Qərbdən (yunan mənəvi məkanından) gələn xətlərlə Şərqə (Orta Asiyaya) gedən xətlərin ortasında yerləşən belə bir formalaşma məkanının həm Qərbə, həm də Şərqə açıq münasibətdə olması, mədəni informasiya alıb-verməsi mübahisə obyekti deyil. Belə olarkən formalaşma məkanı üçün aydındır ki, həm coğrafi, həm də mənəvi sərhədlər xeylidərəcədə açılmış şəklə düşür. Amma yol haradan hara gedirdi?

 

Məntiqi cəhətdən belə bir qənaətə gələ bilirik ki, Dastanın yaradıcısı olan oğuzlar həm Türkiyədə, həm də Azərbaycanda Qərb ilə Orta Asiya arasında körpü rolunu oynaya bilmişdilər. Onlar Qərbdən qəbul etdikləri mədəni informasiyanı Orta Asiyaya - türkmənlərə(yenə də, təbii ki, əvvəlcə oğuzlara,çünki materialın yeni mühitə adaptəsi tələb olunur!) və bundan sonra hətta qırğızlara və qazaxlara ötürə bilmişdilər. Bu kontekstdə Odissey-Beyrək-Manas xəttinə nəzər salmaq mümkündür. Dədə Qorqud - Qorqud Ata paraleli də öz arxasındakı real və fantastik yük ilə bir yerdə bu yanaşmadan çıxış etsək, Şərqdən Qərbə doğru deyil, Qərbdən Şərqə doğru gedən bir yaradıcı xəttin nəticəsi kimi qiymətləndirilə bilər. Qeyd edək ki, bu dediklərimiz hissələrinin ayrı-ayrılıqda və dastanın bütövlükdə formalaşması ilə bağlı ümumi ilkin müşahidələr kimi təqdim edilir. “Kitabi-Dədə Qorqud” dastanının sonrakı fəsillərdə görəcəyimiz kimi öz daxili quruluşunda müxtəlif formalaşma növ və meyarlarını gizlətməsinin (yaxud qoruyub saxlamasının) izinə məhz bu cür düşmək mümkündür. Dastandakı müxtəlifliklərin bizə bəlli səbəblərindən biri budur.

 

D.S.Lixaçovun ayırdığı qədim rus ədəbiyyatı, yeni rus ədəbiyyatı və onların arasındakı uzun zaman dövrü modeli bütün universallığına baxmayaraq Azərbaycan müstəvisində bir qədər başqa şəkildə özünü göstərir.

 

Bəs biz öz qədim, ibtidai poetik dövrümüz kimi ayırdığımız Mif dövrü ilə, klassik poetik dövr kimi ayırdığımız Yazı mədəniyyəti arasındakı sərhəddihardan çəkə bilərik? Qədim ədəbiyyat (Mif dövrü) öz spesifik poetikası ilə yeni ədəbiyyata (Yazı mədəiyyətinə) hansı xətlərlə keçir? D.S.Lixaçov qeyd edən keçid dövrü bizim ədəbi məkanda da uzun (yaxud, qısa) zaman kəsiyi tələb edirmi?!

 

Biz ədəbiyyatımızda mif dövrünü və yazı dövrünü ayırmaq üçün çox qədim laylara, təkcə ədəbi əsər yox, ədəbi təsəvvür laylarına belə enmək məcburiyyətindəyik. Eyni zamanda belə bölgü bizə bir əsərin quruluşunda müxtəlif estetik kəsikləri müəyyən etməyə imkan verir.

 

Qeyd etmək lazımdır ki, bizim keçid dövrümüz müəyyən zaman ardıcıllığına səpələnmir və rus ədəbi məkanında olan kimi müəyyən (uzun, yaxud qısa) zaman kəsiyində baş vermir. Başqa sözlə, biz deyə bilmirik ki, “x” əsərindən sonra meydana çıxan “z” əsəri artıq yeni ədəbiyyat növünə aiddir, yeni ədəbiyyatın nümunəsidir və keçid sərhəddi bu əsərlərin arasındadır. Azərbaycan ədəbiyyatı ilə bağlı biz onu qeyd edə bilirik ki, buradakı keçid xətti eyni əsər daxilindədir və o əsər “Kitabi-Dədə Qorqud”dur. Müxtəlif ədəbiyyat növləri - həm Mif dövrünə aid özəlliklər, həm də Yazı mədəniyyətinə aid xüsusiyyətlər bir əsərin quruluşunda, bir-birinin tam yanındadır.

 

Beləliklə, biz yenə də “Giriş” hissəsində (1-ci məqalədə) ortaya qoyduğumuz aksioma qayıdırıq. “Kitabi-Dədə Qorqud” dastanı iki ədəbiyyat növünü özündə birləşdirən nadir nümunələrdəndir. Əgər elə ədəbi məkanlar var ki, bir növdən o birinə keçid müəyyən zaman tələb edir, müxtəlif əsərlər vasitəsilə gerçəkləşdirilir, elə ədəbi məkan da var ki, orada keçid (sərhəd) və onun özü ilə gətirdiyi mənəvi-estetik, bədii özəlliklər bir tarixi-psixoloji-fəlsəfi-filoloji mətn daxilindədir- “Kitabi-Dədə Qorqud” dastanı daxilində.

 

Qədim, spesifik, immanent əlamətli mətn dedikdə ilk olaraq, yəqin ki, bu mətnin, yaxud mətnlərin mənəvi yaşam məkanından danışmaq lazımdır. Qədimliklə yenilik arasında coğrafi, mənəvi, psixoloji, tarixi sərhədləri cızmaq lazımdır. “Kitabi-Dədə Qorqud” dastanında bu ayrıntılar, yəni,sərhəddin hər iki tərəfi özünü bir mətn daxilində göstərir. Bir mətn daxilində bizhəm Yazı dövrünə xas olan “ol qızın üç canavər qalınlığı, qaftanlığı vardı” deyimi ilə, həm də Mif mədəniyyətinə məxsus  Qarşı yatan Ala dağ...”deyimi ilə rastlaşırıq. Onları sistemli şəkildə qruplaşdırmaq Dastan dilindəki və dil arxasında gizlənən təsəvvürdəki çox incə mətləbləri üzə çıxarır və nəhayət etibarilə, sərhəddin hər hansı bir tərəfi digər tərəfdəki dəyərləri daha dərindən öyrənməyə vəsilə olur.

 

Qədim mətnin immanent xüsusiyyətlərini öyrəniriksə və poetik sistemdən söhbət gedirsə, ilk növbədə öyrənəcəyimiz, öyrənməli olduğumuz obyekt “poetik enerji” adlandırdığımız məsələdir.

 

Sanki bu, çox aydın bir anlayışdır. Qədim poetik enerji sonralar, canlandıqdan sonra yeni ədəbiyyat növündə (Yazı mədəniyyətində) poetik fiqur, poetik üsul, vasitə kimi formalaşan ilkin poetik işarədir. Daha doğrusu, poetikliyə, onun məhz burada bərqərar olmasına işarədir, poetik funksiyalı hərəkətdir. Mətnin “ştil” məqamında qeyri-tanış, hənirtisi gələn, qeyri-səlis, diksindirici məqamdır. Onu yaddaşa yazmaq, fiksə eləmək olduqca vacib psixoloji aktdır. Çünki “mağara” rejimində - ilkin, ibtidai mətnlərin yarandığı məkanda tanış olmayan məqam əvvəlcə səni diksindirəcək (psixoloji məqam!), sonra səndən müəyyən reaksiya (!) tələb edəcək. Qeyd edək ki, bu məqamla bağlı ilkin diksinməni də reaksiya kimi qəbul edə bilərik. Hələlik onları ilkin və sonrakı diksinmələr adlandıraq. Diksinmə varsa, deməli, ştil hərəkətə gəlib və haradasa potensialdakı poetik enerji güc yığıb zahirə çıxmağa, özünü büruzə verməyə hazırdır, buna səy göstərir.

 

Tədqiqatçıya onun izinə düşmək və onu axtarıb tapmaq qalır. Bunun üçün, ilk növbədə, poetik enerjinin bəzi funksional məqamlarını tədqiq prosesinə cəlb etmək lazımdır. Bu məqamlar təxminən aşağıdakılardır:

 

- poetik şərait;

 

- poetik potensial;

 

- poetik “qabarma” (işartı);

 

- nəhayət, poetik işarə.

 

(Ardı var)

Kamal Abdulla

525-ci qəzet.- 2016.- 30 aprel.- S.11