50 yaşın müdrikliyi...

 

Hər dəfə ötən günlərə nəzər salanda qəlbim gənclik illərinin xoş xatirələri ilə işıqlanır... Bu zaman yaşın özü ilə gətirdiyi ağır yük üstümdən düşür, xəyallara qapılıb mən də gəncləşirəm, uşaqlaşıram... Ən çox da nağıla dönən tələbəlik illərim yadıma düşür... qəribsəyirəm o günlərçün... O əlçatmaz illərdə yaşayan şirin xatirələr, heç vaxt unudulmayan doğma simalar içində görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun xüsusi yeri var.

 

...Sovet dövründə yazıçı və şairlərin əksəriyyəti özləri kimi övladlarını da söz sənətində görməyi arzulayırdılar. Zəmanəmizin tanınmış ziyalılarından birinin övladı kimi mən də diqqətimi bu sahəyə yönəltdim və 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsinə daxil oldum.

 

Fakültəmizdə təhsil alan oğlanların qızlardan sayca çox az olması ilk günlərin qəribə təəssüratları sırasında yer aldı. Gözümüzün öyrəşmədiyi bu mənzərə tezliklə oğlanların bir-biri ilə ünsiyyət qurması ilə nəticələndi... Həmin vaxt az sayda oğlanın içində isinişdiyim tələbələrdən biriBuludxan Xəlilov idi. O öz sadəliyi, xoş aurası ilə diqqətimi cəlb etmişdi. Həm də çox sakitbir az da utancaq idi... Məni ən çox təəccübləndirən isə B.Xəlilovun dərin zəkası, istedadı, elmə olan həvəsi və çalışqanlığı idi. Lakin çox təvazökar idi, biliyini gözə soxmağı sevmirdi. Belə savadlı tələbənin bizimlə bir qrupda oxumağı isə çoxlarının işinə yarayırdı: Buludxan Xəlilov mühazirələrdə ön partalarda oturar, bütün seminarlarda dərsə cavab verərdi. Yeri gələndə müəllimlərlə elmi mübahisələrə girməyi də vardı, bu vaxt seminar diskussiyaya çevrilər, vaxt quş kimi uçub keçərdi... Beləliklə, dərs saatı bitər, seminara hazırlaşmayan tələbələrin də canı qurtarardı.

 

O vaxtlar biz (yəni yaxşı oxuyanlar) gizlincə B.Xəlilovla yarışırdıq da. Hərə bir fənn sahəsində onunla rəqabətə girirdi. Amma ümumilikdə götürdükdə heç birimiz onun səviyyəsinə yaxınlaşa bilmirdik. Çünki o bütün fənləri eyni səviyyədə qavraya bilirdi, həm də buna son dərəcə az vaxt sərf edirdi. O vaxt uşaq qısqanclığından çoxumuz onun fitri istedadını açıq etiraf etməsək də, ürəyimizdə müəllimlərimizin Buludxan Xəlilov haqqında dediyialim” kəlməsinin həqiqiliyinə inanırdıq.

 

Bualim” tələbənin dərin savadı ilə yanaşı, əsl insani keyfiyyətləri də vardı. Fakültədə “Cəfər Cabbarlı” adına yüksək təqaüdlə oxuyan yeganə tələbə olsa da, heç vaxt özünü başqalarından üstün tutmaz, dostu darda qoymazdı... Hərdən təklikdə bizə öz iradlarını bildirsə də, başqasının yanında heç vaxt ayağa verməzdi, haqsız olsaq da, tərəfimizi saxlayardı... Məhz bu müsbət keyfiyyətlərinə görə hamının rəğbətini, sevgisini qazana bilmişdi.

 

...Yadımdadır, hələ aşağı kurslarda oxuyanda bir gün tələbə yoldaşlarımızla gələcək planlarımızdan, arzularımızdan danışırdıq. Hamı xoş xəyala dalıb gələcəkdə görəcəyi işi, arzusunu dilə gətirirdi... axır sözümüzbu oldu ki, heç bilmirik bu arzularımız reallaşacaq, yoxsa yox... Növbə Buludxan Xəlilova çatanda mənalı tərzdə institut binasına baxıb dedi: “Mən elm yolu ilə gedəcəyəm, doğma institutumuzda qalıb professor olacağam”.

 

...Sonradan bizim heç birimiz həmin vaxt söylədiyimiz arzularımıza çata bilmədik. Təkcə Buludxan Xəlilovdan başqa...

 

O, həyatda qarşısına qoyduğu bütün məqsədlərinə çatdı: 1990-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Müasir Azərbaycan dili kafedrasının, o cümlədən institutun rektorluğunun təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat bölgüsündə gənc mütəxəssis kimi filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında saxlanıldı. İki ildən sonra (1992-ci il) namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını uğurla müdafiə etdi. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor vəzifəsində çalışmağa başladı. 2006-cı ilin may ayında isə filologiya fakültəsinin dekanı seçildi. 2011-ci ilin sentyabr ayında yenidən dekan vəzifəsinə təyin olundu... Bu illər ərzində 28 kitab (dərslik, dərs vəsaiti, monoqrafiya), 7 tədris proqramı, 300-dən çox elmi əsər yazdı... neçə-neçə magistr, elmlər namizədi yetişdirdi. Milli təhsil sisteminin, Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə yüksək mükafatlarla təltif edildi, müxtəlif nominasiyaların qalibi oldu, çoxlu sayda fəxri fərman, mükafatdiplomlara layiq görüldü... Bu qədər saysız-hesabsız uğurlara isə yalnız fitri istedad və ağır zəhmət hesabına nail olmaq olar!..

 

Zəhmətdən söz düşmüşkən, qeyd edim ki, həyatımda çox az sayda əsl zəhmətkeş insan olub. Birincisi, atam, yazıçı Zaman Qarayevdir. İkincisi, mənim həyat müəllimim, əsl xalq pedaqoqu Əsmayə Fərəcova (2005-ci ildə Əsmayə Fərəcova haqqında “ günlər sorağında” sənədli romanım dərc olunub), üçüncüsü isə professor Buludxan Xəlilovdur... Tələbə yoldaşımın zəhmətkeşliyi ilə bağlı bir mənzərə isə indiyə qədər gözümün qabağından getmir:

 

İsti yay günləri yenicə başlamışdı. Yaz semestr imtahanlarını verib, uşaqlarla Dərnəgüldəki yataqxanaların arasında gəzişirdik. Bu, yoldaşlarımla son görüşüm idi, bir neçə gündən sonra kimi öz rayonuna, kimi də istirahətə gedəcəkdi... Oxumaqdan, imtahanlardan canımız qurtardığı üçün sevinirdik... bütün dünya gözümüzdə gözəlləşmişdi...

 

Belə “xoşbəxt” anlarımızda birdən institutumuzun yataqxanasının birinci mərtəbəsinin eyvanında üst-üstə qalaqlanmış kitablar diqqətimi cəlb etdi. Ağlıma

 

ilk gələn o oldu ki, yəqin, hansısa gənc alim elmi işlə məşğuldur. Elə bu düşüncələrdə idim ki, səsimizi eşidən “alim” kitabların arasından boylandı və bizimlə mehribancasına salamlaşdı... Çaşıb qaldım. Bizi salamlayan Buludxan idi!.. İmtahanların qurtardığı, hamının istirahətə çıxdığı bir vaxtda, görəsən, Buludxanoxuyurdu?.. Üstündən illər ötsə də, bu sualın cavabını indiyəcən tapa bilmirəm...

 

O, çəkdiyi ağır zəhmətin bəhrəsini hələ tələbəykən görməyə başlamışdı... Haqlı olaraq, “Cəfər Cabbarlı” adına yüksək təqaüdə layiq görülmüşdü. Bu adlı təqaüdün ona verilməsinin isə maraqlı tarixçəsi olub:

 

Ad çəkmək istəməsəm də, qeyd edim ki, filologiya fakültəsi üzrə “Cəfər Cabbarlı” adına yüksək təqaüdü əvvəllər başqa bir tələbə yoldaşımız alırdı. Lakin sonralar o, tədris prosesində o qədər də fərqlənmədiyinə görə, həmin təqaüdü ondan almışdılar... Yeni seçim zərgər dəqiqliyi ilə edilməli idi. Adlı təqaüd elə tələbəyə verilməli idi ki, ona göstərilən etimadı axıradək doğrulda bilsin... Bəs ümidləri kim doğrulda bilərdi? Bu sual fakültə rəhbərliyini çətin vəziyyətdə qoymuşdu. Düzgün qərar çıxartmaq üçün tələbələrin də rəyini öyrənmək qərarına gəldilər. Beləliklə, filologiya fakültəsinin dekanı Bilal Muradov, dekan müavini Nadir Abdullayev və fakültə komsomol təşkilatının katibi Vaqif Əliyev auditoriyalara girib bu məsələni tələbələrlə müzakirə etdilər.

 

Onlar bizim auditoriyaya da bu məqsədlə gəldilər... Bizim kursda əlaçı tələbələrin sayı az deyildi, ancaq bilik bacarığına, elmə olan böyük marağına görə B.Xəlilovla rəqabətə girə biləcək tələbə yox idi... Lakin o, susurdu... Biz isə susa bilməzdik, hamılıqla onun namizədliyini irəli sürdük... Təklifimiz elə ordaca yekdilliklə qəbul edildi... Hamımız sevinirdik... haqq yerini tapmışdı... O isə utanırdı, bizə təşəkkür etməyə söz tapmayacaq qədər utanırdı...

 

...Bir ömür kimi uzun, mənalı keçən tələbəlik illərimizin ayrılıq vədəsi yetişdi. Bizi bir ailə kimi birləşdirən institut illəri beləcə başa çatdı... Tale, həyat yollarımız ayrıldı... sonrakı peşə fəaliyyətimiz, məşğuliyyətimiz, maraq dairəmiz, çevrəmiz, cəmiyyətdə yerimiz, rolumuz ayrıldı... İndi o vaxtdan çox illər ötüb, bu illər ərzində hər şey dəyişib... Ümumi olan isə təkcə uşaqlıq xatirələrimiz, bir də qəlblərimizdir.

 

...Ata-babalarımızın bizə əmanət qoyub getdiyi ana dilimizi milli kimliyimizin atributu kimi yüksək dəyərləndirən görkəmli alim Buludxan Xəlilov bütün şüurlu həyatını, bilik və bacarığını Azərbaycan dilinin hərtərəfli tədqiqinə həsr edib. Bu illər ərzində yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, alimlər yetişdirib, milli təhsil sistemimizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərib... İyul ayının 25-də filologiya elmləri doktoru, professor, əziz dostum Buludxan Xəlilovun 50 yaşı tamam olur.

 

Hörmətli Buludxan Xəlilov, əziz qardaşım! Sizə 50 illik yubileyiniz münasibətilə ürəkdən gələn ən səmimi təbriklərimi, xoş arzularımı bildirirəm! Sizə uzun ömür, möhkəm cansağlığı, tükənməz gücenerji, xoşbəxtlik arzulayıram! Ulu Tanrı yardımçınız olsun!

 

Sadiq Zaman

525-ci qəzet.- 2016.- 19 iyul.- S.7.