İşığa çıxmasını gözləyən

həqiqətlərin sorağında

 

ŞAİRƏ QONÇABƏYİM KƏNGƏRLİ HAQQINDA BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

 

XVIII-XIX yüzilliklərdə ədəbiyyat tarixində də mühüm hadisələr baş verib.

Naxçıvan xanlığının müstəqil fəaliyyət göstərdiyi illərdə Kəngərli xanları xanlığın hərtərəfli inkişafında söz sənətinin də inkişafına çox diqqət yetirib qayğı göstəriblər. Elə bu illərdə Naxçıvanda aşıq ədəbiyyatının - dastanların öyrənilməsi, söylənilməsi haqqında məlumatlar vardır. Ən qədim türkçülük milli adət-ənənələrini yaşadan kəngərlilər mahir döyüşçü olmaqla, həm də şair, musiqiçi və təbib olmuşlar. Əgər biz xanlıq dövrünə aid sənədləri diqqətlə araşdırsaq bunun canlı şahidi olarıq. Amma Sovet hakimiyyəti illərində xanlıq dövründə Naxçıvan ədəbi mühiti öyrənilmədiyindən yaranan boşluq indinin özündə də lazımınca öyrənilməyib.

Çox yaxşı haldır ki, XIX yüzillikdə Naxçıvanda və Ordubadda fəaliyyət göstərmiş şeir məclisləri haqqında tədqiqatlar vardır. Elə bu tədqiqat əsərlərindən öyrənirik ki, Naxçıvanda "Qonçeyi-ülfət" ədəbi məclisinin səsi-sorağı Qafqazın hər yerinə gedib çatıb. Çünki o vaxtlar Qafqazın mərkəzi Tiflis şəhəri idi. Araşdırıcıların yazdıqlarından məlum olur ki, dövrünün tanınmış şairlərindən biri də naxçıvanlı Qonçabəyim olmuşdur.

Ədəbiyyatşünas Salman Mümtazdan başlamış bir sıra araşdırıcılar bəyim təxəllüslü naxçıvanlı şairədən söhbət açsalar da, onun haqqında geniş məlumat verə bilməmişlər. Buna əsas səbəb Sovet hakimiyyəti illərində XVIII və XIX əsrə aid sənədlərin bağlı arxiv fondlarında olması idi. Ancaq 1920-ci ildə çoxlu ağsaqqal və ağbirçəklər sağ idi və onlardan məlumatlar almaq mümkün idi. Lakin 1969-cu ilədək belə yazılara rast gəlinmir. Olanlar da bir-birini təkrarlayır.

1969-cu ildə "Elm və həyat" jurnalında ədəbiyyatşünas alim, tərcüməçi Dilara Əliyevanın "Qonçabəyim" adlı məqaləsi çap olundu və bütün Azərbaycana səs saldı. Biz onda orta məktəbdə oxuyurduq. O məqaləni indiyədək saxlayıram.

Müəllif bu məqalədə maraqlı axtarışlarının nəticəsi kimi şairə Qonçabəyimin naxçıvanlı Ehsan xanın qızı olmasını yazmışdı. Onun yazdığından məlum olur ki, bu işdə ona şair M.Nəsirli və L.Hüseynzadə köməklik ediblər. 2002-ci ilədək biz də bütün yazılarımızda onun Ehsan xanın qızı olduğunu yazmışıq, təbliğ etmişik. Hətta bu yazının müəllifi 1983-cü ildə "Könül ahı" adlı hekayə də yazıb.

Amma 2004-cü ilin yayında olan bir ciddi söhbətdən sonra biz yenidən Qonçabəyimin şəxsiyyətini təyin etmək üçün Naxçıvanda və Tiflisdə araşdırmalar aparmağa başladıq. Biz Naxçıvan xanlarının şəcərəsinin ilkin variantında (2002) şairə Qonçabəyimi Ehsan xanın qızı kimi göstərmişdik. Lakin 2004-cü ildə Moskvada şəcərəni görən rusdilli tədqiqatçılar ciddi etiraz etdilər və Qonçabəyimin Ehsan xanın qızı olmasını təsdiqləyən sənədi istədilər. Təkrar araşdırmalardan sonra iki-üç yazı yazdıq və məsələyə aydınlıq gətirdik. Və şəcərədə Qonçabəyimi Ehsan xanın qızı kimi göstərmədik.

Naxçıvanda "Xan sarayı"nda nümayiş olunan şəcərəyə baxan qonaqlar və elm adamları buna müəyyən qədər narazılıq etdiklərindən biz yenidən bu məsələyə qayıtdıq ki, qaranlıq heç nə qalmasın.

Qonçabəyim dövrünün tanınmış şairəsi olub. Kimsə bunu dana bilməz. Bunu təsdiqləyən sənəd böyük gürcü şairi Nikoloz Barataşvilinin məktubudur. O, ömrünün son illərində Naxçıvanda və Gəncədə yaşamış və hər iki şəhərdə mahal rəisi yanında məmur vəzifəsində işləmişdir.

Ədəbiyyatşünas alim D.Əliyeva yazır: "Şairə Qonçabəyim haqqında ilk məlumatı biz məhz Barataşvilinin 1845-ci ildə Naxçıvandan dayısı qızı Maiko Orbelaniyə yazdığı məktubdan alırıq: "İndi Naxçıvanda Qonçabəyim adında on səkkiz yaşlı bir qızın mahnıları məşhurdur. O, xan qızıdır, çox gözəl və cazibədardır. Yazıq öz ərindən yanıqlıdır, ondan ayrılmaq istəyir. Binəvanı 12 yaşında ikən ərə vermişlər. Əgər onların həyatını bilsəydiniz gözəl bir romandır".

Nikolozun məktubundan görünür ki, o, şairə Qonçabəyimin həyatını yaxşı öyrənibmiş.

Yenə də Nikolozun dayısı qızına yazdığı məktubdan öyrənirik: "Əziz bacım Maiko! Çox təəssüf ki, bütün hadisələrlə səni tanış edə bilməyəcəyəm, ancaq ər-arvadı barışdırdım".

Vəssəlam. Romantik gürcü şairi N. Barataşvili Qonçabəyimin Ehsan xanın qızı olmasını yazmayıb.

Bizim tədqiqatçılar özləri belə nəticəyə gəliblər ki, həmin dövrdə Naxçıvanın xanı Ehsan xan olub və sair".

Tədqiqatçı alim D.Əliyeva yazır ki, biz Əsəd ağa Kəngərlinin albomunda Qonçabəyimin fotoşəklinə rast gəldik. Qeyd edək ki, biz də bir-iki il bundan əvvəl həmin alboma baxdıq. Çox maraqlı və tarixi albomdur. Amma o fotoşəkildə Qonçabəyimin Ehsan xanın qızı olmasını təsdiqləyən heç bir qeyd yoxdur.

Naxçıvan xanlarının Moskvada yaşayan tədqiqatçısı F.Nağdəliyev yazdığı monoqrafiyada naxçıvanlı şairə Qonçabəyim haqqında heç nə yazmayıb. Amma ona aid edilən fotoşəkli kitabında verib. XIX yüzillikdə çəkilmiş fotosunun neqativini verib. Artıq burada onun xan qızı (fotodakının:) olmadığını təsdiqləyən fakt var: Fotoşəkil çəkildiyi atelyedə şəklin aşağısında iki dildə yazılıb: "Naxçıvanskaya tatarskaya bekşa".

Bu neqativin bir sıra muzeylərdə 1890-cı ilə aid olduğu haqda məlumatlar var. 1890-cı ili 1845-ci ildən 45 il ayırır. Deməli, bu fotoşəkil Nikolozun təsvir etdiyi ola bilməz. Çünki bu foto dünyanın, xüsusən Avropanın muzeylərində yuxarıda yazdığımız kimi təqdim edilir. Əgər o zadəganlara məxsus saray fotoatelyesdə çəkilsəydi hökmən "Naxçıvanskaya tatarskaya xanşa" yazılacaqdı. XIX əsrdə belə qanunlar dəbdə idi. Kimsə cürət edib onu poza bilməzdi. Biz həmin fotonu qəzetimizdə olduğu kimi veririk.

Axtarışlar zamanı aydın oldu ki, kameral siyahılarda Ehsan xanın qızlarının adları Sonabəyim və Lalabəyim kimi yazılıb. 1845-ci ildə Sonabəyimin yaşı 18-dən çox idi. Amma Sonabəyim çox cazibədar və şairə olub. Arxiv sənədlərindən öyrənirik ki, o, məcburən qarabağlı qoca şair Məhəmməd bəy Cavanşirlə ailə qurub. Onun haqqında ədəbiyyatçı alim Ənvər Çingiz oğlu araşdırmalar aparıb. Hətta onun yazdığına görə Sonabəyimin varisləri Zəngilandan Bakıya köçüblər. O, Sonabəyimin yazdığı şeirlərdən də çap edib. Üslub oxşarlığı var. Sonabəyimin taleyi eynilə Nikolozun yazdığı kimidir. Ancaq Nikoloz adı dəqiq yazıb: Qonçabəyim. Bəlkə evdə Sonabəyimə Qonçabəyim deyirmişlər?! Hər halda ciddi axtarışa ehtiyac duyduq.

Bunun üçün Tiflisdəki Gürcüstan Milli Arxivində axtarışlarımızı daha da dərinləşdirdik. Burada bir maraqlı sənədə rast gəldik. Bu sənəd bəzi məsələlərə aydınlıq gətirə bilər. 14 iyun 1833-cü ildə quberniya katibi V.Zolotnitskinin Qafqaz canişini general-adyutant və kavaler Baron Rozenə ünvanladığı məlumatda Qonçabəyimin Paşa bəyin qızı olduğu yazılıb. Quberniya katibi hazırladığı məlumata Naxçıvan əyalətində və Ordubad mahalında kəndlərin kimlər tərəfindən idarə edildiyini göstərən maraqlı cədvəl də daxil edib (təxminən 39 səhifəlik). Bütövlükdə sənəd cəmi 86 səhifədir. Onu da deyək ki, sənəd "tamamilə məxfidir" qrifli işlərə aiddir.

74-cü səhifədə isə Qonçabəyimin və bacısı Ağabəyim xanımın adları yazılıb. Həm də göstərilib ki, ataları Paşa bəy Kəngərli vəfat edib. Bu səhifədə həmçinin qeyd edilib ki, qızlardan biri polkovnik Ehsan xanın oğluna nişanlıdır. Həmin səhifəni orijinalda olduğu kimi təqdim edirik. Elə bu işin 73-cü səhifəsində yazılıb ki, Baş Camaldın və Ayaq Camaldın (yəqin ki, Aşağı və Yuxarı Camaldın  - müəllif) kəndlərinin mülkədarları polkovnik Ehsan xan və Paşa bəydir. Məlumatda Paşa bəyin Ehsan xanın şəriki olduğu da qeyd edilib.

Ordubad ədəbi mühitinin məşhur şairlərindən olan Qüdsi Vənəndi şairə Qonçabəyimə xüsusi məktub-tərifnamə yazıb. O qeyd edib ki, bunu "sərkar Fərrux ağanın arzusu ilə" yazmışdır. Fərrux ağa Novruz ağa Kəngərlinin oğludur. Bizcə, Qonçabəyim Ehsan xanın qızı olsaydı Qüdsi Vənəndi ona "açıq-saçıq" tərifnamə yazmağa belə cürət etməzdi. Ehsan xanın qızı Lalabəyimin 1846-cı ildə 6 yaşı varmış. Onda 1827-ci ildə doğulan Qonçabəyim Lalabəyim ola bilməz.

Ehsan xan vəfat edəndə (1846) Rusiya Hərbi Nazirliyi yenidən onun övladlarının siyahısını çap edib. Ehsan xanın qızları Sonabəyim və Lalabəyim kimi yazılıb. Buna görə biz şəcərəyə ancaq Sonabəyim və Lalabəyimin adlarını yazmışıq. Söykənəcəyimiz fakt yoxdur ki, Qonçabəyimi Ehsan xanın qızı olduğunu göstərək. Yuxarıda yazdığımız bu variantlar əsasında ciddi axtarışlar aparmalıyıq. Həm də gürcü şairi N.Barataşvilinin Tiflisdəki ev-muzeyində axtarışları davam etdirməliyik. Bizcə ciddi və hərtərəfli axtarışlar şairə Qonçabəyimin şəxsiyyətini doğru-düzgün təyin etməkdə bizə köməklik edər. Qeyd etmək yerinə düşər ki, sənədlərdə adı qeyd edilən Paşa bəy Kəngərli II Kərim Sultanın oğlu Hacı Vəlibəyin varislərindəndir. Yəqin ki,  hərtərəfli axtarışlar şairə Qonçabəyimin həyatını və yaradıcılıq fəaliyyətini üzə çıxaracaqdır. Bir sıra məsələlər var ki, onları burada yazmırıq. Çünki axtarışlar davam edir. Ümidliyik ki, şairə Qonçabəyim haqqında gələcəkdə oxucularımızı yeni məlumatlarla sevindirəcəyik.

 

Musa RƏHİMOĞLU (QULİYEV)

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya

İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2016.- 10 avqust.- S.4.