Vaqif Səmədoğlunun
“Sandıq şeirləri”
Hərdən mənə elə gəlir
ki,
mən yox,
şeirlər məni yazır.
Oxunuram, oxunmuram,
kimi bəyənir məni
başqasının zəhləsi gedir
hər sözümdən, fikrimdən.
Bilmirəm,
bilmək də istəmirəm
kim cırıb atacaq,
kim əzbərləyəcək məni...
Doğrusu, Vaqif Səmədoğlunun “Sandıq şeirləri”
adı ilə çap olunan kitabını əlimə alanda
heç bir tərəddüd keçirmədim. İllər boyu sevdiyim bir
şairin hətta ən zəif şeiri ilə
qarşılaşacağım halda (axı, “Sandıq
şeirləri” bəzən QLAVLİT təhlükəsindən
üzə çıxarılmayıb sonra müəllifə “dissident”lik
hüququ qazandıranda ortaya gəlir, bəzən də
redaktorların çapa layiq bilmədikləri, indi fürsət
düşmüşkən külliyyatlara daxil edilir) onu necə
şövq ilə oxuyacağımı düşündüm.
Çünki bu dünyada çox adlar şərtidir.
“Sandıq şeirləri” də eləcə, şeir gec də üzə
çıxa bilər, amma nə zamanın, nə də
şairin burada günahı yox... Vaqif Səmədoğlunun “Mən
burdayam, ilahi” və “Uzaq, yaşıl ada” kitablarında da xeyli
əvvəl yazılan şeirlər az
deyildi.
Görəsən, Vaqif Səmədoğlunun elə bir
şeiri varmı ki, zamanında uğurla qarşılansın
və üstündən illər keçəndən sonra
müasirliyini itirmiş olsun, yəni “vaxtın şeiri” kimi
ömrünü başa vursun? Yoxdur
və Vaqif Səmədoğlunun əksər şeirləri yazıldığı
zamanı bitməyən şeirlərdir. Burada
vaxt və zaman söhbətini bitirək.
Əsl şeirin zamanı bilinmir, bədii mükəmməllik,
fikri-intellektual səviyyə o şeirin qanında, canında
varsa, əsrlərlə yaşayacaq.
Vaqif Səmədoğlu poeziyası haqqında kifayət
qədər yazılıb, hətta namizədlik
dissertasiyaları qələmə alınıb. Onun şeirləri,
bu şeirlərin özəllikləri, bədii-sənətkarlıq
xüsusiyyətləri, sərbəst şair
düşüncəsi, xalq poeziyasına, milli şeirimizə
və eyni zamanda modern poeziyaya bağlılığı
müxtəlif nəsildən olan müəlliflərin
yazılarında öz əksini tapıb. Şərəfinə
yazılan şeirlərin sayı da onun istedadına və
şəxsiyyətinə ehtiramdan yaranıb və buna
şübhə ola bilməz ki, Vaqif Səmədoğlu
atası Səməd Vurğundan sonra ədəbi camiənin və
böyük oxucu kütləsinin seçilmişlərindən
biridir. Bəzi misallarsız keçinmək
olmaz.
ANAR: Məncə, Vaqifin ən parlaq özəlliyi, ən
böyük uğuru heç kəsin demədiyini heç kəsin
ağlına gəlməyən şəkildə deməsindədir.
Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə
çalışmır, bizi hər şeyə tamam başqa
bucaqdan baxmağa çağırır.
ƏBÜLFƏZ ELÇİBƏY: Bir vaxt Səməd
Vurğun yaradıcılığı ilə Vaqif bəy Səmədoğlunun
yaradıcılığını üz-üzə qoymağa
cəhd edənlər də vardı. Ədəbiyyatımızda
heca vəzni ilə sərbəst şeiri üz-üzə
qoyanlar da tapılmışdı. Mən o zaman həmin
adamların bəzilərinə: - ədəbiyyatımızda
bu sünni-şiə davasını salmaqda məqsədiniz nədir
deyirdim. Vaqif bəy hansı vəzndə
yazırsa-yazsın, mənim üçün onun hər bir
şeiri yaradıcılıq nümunəsi idi. Şair Vaqif bəy Səmədoğlu
varlığa və Azadlığa sonsuz, bəlkə də
oxucu üçün ifrat vurğun, Allahın dostu,
ölümlə məzələnən gözəl bir İnsan , işıqlı bir Ulduzdur!
FİKRƏT QOCA: Vaqifin böyük şair
olması başqa mövzudur, o, insan kimi böyük şəxsiyyət
idi. O, həyatda kim idisə, şeirlərində də o idi..
KAMİL VƏLİ NƏRİMANOĞLU: Vaqif bəy Avropa səviyyəli
şairdir. Və ən qəribəsi də
budur ki, Vaqif bəy öz şairliyinin səviyyəsini
yaxşı bilən şairdir.
Bu misalların sayını artırmaq da olar, məsələ
burasındadır ki, Vaqif Səmədoğlu haqqında nə
yazılıbsa, onun şəxsiyyəti həmişə
ön planda olub. Fikrət Qocanın “həyatda kim
idisə, şeirlərində də o idi” fikri bu deyilənləri
ən yığcam şəkildə ümumiləşdirir. Amma söhbəti Vaqif Səmədoğlunun
“Sandıq şeirləri” üzərinə yönəldək.
Vaqif Səmədoğlu şeirinin başlıca
leytmotivi insan ömrünün beşikdən məzara, olumdan
ölümə qədərki yolun sonsuzluğudur. Onun şeirlərində
həyat eşqi, yaşamaq yanğısı o qədər
qeyri-adidir ki, kifayət qədər kədərli və kifayət
qədər ağrılı notlarla qarşılaşsan da,
bu hissiyyat səni pessimist olmağa qoymur. Ən kədərli
şeirində belə Vaqif Səmədoğlu səndə ölüm həyəcanı,
dünyadan ayrılmaq duyğusu yaratmır.
Səndən yenə
qar yağır.
Yenə sazaq dolu sinəndən
şaxtalı sözlər,
qırovlu ahlar,
buz bağlamış
gülüşlər çıxır.
Ölüm qat-qat istidir səndən.
Nəyi intixab etməli? Qarlı,
şaxtalı, buz bağlamış, sazaq dolu
gülüşlərimi, yoxsa bu soyuqluqdan qat-qat isti
ölümü? Ümumiyyətlə,
Vaqif Səmədoğlu Ölüm haqqında ən çox
söz açır, amma heç bir şeirində
ölümü qorxulu, vahiməli obraza çevirmir,
ölüm haqqında mümkün qədər sakit və təmkinli
danışır, ölümü də həyat qədər
dəyərləndirir. Baxırsan, onun şeirlərində həyatdan, insan qəlbinin
çırpıntılarından, gerçəkliyin sənə
çəkdirdiyi ağrı-acılardan çox şey var, amma bütün bunlar şəklin
görünən üzüdür. “Neçə ildir iki eynək
şüşəsi durur dünyayla gözlərimin
arasında”- əslində, o iki eynək şüşəsi
arxasında iki gözün bəsirət dünyası
boylanır.
Vaqif Səmədoğluya filosof-şair təyiniylə
yanaşmaq heç bir çətinlik törətmir. Çünki
onun poeziyası başdan-ayağa fəlsəfi ahəng
üstündə köklənib. Bu, həyatın
fəlsəfəsidir. Düşüncələrin
poeziya şəklində ifadəsidir.
İlahi,
yatağın nə sağında,
nə solunda,
nə bir gözəlin qolunda
yatmaq istəyirəm.
İlahi,
nə söyüd kölgəsində,
nə dünyanın ən azad ölkəsində
yatmaq istəyirəm.
İlahi,
dar quyu dibində,
qaranlıq nəm içində,
işıqlı qəm içində,
ağrısız
yatmaq istəyirəm.
Əbədi narahatlıq nədən doğur? İnsan mövcudluğunu
yalnız nəyəsə nail olmaq, nələrisə əldə
eləmək, rahatlıq və bolluq içində nəfəs
almaq kimi obıvatel düşüncəyə sərf eləmək
deyil, həyatın, dünyanın, səni əhatə edən
mühitin dərkinə səfərbər etmək insanı
sonsuz sayda suallar qarşısında qoyur. Vaqif Səmədoğlunun
poeziyası bu sualların cavabıdır.
Bir gün şirin,
bir gün acıyam,
Bir gün kiminsə ayaqaltı,
bir gün kiminsə tacıyam.
Bir gün çağa,
bir gün ixtiyar qocayam.
Bir gün zirzəmi,
Bir gün damda bacayam.
Amma hər gün hamıya,
salam-duaçıyam.
Vaqif Səmədoğlu
poeziyasını son zamanlar dekadentizm ədəbi cərəyanı
çərçivəsində təhlil edirlər.
İfrat fərdiyyətçilik və pessimizm, ictimai həyata
etinasızlıq, şəxsiyyətin görüşlərindəki,
əhval-ruhiyyəsindəki düşgünlük - vaxtilə,
Sovet dönəmində, sosrealizm zamanında dekadentizmi bu cür səciyyələndirirdilər.
İndi necə, nə dəyişilib?
Sırf kədər fəlsəfəsi, insanın kədərlə
“qol-boyun olması”, ölümlə bağlı
düşüncələr,
dünya ilə küskün mövqedə dayanan “mən”in
tənhalığı - indi şeirimizdəki
“çöküş fəlsəfəsi”ni belə mənalandırırlar.
Təbii ki, hər bir poetik düşüncənin
öz adı olmalıdır. Və dekadentizmin, eləcə də
digər ədəbi cərəyanların bizim poeziyada yuva qurması, təzahürü birmənalı
qarşılanır. Biz də bu fikirlərə müəyyən dərəcədə
haqq qazandırırıq. Doğrudan da, Vaqif Səmədoğlunun
şeirlərindəki ağrı-acını, Allah, Dünya,
Ömür və Ölüm haqqında düşüncələrini
bir yerə toplayanda belə qərara gəlirsən ki, o, bu
dünyanın-faniliyin içində əzab çəkirmiş. Nəsimi deyirdi: “Olmuşam dərdü-fəraqından
zəif ol həddə kim, Gətirəməzlər
xəyala nəqşimi nəqqaşilər”. Bu
beyt klassik poeziyanın lirik qəhrəmanının əzablarının
böyüklüyünü fantastik dərəcədə
göz önündə canlandırır, romantika
özünün ən yüksək zirvəsinə
çatır. Amma Vaqifin şeirlərində
günün, zamanın əzablarından doğub içindən
fəvvarə vuran dərdlər baş alır.
Getmə, getsən
bir şüştər açılar qürbətdə,
vətəndə
səhər kimi!
Zili-dar ağacı
bəmi- məzar.
“Şüştər” Azərbaycan muğamları
içərisində ən kədərlisidir (bunu daha
Üzeyir Hacıbəyli söyləyib).
Qürbətin doğurduğu kədər hissi ilə vətəndə
açılan səhərin bənzəyən-bənzədilən
müstəvisində yerləşdirilməsi, nəticədə
iki obrazın (Vətən və Qürbətin) “hibriti”ndən üçüncü bir
obrazın-”Şüştər”in yaranması assosiativ təfəkkürün
məhsuludur. Sonuncü iki misra isə
yeni-üçüncü obrazın əlaməti kimi diqqəti
cəlb edir: zili-dar ağacı, bəmi məzar.
Amma unutmayaq ki, Azərbaycan poeziyasında kədər,
göz yaşı motivlərinin tarixi çox qədimdir və
onda beş-altı şair istisna olunmaqla poeziyamızı
dekatentizm poeziyası adlandırmalıyıqmı? Yəni məsələnin
bu tərəfi də var. Digər tərəfdən, dekadent
adlandırılan şeirlərində elə nikbin
çalarlar var ki, tamamilə kədərə, ümidsizliyə
qarşıdır. Elə Vaqif Səmədoğlunu
götürək:
Mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Dalamır indi məni
nə illərin
başyuxarı axarı,
nə də ömrün
üzüqoylu axırı.
Bilirəm,
yer üzündə bütün izlər
ömürdən gedir,
dəniz belə gözdən itir.
Bilirəm,
yer üzündə
bir yol da salınmadı
insan gözündən.
Tapılmadı itənlər.
Mənsə gah həyata,
gah ölümə səbəb gəzirəm.
Yaşayıram, dözürəm.
Bir misra da, bir gecə də.
Çünki
mühit içində
təpədən dırnağa kimi
ümid içindəyəm.
Vaqif Səmədoğlu
şeirinin özəllikləri haqda da söz
açmaq gərəkdi. Həm hecada, həm də
sərbəstdə onun gözəl şeir nümunələri
var. Şeirdə novatorluq cəhdlərində bulunmaq, dildə
yeniliyə nail olmaq çətindir və şeirin hansı vəzndə
yazılmasından asılı olmayaraq bu, hünər tələb
edir. Gəlin belə bir
fikirlə razılaşaq ki, söz istənilən bir mənaya
malik ola bilər, o, buqələmundur, hər
dəfə onda təzə çalarlar, hətta bəzən
təzə rənclər də meydana gələ bilər. Bu mənada Əli Kərimlə Vaqif Səmədoğlu
müasir Azərbaycan şeirində xüsusilə
seçilir. Sərbəst şeirə xas
olan bir çox özəl keyfiyyətlər onların poetik təfəkkürünün
zənginliyini nümayiş etdirir. Əli Kərimdə
bu özəllik sözün mətn arasında qəribə və
gözlənilməz assosiasiyalarla başa çatırsa,
Vaqif Səmədoğluda bu, çox zaman heç bir qeyri-adiliklə
şərtlənmir.
Yer üzündə
bircə qadın varsa
məhəbbət var yer üzündə.
Yer üzündə
bircə cocuq varsa,
övlad var yer üzündə.
Yer üzündə
bircə ağac varsa,
kölgə var yer üzündə.
Yer üzündə
bircə tikə torpaq varsa,
vətən var yer üzündə.
Vaqif Səmədoğlunun sərbəst şeirlərində
elə ilk misradan şeirin bütün ideyasını
açıqlayan fikrin özəyi, təməl daşı
qoyulur. Məsələn, o, bir şeirini “Məzara bənzəyir
yaxşı insan” misrasıyla başlayır. Təbii ki, uzun müddət çox şeirlərdə
əsas fikri yalnız şeirin son misrasında ifadə etmək
kimi şablon bir üsuldan imtina edib, bunu əvvələ
keçirmək yenilik kimi görünməsə də, hər
halda fikrin pilləvari inkişafı kimi maraqlıdır.
İnsan niyə məzara bənzəyir? Çünki məzar kimi o da yaya, qışa
dözümlüdür, məzar daşı kimi dinməzdir.
Şeirin sonluğuna diqqət edək: “Uzaqdan
başdaşına bənzəyir insan, yaxından
ağlaşmağa”. Ümumiyyətlə, Vaqif
Səmədoğlunun poetik təfəkkürü
üçün quruculuq, konstruktivlik xasdır. Tənqidçi
Nizaməddən Mustafa yazır:
“O, dilin
öz içərisində “gəzişə-gəzişə”
dilin streotiplərini dağıdır. Və
burada bədii təfəkkürün
dağıdıcılığı quruculuğunu şərtləndirir. Şair üçün “salxım
söyüd” olduğu kimi “xan söyüd” də ola bilər. Səməd
Vurğun çinara “üç boylu” deyir, Nəbi Xəzri
“xan çinar”. Məsələ onda deyil ki,
“söyüd” ismi hansı sözlə təyinlənir, məsələ
ondadır ki, incəsənətdə, tutaq ki, heykəltaraşlıqda
zənci də süd rəngində ola bilər.
Məsələ
söyüdün “salxımlığında”, yaxud
“xanlığında” deyil, məsələ söyüdə
qonub oxuyan qumru ki var,
ondadır”.
Vaqif Səmədoğlunun sevgi şeirləri ayrıca
bir söhbətin mövzusudur. Qoy sevgi şeirləri
yazan bir çox şairlərimiz məndən inciməsin.
“Sevgi dilini” Vaqif Səmədoğludan öyrənsinlər.
Yuxuda kimi görmüsən
bu gecə?
Gözlərində bir yalqız məzarın
kimsəsizliyi var.
Yum gözlərini,
gözlərinə baş çəkim,
bir dəstə gül qoyum gözlərinə.
Vaqif Səmədoğlu Azərbaycan poeziyasında nadir Təklərdən
biri idi. Təklərdən yazmaq, onların şeirlərini
izah eləmək çətindir. Çoxları kimi mən
də bu çətinlikdən qurtula bilmədim...
Vaqif YUSİFLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.-
2016.- 6 avqust.- S.16.