Azərbaycan təsviri sənətinin
tanınmış siması - Oqtay
Sadıqzadə
Azərbaycan
təsviri sənətinin inkişafında onun xüsusi xidmətləri
var. O, həm rəngkarlıq və həm də qrafika sahəsində
yaratmış olduğu çoxsaylı sənət əsərləri
və bədii yaradıcılıq fəaliyyəti ilə öz
adını Azərbaycan təsviri incəsənət tarixinə
əbədi həkk edib.
Söhbət
Azərbaycanın görkəmli incəsənət xadimi, Xalq
rəssamı Oqtay Sadıqzadədən (1921-2014) gedir.
Azərbaycan
təsviri sənətinin tanınmış nümayəndəsi,
görkəmli fırça ustası, kamil sənətkar Oqtay
Sadıqzadə 24 fevral 1921-ci ildə yazıçı Seyid
Hüseynin ailəsində dünyaya göz açıb. Onun
anası Ümmügülsüm xanım və atası Seyid
Hüseyn dövrlərinin ziyalı vətənpərvər
şəxsləri olmuşlar. Valideynləri məhz vətənpərvər
ziyalı olmaları səbəbindən sürgün
edilmişdir. O.Sadıqzadə lap körpə
yaşlarından valideynlərini itirib və zaman-zaman həyatın
acı mərhumiyyətlərinə təkbaşına sinə
gərmək məcburiyyətində qalıb. Ağır mənəvi
və maddi durum O.Sadıqzadəni sənətə olan
sevgisindən uzaqlaşdıra bilməyib. Beləliklə o, əvvəlcə
ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Texnikumunda (1935-39-cu illər),
sonra isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitutunda (1950-1956-cı illər) alıb. O.Sadıqzadə
1977-ci ildə Azərbaycanın Əməkdar incəsənət
xadimi, 1992-ci ildə isə Xalq rəssamı fəxri
adlarına layiq görülüb. İndiyədək o
dünyanın müxtəlif ölkələrində
yaradıcılıq ezamiyyətlərində olub. Onun əsərləri
ölkəmizlə yanaşı müxtəlif ölkələrin
muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
O.Sadıqzadə
təsviri sənətin qrafika və rəngkarlıq sahələrinin
müxtəlif janrlarında yaratdığı
çoxsaylı yaradıcılıq nümunələri ilə
yaradıcılığının lap erkən dövrlərindən
sənətşünasların, sənətçilərin və sənətsevərlərin diqqətini
cəlb etmişdir.
Rəssamın
yaradıcılığının səciyyəvi xüsusiyyətləri
kimi klassik kompozisiya qurmaq məharətini, əsərlərinin
məna və məzmun dolğunluğunu, surətlərinin dəqiq
bədii işlənilmə həllini və xarakterik
xüsusiyyətlərinin ifadəliliyini, kolorit zənginliyini,
əlvan yazı manerasını və digər xüsusiyyətləri
qeyd etmək olar.
O.Sadıqzadənin
rəngkarlıq sahəsində süjetli tablo və portret
janrında bir-birindən maraqlı əsərlər
yaratmışdır.
Onun
süjetli tablolarına misal olaraq “Lənkəran
qızları” (1965), “Kolxozçu qadınlar” (1972),
“Oğullarını itirmiş ananın xatirəsinə”
(1985), “Hüseyn Cavid” (triptix), (1997), “Nizami və dünya mədəniyyəti”
silsiləsindən (1993-1999) “Nizami və Azərbaycan mədəniyyəti”,
“Nizaminin sələfləri”, “Nizaminin davamçıları”,
“Qədim Yunan filosofları”, “Avropa mədəniyyət xadimləri”
və s. əsərlərini göstərmək olar.
Təbii
ki, rəssamın ilk işlərində zəhmətkeş Azərbycan
qadınının romantik biçimdə surətləri
canlandırılıb. Lakin bu əsərlərdə o
zamankı Azərbaycan ailə-məişət şəraitinin,
ülvi qadın hissləri və saf ana məhəbbətinin
tərənnümü əks olunub. Sadalanan xüsusiyyətləri
rəssamın “Lənkəran qızları”, “Kolxozçu
qadınlar” və başqa əsərlərinə şamil etmək
olar.
O.Sadıqzadənin
“Nizami və dünya ədəbiyyatı” silsiləsindən
olan əsərləri rəssamın
yaradıcılığında xüsusi yer tutur. Ümumiyyətlə
qeyd etmək lazımdır ki, rəssam bir çox dünya və
Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinə qrafik illüstrasiyalar
yaratdığı üçün rəssamın Şərq
və Qərb dünyasının ənənələrinə
yaxından bələdliyi ona bu cür əlaqəli və
yüksək intellektual səviyyəli kompozisiyaların
yaradılmasına kömək etmişdir. Qeyd olunan silsilədən
“Nizami və Azərbaycan mədəniyyəti” adlı möhtəşəm
tablosunda rəssam Azərbaycan mədəniyyətinin dahi
Nizami Gəncəvinin dövründən ta iyirminci əsrədək
yetişdirmiş olduğu görkəmli elm, sənət və
ədəbiyyat xadimlərinin açıq təbiət
qoynunda, son dərəcə yüksək sənətkarlıqla
yaddaqalan surətlərini yaradıb. Tamaşaçı
tabloya ilk nəzərlərindən kompozisiyanın mərkəzində
yerləşdirilmiş N.Gəncəvinin və onun
sağında və solunda, eləcə də
qarşısında əyləşmiş Məhsəti Gəncəvi,
Memar Əcəmi, Məhəmmd Füzuli, Şah
İsmayıl Xətai, Üzeyir Hacıbəyli, Səməd
Vurğun və başqa Azərbaycan mədəniyyət xadimlərinin
bədii estetik təsir gücünə malik, diqqəti cəlb
edən obrazlarını görür. Rəssam zəngin sənət
metodlarına əsaslanaraq, uğurlu kolorit həlli, əlvan rəng
keçidləri və mahiranə rəng yaxıları ilə
diqqəti cəlb edən tabloların yaradılmasına nail
olmuşdur. Sadalanan xüsusiyyətləri bu silsilədən
olan rəssamın digər tablolarına da şamil etmək
olar.
O.Sadıqzadənin
süjetli tablolarından onun portret ustası olduğunu
asanlıqla sezmək olar. Bunu rəssamın yaratmış
olduğu çoxsaylı portret əsərləri təsdiq
edir. Onun müxtəlif sənət sahələrinin sahiblərinin yaddaqalan portretlərini yaratmaq məharəti
rəssamın yaradıcılığında portret
janrının xüsusi çəkiyə malik olduğunu
söyləməyə əsas verir. Rəssamın portret əsərlərinə
misal olaraq “Seyid Hüseyn” (1960), “Tatalovanın portreti” (1963),
“Qız portreti” (1966), “Bakılı qız” (1975), “Natəvan”
(1983), “Fidan Qasımova” (1988),
“Akademik Zərifə xanım Əliyeva” (2000) və s. portretlərini
qeyd etmək olar.
Rəssam
“Qız portreti”ndə profildən dirsəklərini stola
qoymuş və əllərini çənəsinə söykəmiş,
nəzərləri uzaqlara yönəlmiş vəziyyətdə
dalğın qızın çöhrəsini ustalıqla təsvir
etmişdir. Yaşıl geyimli ağbəniz qızın
qırmızı, çəhrayı fonda təsvir edilmiş
təsirli cizgiləri son dərəcə ustalıqla təsvir
edilib və olduqca bədii təsir gücünə malikdir.
O.Sadıqzadənin
uğurlu portret əsərlərindən olan “Akademik Zərifə
xanım Əliyevanın portreti” özünün lirik məziyyətləri
ilə diqqəti cəlb edir. Kompozisiyada qara fonda Azərbaycan
oftalmologiya elminin görkəmli nümayəndəsi
Z.Əliyevanın obrazı böyük sənətkarlıqla təsvir
edilib. Əsər əlvan rəng keçidləri ilə
ustalıqla işlənib.
Yuxarıda
qeyd etdiyimiz kimi O.Sadıqzadə həm də qrafikanın plakat
və kitab qrafikası sahələrində məhsuldar fəaliyyət
göstərib. Rəssamın plakat əsərləri yüksək
inandırıcılıq və bədii təsir gücünə
malik olub, tamaşaçıların bədii estetik
zövqünün formalaşmasında böyük rola
malikdir. Onun portret-plakatlarına misal olaraq Füzuli, Natəvan,
Sabir, N.Nərimanov və s. göstərmək olar.
O.Sadıqzadə kitab qrafikası sahəsində çalışaraq bir çox yazıçıların əsərlərinə illüstrasiyalar çəkmişdir. Buna misal olaraq rəssamın 40-50-ci illərdə İ.S.Turgenevin “Atalar və oğullar”, O.Balzakın “Qorio ata”, M.Qorkinin “Artamonovların işi” və eyni zamanda İ.Qasımov və H.Seyidbəykinin “Uzaq sahillərdə” (1954), V.Hüqonun “Səfillər” (1955-1963), C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” (1958-1959), Xaqanin “Lirika” (1958), Nizaminin “Fitnə” (1966), R.Nurinin “Çalı quşu” (1963) və başqa əsərlərə məzmunun anlaşılmasına və əyani qavranılmasına kömək edən maraqlı kitab illüstrasiyaları yaratmasını göstərmək olar. Kitab illüstrasiyasının yaradılmasında rəssamdan yazıçının əsərinin sözlə ifadə edilmiş imkanları çərçivəsində istifadə edərək, yazıçının əsərinə xələl gətirmədən, onun əsərinin əyani qavranılmasını şərtləndirən illüstrasiyaların yaradılması tələb olunur. Bu da rəssamdan xüsusi bacarıq və incə yaradıcılıq vərdişləri tələb edir. Təbii ki, O.Sadıqzadənin yaratdığı kitab illüstrasiyaları yüksək sənət metodu ilə işlənilib və sadaladığımız xüsusiyyətlərə cavab verməklə yanaşı, kamil kitab illüstrasiyalarıdır.
O.Sadıqzadə yaradıcılığı müstəqillik illərində xalqımız və dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. Rəssam 1999-cu ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Şöhrət” ordeninə layiq görülüb. Prezident İlham Əliyev 2011-ci ildə 90 illik yubileyi ilə əlaqədar rəssamı Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif etmişdir. O.Sadıqzadənin uğurlu yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilərək 2014-cü ildə rəssam Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. Rəssamın 2011-ci ildə Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan yubiley sərgisində sənət adamlarının rəssamın həyatı və yaradıcılığı barədə fikirlərini dinləyəndə və rəssamın yaradıcılıq əsərləri ilə baş-başa qalanda tamaşaçı bir daha yəqin etmişdir ki, Azərbaycan təsviri sənətinin zənginləşməsinə xüsusi töhfələr bəxş etmiş O.Sadıqzadə kimi sənətkar unudulmazdır.
Azərbaycan təsviri sənətinin tanınmış ustad rəssamı Oqtay Sadıqzadə özünün parlaq bədii yaradıcılıq dünyası və uğurlu sənət əsərləri ilə həmişə sənət adamlarnın və onu sevənlərin xatirəsində yaşayacaq.
Əsəd
QULİYEV
sənətşünas,
Azərbaycan Milli İncəsənət Muzeyinin böyük
elmi işçisi,
AMEA-nın dissertantı, Rəssamlar
İttifaqının üzvü
525-ci qəzet.- 2016.- 6 avqust.- S.17.