Televiziyamızın canlı əfsanəsi...
Xalq artisti, Dövlət Mükafatı laureatı, görkəmli teleaparıcı və diktor, professor Rafiq Hüseynlinin 70 yaşı tamam olur.
Rafiq
Hüseynli... Onu ilk dəfə ilk “mavi
ekran”ımızda - Azərbaycan televiziyasında
görmüşük: yaraşıqlı və ciddi görkəmi,
mehriban çöhrəsi, xoş təbəssümü,
aydın diksiyası, səlis danışığı ilə
gözümüzdə, könlümüzdə yer alıb,
evlərimizin əziz qonağına dönüb,
televiziyamızın simvollarından birinə çevrilib.
Hər dəfə ekranda görünəndə diqqət kəsilmişik,
səsinin ahənginə, təmiz nitqinə, səmimi
ünsiyyətinə heyran olmuşuq...
O, XX
yüzilliyin möcüzələrindən olan televiziyanın
və onunla birgə yaranan televiziya diktorluğu peşəsinin
birincilərindəndir, bu sahədə böyük təcrübəyə
malik peşəkardır, bu sənətin say-seçmələrindəndir,
Ana dilimizin - Azərbaycan dilinin gözəlliyini
qoruyanlardandır. Televiziya tarixi bir vacib amili də diqtə
edir: telekanallar daha çox yaxşı aparıcıları
ilə udur. Rafiq Hüseynli isə efirə
tamaşaçı cəlb edən gözəl diktor, mahir
teleaparıcı, intellekt sahibi, əsl “istedad nümunəsi”
olub...
Ömrü Azərbaycanımızın iki unikal məkanı
ilə bağlıdır. Şuşada
doğulub, Bakıda böyüyüb, uşaqlıq
çağlarından yay aylarını ata yurdu Şuşada,
qalan 3 fəsli İçərişəhərdə
keçirib. Orta təhsili rus dilində
alıb. Şərqşünas olmaq istəyib, məktəbi
bitirən il rus bölməsinə qəbul
olmadığından bu arzusuna çata bilmir. Birbaşa
işə başlayır, özü də o vaxtlar çox əlçatmaz
olan bir yerdə - Dövlət Radio və Televiziya Verilişləri
Komitəsində. 1964-cü ildə bura gəlir,
boy-buxununu, yaraşığını görüb, onu fəhlə
yox, ikinci dərəcəli işıqçı kimi işə
götürürlər. Qismətə bax, iki il sonra “diktorluq müsabiqəsi” keçirilir,
o da bəxtini sınayır. Və
“işıqçı”lığın daşını
atır, elə şərqşünas olmaqdan da vaz keçir,
sonralar İncəsənət İnstitutunda qiyabi təhsil
alır. 1966-cı ilin yanvarında “təcrübəçi
diktor” kimi fəaliyyətə başlayır...
70 illik
ömrün çox qısa avtobioqrafiyasıdır bu...
İki dəfə
qısamüddətli ayrılığı nəzərə
almasaq, 52 ildir bu böyük söz tribunasında,
televiziyadadır - “balaca” rəqəm deyil! Üstəlik, uzun
illər hər kəsin gözü qarşısında olub,
heç kimin gözünü yormamaq, heç kəsi bezdirməmək,
əksinə, özünü və sənətini sevdirmək,
saydırmaq, hər kəsi özü üçün, “Rafiq
Hüseynov” üçün darıxdırmaq çox,
çox çətindir. Və hamıya da qismət olan nəsnə
deyil...
Bəli, o, televiziyaya televiziyanın yeni
yarandığı və formalaşdığı dövrdə
gəldi. Televiziya doğma evinə çevrildi, sevincinə, kədərinə
şərik oldu, taleyinə misilsiz günlər yazdı.
Hər dəfə “Salam, hörmətli
tamaşaçılar!” deyəndə ekrandan öz xoş,
“nadir, sirli energetika”sını milyonlara ötürdü.
Unikal reportajlar, dünyaca məşhur müsahiblər,
unudulmaz verilişlər, sanballı müəllif
proqramları, parlaq “Mavi işıq”lar, sehirli “Dalğa”lar,
“Televiziyanın qonaq otağı”nda keçən səmimi
anlar... - bunlar Rafiq Hüseynli ömrünün tarixə
çevrilən yaşantılarıdır...
“Rafiq Hüseynli televiziyanın özü idi” -
çoxlarının etirafıdır bu. Və bu etiraf
zaman-zaman dillər əzbərinə döndü, hətta o
televiziyadan uzaq düşəndə də.
Çünki o, diktor kimi, sadəcə ona
verilən mətnləri oxumurdu, ciddi görkəmi ilə
oxuduqlarına inandırırdı, səsinin cazibəsinə
salırdı hər kəsi. Bəli, o SƏS... İndi
özü ekranda görünməsə də, nə
yaxşı, o qüdrətli və “musiqili” səs bu gün də
o illərin lentlərinin yaddaşında qulağımıza
çatır, o səsə olan aclığımızı,
xiffət hissimizi azaldır. Təsadüfi deyil
ki, Rafiq Hüseynli Dövlət Mükafatını, məhz
“Ölü zona” filmində diktor mətninin oxunuşuna görə
almışdı. Məşhur yazıçı
Çingiz Abdullayevin fikri yada düşür: “Rafiq
Hüseynli, ilk növbədə böyük peşəkardır.
O elə adamlardandır ki, hətta onun
danışdığı dili bilməsən belə həmin
dilə vurulursan, ona inanmaya bilmirsən...”
Rafiq müəllim, həm də televiziyaya həyati səmimilik,
gerçək səmimiyyət gətirdi, “onu kütləvi
etməyi bacardı”. O, “kütləvi informasiya vasitəsini əsl sənət
səviyyəsinə yüksəldə bilən nadir
istisnalardandır” (Rafiq Həşimov).
Həyat ona ömrünün ən böyük
ayrılıqlarını da yaşadıb. Yubiley
günündə “ağrı”lardan danışmaq istəməzdim,
amma xatırlamamaq da mümkün deyil. 1984-də,
bir ilin içində iki əzizini itirib. Çox
sevdiyi, son dərəcə bağlı olduğu
anasını və 17 yaşlı oğlu Rövşəni.
“Mən ancaq Allaha, İlahi qüvvəyə
inanıram”, “Bu, mənim taleyimdir” deyə bu dərdi
Tanrının sınağı kimi qəbul edib,
ağrılarını içində çəkib, ən
ağır məqamlarda da gülümsəməyi bacarıb.
Və düz 17 il sonra Allah yenidən
sevindirib onu, gül qönçəsi kimi bir qız
övladı verib - Leylini. “Leyli dünyaya gələndən
sonra qocalmaqdan da qorxmuram. Hətta istəyirəm ki,
müəyyən müddəti qurban verim, tez qocalım ki,
onun böyüyüb gənc bir qız olmağını
görüm...” Şuşa ağrısı isə unudulan
deyil, atasının Şuşada qalan qəbrini də ziyarət
edə bilmir: “Şuşada özümü dünyanın ən
sivil ölkəsindəki kimi hiss edirdim. Şuşa
bizə hava, nəfəs verirdi, İndi, təəssüf ki,
nəfəsimiz kəsilib. Nəfəs almağa
havamız çatmır...” Şükür Allaha, artıq
Leyli gənc, gözəl bir qızdır, toyunu görsün Rafiq
müəllim, Şuşadan isə kaş tezliklə “Qələbə”
xəbərini məhz Rafiq müəllimin o qüdrətli səsi
çatdırsın bütün dünyaya...
Bəs bu gün Rafiq Hüseynlinin uğurlarını
sadalamağa ehtiyac varmı? Deməklə bitməz... Yalnız
ikisini yada salım: hələ Sovet dövründə Heydər
Əliyev kimi dahinin “Ən çox bəyəndiyim diktor budur”
kəlməsi və bir də, televiziyadan uzaq
düşdüyü illərdə “Rafiq Hüseynli
haradadır, Rafiq Hüseynli niyə görünmür?” deyən
çoxmilyonlu tamaşaçıların
nigarançılığı...
Əməkdar
İncəsənət xadimi Elşad Quliyevin fikrini də yada
salmaya bilmirəm: “Rafiq Hüseynli çox bütöv və
ağayana şəxsiyyət, ziyalı və ictimai xadimdir,
amma Rafiq Hüseynlinin adı ilk əvvəl Azərbaycan mədəniyyəti
tarixinə peşəkar aparıcı və diktor olaraq Xalq
artisti kimi yazılıb. Bu, çox böyük hadisədir...”
“Diktor” adlı bir kitab var - Rafiq Hüseynli
haqqındadır. O kitabı oxuyarkən Rafiq müəllimi yenidən kəşf
edirsən... Onun mətbuatı bu qədər
sevməsinə, KİV-ə bu qədər açıq
olmasına da sevinirsən. Səlim Babullaoğlunun gəldiyi
nəticə isə ürəyindən xəbər verir:
“...kitabın ən dəyərli hissəsi Rafiq Hüseynlinin
müsahibələridir. Burada onun maraqlı həyat təcrübəsi,
yenicə fəaliyyətə başlayan telejurnalistlərə
hədsiz gərək ola bilən fikirlər
var”.
Və
şükürlər olsun Allaha, televiziyamızın canlı
klassiki Rafiq Hüseynli bu gün də iş
başındadır. Bir vaxtlar “sədr
müavini” vəzifəsinə qədər yüksəldiyi
AzTV-dən getməyə məcbur olsa da, qədirbilən
insanlar onu yenidən doğma ocağına qaytardı. Hətta
bu qayıdışın səs-sorağı o qədər
alqışlandı ki, qəzetlər də xəbəri
manşetə çıxardı...
İndi Rafiq müəllim Azərbaycan
Televiziyasının teleaparıcılar üzrə bədii rəhbəridir,
öz məktəbinin davamçılarını
hazırlayır. Tələbələri isə ondan
yalnız diktorluq, aparıcılıq, natiqlik sənətinin
sirlərini öyrənmirlər, həm də ağayanalıq,
alicənablıq, ziyalılıq, vətənpərvərlik
dərsi alırlar. AzTV-nin videotekasında qorunan
verilişləri, həmin verilişlərdəki səmimiyyəti,
tərəf müqabilləri ilə ünsiyyəti də
televiziyaya gələn yeni nəsil üçün əsl
nümunədir...
“Veriliş mahnı kimi olmalıdır” deyir Rafiq müəllim,
özü isə təkcə “mahnı kimi” verilişlərin
müəllifi kimi qalmadı, həm də gözəl nəğmələr
oxudu.
“Gecikmiş görüş”, “Bir məhəbbət qalacaq”,
“Bizi kim ayırar?”... Öz həyatı
ilə bağlı olan bu nəğmələr o SƏSin
vokal imkanlarını da üzə çıxardı.
İfa etdiyi bütün mahnıları “Sevərəm təzədən
səni” adlı diskə topladı, üstünə isə
belə yazdı: “Bu nəğmələri ona görə
oxudum ki, ekrandan tanıyıb sevdiyiniz Rafiq Hüseynlinin ürəyinin
səsini eşidəsiniz. İnanıram ki, bu nəğmələri
dinləyəndən sonra məni göründüyüm kimi
yox, olduğum kimi tanıyacaqsınız...”
İndi
onun ürəyinin səsi hər yerdə eşidilir, onu hər
yerdə sevə-sevə eşidirlər və onu hər kəs
tanıyır - olduğu kimi...
Əfsanəvi diktorumuz 70 yaşını qeyd edir. Bu 70 il,
təbii ki, ömrünün ən gözəl
çağlarını alıb əlindən. Zahiri
görkəmini dəyişib, üz-gözünə “əl gəzdirib”.
Amma təbəssümü, tamaşaçılarına
sevgisi əvvəlki kimidir...
“Aparıcı tamaşaçının gözü
qarşısında qocalmalıdır” - Rafiq müəllimin
fikridir. Sizi sevən çoxmilyonlu auditoriyanın
qarşısında qocalmaqda davam edin, Rafiq müəllim.
Qocalın, amma sağlam olun, sağlam yaşayın, çox
yaşayın!.. Qazandığınız
məhəbbət isə heç zaman azalmasın - elə
indiki kimi...
Əlamətdar
yubileyiniz mübarək!
Firuzə NADİR
525-ci qəzet.-
2016.- 6 avqust.- S.12.