İmperiyalar və onların
süquta
sürüklənməsi
(Əvvəli ötən şənbə
sayımızda)
1877-1878-ci illərin müharibəsinin gedişində
Persiya rusların Qafqaz ordusuna müəyyən köməklik
göstərmişdi.
Persiya 1914-cü ilə kimi avropalıların
düşüncəsində nizami orduya malik deyildi. Yalnız bir
neçə yüz nəfərdən ibarət olan mühafizə
dəstəsi var idi. Müharibə
zamanı kənd icmaları könüllülər dəstəsi
verməli idi. Köçəri tayfalar isə
200 minlik süvari dəstəsi verməli idilər.
Rusiya ilə bağlanmış Gülüstan müqaviləsinə
(1813-cü il) görə, Persiya Xəzər
dənizində hərbi gəmilər saxlamaq hüququna malik
deyildi. Persiya körfəzindəki onun
donanması bir buxar gəmisindən ibarət idi, onu da Persiya
1855-ci ildə satın almışdı. Bu
həm də şahın yaxtası idi.
Britaniya hökumət dairələrində çoxdan
Persiyanın Rusiya və İngiltərə arasında bölünməsi
ideyası irəli sürülürdü. 1892-ci ildə
lord Kerzonun “Persiya və pers məsələsi” kitabı
çapdan çıxmışdı. Bu
kitab Britaniya müstəmləkəçiləri
üçün Persiya məsələləri barədə
bir Bibliya kimi qəbul olunurdu. Bu monoqrafiyada
müəllif Rusiya və rus xalqı haqqında istehzalı
qaydada rəyini bildirirdi. Həmin Corc
Nataniel Kerzon (1859-1925-ci illər) 1923-cü ilin mayında Sovet
respublikasına özünün məşhur ultimatumunu
vermişdi. Öz kitabında isə Kerzon
Persiyanın Rusiya imperiyası ilə bölünməsi
ideyasını irəli sürməklə, bəyan edirdi ki,
Rusiya lap elə bu yaxınlarda Persiyanın şimal əyalətlərini
tutacaqdır.
İngilislər ölkənin daxilində cənub
tayfalarının - bəxtiyarilər, kaşqaylılar, belucilər
və sairələrin feodallarının şəxsində mərkəzdənqaçma
qüvvələrini həvəsləndirirdilər. 1905-ci ildə başlanan,
altı il davam edən Persiya inqilabı
dövründə mübarizə müxtəlif qüvvələrə
qarşı başqa sözlə, təkcə şaha deyil, həm
də cənubun separatistlərinə qarşı yönəlirdi.
Persiya
inqilabının birinci mərhələsində (1908-ci ilin əvvəlinədək)
Persiya kazak briqadasının rus zabitlərinə
Peterburqdan ciddi göstəriş verilmişdi ki, perslərin
daxili işlərinə qarışmasınlar. Lakin
inqilab inkişaf etdikcə, kazakların davranışı dəyişilirdi.
Polkovnik Lyaxovun komandanlığı altında olan kazak briqadası şahın başlıca
silahlı qüvvəsinə çevrildi. 1908-ci
ilin iyununda şah Məclisi buraxdı. Persiyadakı rus kazak zabitləri rəsmi olaraq şaha xidmət
edirdilər, briqadanın özü də Persiya qoşun hissəsi
idi. İnqilabın yatırılması Rusiya
hökumətinin razılığı ilə kazaklar tərəfindən
həyata keçirildi.
1909-cu ilin aprelində Qafqazdakı rus qoşunları
Persiyaya girdi və xalq üsyanını yatırtdı. İki ay sonra
rus qoşunları döyüşlə Rəşti və Qəzvini
tutdular. Türklər isə Persiya Azərbaycanının
xeyli hissəsini tutdular. Ruslar Tehranı
işğal etmək istəyirdilər.
Rusiya Uzaq Şərqdə də öz ekspansiya siyasətini
aparmağa çalışırdı. Onun
üçün Çinin ən dadlı tikələrindən
biri Port-Artur idi, onun tutulması zəruri vəzifə
sayılırdı. Bu, rusların Sakit
okeanda yeganə hərbi-dəniz bazası olmalı idi. Vladivostokda qışda dəniz donurdu, ona görə
də gəmilər Yaponiya və Çinin limanlarında qonaq
kimi qalmağa gedirdilər. Bir qayda olaraq,
rus admiralları Yaponiyada qonaq olmağı
xoşlayırdılar, axı Naqasakidə çox sevimli
geyşalar var idi. Baza məsələsində
isə dənizçilər Port-Artura üstünlük
verirdilər. Baza isə strateji Tsusima boğazına nəzarətə,
Koreyanın Yaponiya müdaxiləsindən müdafiəsinə
imkan verəcəkdi, həm də Vladivostokdan bura nisbətən
yaxın idi, onların arasındakı məsafə 800 mil idi.
Dəniz nazirliyinin idarə rəisi qraf Muravyov bəyan
etdi ki, “ruslar Port-Artura Çinin mənafelərini müdafiə
etmək üçün gəlmişdilər”. Rus gəmilərinin
Port-Artura gəlib çıxması İngiltərənin və
Yaponiyanın həyəcanına səbəb oldu. İngiltərə kimi, Yaponiya da fəal etiraz
nümayiş etdirməyə cəsarət etmədi.
Simonoseki Çin-Yaponiya müqaviləsi (1895-ci il)
dövründə “Üçtərəfli ittifaq”
dağılmadı, yaşamaqda davam etdi. Alman imperatoru II
Vilhelm ingilislərə və yaponlara qarşı
özünün rusları dəstəkləməsi barədə
bəyanat verdi. Yaponiya
baş naziri İto 1901-ci ilin noyabrında Peterburqa gəldi.
Buraya çox nümayişkaranə şəkildə
ingilis-yapon müqaviləsinin layihəsi gətirildi. 1902-ci ilin yanvarında isə bu müqavilənin
bağlanması xəbəri gəldi. Onlar
Çində və Koreyada öz mənafelərinin
qorunması üçün birinin digərinə görə
də eyni hüquqa yiyələndiyi qeyd edildi. Onlar Rusiyanı xəbərdar etdilər ki, Şərqi
Asiyanın bu iki dövlətində onların maraqlarına təhlükə
törətməsin. Bu ingilis-yapon müttəfiqlik
müqaviləsi Yaponiya diplomatiyasının böyük qələbəsi
idi. Bu müqavilə Yaponiyaya imkan verdi
ki, Rusiyaya qarşı müharibə başlasın, bu vaxt o
qorxmurdu ki, Rusiyaya kimsə hərbi yardım göstərəcəkdir.
Rusiyada sayıqlığın itirilməsinə görə
bu müqaviləyə lazımi əhəmiyyət verilmədi. İngiltərə
Uzaq Şərqdə müttəfiq qazanmağa ehtiyac duyurdu,
belə bir müttəfiqi isə məhz yaxşı təşkil
edilmiş və nisbətən güclü ordusu olan
Yaponiyanın timsalında tapdı. İngiltərə
qorxurdu ki, Rusiya Koreyanı tuta bilər.
Bu vaxt fransız-rus ittifaqı İngiltərəyə
qarşı çevrildi, baxmayaraq ki, Almaniya başlıca
düşmən hesab olunurdu. İngiltərə XIX
əsrin 80-ci illərindən Yaponiyaya öz donanmasını
yaratmaqda kömək etmişdi. Yaponiya bir
adalar ölkəsi kimi buna çox möhtac idi. Onun ada-dövlətinin bir mənfi xüsusiyyəti
də ondan ibarət idi ki, hərbi cəhətdən qüdrətli
dövlət sürətli bir müharibə ilə onu məğlub
edə bilərdi. Lakin müharibə heç də asan
bir iş deyildir. Çünki o, heç bir
qaydaya malik deyildir. Müharibədə
özünü məhdudlaşdırmaq səfehlikdir. İkincisi, müharibənin mahiyyəti
zorakılıqdır. Üçüncüsü,
müharibənin vacib prinsipi birinci olaraq zərbə endirməkdir,
güclü zərbə və fasiləsiz zərbə
vurmaqdır.
Rusiya Yaponiyaya qarşı sürətli bir müharibə
həyata keçirməyə cəhd etsə də, bu cəhd
biabırçı qaydada uğursuz oldu. Rusiya
donanması Tsusima boğazında ağır zərbə
aldı və Rusiya müharibənin
başlandığından sonrakı, 1905-ci ildə məğlubiyyət
acısını dadmalı oldu. İngilislər
ancaq Yaponiya tərəfdən heç də müharibəyə
girmədi. Bir ingilis dənizçi zabiti
yazırdı ki, “Bu (Port-Artur ətrafındakı)
böyük qələbə Yapon dənizini Tokionun
divarları altındakı sadə xəndəyə
çevirir”.
Yaponiya ilə müharibədə Rusiyanın məğlubiyyəti
ölkənin daxilində də vəziyyəti xeyli gərginləşdirdi
və 1905-1907-ci illərin I Rus inqilabının meydana gəlməsinin
ən mühüm səbəblərindən biri idi.
Rusiya çarı II Nikolay həyata qvardiya zabiti
prizmasından baxmağı öyrənmişdi. Rus
qvardiyasının isə 1825-ci ildən başlayaraq uzun
onilliklər ərzində maraqları kart oyunları ilə,
atlarla və qadınlarla məhdudlaşırdı. Əyləncə hərbçilərin
hazırlığına da ağır zərbə vururdu.
12.
İmperatorların şəxsiyyəti onların sirlərini
açır
I
Dünya müharibəsində Avropanın altı
böyük dövləti - bir tərəfdən Almaniya,
Avstriya-Macarıstan və Osmanlı imperiyası, digər tərəfdən
isə İngiltərə, Fransa və Rusiya imperiyaları
üz-üzə dayanmış, öz
hökmranlıqlarını möhkəmləndirmək
üçün ölüm-diri mübarizəsinə
girişmişdilər. Əgər diqqətlə
təhlil edilsə, bu müharibənin başlanmasında və
dörd ildən artıq bir müddətdə milyonlarla
insanın qanının axıdılmasında bu dövlətlərin
bayraqları altında vuruşan titul xalqlar - nə almanlar və
türklər, nə ingilislər və fransızlar, nə də
ruslar əslində bu cinayətə görə heç bir məsuliyyət
daşımırdılar. Onlar nə
müharibə cığırına düşmüş, nə
də torpaqlar işğal etməyə, şəhərləri
dağıtmağa girişmişdilər. Məgər
Troyaya sadəcə yunanlar hücum etmişdilərmi, yoxsa
Mikena çarı Aqamemnon qardaşı arvadı Yelenanın
qaçırılması bəhanəsindən istifadə
edib, Kiçik Asiyadakı bu varlı şəhər-dövləti
tutmaq üçün yaxşı fürsət
düşdüyünü anlayıb, dənizi keçərək,
arqonavtlar “qızıl yun” ardınca Kolxidaya üzdüyü
kimi, yelkənləri dolduracaq külək nəminə öz
qızı İfigeniyanı da qurban verərək, Troya ətrafına
gəlmiş və on il davam edən müharibəni zəfərlə
başa çatdıra bilmişdi. Troya
darmadağın edilmiş, çar Priam bütün ailə
üzvlərini ölüm və əsir düşmək nəticəsində
itirmiş, bu bədbəxt şəhərin min ildən sonra
Karfagenn başına gələn bir faciəni
yaşamasına səbəb olmuşdu. Homerin
yazdığı kimi, əslində, Troya müharibəsini allahlar
aparırdı, onların iradəsinə görə
silahlı toqquşma belə uzun müddət davam etmiş,
yunanlar və troyalılar, müasir dillə deyilsə,
şahmat oyununda hərəkət etdirilən piyadalar rolunda
çıxış etmişdilər.
Əgər Makedoniyalı Aleksandr olmasaydı, onun həmvətənləri
və yunan əsgərləri hansı dəlisov istəyə
görə isə Persiyaya, Mərkəzi Asiyaya və Hindistana
gedib çıxardılarmı? Militarizmə meyli ilə
seçilən Romanın məşhur sərkərdələri
üç Puniya müharibəsi aparmaqla Karfageni tədricən
məhv etmiş, son müharibədən sonra yerini də
şumlamışdılar. Sezar
Qalliyanın işğalı ilə kifayətlənməyib,
Britaniya adalarına da keçmişdi. Axı
sadə əsgər bu miqyasda olan məsələlər barədə
heç cür düşünə də bilməzdi. Məgər Qərb imperiyasını sadə franklar
yaratmışdılarmı? Prussiyanı
döyüş və işğal yoluna sadə
prussiyalılar deyil (Konrad Adenauer onları “əcdadlarını
unutmuş slavyanlar” adlandırırdı), I Fridrix Vilhelm və
onun oğlu Böyük Fridrix salmışdı. Napoleon təkcə fransızları deyil, zəbt
etdiyi ölkələrin əsgərlərini də
bütün Avropanı işğal etməyə istiqamətləndirmiş,
qitəni qan dənizinə çevirmişdi.
Bir vaxtlar Osmanlı sultanları Mehmet Fateh, Səlim Yavuz
və Süleyman Kanuni imperiyanın üç qitəyə
yayılması üçün cəbhələrdə
böyük qələbələr
çalmışdılar. Lakin XVII əsrdən
imperiya tənəzzül yoluna qədəm qoydu. Rusiya ilə apardığı çox sayda
müharibələrdə isə geniş ərazilərini
itirməli oldu.
Bismark məsələləri “dəmir və qanla” həll
etmək yolunu göstərir və 1870-ci ildə Prussiyanın
Fransa ilə müharibəsinə uğurlu cəhd edib, Sedanda
fransız ordusunun darmadağın edilməsinə nail oldu. O, Almaniyanı birləşdirərək
Avropanın qüdrətli dövlətinə
çevrilmişdi. Lakin onun işğal siyasətinin
bir gün öz ölkəsinə və xalqına da bədbəxtliklər
bəxş edəcəyini heç ağlına da gətirməzdi.
Bismark irsi Almaniyanı iki dünya müharibəsinə
başlamağa istiqamətləndirdi və hər iki
müharibədə Almaniya məğlub oldu.
Bir sözlə, imperiyalar heç də xalqların tarixə
“hədiyyəsi” olmayıb, bir sıra hərbi və siyasi
xadimlərin başqa xalqlara, nəticədə həm də
öz xalqına bəxş etdiyi bədbəxtlikdir. İmperiya latın
sözü olan “imperium” ifadəsindən meydana gəlmişdir,
bu, “hökm sürmək, hakimiyyət” mənasını
verir. Qədim Romada “divide et impera” ararıcı prinsipə
çevrilmişdi, “parçala və hökm sür” mənasını
verməklə, xalqı əsarət altına almaq
üçün onu parçalamağın vacib olduğunu
bildirirdi.
İmperiya bu prinsipdən istifadə etməklə
yanaşı, çox sayda ölkələri və
xalqları öz hakimiyyəti altına salıb, onların bu
asılılığını əbədiləşdirməyə
çalışırdı. Onsuz da imperiyanın yaranmasında
silah, qan axıdılması, müharibə başlıca rol
oynadığı kimi, imperiya öz hakimiyyətinə
qarşı xalqların etirazı şəklində azacıq
təhlükə gördükdə, öz yırtıcı
təbiətinə uyğun olaraq, yenə də köhnə
vasitələrə əl atmaqdan, təkcə ayrı-ayrı
əraziləri deyil, qitəni, bütün dünyanı
müharibə teatrına çevirməkdən belə
çəkinmir. İmperiyalar hakim dövlətin
adı ilə adlansa da, qədim dövrlərdə olan kimi onu
yaradanların, məsələn, Makedoniyalı Aleksandrın və
ya Çingiz xanın adı ilə olan kimi
adlandırılsaydı, bu, daha düzgün olardı. Uzun ömür sürən bir imperiyanı heç
də Avstriya yox, Habsburqlar sülaləsi yaratmışdı.
Ona
görə də I Dünya müharibəsinin
başlanmasında günahkar olan bu şər əməlin beş iştirakçısına daha
yaxından bələd olmaq, onların həyata keçirdikləri
eybəcərlikləri daha yaxşı dərk etməyə
kömək edərdi. Böyük ispan rəssamı
Fransisko Qoyya 1800-cü ildə yaratdığı “Kral IV
Karlın ailəsi” tablosunda ispan monarx ailəsinin üzvlərini
daha çox psixoloji reallıqda, daxili aləmlərinə
nüfuz etməklə onların portretlərini təsvir
etmişdir. Onlar mənəviyyat adlanan
dünyanın xarabalıqlarını əks etdirdiklərindən,
eybəcərlikləri daha aydın nəzərə
çarpır. I Dünya müharibəsindəki
imperatorların da, yəqin ki, belə realist təsvirə
ehtiyacları vardır.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2016.- 13 avqust.- S.20.