Təzə qonşu
(hekayə)
Köhnə
bağ qonşumuzla mehriban yola gedirdik. Başqa millətdən
olan bu qonşunun ötən illər ərzində bir dəfə
də olsun yüksək tonda danışdığını
eşitməmişdim.
Aramızda heç vaxt söz-söhbət olmazdı. Qonşu
hamıyla sakit-sakit danışıb xoş davranardı.
Xeyirdə, şərdə də əlimizdən
tutardı. Buna görə də, təkcə
mən yox, elə bütün qonşular ondan razı idilər.
Bir gün eşitdim ki, o, bağ sahəsinin bizə tərəf
olan hissəsini satır. Yaxşı adam olduğuna görə
ondan uzaqlaşmaq istəmirdik. Gedib deyə də
bilməzdim ki, niyə torpağını satırsan? Bu, kişinin öz işi idi. Buna
görə durub ona nə deyə bilərdim. Bağ özününkü idi, özü bilərdi.
Gözləyirdik ki, görək təzə
qonşularımız kim olacaq.
Çox intizarda qalmadıq. Günlərin birində
onlar gəlib çıxdılar. Təzə
qonşular elə də cavan deyildilər. İllər
əvvəl ailə qursalar da, övlad yolunu gözləyə-gözləyə
qalmışdılar. Uşaq hənirtisinə,
körpə qığıltısına həsrətli idilər.
Danışıqlarından hiss olunurdu ki, hələ hər
şeydən əllərini üzməyib, ümidlərini
qırmayıblar. Övladlarının
dünyaya gəlməsi üçün gecə-gündüz
Tanrıya dua edirlər. İlk
baxışdan elə də pis adamlara oxşamırdılar.
Ərin adı Bakir, arvadın adı Zakirə
idi. Arada-bərədə söz
düşəndə arvad elə hey indiyə qədər elədiyi
yaxşılıq və xeyirxahlıqdan dəm vurub
özünü tərifləyib göyün yeddinci qatına
qədər qaldırırdı. Şəhərin
mərkəzindən buraya pis qonşuların əlindən
qaçıb gəldiyini söyləyirdi. Əgər dedikləri yalan deyildisə, elə bil
lotereyamıza maşın düşmüşdü. Söylədikləri onların gələcəkdə
yaxşı qonşu olacaqlarından xəbər verirdi. Hər ikisi də işgüzar, xeyirxah, çətinlik
görən adama oxşayırdılar. Hələlik
onlar haqqında təəssüratlarımız belə idi.
Köhnə qonşumun satdığı torpaq sahəsində
atasından qalma taxtadan düzəldilmiş kiçik bir daxma
da var idi. Təzə qonşular evlərini tikib başa
çatdırana qədər burada qalacaqdılar. Onlar bu daxmaya köçəndən
üç-dörd gün sonra gecənin bir aləmində səs-küyə,
qışqır-bağıra yuxudan ayıldıq. Həyətə
çıxanda təzə qonşuların bir-biriləri ilə
mübahisə edib, az qala əlbəyaxa
olduqlarını gördük. Ər
arvadını, arvad da ərini dünyada olan ən pis və
axırıncı söyüşlərlə
söyürdü. Utandığımızdan
səsimizi çıxarmayıb içəri keçdik.
Kişi möhkəm hirslənmişdi. Onun dediklərini eşitdikcə fikirləşirdim
ki, yəqin axşam Zakirəni öldürəcək. Sabah qonşularla köməkləşib məhəllədə
yas çadırı qurmalı olacağıq. Tərs kimi hər tərəf darısqallıq
olduğundan çadır qurmağa geniş yerimiz də yox
idi. Yəqin sabah şaxsey-vaxsey sədaları
məhəlləni başına götürəcəkdi...
Şükür, səhər ayılanda hər ikisini
sağ-salamat gördük. Günortaya yaxın
onlar şən musiqiyə qulaq asıb deyib-gülürdülər,
yaxşı ovqatda görsənirdilər. Heç
elə bil axşam bir-birlərini söyüb lənətləyən,
öldürməyə hazır olan bunlar deyildilər. Bir neçə gündən sonra yenə də gecənin
bir aləmi səs-küy, dava-dalaş səsinə
ayıldıq. Hər şey əvvəlki
kimi təkrar olunurdu. Eyni sözlər, eyni
söyüşlər, eyni ton. Hiss olunurdu ki,
söyüş sarıdan onların leksikonları zəngindir,
korluq çəkmirlər. Elə bil maqnitofona
kaset qoyub eyni mahnıya, eyni musiqiyə qulaq asırdıq.
Sonrakı gecələr onların səslərini
eşidəndə daha əziyyət çəkib yuxumuza haram
qatmadıq. Bilirdik ki, yenə də təzə
qonşularımız dalaşırlar. Günlər
ötüb keçdikcə bu işə vərdiş elədik.
Hələ bəzən dava-dalaşın arası bir az çox səngiyəndə
darıxırdıq da. Qulaqlarımız
dava-dalaş səsinə həsrət qalırdı.
Təzə qonşularımız gələndən məhəlləmizin
əvvəlki sakitliyi pozulmuşdu. Onlar gah bir-birləri
ilə, gah da qonşularla dalaşırdılar. Qısa müddət ərzində bütün
qonşularla münasibətləri korladılar. Hətta
onlara torpaq satan köhnə qonşumuzla da
gülməli bir şey üstündə ağızlaşdılar.
Bizimlə də dava heç nədən oldu. Onların
hasarlarına yaxın olan ağaclara hər dəfə su verəndə
qırğın düşürdü. Başlarını
hasardan qaldırıb deyirdilər ki, ağacları çox
sulamayın. Birdən torpağın
altından sızıb biz tərəfə keçər,
bağımıza ziyan vurar.
Günlərin
birində təzə qonşular bünövrə qazıb ev tikdirməyə başladılar. Əsl dava-dalaş, mərəkə də elə
bundan sonra qopdu. Gah ər-arvad bir-birləri
ilə, gah da ustalarla dalaşırdılar. Ev tikilib başa çatana qədər
dörd-beş dəfə ustalarını dəyişdilər.
Zakirənin cır səsi baş-beynimizi
aparır, əsəblərimizi tarıma çəkib
qanımıza işləyirdi. Sanki
qonşular dava-dalaşsız yaşaya bilmirdilər. Dalaşmaq onların ruhlarına, qanlarına
hopmuşdu.
Hiss
edirdim ki, təzə qonşumuz Zakirənin başı o
söz... Ağılsızın, gicbəsərin
biridir. Normal adama oxşarlığı da
yox idi. Ondan sonra Zakirəyə baş
qoşub dediklərini də ciddi qəbul eləmədik.
Sonra söhbət edəndə onun əri Bakirin də
ağlının kəm olduğunu hiss etdik. Sən
demə, elə bunlar ikisi də bir-birilərinin tayı
imişlər. Atalar elə belələri
üçün deyib ki, taylı-tayını tapmasa
günü ah-vayla keçər. Köhnə
qonşum torpağı onlara satdığına görə
yaman peşman olmuşdu. Amma daha gec idi.
Heç nəyi geri qaytarmaq mümkün deyildi.
Artıq evin divarlarının çox hissəsi
qalxmışdı. Elə qonşu da
aldığı pulların yarıdan çoxunu xərcləmişdi.
Axır ki, təzə qonşular səs-küy
qaldırıb dava sala-sala, bir-birlərini qıra-qıra evi
tikib başa çatdırdılar. Əvvəlki günlərə
baxanda dava bir az azaldı. Amma
sakitlik də olmadı. Yenə də
öz aralarındakı səs-küylü gecə davaları
davam edirdi. Demək olar ki, ev hazır
idi. Nədənsə təzə qonşular hələ
də daxmada qalır, evə köçmək istəmirdilər.
İçində yaşamasalar da tikdikləri
evin üst-başına sığal, tumar çəkib
qoruyurdular. Damın üstünə
göyərçinlər qonan kimi Zakirə səsini
başına atıb kişhakişlə onları qovurdu.
Quşlara damın üstünü
batırmağa imkan vermirdi. Batıranda da
çıxıb yuyub təmizləyirdi. Hərdən
biz həyətdə ya manqal, ya da tonqal yandıranda ər-arvad
“həyəcan” siqnalı ilə ayağa
qaldırılmış hərbçilər kimi evi dövrəyə
alırdılar. Zakirə eyni sözləri tez-tez təkrar
edirdi:
- Bakir,
tez ol, evin sağ tərəfinə keç, gör oralarda
divar yanmır ki? Əgər orada yanğın
yoxdursa, onda sol tərəfə adla. Arxa tərəfə
də baxmağı unutma, qəbul!
Bakirsə
ləngimədən ona cavab verirdi:
- Yox,
Zakirə, burada hər şey nəzarət altındadır,
heç bir hadisə baş verməyib. Sən tərəfdə
vəziyyət necədir, tez ol, məlumat ver, qəbul!
Zakirə də tələm-tələsik ona
yanğının baş vermədiyini bildirirdi.
Beləcə, manqalın, tonqalın tüstüsü kəsilənə
qədər ər-arvad evin ətrafında dövrə vurub
divarları qoruyurdular. Onları əziyyətdən qurtarmaq
üçün sonralar manqalı bağın o biri
başına qoyduq ki, nə tüstüsü, nə də
istisi onlara gedib çatmasın. Dəfələrlə
ağacın dibini belləyəndə addım səslərindən
hiss edirdim ki, Zakirə tez-tez evin ətrafına firlanıb
müşahidə aparır. Göyərçin
və sərçələrin dama qonmasına imkan vermir.
Təzə qonşular evlərini həm havadan,
həm yanlardan, həm də altdan - torpaqdan qoruyurdular. Arx açıb ağacı sulayan kimi biz tərəfi
daim nəzarətdə saxlayan Zakirə hasardan
başını qaldırıb deyirdi ki, qonşu, suyu tez
bağla, birdən sızıb altdan zirzəmiyə dolar, evimi
uçurar. Mən də onun sözünə
qulaq asırdım. Qorxurdum ki, həyasızlıq
edib söyüş-zad söyər.
Təzə qonşular evi tikib başa
çatdırıb, otaqlardakı bütün
xırım-xırda işləri görüb qurtarsalar da,
daxmadan çıxıb rahat otaqlara köçmək istəmirdilər. Sanki bu evi
yaşamaq üçün yox, yalnız qorumaq və bir də
kənardan baxmaq üçün tikmişdilər. Son
vaxtlar aralarındakı dava-dalaş bir az
da artmışdı. İndi mübahisə və
qırğınlar daha çox evə köçmək
üstündə gedirdi. Bakir deyirdi
köçək, Zakirə razılaşmayıb “Bir neçə
il gözləmək lazımdır ki, döşəməyə
və divarlara vurduğumuz boyaların iyi-qoxu tamam çəkilsin.
Birdən köçərik, iydən, qoxudan
özümüz də hiss etmədən gecənin bir aləmində
boğularıq” - deyirdi. Beləcə, demək
olar ki, hər axşam kiçik daxmadan böyük
dava-dalaş səsləri gəlirdi. Ər-arvad
heç cürə bir qərara gələ bilmirdilər.
Evə köçüb-köçməmək
olum və ölüm səviyyəsinə qədər
yüksəlirdi. Qızğın
mübahisə və müzakirələr nəticəsiz
başa çatırdı. Sonda bir bir
şey hasil olmadığından danışıqlar təxirə
salınırdı. Günortalar isə həyətdən
ətrafa şən musiqi sədaları yayılırdı.
Bir gün yuxudan ağlaşma səsinə
ayıldıq.
Fikirləşdik ki, yəqin əsəblərini
cilovlaya bilməyən ər axır ki, arvadını
öldürüb. Yazığın
canı ondan qurtarıb. Darısqallıq
da olsa, məhəllədə çadır qurmaq lazım gələcək.
Sonra öyrəndik ki, hər şey tərsinədir.
Zakirənin dava-dalaşına dözməyə
səbri qalmayan Bakir ölüb. Canını
özü kimi səfeh arvadından qurtarıb. Zakirə bir qiyyə çəkib
ağlayırdı ki, gəl görəsən. Ərinin ünvanına elə dəyərli sözlər
deyirdi ki, tanımayan olsaydı fikirləşərdi ki, yəqin
dünyada onlardan mehriban ailə olmayıb. Sanki Bakir cəngəvər,
igid bir adam olmuş, karvanlar basmış,
başlar kəsib igidliklər göstərmişdi. Məhəllədə balaca bir yas çadırı
qurduq. Qonum-qonşularla
yığışıb böyük əziyyətlə
tikdiyi evdən nigaran getmiş Bakiri son mənzilə yola
saldıq.
Günlər, həftələr ötüb keçdi. Bakirin qırxı da, ili də çıxdı. Hələ də Zakirə köhnə daxmada qalırdı. Eləcə gün ərzində iş-gücü evin həndəvərinə fırlanıb onu quşlardan qorumaq idi. Kimdən qoruyurdu, nədən qoruyurdu? Heç bunları fikirləşmək arvadın ağlına da gəlmirdi. Həyatda nə üçün yaşadığını da bilmirdi. Amma postunda sərvaxt dayanırdı. Onun sayıqlığı sayəsində evin üstündən bir quş da uça bilmirdi.
Zakirə xeyli müddət tək qaldığından son vaxtlar öz-özüylə danışmağa başlamışdı. Hərdən sayaqlayıb ərini çağırırdı. Hiss olunurdu ki, yavaş-yavaş olub-qalan ağlını da itirir.
Budur, yenə də həyətlərindən
Zakirənin səsi eşidilir. Kimisə asıb-kəsir, pis-pis
söyüşlər söyür. Deyəsən,
qonşuların və göyərçinlərin qarasınca
deyinə-deyinə Bakirin ruhunu köməyə
çağırırdı...
Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.- 2016.- 13 avqust.- S.22.