Şeirin içindəki adamla dialoq
“NƏ
XOŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH...”
C.Y. - Yadıma gəlir, bu şeir “Ulduz” jurnalında Əli Kərimin ölümündən sonra dərc edilmişdi, deyəsən, bununla bərabər başqa bir kiçik şeiri də vardı.
Kiçicik bir dərdim vardı,
Dünya da gözümdə qəmxanəydi,
Bir az bundan ağır gələn
Dedim bunun yanında nəydi,
Bundan sonra hər dərdim olanda
Deyirəm, qəmgin olma,
Özümə, özünə
güləcəksən,
Başqa bir dərd gələndə,
Bəs öləndə?
Bunlar
Əli Kərimin saxladığı şeirlərdəndir.
Ruhundan, deyiliş tərzindən bilinir ki, onu həyatdan
çox ölüm maraqlandırırdı, sövq-təbii.
Həyat mənanı tutub saxlamağa, ondan nəsə
yapmağa qadir dəyil, axıb gedir üzü
puçluğa, ölümsə əvvəllə sonu birləşdirir,
məna yaradır, bir ifadəylə desək, bizimlə “mortal
karnaval” oyunu oynayır.
- ...
Əli Kərim bu mənada klassik şair obrazına tən gəlir.
Bəzən görürsən, şair köçür,
saxladıqları əzizlədiyi yox, çapa
qıymadığı, bəlkə özünün də
arxasında dura bilməyəcəyi şeylər olur. Mexaniki
yazma prosesinin mərəzi, qələm işi...
C.Y. - Bu
şeiri yüksək tonla oxumaq mümkünsüzdür.
Bu
şeirdə fikir veribsənsə, ölümlə,
ayrılıqla həyatın sərhəddi
cızılıb. Bu görünürmü?
- ...
Bütün gözəl mətnlərdə olduğu kimi. O
şeirlər lap yüksəkdən oxunur ki, mətnin
içindəki sözləri insanlar eşitməsinlər.
Deyən adam özü də bunun saxta olduğunu bilirmiş
kimi. Mətn hamını faş edir.
C.Y. - Onun
bir şeirində bələ bir cavab istəməyən sual
da vardı:
Lampa işığında neynəyəcəksən?
Yaxud
Yazırsan gecələr dostun,
yoldaşın
sadə təbəssümün
işığında sən
Gəl
indi şeirin -mətnin özünə diqqət yetirək:
Nə xoşbəxt imişəm bir
zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm, nə
xoşbəxt, xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən...
Bu nə
dəməkdir? Şair niyə birdən bu qənaətə gəlir
və gəlirmi? Əslində bu qənaət-filan deyil,
taleyin ona dedizdirdiyi sözlərdir. Bu öz yerində. Ancaq
biz indi şeirin, yəni mətnin içində yuvalanan hissləri
cərgələməliyik. Burda könlün hansı hissləri
var və niyə bu şəkildə, bir-birinə aman vermədən
ard-arda düzülür. Macalsızlıq. Təəssüf.
Ömrü nəyəsə bel bağlayıb
yaşayırsan və sonda faciəni, faniliyi, bundan da ötə,
bu həyatda əvvəl-axır bir şey eləyə bilməyin
mümkünsüzlüyünü dərk edib, bütün təəssüf
doğuran hissləri birdən sözə çevirmək istəyirsən.
Ancaq bunların hamısı sözə çevrilə
bilirmi?
- ...
Sözə sığmazlıq yaranır. Bütün gözəl
şeirlərdə bu hal meydana çıxır. Və öz
işini görür.
C.Y. - Bu şeiri Mikayıl Müsfiqin
“Yenə o bağ olaydı “şeirinə bənzədənlər
də var, ruh etibari ilə.
Ümumiyyətlə,
onların arasında ruh doğmalığı mövcuddur.
Əlinin Müşfiqə bir şeiri də var. Ancaq bir xatirəsi,
məncə, bu şeirdən daha önəmlidir. İnstitutda
oxuyanda gecə işıqları keçirib lampa
işığında Müşfiqi oxuyarmışlar.
Maraqlıdır,
yuxarıdakı “lampa işığı” ifadəsi yada
düşür.
Əli Kərimin
şeirlərini “aydınladan” təbəssüm bəlkə
o lampa işığından yaranmışdı.
Yuxarıda
qeyd elədim ki, bu şeirdə ayrılıqla həyatın
sərhəddi cızılıb, hər şey bu sərhəd
zonasında mənalanır, dəyər qazanır, yaxud
puç olması bəllənir...
- ... Mən bir az başqa cür
düşünürəm. Şeir, poetik mətn zahirən
kiminsə ömrünün davamı təsiri
bağışlaya bilər, ancaq bu zahirən belədir. Onun
içindəki mistik aura heç şairin ömrü də
demək deyil. Burda kadr arxası var. Miflərdə necəydi?
İnsan ölümcül xəstələnirsə, bu
dünyada onu sağaldan, ona məlhəm olacaq dərman
yoxdusa, sən bu dünyanın sərhəddini keçməlisən.
Məsələn, “sehirli fincan”la bağlı mif süjeti.
Eliot işlədib. Bu əşyanın dibində qəlbin
bütün bilinməyən sirləri yatır.
C.Y. -Bu
şeirdəki gizli (bələ dəyək) mistik aura, yəni,
insanın ruhlar aləmindən gəlməsini, hər gün
gördüyü adamların içində itiyini
axtarması, birdən çaşıb, yəni dost, qardaş
bilib kimisə bağrına basması, illər boyu
başını ürəyinin üstünə əyib
susması, dünyanın bütün torpaqlarının
altında, göylərin üzünü örtən
buludların arasında dolaşması... təsadüfi deyil.
Bu şəkildə ömrü boyu sərgərdan gəzən
insan birdən gözləmədiyi yerdən xəbər
alır. Həyatını yaşayan insana bu xəbər həmişə
gəlir. Və bu xəbər bütün rəsmi göndərişlərdən
daha önəmlidir, o gəlməlidir ki, sən gecənin zil
qaranlığında qəfil işıqlanan yeri seçə,
görə biləsən.
- ... Bunlar məlum məsələlərdir.
Gəlin, mətləbdən yayınmayaq. Siz sakit olun.
C.Y. - Səncə,
bu şeirlə şairin digər mətnləri arasında
hansı əlaqələr var, yəni keçidlər...
- ...Olmaması mümkün deyil.
C.Y. - Məncə,
bütün yaradıcılığı, xüsusən ilk gənclik
illərindəki şeirləri ilə gizli-aşkar əlaqələri
var. Nə üçün ilk gənclik illərini dedim? Ona
görə ki, Əli Kərim belə deyək, “yaddaşı
itməyən” və yaddaşa söykənən şair idi.
Onun mətnlərində poetik qənaət qəfil meydana
çıxır, ürəyin, qəlbin tarixçəsi
kimi meydana çıxır, yəni, bir yaşantının nəticəsi
olaraq.
- ... Əli Kərim qəfil
gedişlərlə effekt yaradan şair deyildi axı. Onun gənc
olduğu və bu şeirləri yazdığı
dövrün adamını təsəvvür edin. Əlaqələri
burda axtarın. Şeirin yazıldığı dövrdə
yaşayan insanlar üçün bu mətn təəccüblü
ola bilərdi, ancaq indi o adamların ürək sirləri məhz
bu mətndən daha düzgün oxuna bilər.
C.Y. -Həsrət
artıq bu şeirdə insanın xəyalında, hər halda
şairin xəyalındakı şeylərin, arzu və
ümidlərin göynərtisidir. Bədii mətni yazan
şairin xəyalı bizim təhlildə predmət olarsa,
çox nüanslar meydana çıxa bilər. Çünki
mətndə ən az gözə dəyən, oxunması ən
çətin olan məhz şairin xəyalıdır,
şeiri, onun alt qatını, nüvəsini və
bütün fəlsəfəsini yaradan da bu xəyaldır.
Amma bir
şey də var. Söhbət şeirdən gedirsə, burda qəfil
heç bir həqiqət kəşf edilmir. Burda olsun ki, qədim
zamanlardan bəri itən, itkin düşən bir məna
tapılır, yəni yerini tutur, yuvasını bulur və o
yuvaya oturduqdan sonra, dünyanın sahmanı dəyişir.
Bax, burdan Əli Kərimin “Qayıt” şeirinə də
keçid var: qayıt, sahmana sal bu kainatı...
- ... Xəyalla
bağlı bir önəmli cizgi. Şair həmişə
sanki kimdənsə sitat gətirmək, kiməsə istinad etmək
məcburiyyətindədir. Mənbəyi mübhəm olan o
yer - istinadgahdır, bu istinadgahı götürsən hər
şey anidən dağılar, - Əlidə bu da var, -
“dağılsın bir uşaq yuxusu kimi”, - hə, deyəsən
belə deyir: dönük çıxaramsa, qoy xəyalım
bir uşaq yuxusu kimi dağılsın... Bu artıq
ölümlə bağlı bir məqamdır, həm də
onun həyatla kəsişdiyi yer, mənanın dünyanı
tutması və bıçaq sancılan yerdən qanın
fışqırması kimi.
C.Y.- Bu,
bir az da “deja vu” fəlsəfəsinə uyğun gəlir. Həm
də qəlbin bu aləmdə qərib olmasına, daim öz
itiyini axtarmasına və ... sonda tapmamasına bənzəyir.
-... Bayaq
nəyi demək istədim. Əli Kərimin bu şeirində əsas
məsələ həyata dözmək deyil,
ayrılığa dözmək, duruş gətirməkdi,
çünki bu bəlkə də ölümdən sonra gələn
bir şeydi. Diqqət yetirin: “Bonapartın birinci konsulunun
qvardiya üçün əmri: “qrenader (seçmə əsgər)
Qoben məhəbbətə görə canına
qıymış; yerdə qalan aspektlərə görə o, əla
əsgər idi. Ay ərzində artıq bu ikinci belə hadisədir.
Birinci konsul qvardiyasına əmr göndərir: əsgər
ağrıya və ehtiraslarına qalib gəlməlidir; ürək
iztirabları qarşısında dimdik durmalıdır -,
batareyanın top atəşi atılanda sırada durduğu
kimi - o, cəsur olmağa məhkumdur...”
Aşiq
olmuş qranaderlər - qara sevda yolçuları bu ehtirası
hansı dildən əxz etmişdilər (axı bu, onların
mənsub olduqları zümrə və peşəyə
heç də uyğun deyildi)? Hansı kitabları
oxumuşdular - yaxud hansı hekayətlərə qulaq
asmışdılar? Bonapart necə də bəsirətli
imiş. Elə bəsirətli ki, eşqi döyüşə
(ölüm-dirim savaşına) bənzətmişdi. Ancaq
onun bu müqayisəsində banal nəsə yox idi, yəni
onun ifadəsində iki partnyorun görüşü,
“çarpışması” əsla nəzərdə tutulmurdu;
Bəs nə? Yəni, top atəşinə bənzəyən
eşq insanı kar eləyir və qorxudur - ürəkkeçmə,
zəifləmə, dəlilik bundan sonra başlayır. Ancaq
indi bu kimi dəlini təsvir etmək üçün
hansısa dildən söz götürməyə ehtiyac yoxdu;
onsuz onun özü özünü dəli hesab edir; indi o
kiminsə dilindən oğurluq etməyə qalxmaz.
İztirab,
alçalmaq, ümidsizlik və şadyanalıq: ayaqdan
başa qədər bütün cismim Təbiətlə cəzb
edilib və yandırılıb, ancaq hər şey elə
baş verir ki, sanki mən kimdənsə sitat gətirməklə
məşğulam. Məhəbbət və onun verdiyi dəliliyi
yaşayarkən danışmaq istədimmi qarşımda
Kitab, Lövhə və Dəlilik durur. Cismin və dilin
bir-birinə qarışması: birinci kim başlasın?” Bunu
Rolan Bart yazıb. Uyğun gəlirmi?
C.Y. -Amma
bir şey də var. Söhbət şeirdən gedirsə,
burda qəfil heç bir həqiqət kəşf edilmir. Burda
olsun ki, qədim zamanlardan bəri itən, itkin düşən
bir məna tapılır, yəni yerini tutur, yuvasını
bulur və o yuvaya oturduqdan sonra, dünyanın səhmanı dəyişir.
Bax, burdan Əli Kərimin “Qayıt” şeirinə də
keçid var: qayıt, səhmana sal bu kainatı...
-... Keçidin olması təbiidir.
C.Y. -Yəni,
ömür bir qatar kimi ötüb keçib, dayanmayıb,
çünki dayanacağı qurtarıb, burdan oyana
üfüqlərin görünməyən tərəfidir. Bu
şeirdə, digər şeirlərindən, sevgi şeirlərindən
fərqli olaraq nəsə izah edilmir.
- ... Məncə, şeir haqqında
belə danışmazlar. İzah məsələsinə gəlincə,
izah edilməli nəsə yoxdu axı.
C.Y.
-Ümumiyyətlə, şeirdə nəsə izah edilməlidirmi,
səncə?
- ... Edilməməlidir.
C.Y. - Bayaq adını çəkdin,
Müşfiqin o şeiri izah istəyirmi? “Yenə o bağ
olaydı”...
Yaxud
“Küləklər” şeiri.
Yaxud, məsələn,
V.Səmədoğlunun bu şeirində süjet hardan
başlayır?
“...Ağ
buludlar birdən-birə qaralmışdı,
Keçən
il, ötən il...
indi
yatıram, ana,
yorulmuşam
yaman.
Məcnun
öləndə qaldırarsan məni yuxudan...”
- ... Məncə, əsas mətndəki
“səssiz işarələrdir”. Bu ifadəninsə izaha
ehtiyacı var.
C.Y. - Bu
başqa məsələ. Yəni, onsuz da poeziyada mətnlər
arasında virtual əlaqələr mövcuddur. İndi izah məsələsini
deyim. Mənim fikrimcə, şeir heç nəyi izah eləmir,
aydınlıq gətirmir heç nəyə, sadəcə əşyların
arxasındakı, yaxud onlara bitişik izahları silir,
süpürür, dünyanı sənə ağ bir
kağız parçası kimi təqdim edir.
Qədimlərdən
bir pritça vardı. Bir gün bir dərviş
mürşidinə bir bağlama verir. O adam bağlamanı
açanda içində qəribə şeylər
görür: ağ kağız, qələm və silki. Adam
barmağını dişləyir. Ağ kağız
ömürdür. Sükutla deyilənlər, daha doğrusu,
bizim gerçək bildiklərimiz pozulduqdan sonra görünənlər
bunlar olur: ömrümə bu ağ kağız kimi nə yazan
gözəldir, nəyi pozsan, yenə gözəldir, əsas
olan könüllərə düşən izdir, onlar
pozulmur... Bəzən biz bədii mətndə həyatı
axtarırıq, səhvən. Bədii mətndəki həyat
deyil, onun sətirləri, misraları pozulduqdan sonra yaranan
görüntüdür. Həm də üstündə dəyişiklik
edə bilməyəcəyimiz bir şey. Pdf faylı kimi. Demək,
şeir mətni pozulan şeirlərin, misraların
üstündə yazılanlardır. Əli Kərimin bu
şeirindəki gizli mistik aura məncə budur.
- ... Bu olsa-olsa dediyiniz mistik auraya
işarədir, özü deyil.
C.Y. - Məncə,
bu olsa-olsa sitatdı, əlaqə və ya davam anlamına gəlmir.
Ancaq Vaqifin bir şeirində belə bir misra var: “Kaş sənin
övladın yox, şeirin olaydım”, - bu hiss - iztiraba,
KƏDƏRƏ ŞƏRİKLİK HİSSİ,
insanın daxili əzabının belə gözlənilməz
rakursda açılışı maraqlıdır. Əli Kərimin
şeirinə qayıdaq.
- ...Aha.
C.Y. -
Bayaq bir məqamı yada saldıq, bu şeirdə söz sərhəd
situasiyasında yerləşir. Yəni, ən əlacsız
bir şeyi, geriqayıtmazlığı ifadə edir, sanki
insan uçurumun ağzında oturub bir az əvvəlki vəziyyətini
düşünmək istəyir, ancaq uçurum qoymur.
Ümumiyyətlə
, Əli Kərimdə belə sürreal ovqat, ekpressionizm... belə
demək olarsa, sözün içindəki səslərin ən
aşağı oktavasından istifadə cəhdləri var. Məsələn,
Babək şeirində deyir: orda mənsiz qılınc
çalan qollarımla bir vuruşun...
- ... ədəbiyyat özü sərhəd
situasiyasıdır. Onun başqa mövqeyi ola bilməz.
C.Y. - Buna
da diqqət yetirək:
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir
indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət
imiş,
İşə getməyim də,qayıtmağım
da.
Ona baxmağım da səadət
imiş,
Onu yuxusundan oyatmağım da.
Dünya başdan-başa səadət
imiş,
Mənsə bu dünyanın
qoynundayammış,
Dünya fırlanırmış
sevinc gücüylə,
Bəs indi nə olub belə
dayanmış?
Bu hissə
birnəfəsə deyilir. Misralar bir-birinə çox kip
geydirilib. Yəni, sadəcə bu misralar bir söz kimi deyilmək,
ifadə olunmaq həsrətini bildirir. Ötüb keçənlərin
təəssüfünün bir belə yanğıyla ifadəsinə
nə təkan verir? Hər şeyin birdən-birə
dayanması, nəfəsini saxlayıb yerin dərinliklərindən
gələn uğultuya dalması... bütün bunlar həsrətin
əslində, həyatın son həddə mənalandırıcı
həlqəsi olması fikrini təlqin edir. Həyatda elə
şeylər var, qaçılması
mümkünsüzdür. “Zaman davam edən keçmiş deməkdir”,
bunu vaxtilə Yaşar Qarayev yazmışdı, yəni,
insanın ruhunu belə qarsıyan həsrət təşrif gətirdikdə
keçmiş dediyimiz dayanır, sənin ömründən
ayrılır, tək-tənha qalırsan və iki gözlə
bu dünyanın tən ortasında qalırsan. Bu hissədəki
hərəkətlər: yazmaq, küləyin əsməsi,
“içdiyim o su da səadət imiş”, işə getmək
və qayıtmaq, dünyanın sevinc gücüylə
fırlanması və dayanması... keçmişdən
aralanmağı, ömrün, ömür mətninin itməsini
bildirir.
Yazmamaq
peşmançılıq doğurur, qələmin içindəki
kömür yanıb kül olub, bu qədər qızmar
günün altında hər yan son həddə qədər
soyuyub, nə içsən, nə geyinsən, mənası
yoxdu, get-gəllər də ayaq sürüməkdir daha, bir də,
yuxudan oyatmaq... Bir belə ayrılığın içində
bunu dilə gətirən misralar az qala bir-birinə
geydirilmiş, qol-boyun şəklindədir. Cazibə qüvvəsi.
Ayrılıq, iztirab, həsrət...
- ... Bu
semantik izahları bir yana buraxıb onun formasını incələmək
daha effektli olardı.
C.Y. -
Səncə, bu niyə belədir?
- ...
Buna da fikir verək:
Göylər səadətin çətiri
imiş,
Torpaq da səadət məhvəri
imiş,
Gecələr toranlı vüsal məskəni,
Hər səhər ruhumun səhəri
imiş...
C.Y. -Bu
hissədə yuxarıdakı ton, səsin həsrətə
çevrilmə sürəti yavaşıyır,
ayrılığı dərk etdikcə ömür
yavaşıyır. İrəli və geri getməyə yol
tükənir, yolun da son nəfəsi gəlir. Yuxarıda qeyd
edildiyi kimi, bu şeir ruhu etibarı ilə “Qayıt “
şeirini xatırladır. Ümumiyyətlə, Əli Kərimdə
hər şeyi deyək ki, ayrılığı, həsrət
və dünyadan getməyi belə, son həddə vermək səciyyəvi
haldır. Belə olduğu üçün obraz və detallar
da, onları ifadə edən təşbehlər də qeyri-adidir,
sözün öz qabığından, semantik sərhədindən
çıxdığı anı bildirir.
Dilin quruyaydı sənin, ay həsrət....
İlk
baxışda adi ifadədir. Adidən adi. Xoşbəxt
sandığımız anlar bizi aldatmaq
üçündü.
Dilin quruyaydı, sənin, ay həsrət,
Sən bu gün könlümü tarmar
etdin,
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət
imiş,
Görəsən, heç bir də
olarmı yenə?
Dünya başdan-başa nə
imiş dedin?
Dünya başdan-başa nə
imiş,de nə?!
Cavanşir YUSİFLİ
525-ci qəzet.- 2016.- 13 avqust.- S.18-19.