Bir şəhidin məhəbbət dastanı
Cənnəti xatırladan dağ yoxuşları ilə
yol gedib Şabranın Zeyvə kəndinə yetişdim.
Elə bildim ki, öz
kəndimizdəyəm, Zaratxeybəri kəndində. Bu ilin aprel döyüşlərində qəhrəmanlıqla
həlak olan şəhid Babək Vəfadar oğlu Abidovgilin
evinin taxta darvazasından həyətə girdim. Ətraf gül-çiçək, bağ-bağat
idi. Bu birmərtəbəli ev məni
yaman çəkdi. İçəridən
başında qara örtük olan yaşlı bir qadın
çıxdı.
Bildim ki, Babəkin anası olacaq. Görüşdüm.
Səsimizə Babəkin atası Vəfadar kişi
də otaqdan çıxıb ağır-ağır
addımlarla gəldi.
Şəhid üçün bəzədilmiş
otağa keçdim. Bu otaq onun bəy otağı olacaqdı.
İndi bir ov tüfəngi, bir də dolabda Babəkdən
qalan xatirələr-əşyalar, qırmızı beret,
şəkillər, təsbeh, işlətdiyi qələm-dəftərlər...
Heç biri danışmır, susurlar. Bu
susmaqla da həm ata Vəfadarı, həm ana Simnarəni, həm
qardaşı Elçini və iki bacısını
yandırırlar o xatirələr dolu əşyalar... Bir də ki, Babəkin çox böyük çərçivəyə
salınmış şəkli. Bu şəkli
isə, Babəkin sevdiyi qız gətirib. Bu xatirələrin
içərisində ismini pünhan saxlayıb, adına “Leyli” deyəcəyəm o vəfalı
gözəlin.
Abidovlar ailəsi Babəki sonuncu dəfə Novruz
bayramında görüb. Anası Simnarə ilə
27 mart gününün səhəri danışıb.
Ana oğlunun kefsiz olduğunu hiss edib, narahatlıq
keçirib. Lakin sonradan Babək ata-ananın,
qohum-əqrabanın zənglərinə cavab verməyib.
Atası Vəfadar Abidov - Zeyvə kəndinin məktəbində
fizika-riyaziyyat müəllimidir - dedi:
-
Oğlumun tabutunu aprelin 9-da gətirib verdilər. Heç açmağa da qoymadılar. Babəklə birlikdə sayılıb-seçilən
oğullar həlak oldu, komandirləri Murad Mirzəyev idi.
Murad Mirzəyev ancaq mənim oğluma həyatını
etibar edirdi. Ona görə də komandir əsgərini
ön sıraya öz yanında aparmışdı. Həm özü həlak oldu, həm də
oğlum. Onlar hamısı Azərbaycana
dayaq idilər. Bu cür oğulları
itirdi Vətən. Babək Şabranın Zeyvə kəndinin
7-ci şəhididir. Demirəm ki, adı
Zeyvədə əbədiləşdirilsin. Onlar Azərbaycan uğrunda döyüşüblər.
Bu ölkənin hər yerində onların adını əbədiləşdirmək
olar, əslində...
Bütün analar üçün balaları
şirindir. Hələ
övlad ailənin son beşiyidirsə, daha şirin olur:
- Mən
oğlumdan heç doymadım ki... Hərbi xidmətə
yollanandan sonra, öz yolunu özü müəyyən etdi.
Hərbini sevib-seçdi. Oğlanlarımdan
heç biri evlənməyib. Elçinin
30 yaşı var. Hazırlaşırdıq ki, Babəki evləndirək.
Deyiklisi var idi. İndi o
qızın da üzünə baxa bilmirəm. Gəlir bu həyətə, məlul-müşkül
dayanır, baxıram ürəyim yanır. O
qızın da yanında üzüqara hesab edirəm
özümü. Bu nə bəxt, bu nə tale idi?!
Bəlkə də bir nişanəsi qalsaydı,
belə yandırmazdı bizi. Dəfələrlə
qulluq etdiyi hərbi hissədən təşəkkür məktubu,
medal almışdı.
Komandiri Murad Mirzəyev, Pəncəli, Mirsalam, Elnur
İsgəndərov, Sahil bunlar birlikdə şəhid oldular. Talış kəndini alıb, sonra ermənilərin
atdığı mərmilərdən həyatlarını
itiriblər. Mənim oğlum erməniyə can verməzdi.
Neçə il idi, Xüsusi Təyinatlı
Dəstədə işləyirdi. Dəfələrlə
gedib, ermənilərdən qisasımızı
alıbmış. Bunu oğlum həlak
olandan sonra bildik.
Vəfadar
müəllim dedi ki, bu yerlərin adamları
dağlarımız kimi vüqarlı, çaylarımız
kimi coşqun, bulaqlarımız kimi dumduru və büllurdular.
Bizim hər bir oğlumuzun,
qızımızın canında qeyrət, Vətən təəsübkeşliyi
var. Qaçaq Mayıl, Şeyx Şamil bu yerlərdə at
oynadıb. Bu yerlərin havası, suyu
adamı qəhrəman edir. Bu dağlar elə kişilər
yetişdirib ki... Hərbiyə də kəndin
cavanları həm Vətən təəssübü çəkdiklərindən,
həm də maaşı yaxşı olduğundan getdilər.
Biz
söhbət etdikcə, Simnarə ana yanıb-qovrulur, arada
söhbətə qoşulurdu:
-Mübariz
İbrahimovun anasına televizorda qulaq asanda eşitdim ki, deyir, əvvəl
necə xoşbəxt olmuşuq. İndi
Mübarizin anasını başa düşürəm. İndi bilirəm ki, şəhid anası olmaq nə
deməkdir. Gözüm o qapıda
qalıb. Elçini dilə tuta bilmirəm.
Dünən gediblər ot çalmağa.
Ata-bala dəryazı atıb gəliblər ki, kimin
üçün edirik ki, bu tədarükü... Elçin
deyir ki, əvvəllər nə iş görsəm, fikirləşirdim
ki, qardaşımla ikimiz üçündür. İndi daha heç bir arzusu yoxdur. Özünə gələcək arzu etmir. İndi oğlumuz haqqında bir təzə söz
eşitmək, təsəlli almaq üçün
qapı-qapı şəhid evlərini gəzirik. Gah
Xızıya gedirik, gah Neftçalaya gedirik, gah Astaraya... Onun barəsində bircə söz eşidəndə
belə ürəyimiz təsəlli ilə dolur.
Vəfadar
müəllimdən nədən şikayətçi
olduğunu soruşdum:
- Bir dəfə
komandanlıqdan zəng vurub ev
üçün sənədlərimizlə maraqlandılar.
Dedilər ki, şəhid ailələrinə ev
verirlər. O gün bu gün bizimlə kimsə
maraqlanmayıb. Valideyn kimi prezident təqaüdünü
də hələ ala bilmirik. İki dəfə
sənəd toplayıb vermişəm. Bilmirəm
daha nə edim. Oğlumun maaşı ilə
dolanırdıq. Mənim bir böyrəyimi
əməliyyat edib götürüblər,
yoldaşımın da sinəsində problem var. Hər ikimiz
onkoloji xəstəyik. Mən Cavadzadə adına
böyrək xəstəxanasında, yoldaşım isə
Bakıdakı Onkoloji xəstəxanada qeydiyyatdayıq. İndi pulumuz çatmadığından daha
müalicəyə də getmirik. Ailədə
tək mən işləyirəm. Müəllim
maaşı ilə dolanmaq, həkimə getmək olmur.
“Yolçu yolunda gərək” - deyib
vidalaşanda, Simnarə xanım mənə sac üstündə
bişirdiyi yuxadan büküb verdi. Çörəyin ətrini sinəmə çəkdim,
yurd yerimiz, baba ocağımızın havasını hiss
etdim. O çörəyin ətrində nənəmin
laylalarını, bayatılarını xatırladım.
Bu şəhid dastanının əvvəlində bir vəfalı
Leylidən də bəhs etdim. Babək Abidovun həyat
hekayətini qələmə başlamazdan əvvəl telefon
açıb o vəfalı Leylini aradım. Nələr
danışdı, nələr söylədi...
- Babək
məndən bir neçə yaş balaca idi. Həkiməm.
Mənim qəbuluma gələndə tanış
olmuşduq. Onun böyrəklərində problem
var idi. Neçə dəfə dedim ki, sənə
ordudan təxris olunmaq lazımdır, razı olmadı. Bir
neçə dəfə müayinəyə gələndən
sonra, məni sevdiyini dedi, əvvəlcə güldüm. Başımdan elədim. Nuh dedi, Peyğəmbər
demədi. Əl çəkmədi məndən.
Axır ki, saqqızımı oğurlaya bildi.
2013-cü ilin avqust ayında ilk dəfə
görüşə çıxdıq.Və ondan sonra bəxtəvər
günlərimiz başladı...Bütün bayramlarda mənə
ən gözəl gül buketləri gətirərdi. Onun verdiyi gülləri nəyə görəsə
qurudub saxlamışam.
Leyli sevgisinin çiçək xatirələrini son
ümid kimi yenə də saxlayır, ölən sevgisinin əklilimi,
çiçəkləridirmi deyim bilmirəm, ancaq o
qurumuş çiçəklərdə bir dünya sevgi xatirəsi
var. Hər ləçək bir gündür, bir andır Leyli
üçün. Leyli deyir ki, indi Babəkin telefonunu və
nömrəsini də o işlədir. Bu
telefondan özünə, öz telefonundan isə Babəkə
məktublar yazır. Özü yazıb,
özü də Babəkin əvəzinə cavab verir.
Babəkin bütün xasiyyətlərini bildiyindən, verdiyi
suallara, cavabları da aydındır...
Deyir ki,
Babək 1992-ci il mayın 3-də
dünyaya gəlmişdi. 2016-cı il
aprelin 3-də isə dünyamızı tərk etdi.
- Babəkimin
dəfninə çata bilmədim... Ondan xəbər
gəlməyən həmin günlər dəli ceyrana
dönmüşdüm. Bir Allahın məndən
xəbəri oldu. Getdim sevdiyimin evinə... Bakıdan Zeyvə kəndinəcən olan yollar necə
uzun imiş. Elə bilirdim ki, mən oraya
çatsam, Babək oyanacaq. Çatmadım.
Ağ gəlinlik libasında, fatada gəlməli
olduğum həyətə qara paltarda, qara örpəkdə gəldim.
Babəki dəfn edib gələndən sonra, təzəcə
yuxlamışdım ki, bir də gördüm,
başımı kimsə tumarlayır. Üzümə
Babəkin nəfəsi toxundu, əli ilə saçlarımda
sığalını hiss elədim. Tez diksinib
ayıldım, gördüm ki, mənə əl eləyib
qapımızdan çıxdı... Özüm həkiməm...
Məni kimsə aldada bilməz. Amma çoxları inanmayacaq ki, mən onun nəfəsini
həqiqətən hiss etdim. Bir də ki,
kiminsə inanmağının nə fərqi var, əsas odur
ki, mən özüm inanıram ki, mənimlə
varlığında olduğu kimi vidalaşan Babəkim idi.
İndi daha Babəkgilin evinə tez-tez gedib gəlirəm.
Dəfnindən 7 gün sonra, ad günündə,
Silahlı Qüvvələr günündə getmişdim kəndə.
Bir dəfə gedib bir ağacın altında
dayandım. Bir də gördüm, Simnarə
xala mənə deyir, ay qızım, niyə o ağacın
altında dayanmısan ki? Cavab verdim ki, nə
bilim, vallah. Simnarə xala dedi, bəs, Babək həmişə
bu ağacın altında dayanardı. O həyətdə, o kənddə
hər yerdə Babəkin əl izləri var...
Neçə sevgiləri, neçə toyları,
neçə sevincləri yarımçıq qoyur müharibələr. Ancaq
müharibələrin sonunda qələbə olanda,
insanları o qədər yandırmır. Çünki
bilirlər, o qanlar, o canlar hədər yerə qurban getməyiblər.
2-5 aprel döyüşlərində həlak
olan qəhrəman oğullarımız dünyaya səs
saldılar. Azərbaycan əsgələrinin
qəhrəmanlığından dünya danışdı.
Onlar əsl qəhrəman idilər. Onların qəhrəmanlıqları nəticəsində
düşməndə olan torpaqlarımızın kiçik
bir hissəsi azad olunmuşdu. Və əlbətə
ki, kənar qüvvələr, ermənilərin havadarları
işə qarışmasaydılar, bir neçə gün ərzində
Ordumuz işğalda olan Vətən torpaqlarını azad edəcəkdi.
Nə yazıq ki, buna fürsət olmadı...
Aida Eyvazlı
525-ci qəzet.- 2016.- 13 avqust.- S.14.