Öz içindən yanan bir ocağam mən…”

 

XALQ ŞAİRİ MİRVARİD DİLBAZİNİN ANADAN OLMASINDAN 104 İL ÖTÜR

 

 

Özünün yazdığı kimi, od üstündə doğulmuşdu. Ölümlər, sürgünlər, qadağalar, milli qırğınlar milli əsarət görmüş nəslin nümayəndəsi idi Mirvarid Dilbazi.

 

Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu günlərin sevinci, süqutunun kədəri, kəndlərinə qəfil erməni hücumları, Qırmızı ordunun işğalı, sinfi mübarizə adı altında həbslər, repressiya tufanı bu nəsildən yan ötməmiş, onun zərif nümayəndəsi Mirvaridin yaddaşında dərin izlər buraxmışdı. Babası, dayıları Qazaxıstanda, Türkiyədə torpağa tapşırılmış, anası, nənəsi Bakıda dəfn olunmuşdu...

 

Qadınların hürriyyətiadlı ilk şeiri 1927-ci, “Bizim səsimizadlı ilk kitabı 1934-cü ildə nəşr edilib. Şairinİlk bahar”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Xatirələr aləmində”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi”, üç cilddəSeçilmiş əsərləri”, “Qar çiçəkləri”, “Durnalar ötüşəndə”, uşaqlar üçünNağıllar”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Yaz gəlir”, “Lalənin ağacları”, “Abşeron bağlarında digər kitabları çapdan çıxıb.

 

Mirvarid Dilbazi ədəbi irsinə lirik, ictimai məzmunlu şeirlər, “Məhsəti”, “Əlcəzairli qız”, “Partizan Aliyə”, “Avey dağla söhbət digər poemaları, “Xocalı fəryadı”, “Məhsətipyesləri daxildir. Xaqani Şirvani, Nizami Gəncəvi, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Nikolay Tixonov, Samuil Marşak başqa şairlərin əsərlərini, Evripidinİppolitfaciəsini dilimizə tərcümə edib. Əsərləri xarici dillərə tərcümə olunub. Bəstəkarlarımız Mirvarid Dilbazinin sözlərinə mahnılar yazıblar. Ağabacı Rzayevanın onunÇoban Qara”, “Evimizə gəlin gəlir”, “Anam yadıma düşdü”, “Laylay”, “Azərbaycan ellərişeirlərinə yazdığı mahnılar bu gün sevilə-sevilə dinlənilir.

 

Doğma Azərbaycanı qarış-qarış gəzmiş şair onun hər guşəsinin gözəlliyini dərindən duya-duya, mənəvi dünyasından keçirərək bədiiləşdirməyə nail olub. Təbiətən kəndə doğma hisslərlə bağlı olduğu üçün zəhmət adamlarının saf mənəviyyatını da ilhamla qələmə alıb. İkinci Dünya müharibəsi dövründə onun qəhrəmanı - sevgilisinin yolunu intizarla gözləyən gənc qız, körpə balasının taleyi üçün narahat ana, arxa cəbhədə çətinliyə qatlaşan mərd qadın olub. Daha çox lirik şair kimi tanınan sevilən Mirvarid Dilbazinin lirikmən”i sevən, səadətini saf, təmiz məhəbbətdə axtaran, etibar, sədaqət timsalı olan bir qadındır. Bu qəhrəman aşiqindən vəfasızlıq görəndə qürurunu itirmir, əyilmir. Mirvarid Dilbazinin poeziyasında analıq dünyasının rəngarəng məqamları dərin emosionallıqla verilib. Belə şeirlərdə həm ana övladın bir-birinə olan duyğularına, həm mehriban nənənin nəvaziş qayğılarının bədii inikasına rast gəlinir. Ana olmağı əvəzsiz bir səadət bilən şair özü haqqındaŞair ana - tale iki şahlıq tacını bəxş etmiş onayazıb. Eyni zamanda, “Kişi anası ol ana olanda” - deyən şair gözəl insani keyfiyyətlərlə zəngin, təkcə valideynin deyil, xalqının da sabahında layiqli varis ola biləcək bir övlad böyütməyi, tərbiyə etməyi ən böyük analıq şərəfi sayıb.

 

Mirvarid Dilbazi Azərbaycanın ictimai-siyasi həyatında XX əsrin sonlarındakı tarixi hadisələri dərindən yaşayaraq səciyyəvi lirik lövhələri yaradıb. Bu dövrdə şairin lirikmən”i müdrik, qayğılı el anasıdır. Vətənin, xalqın taleyi ən ağrılı enişləri ilə onun varlığından keçərək şeirə çevrilir. Yurd-yuvalarından didərgin düşmüş qaçqın köçkünlərimizə həsr etdiyiAğla, kamanım, ağla”, “Qoymayın ağlayım məni”, 20 Yanvar faciəsi ilə bağlı yazdığıÖpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında digər şeirləri bu mövzuda yazılmış çox gözəl poeziya nümunələridir.

 

Kədərini, sevincini kövrək misralara çevirən şair ömrünün payız çağlarında xalqımızın qələbəsini görmək arzusu ilə yazıb-yaradırdı. Ürəyində Qarabağ dərdi ilə 2001-ci il iyulun 12-də dünyadan köçən şair əbədi sənəti ilə qəlbimizdə dərin izlər qoyub.

 

Öz içindən yanan bir ocağam mən,

Yandıqca daha gur yanacağam mən!

 

- yazan Mirvarid Dilbazinin əsərləri hər zaman insanlara güc, inam verir, onları paklığa, ülvi duyğulara səsləyir.

 

Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlalordenləri medallarla təltif edilib. Şairin dövlət səviyyəsində keçirilən 85 illik yubileyi mərasimində ümummilli lider Heydər Əliyev şəxsən iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 16 may tarixli Sərəncamına əsasən Mirvarid Dilbazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.

 

525-ci qəzet.- 2016.- 20 avqust.- S.13.