98 il əvvəlin
odlu-atəşli avqust günləri
MİLLİ DÖVLƏTÇİLİYİMİZİN TARİXİNƏ PARLAQ SƏHİFƏ KİMİ YER ALMIŞ SAVAŞIN - BAKI UĞRUNDA DÖYÜŞLƏRİN NÖVBƏTİ İLDÖNÜMÜ TAMAM OLUR
(Əvvəli ötən sayımızda)
Müstəqil Azərbaycanın, milli dövlətçiliyimizin, xüsusən
də paytaxtımız
Bakının tarixində
ən unudulmaz və şərəfli səhifələrdən biri
kimi qeyd etdiyimiz 15 sentyabr zəfərinə aparan vuruşmaların böyük
qismi 1918-ci ilin qızmar avqust günlərində baş
verib.
Çünki qardaş Osmanlı
Türkiyəsinin Azərbaycanın
ərazi bütövlüyünü
təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı
ilə göndərdiyi
hərbi qüvvələri
bu ayda bir
sıra tarixi əhəmiyyətli döyüşlərə
girərək qalibiyyətə
nail olub.
Bu döyüşlər nəticəsində,
həm Cümhuriyyətimizə
qarşı yaranacaq ciddi təhlükə aradan qalxıb, həm də Bakı və ətraf rayonlarda erməni-bolşevik zülmünə
son qoyulub.Bu yazı ilə o günləri bir daha xatırlayır,
vətənimizin, paytaxtımızın
azadlığı uğrunda
qəhrəmancasına savaşmış
soydaşlarımızı ehtiramla, minnətdarlıqla
yad edirik.
5 avqust hücumundan
sonra Qafqaz İslam Ordusu arasında Bakıdan göndərildiyi güman
edilən bir dəvət məktubu yayıldı. Məktubda belə deyilirdi:
"Bakı kimi milyon və milyardlarla sərvətin olduğu şəhərin
qapıları qarşısında
günlərdən bəri
zəfər quşunun
qanadını yaxalamaq
istəyən Türk
ordusuna: Ürəkaçan
bu gözəl şəhəri əgər
siz azad etməsəniz, Türkün
və ordusunun şərəfini indi içində olduğunuz
xəndəklərdə basdıracaqsınız.
Əgər siz bu sərvət və qızıl şəhərini
ələ keçirməsəniz,
sevgili böyük vətənimizə ən
qiymətli bir hədiyyəni vermək fürsətindən məhrum
olacaqsınız. Əgər siz
mavi dənizin bu məşhur şəhərini ələ
keçirməsəniz, Qafqaz
türkləri və Türküstan müsəlmanlarının
qəlbinə saplanmış
olacaq zəhərli xəncərin üzərinə
"eyvah, Türk bizə imdada gəlmədi" cümləsi
yazılacaqdır. Qafqaz fəryad
edəcək, Türküstan
ağlayacaqdır.
Əgər siz bu böyük
İslam şəhərini
azad etməsəniz,
"Allah" deyənlərin varlığını ortadan
qaldıran və qaldırmaq istəyən düşmənlər sizi
öndən və arxadan əhatəyə alacaq, qıcırdılmış
dişlər, yeni zülmlər üçün
itilənmiş olacaqdır. Əgər siz
dəmir borulardan dünyaya var-dövlət
axıdan və dünyanın tərəzisində
çox ağır gələcək olan bu hərb şəhərini
azad etməsəniz, tarixin hüzurunda utancla yerə baxacaqsınız. Və bu
gün dost-düşmən
məmləkətlərində, ən kiçik bir evdə, ən adi adamların
belə dillərində
gəzən Bakı şəhəri nağılı
türklərin məğlubiyyəti
ilə bitmiş olacaqdır. Düşmənlər
böyük və çox əzəmətli
bir zəfərin açarlarını əllərinə
keçirmiş olduqlarını,
bəlkə də bir az haqlı olaraq elan edəcəklər. Dostlar belə bir itkidən
doğan üzüntülərini
gizlətməyəcəklər və bizi qəmləriylə
üzəcəklər.
Ey Türk
əsgəri, əgər
sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan
süfrələr qonaqsız
qalacaq, sənin üçün tikilən
paltarı düşmən
geyəcəkdir. Sənə verilən vədlər
yerinə yetirilməyəcək,
sənin ayağın
altında kəsilməli
olan qurbanlar düşmənə qalacaq.
Sənin
üçün hazırlanan
qızılı düşmən
qarət edəcək.
Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin
duvaqlarını kafirlər
yırtacaq, yenə də mübarək İslam qanları qızıl şərab kimi vəhşi işgəncələrlə axıdılacaqdır.
Sənin
zəfərin üçün
duaya açılan əlləri zalımlar kəsəcəkdir. Əgər sən
bu sarı işıqlı qızıl
şəhəri almasan,
qadınlar saçlarını
yolacaq, ağıllarını
itirəcəklər. İndiyə
qədər axan qanlar boş yerə axmış olacaq. Sən də bu tozlu-torpaqlı yerlərdə
pərişan və səfil dolaşacaqsan.
Türkün gözlərini oyub
saplara düzən düşmənlərə bayramlar
hazırlayacaqsan. Lakin sən,
ey Türk əsgəri, ingilislərin
gücünü Çanaqqalada
qırdın. Ən
böyük döyüş
gəmilərinin böyük
top mərmilərinə aylarla
sinə gərdin. Qut-ül-Amarədə 14 min əsir aldın.
Qarşıdakı düşmənin çoxunu, erməniləri
Qarsdan, Azərbaycandan
bəri qabağına
qataraq bu şəhərə qovdun.
Türk adını ucaldan Çanaqqala, Qut-ül-Amara,
Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək
və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını.
Vətəninə bir qızıl
ərmağan apar!"
Qafqaz İslam Ordusunun güclənməsi
Qafqaz İslam Ordusu silah, xüsusilə də top mərmisi çatışmazlığından sıxıntı çəkməsinə
baxmayaraq, Bakıya hücum etməyi qərara almışdı.
Bakı kimi təbii səngərlər - təpə
və vadilərlə
əhatələnmiş bir
şəhəri ələ
keçirmək üçün
hücuma keçən
ordunun aramsız atəşə tutulması
qorxusu vardı. Ona görə də düşmənin müqavimətini qıracaq
və piyadalara dəstək verəcək
top atəşinə ehtiyac
duyulurdu. Mehmetçik, buna rəğmən
Bakının ətraf
məhəllələrinə qədər irəliləmiş,
ancaq bu əsnada toplar tamamilə susmuşdu.
Türk qərargahında bu ehtimallar hesablanmışdı.
Çünki Baş Komandanlıq
vəkaləti göndərdiyi
əmrlərdə, Bakının
tez bir zamanda
ələ keçirilməsini
istəyirdi. Nuru
paşa raportunda belə deyirdi:
"Düşmən Bakıda əli silah tutan və
hər millətdən
olan kişiləri silahlandırmaqdadır. Bakıdakı düşmən qüvvəsinin
10 min nəfər olduğu
təxmin edilməklə
bərabər, əlavə
qüvvə aldıqları
da casuslar vasitəsilə öyrənilmişdir.
Bakının zəbti
üçün aşağıdakı
gücə və cəbbəxanaya ehtiyac var:
1. Beş min yeni qüvvə,
2. İki səhra batareyası və düşmənin döyüş
gəmilərinin Ələt-Puta
dəmir yolu xəttindən və Bakı limanından uzaqlaşdırılması üçün
4 ağır batareya,
3. Bir təyyarə bölüyü,
4. Bir teleqraf bölüyü
(telefon və teleqraf xətlərinin işləməsini təmin
etmək üçün)
5. Buradakı toplar üçün 10 min qüdrətli
top, 8 min şnayder, 4 min Rus
dağ, 6 min Rus səhra topu mərmisi ilə min qutu piyada mauzer
və 500 Rus piyada tüfəngi cəbbəxanası,
6. Təxminən iyirmi ədəd nəqliyyat vasitəsi.
Nuru paşa, Gəncəyə çatdıqdan sonra Azərbaycan türklərindən ibarət bir ordu yaratmaq üçün işə başlamışdı. Lakin gözlənilən nəticə alınmamışdı. Təşkil edilən az saylı milis qüvvələrinin də istər Göyçay və istərsə də Bakı hücumlarında göstərdikləri hərbi qabiliyyətlər qənaətbəxş olmamışdı.
Qurulmasına çalışılan Azərbaycan ordusu dörd piyada alyından ibarət olan iki piyada diviziyası şəklində təşkil olunacaqdı. Gənclər ölkənin müxtəlif yerlərindəki yerli komandanlıqlar vasitəsilə orduya çağırılacaqdı. Qurulacaq batalyon, alay və diviziyalara Osmanlı zabitləri komandanlıq edəcək, daha sonra yetişdirilən azərbaycanlı zabitlər tədricən bunların yerini tutacaq. Bu ordunun təchizatını isə Azərbaycan hökuməti, məhəlli idarələr və yerli komitələr edəcəkdilər. Azərbaycan Milli Korpusu Komandanı vəzifəsinə rus çar ordusunda general rütbəsinə qədər yüksələn Əliağa Şıxlinski təyin olundu.
Qafqaz İslam Ordusunun cəbbəxana çatışmazlığı üzündən Bakı yaxınlığında çarəsiz gözləməsi, labüd Dağıstan və Cənubi Azərbaycan hərəkatlarını da təxirə salırdı. Bu da, İstanbulda Osmanlı Baş Qərargahının planlarına mənfi təsir göstərirdi. Xüsusilə Cənubi Azərbaycanda Ənzəli, Rəşt, Tehran və Təbriz ilə Urmiya gölü ətrafında təşkil olunması vacib olan hərbi əməliyyatlar gecikdikcə, İraqdakı Mosul və Bağdad ətrafında olan türk əsgəri birliklərinin vəziyyəti də çətinləşirdi. Qafqaz İslam Ordusunun əlavə güc və təchizata ehtiyacı olduğundan Şərq Orduları Qrupu Komandanlığı 9-cu Ordunun sərəncamında olan 107-ci Qafqaz alayının Bakıya göndərilməsini qərarlaşdırdı. 107-ci Qafqaz alayının 1.200 nəfərlik şəxsi heyəti və 12 pulemyotu vardı.
Bakıdakı hərbi qüvvələr
Bakı rəhbərliyi erməni əsilli həkim Araratyanın başçılığı ilə bir heyəti, ingilis generalı Deustervildən kömək istəmək üçün təlimatlandırmışdı. General Deustervil Azərbaycan heyəti ilə keçirdiyi görüşlərdə Bakıya köməyə gələcəklərini, müdafiə üçün bəzi təşkilati işlər görəcəklərini, ancaq türk ordusuna qarşı erməni və rusların da onlarla birlikdə döyüşmələrinin vacibliyini qeyd etmişdi.
Azərbaycanın cənubundakı Lənkəran bölgəsində yaşayan ruslar, 10 avqustda Ənzəlidə olan Deustervil ilə əlaqə yaratmışdılar. Lənkəran və ətrafındakı ruslar 5 min nəfərlik bir hərbi birləşmə də təşkil etmişdilər. Əllərində kifayət qədər top və tüfəngləri də var idi. İngilislərə un, ərzaq, taxıl tədarükü görmüş, iki dənə də gəmi hədiyyə etmişdilər. Türklərə qarşı ingilislərlə birlikdə döyüşəcəklərini bildirmiş, üstəlik Muğan düzündə yaşayan ruslara hərbi təlim verilməsini də istəmişdilər.
Böyük Britaniya hərbi maşını Bakı cəbhəsində döyüş zamanı
Deustervil bu təkliflərdən
son dərəcə məmnun
olmuşdu. Bakı-Gəncə dəmir yoluna
yaxın olan Lənkəran və Muğan düzündən,
Qafqaz İslam Ordusuna arxadan zərbə vurulacağı
hesablanırdı. Ərazinin
dəniz kənarında
yerləşməsi, üstəlik
yaxşı silahlanmış
beş min nəfərin türklərə
qarşı müharibəyə
hazır olması və taxılla bolluca təchizat, Deustervili həddindən artıq məmnun etmişdi. O, bölgəni
tədqiq etmək və hərbi vəziyyətə əlverişli
əraziləri təyin
etmək məqsədi
ilə Muğan düzünə bir hərbi heyət göndərdi.
Qafqaz İslam
Ordusu Bakıda olan erməni-rus-ingilis birləşmiş qüvvələri
haqqında müxtəlif
yollarla məlumatlar
ala bilirdi. Düşmən
hərbi birləşmələrinin
Salyan kazarmasından Bakının qərbindəki
Qurd qapısı təpələrinə qədər
olan sol cinah cəbhəsində 6 min, bu
kazarmadan cənuba doğru uzanan bölgədəki Biləcəri
məntəqəsi və
şərqindəki cəbhədə
(düşmənin şimal
və qərb cəbhəsi) 4 min və şəhər teatrı ətrafında da 2.300 olmaqla cəmi 12.500 nəfərlik qüvvəyə
malik olduğunu təxmin etmişdi. Düşmən qüvvələri avqust ayında Bakıya edilən hücumlar nəticəsində
2 min itki vermiş, şəhər xəstəxanaları
yaralılarla dolmuşdu.
Bakıda bahalaşma, qıtlıq
artmışdı, əhalinin
yeməyə çörəyi
belə tükənmək
üzrə idi. Orduda isə belə bir sıxıntının
olmaması barədə
xəbərlər gəlirdi.
(Ardı var)
Ramil HİKMƏT
525-ci qəzet.- 2016.- 24 avqust.- S.4.