İmperiyalar və onların süquta
sürüklənməsi
(Əvvəli ötən
şənbə sayımızda)
Rusiya çarı I Nikolayın 1917-ci ildə taxt-tacdan əl
çəkməyə məcbur edilməsi əsrlərlə
davam edən imperiyanın sonu demək idi.
Təbiətcə utancaq və fikrini asanlıqla dəyişən
olan Nikolay erkən yaşlarında Rusiyada avtoritar hökmdar
rolunu oynamağa girişdi. Onun irticaçı
münasibəti daxili və xarici siyasət işlərinin
icrasında ümumi səriştəsizliyi ilə birləşməklə,
xalq arasında ondan narazılığın yaranmasına səbəb
olmuşdu.
II Nikolay 1868-ci ildə Tsarskoye Seloda, Sankt-Peterburq
yaxınlığındakı çara məxsus olan yay
saraylarının birində anadan olmuşdu. 1881-ci ildə
III Aleksandr kimi çar olan Tsareviçin və onun arvadı
Mariya Fyodorovnanın (danımarkalı Daqmarın) oğlu idi.
1894-cü ildə ölən atasını
taxt-tacda əvəz etmişdi.
Nikolay nə təcrübəsinə, nə də
xarakterinə görə mürəkkəb işlərə
yaramırdı, bu işlər isə geniş imperiyanın
bir avtoritar hökmdarı kimi onu gözləyirdi. O, müəllimindən hərbi
təhsil almışdı, onun zövqü və
marağı isə gənc Rusiya qvardiya zabitinə məxsus
olan qaydada idi. Rəsmi işlərdə özünü xəstə
kimi hiss edirdi. Təbəələri ilə
ünsiyyətdən qaçırdı, əsasən öz
ailə dairəsindəki özəl həyata
üstünlük verirdi.
Arvadı Aleksandraya ehtirasla vurulmuşdu. Bu qadın isə
öz ərində olmayan möhkəm xarakterə malik idi və
Nikolay özünü bütünlüklə ondan
asılı hesab edirdi. Arvadının təsiri
altında Qriqori Rasputin kimi şarlatanın məsləhətlərinə
ehtiyac duyurdu. Nikolay həm də digər məsuliyyətsiz
favoritlərə malik idi, onlar isə çarı təhrif
olunmuş məlumatlarla təmin edirdilər. Onu istənilən vaxt aldada bilirdilər, öz nazirlərinə
isə o, inanmırdı, çünki onlar intellektual səviyyədə
ondan yuxarıda idilər.
O, öz
hökumətinə mütəşəkkil qaydada işləməyə
imkan vermirdi, onun birgə fəaliyyətini əslində
heçə endirməyə çalışırdı. O,
hökumətə tapşırıqlar vermək əvəzinə,
nazirləri ayrı-ayrılıqda qəbul edir, hökuməti
aramla işləməyə qoymurdu.
Avtoritar hakimiyyətin rolu barədə baxışı
da sadəcə uşaq təsəvvüründən uzağa
getmirdi. O,
güman edirdi ki, hakimiyyəti Allahdan almışdır və
yalnız onun qarşısında cavabdehdir. Vətən
və xalq qarşısında məsuliyyət daşımaq məsələsi
isə onu düşündürmürdü. Özünün əksinə hərəkət edərək,
təbiətcə iradəsizliyini pozaraq qitədəki mürəkkəb
mübarizə sahəsinə öz istəyindən
asılı olmayaraq daxil olmalı idi. Ağıl
və iradə döyüşündə isə o,
başqalarına məxsus olan silahdan əsasən məhrum
idi.
1905-ci ildə o, alman imperatoru II Vilhelmlə ittifaq
bağladı, baxmayaraq ki, Rusiya Almaniyanın ənənəvi
düşməni olan Fransa ilə artıq müttəfiq idi.
O, ilk
Rusiya hökmdarı idi ki, Asiyaya tam şəxsi maraq göstərmişdi.
Tsareviç kimi 1891-ci ildə Hindistana, Çinə
və Yaponiyaya səfər etmişdi. Onun
Koreyada Rusiyanın təsirini möhkəmləndirmək cəhdi,
oranı özünün dayaq nöqtəsi hesab edən Yaponiyanı
narazı salmaya bilməzdi və bu, müəyyən dərəcədə
rus-yapon müharibəsi (1904-1905-ci illər) üçün
səbəb rolunu oynadı. Məğlubiyyət
Rusiyanı böyük Avrasiya dövlətinə çevirmək
barədəki onun arzularını alt-üst etdi. Bu qeyri-real arzular isə çox böyük idi.
O, Çini, Tibeti, Persiyanı öz nəzarəti altına
almağı düşünürdü.
O,
yaxşı siyasətçi kimi tanınan baş nazirlərin
məsləhətlərinə məhəl qoymurdu. P.A.Stolıpin Rasputinin neqativ təsiri barədə
danışmağa cəsarət etdiyinə görə
hökmlü imperatriçənin xoşuna gəlmirdi. İmperator da ona inanmırdı və intriqalar vasitəsilə
onun nüfuzunun laxladılmasına imkan verirdi.
Uzaq Şərq barədəki ambitsiyaları yaponlar tərəfindən
məhv edildikdən sonra Rusiya öz diqqətini Balkanlara tərəf
çevirdi. Nikolay slavyanların milli ruhda canlanmalarına rəğbətlə
yanaşırdı və Türkiyə boğazlarına nəzarəti
ələ keçirmək istəyirdi. I
Dünya müharibəsi başlananda monarxiya güclənmişdi.
Lakin idarə edən qrupla ictimai rəy
arasındakı uçurum genişlənməkdə davam
edirdi. 1915-ci ildə çar
arvadının təhriki ilə öz əmisi oğlunu
baş komandanlıqdan azad edib, özü onun yerini tutdu.
Lakin o, müharibə aparmaq təcrübəsinə
malik deyildi.
8 mart 1917-ci ildə Petroqradda qiyam baş
qaldırdıqda, Nikolay qoşunları şəhərə
göndərdi ki, qayda bərpa olunsun. Hökumət istefa verdi,
ordunun dəstəklədiyi Duma imperatoru taxt-tacdan əl
çəkməyə çağırdı. Nikolay
qardaşı Mixailin xeyrinə taxt-tacdan getdi, Mixail isə
bundan imtina etdi. Taxt-tacdan devrildikdən sonra II Nikolayı
öz xalası oğlu Corc dəvət etdi ki, ailəsi ilə birlikdə
Böyük Britaniyada yaşasın, ailəsindəki problemlərə,
xüsusən oğlunun səhhətinə görə bu səfər
baş tutmadı.
1918-ci
ilin aprelində keçmiş çar, ailəsi ilə birlikdə
Yekaterinburqa götürüldü və iyulun 16-dan 17-nə
keçən gecə çar, arvadı və beş
övladı yaşadıqları evin zirzəmisində
öldürüldülər.
İngiltərə
kralı V Corc 1865-ci ildə anadan olmuşdu, sonralar VII Eduard
kimi kral olmuş prints Albert Eduardın ikinci oğlu idi. Öz
böyük qardaşı prints Albert Viktorun 1892-ci ildəki
ölümünə qədər o, hərbi-dəniz donanmasında
xidmət etmişdi. O, xüsusi məşq etməli idi,
çünki artıq taxt-taca varis olmuşdu. O, öz mərhum
qardaşının nişanlısı olan printsessa Mariya
Tekliyə evlənmişdi.
Atası 1901-ci ildə taxt-taca çıxdıqdan sonra
o, Uels prinsi olmuşdu. 1901-ci və 1908-ci illərdə
Avstraliyaya, Afrikaya və Kanadaya, 1905-ci 1906-cı illərdə
isə Hindistana səfər etmişdi. O, 1910-cu ilin
martında vəfat edən atasının yerini tutmuşdu.
Yeni kral hökmranlığının erkən
dövründə qorxulu təhlükələrlə üzləşməli
olmuşdu.
1909-cu ildə baş nazir Devid Lloyd Corcun liberal hökumətinin
büdcəsi Lordlar Palatası tərəfindən qəbul
edilmədikdə, İcmalar Palatası yuxarı palatanın səlahiyyətlərini
məhdudlaşdırmağa cəhd etmiş, parlamentdə
konstitusional mübarizə başlanmışdı. Corc öz
krallığı dövründə baş nazir olmuş
H.H.Askvitə göstəriş verdi ki,
mübahisəyə son qoymaq üçün müxalifətlə
anlaşma yollarını arasın. Bir qədər
sonra isə hökumət İrlandiyanı idarə etmək
barədə bəzi təkliflər irəli sürdü, bu
da ciddi toqquşmalara səbəb oldu. Kral
siyasi liderləri öz sarayında konfransa topladı, lakin I
Dünya müharibəsinin başlanması ilə onun nəticəsi
heç nəyə çevrildi. Müharibə
ərzində isə kral Corcun hörməti xeyli artdı və
o, bir neçə dəfə Fransadakı cəbhələrdə
oldu.
I Dünya müharibəsindən sonra kral bir neçə
ciddi sənaye buntları ilə qarşılaşdı və
yeni baş nazir axtarmağa məcbur oldu. Kral Stenli
Bolduini seçdi. 1928-ci ilin sonunda kral Corc
ciddi xəstə idi və hökmranlığının
sonrakı illərində öz sağlamlığına
xüsusi qayğı göstərməli oldu. 1931-ci ildə funt sterlinqin kəskin devalvasiyası və
nəticədə əmələ gələn maliyyə
böhranı Leyborist Partiyasını parçaladı.
O, partiyaları koalisiya hökumətini yaratmağa inandıra
bildi. 1935-ci ilin mayında Corcun
krallığının gümüş yubileyində xalq ona
hüsn-rəğbətini və valeh olduğunu ifadə etdi.
Atasından fərqli olaraq, kral Corc azacıq sosial
maraqlara malik idi. Onun özəl dostluğu erkən illərdəki
köhnə dənizçi yoldaşları ilə qapanıb
qalırdı. Onun zövqü ölkə
centlemeninin zövqü idi, o, ovçuluğu çox sevirdi və
dövrünün sərrast ovçularından biri hesab
olunurdu.
Kral Corcun
beş oğlu var idi, onlardan biri kral VIII
Eduard və digər kral VI Corc idi. Kiçik oğlu prints Con gənc
yaşında ölmüşdü. Qızı
Mariya isə saray printsessası olmaqla, 6-cı qraf Heyavuda ərə
getmişdi.
13. Qohum
imperatorlar düşmənlərə çevrildilər
I Dünya müharibəsi əvvəlki müharibələrdən
fərqli olaraq yaxın qohum olan üç imperatorun bir-birilə
vuruşması, qohumluğu unudub, imperiyanın möhkəmlənməsi
naminə bir-birinə düşmən olması ilə əlamətdar
oldu. Britaniya
kralı V Corc, Rusiya çarı II Nikolay və Almaniya kayzeri
II Vilhelm təkcə qohum deyildilər, hətta Britaniya
hökmdarı ilə Rusiya çarı bir-birinə həddən
çox oxşayırdılar. Onlar öz
dövlətlərinə mənsub olan uniformanı geyinməsəydilər
və fərqlənmə nişanlarını taxmasaydılar,
bu iki doğma xalaoğlunu hətta dəyişik salmaq
olardı.
Lakin
onları fərqləndirən cəhətlər daha çox
idi, bu da əsasən onların xarakterlərinin xüsusiyyətləri
və öz ali vəzifələrinə bəslədikləri
münasibət idi. Bu məsələdə
onlar tam müxtəlif adamlar idilər və
başçılıq etdikləri dövlət
quruluşlarına onlar öz xarakterlərindən irəli gələn
damğaları vurmuşdular.
Bu imperatorların qohumluq əlaqələri iki kral ailəsindən
qaynaqlanırdı. Onlardan ikisinin - II Vilhelmin və V Corcun,
birincisinin anasına görə, ikncisinin isə atasına
görə nənəsi məşhur Britaniya
kraliçası Viktoriya idi. Onun
övladları və nəvələri Avropanın çox
monarxları ilə qohum olduğuna görə ona “Avropanın
nənəsi” deyirdilər. Danimarka
kralı IX Kristian da qızlarına monarxlara verdiyinə
görə, onu “Avropanın babası”
adlandırırdılar.
Viktoriya
1837-ci ildə Britaniya taxt-tacına yüksəlmiş,
yalnız 1901-ci ildə ölümü ilə monarxlıqdan
getməklə 64 il ərzində
imperiyanı idarə etmişdi. Hazırkı
kraliça II Elizabet də onun taxt-tacdakı rekordunu təzələmək
üzrədir. Viktoriya Britaniya
taxt-tacına yalnız şəraitin diktəsi ilə
düşmüşdü, bu şəraitlər olmasaydı,
onun kraliça olmağa heç bir şansı yox idi. Bu şansın necə meydana
çıxmasını izah etmək üçün isə
xeyli əvvələ qayıtmaq lazım gəlir.
İngilis
yazıçısı Uilyam Tekkereyin yazdığı kimi:
“Bizim taxt-tacdakı Hannover monarxları sülaləsinə
görə biz britaniyalılar I Hannover kurfyurstu Ernst Avqustun
bağladığı uğurlu nikaha borcluyuq. Ondan 9 il sonra
Karl Styuartın (1649-cu ildə edam edilən ingilis kralı -
müəllif) boynu vuruldu, onun qohumu olan qız, digər
devrilmiş monarxın, bədbəxt Pfalts Kurfyurstunun
çoxsaylı bostanından olan Sofiya Ernst Avqustun arvadı
oldu və ona kasıblığına görə öz
ölümünə qədər bütün üç
Britaniya taxt-tacına varis olmaq hüququnu cehiz kimi gətirdi”. 1714-cü ildə ölən kraliça Anna
Karlın (1600-1649-cu illər) nəvəsi, kral II Ceymsin
(1633-1701-ci illər) qızı idi.
Ernst Avqust 1698-ci ildə öldü. Kral I Karlın qız qohumu
olan Sofiya kraliça Annanın ölümündan iki ay əvvələ
qədər yaşamadı və taxt-taca onun oğlu Georq
Lyudoviq (1660-1734-cü illər)- I Georq (və
ya ingiliscə adlanan I Corc - müəllif) tutdu. Onun
arvadı alman qızı idi.
Britaniya kralı II Corc da ənənəyə müvafiq
olaraq alman qızı Karolina Brandenburq Anebaxskaya evləndi. Corc ingilis
dilini bilmirdi, ümumiyyətlə, Londonda deyil, onun ürəyinə
yatan Hannoverdə yaşamağa üstünlük verirdi.
O, kraliça Viktoriyanın dədə-babası oldu. Bir ingilis tarixçisinin sərrast qaydada dediyi kimi,
tarixdə heç vaxt ingilislərin monarxları ingilis
olmamışdı. Bircə Oliver Kromvel sırf ingilis
idi, o isə kral I Karlı edam edən
inqilabdan sonra monarx yox, ölkəni idarə edən kimi
lord-protektor tituluna yiyələnmişdi. İngiltərə
taxt-tacında isə danimarkalılar, normandlar, holland,
şotland, nəhayət, XVIII əsrin əvvəllərindən
başlayaraq Hannover sülaləsindən olan almanlar
olmuşlar. Yalnız I Dünya müharibəsinin
gedişində, 1916-cı ildə almanlarla vuruşan ingilislərin
düşmən almanlara nifrətini nəzərə alaraq
sülalənin əvvəlki adı dəyişdirilib,
yaşadıqları qəsrlərdən birinin və həmin
mahalın adı olan Vindzor sülaləsi adını qəbul
etmişdi.
(Ardı var)
Orucov Telman
525-ci qəzet.- 2016.- 27 avqust.- S.20.