Gül və onun “GÜL”ü
Mən həmişə
özgüvən duyğumun yetərincə olmamasından əziyyət
çəkmişəm.
Elə
bilmişəm ki, nə etsəm, nə danışsam,
mütləq alternativ variantı vardır. Bu variant isə
ancaq və ancaq peşmanlıq gətirir və böyük hərflərlə
hər addımda qarşıma “KAŞ” yazır. Amma o, elə
deyil. Etdiklərinin, dediklərinin, hətta,
gülüşünün və kədərinin də arxa
fonunda bir əminlik vardır. Mənə bugün
üçün “yanlışlarımla da qürur duyuram,
çünki mənimdir” - dedirdəcək bir özgüvəni
qazandıran ikinci adamdır.
Hekayələrimin
birində onun obrazını yaratmaq istərdim. Bunu
bacaracağıma əmin olmaq istəyirəm. O, diqqətini
çəkən ədəbi imzanı arayır-axtarır,
kitabını tapır, pul verib alır, günlərlə
oxuyur, analiz edir, fikirlərini məqalə şəklində
mətbuatda çap etdirir, sonra pul verib həmin mətbuat
vasitəsini də (jurnal, qəzet, almanax) alır, aparır
müəllifin özünə hədiyyə edir. Bəhs
etdiyim ədəbiyyat sevdalısı Gülnar Səmadır.
Onunla bağlı xatirələrim çoxdur, lap çox.
Müxtəlif
zamanların müxtəlif kadrlarında gözlərimin
önündə həmişə bir GÜL sözü var. Mən
ona elə beləcə də müraciət edirəm: A
GÜL!
2016-cı
ildə “aybKitab” layihəsində çap olunan
üçüncü kitabına da bu adı verdi Gülnar Səma:
“GÜL”. O kitabın hər vərəqinin elektron
variantını görmüşdüm, çapını necə
qəribə bir həvəslə gözləyirdim.
Keçirilən təqdimatların heç birində isə
iştirak edə bilmədim. Anam demiş, “bəzən nəyisə
nəyəsə qurban vermək lazım gəlir”. Yox, mən
“Gül”ü heç nəyə qurban vermədim, sadəcə
onu zamana sığdıra bilmədim. Aprel ayında çap
olunan kitab mənə ad günümdə - iyulun 22-də hədiyyə
olundu. Ən gözəl hədiyyəm idi. Birnəfəsə
oxudum kitabı. Tanış misralar idi. “Çobanaldadan”
şeirini çox sevirəm. O şeiri ilk dəfə “Ədəbiyyat
qəzeti”ndə oxuyanda Gülnar Səmaya bir məktub da
yazmışdım.
Adətən,
əlimə düşən kitabları oxuyub bitirincə
şəxsi kitabxanamdakı kitabların yanına (utanaraq deyim
ki, karton qutulara) qoyuram. Nə sirrdisə, “GÜL” hələ
də şkafın üstündən mənimlə “söhbətləşir”.
Arada götürüb vərəqləyirəm, sevdiyim və
əzbər bildiyim misraları tapıram, onları bir də
oxuyuram, sonra kitabı örtüb yerinə qoyuram,
başlayıram zümzümə etməyə. Gülnar deyir
ki, “nazıyla oynadım ayrılıqların”. Sonra da
özgüvənini belə sərgiləyir: “Ayrılıq mənimçün
həyat tərzidi”.
Mənim
şeirlərimin əksəriyyətində sevənin
iztirabları var. Gülnarın bir şeirinə rast gəldim,
orda sevgidən şikayətlənən poetik obrazın
cavabı çox orijinal şəkildə verilir:
Nə
olsun ki, bacarmıram,
Ürəyimcə
sevməyi də...
Sən
sevdin, dəyişdin nəyi?!
Gülnarın
şeirində folklora müraciət çoxdur. Bu, yenilik
deyil. Xalqımızın ədəbiyyata sevgiylə
yanaşması, hər addımda bir söz qoşulması
sevindirici və qürurvericidir. Və ədəbiyyat tariximizdə
xalq örnəklərindən qaynaqlanaraq yaradılan əsərlər
də az deyil. Lakin Gülnarın şeirlərində folklor
nümunələrindən birbaşa istifadə olunmur. Sanki
xalqımızın söz xəzinəsinə işarə
olunur. Bu işarələnmə və onun yaratdığı
bədii nümunələr fərqlilikdi. İnanıram ki, ədəbiyyatımızın
tədqiqatçıları mütləq bu fikrimə diqqət
ayıracaqlar. Fikrimi əsaslandırmaq üçün
Gülnarın misralarından misal da gətirirəm:
Gündə
bir yol bostanına daş ataq,
Qoy həftələr,
aylar bizdən danışsın.
lll
Bir sevgi nəğməsi zümzümə etdin,
Düşdü həyatının qu tərəfinə.
lll
Bir qız vardı bizim kənddə,
Reyhan kimi gözü qara.
lll
Türkanə sevgi görər,
Bütün nəlvə-nəsilin.
lll
Nux ulular misdən gümüş yapmadı.
Qəribə bir nüans da var ki, çox adam Gülnarı şair kimi yox, ədəbiyyatşünas kimi tanıyır. Bu, məndə qıcıq oyadır. “Qayıtma”, “Ki”, “Deyilmi?!”, “Bir qız”, “Var” kimi şeirlərin müəllifini tanınamaq, ən azından, ədəbiyyat tariximizin çağdaş səhifəsində öz imzasının varoluşuna çalışan gənclər üçün günahdır. Bu günahı yumağın tək bir yolu var: “GÜL”ü oxumaq!
“Ulduz” jurnalının may nömrəsində isə Gülnar Səma məni əməlli-başlı təəccübləndirməyi bacardı. “Ayrılıq bəhanəsi” adlı şeiri oxuyandan sonra onun bir şair kimi hansı gücə sahib olduğuna və mənim indiyədək bunu dərk etməməyimə, sadəcə, heyrətləndim. O şeirdə Gülnar yazır ki:
Səbəbsiz bəhanələrin
Nəticəsini alqışlamaqdan başqa
Seçimin qalmır.
Yox, əgər hələ bəhanələr qalıbsa,
Onda, bu, ayrılıq olmur.
İstərdim ki, Gülnar Səma haqqında çox yazım. Lap çox... Amma hərdən demək istədiklərin qaçıb ürəyinə sığınır, orda elə kövrəkcəsinə boyun bükürlər ki, tərpətməyə qıymırsan. Nə deyim... Bacarsam, mütləq və mütləq hekayələrimin birində “Gül və onun “GÜL”ü” haqqında yazacağam. Tanrı nəsib etsin!
Gəncə
Şəfa
VƏLİ
525-ci qəzet.- 2016.- 27 avqust.- S.16.