Gül və onun
“GÜL”ü
Mən həmişə
özgüvən duyğumun
yetərincə olmamasından
əziyyət çəkmişəm.
Elə bilmişəm
ki, nə etsəm, nə danışsam, mütləq
alternativ variantı vardır. Bu variant isə ancaq və ancaq peşmanlıq
gətirir və böyük hərflərlə
hər addımda qarşıma “KAŞ” yazır.
Amma o, elə deyil. Etdiklərinin, dediklərinin, hətta,
gülüşünün və kədərinin də arxa fonunda
bir əminlik vardır. Mənə bugün üçün
“yanlışlarımla da
qürur duyuram, çünki mənimdir”
- dedirdəcək bir özgüvəni qazandıran
ikinci adamdır.
Hekayələrimin birində onun obrazını yaratmaq istərdim. Bunu bacaracağıma əmin olmaq istəyirəm. O, diqqətini
çəkən ədəbi
imzanı arayır-axtarır,
kitabını tapır,
pul verib alır, günlərlə
oxuyur, analiz edir, fikirlərini məqalə şəklində
mətbuatda çap etdirir, sonra pul verib həmin
mətbuat vasitəsini
də (jurnal, qəzet, almanax) alır, aparır müəllifin özünə
hədiyyə edir. Bəhs etdiyim ədəbiyyat sevdalısı Gülnar Səmadır. Onunla bağlı
xatirələrim çoxdur,
lap çox.
Müxtəlif zamanların müxtəlif
kadrlarında gözlərimin
önündə həmişə
bir GÜL sözü
var. Mən ona elə beləcə də müraciət edirəm: A GÜL!
2016-cı
ildə “aybKitab” layihəsində çap olunan üçüncü
kitabına da bu adı verdi Gülnar Səma: “GÜL”. O kitabın
hər vərəqinin
elektron variantını
görmüşdüm, çapını
necə qəribə bir həvəslə gözləyirdim. Keçirilən təqdimatların heç
birində isə iştirak edə bilmədim. Anam demiş, “bəzən
nəyisə nəyəsə
qurban vermək lazım gəlir”. Yox, mən “Gül”ü heç nəyə qurban vermədim, sadəcə onu zamana sığdıra bilmədim. Aprel ayında çap
olunan kitab mənə ad günümdə
- iyulun 22-də hədiyyə
olundu. Ən gözəl hədiyyəm
idi. Birnəfəsə oxudum kitabı.
Tanış misralar idi.
“Çobanaldadan” şeirini çox sevirəm. O şeiri
ilk dəfə “Ədəbiyyat
qəzeti”ndə oxuyanda
Gülnar Səmaya bir məktub da yazmışdım.
Adətən, əlimə düşən
kitabları oxuyub bitirincə şəxsi kitabxanamdakı kitabların
yanına (utanaraq deyim ki, karton
qutulara) qoyuram. Nə sirrdisə,
“GÜL” hələ də
şkafın üstündən
mənimlə “söhbətləşir”.
Arada götürüb vərəqləyirəm,
sevdiyim və əzbər bildiyim misraları tapıram, onları bir də oxuyuram, sonra kitabı örtüb yerinə qoyuram, başlayıram zümzümə etməyə.
Gülnar deyir ki, “nazıyla oynadım ayrılıqların”. Sonra
da özgüvənini
belə sərgiləyir:
“Ayrılıq mənimçün
həyat tərzidi”.
Mənim
şeirlərimin əksəriyyətində
sevənin iztirabları
var. Gülnarın bir
şeirinə rast gəldim, orda sevgidən şikayətlənən
poetik obrazın cavabı çox orijinal şəkildə verilir:
Nə olsun ki, bacarmıram,
Ürəyimcə sevməyi də...
Sən sevdin, dəyişdin nəyi?!
Gülnarın şeirində folklora müraciət çoxdur. Bu, yenilik deyil. Xalqımızın ədəbiyyata sevgiylə
yanaşması, hər
addımda bir söz qoşulması sevindirici və qürurvericidir. Və
ədəbiyyat tariximizdə
xalq örnəklərindən
qaynaqlanaraq yaradılan
əsərlər də
az deyil.
Lakin Gülnarın şeirlərində
folklor nümunələrindən
birbaşa istifadə olunmur. Sanki xalqımızın
söz xəzinəsinə
işarə olunur.
Bu işarələnmə və onun yaratdığı
bədii nümunələr
fərqlilikdi. İnanıram ki, ədəbiyyatımızın
tədqiqatçıları mütləq bu fikrimə diqqət ayıracaqlar. Fikrimi əsaslandırmaq üçün
Gülnarın misralarından
misal da gətirirəm:
Gündə bir yol bostanına daş ataq,
Qoy həftələr,
aylar bizdən danışsın.
lll
Bir sevgi nəğməsi zümzümə etdin,
Düşdü həyatının qu tərəfinə.
lll
Bir qız vardı bizim kənddə,
Reyhan kimi gözü qara.
lll
Türkanə sevgi görər,
Bütün nəlvə-nəsilin.
lll
Nux ulular misdən gümüş yapmadı.
Qəribə bir nüans da var ki, çox adam Gülnarı şair kimi yox, ədəbiyyatşünas kimi tanıyır. Bu, məndə qıcıq oyadır. “Qayıtma”, “Ki”, “Deyilmi?!”, “Bir qız”, “Var” kimi şeirlərin müəllifini tanınamaq, ən azından, ədəbiyyat tariximizin çağdaş səhifəsində öz imzasının varoluşuna çalışan gənclər üçün günahdır. Bu günahı yumağın tək bir yolu var: “GÜL”ü oxumaq!
“Ulduz” jurnalının may nömrəsində isə Gülnar Səma məni əməlli-başlı təəccübləndirməyi bacardı. “Ayrılıq bəhanəsi” adlı şeiri oxuyandan sonra onun bir şair kimi hansı gücə sahib olduğuna və mənim indiyədək bunu dərk etməməyimə, sadəcə, heyrətləndim. O şeirdə Gülnar yazır ki:
Səbəbsiz bəhanələrin
Nəticəsini alqışlamaqdan başqa
Seçimin qalmır.
Yox, əgər hələ bəhanələr qalıbsa,
Onda, bu, ayrılıq olmur.
İstərdim ki, Gülnar Səma haqqında çox yazım. Lap çox... Amma hərdən demək istədiklərin qaçıb ürəyinə sığınır, orda elə kövrəkcəsinə boyun bükürlər ki, tərpətməyə qıymırsan. Nə deyim... Bacarsam, mütləq və mütləq hekayələrimin birində “Gül və onun “GÜL”ü” haqqında yazacağam. Tanrı nəsib etsin!
Gəncə
Şəfa VƏLİ
525-ci qəzet.- 2016.- 27 avqust.- S.16.