Böyükkişi Mirzəzadə: böyük vətəndaş və şair

 

QƏRBİ AZƏRBAYCANDA YARANMIŞ POEZİYADA MİLLİ BÜTÖVLÜK VƏ İSTİQLAL MÜBARİZƏSİNİN İNİKASI

 

Ədəbiyyatımızın ötən əsrdə yazıb-yaratmış elə nümayəndələri vardır ki, onların ədəbi fəaliyyətindən və yaradıcılığından bəhs edərkən, istər-istəməz, bütün vətənimizin keçdiyi tarixi mübarizə yolundan, xalqımızın yaşadığı tarixdən bəhs etməli olursan.

 

XX yüzil bədii təfəkkürümüzün inkişaf mərhələləri haqqında dərin elmi ümumiləşdirmələrlə zəngin, fundamental tədqiqatları ilə tanınan görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəyli "Xalq şairi Məmməd Araz" kitabında yazır: "Hazırkı mərhələdə Məmməd Araz milli Azərbaycan şeirinin görkəmli nümayəndəsidir. İndiki səviyyədə onun şeirləri və poemaları, bədii publisistikası yalnız öz yaradıcısının deyil, mənsub olduğu xalqın da tərcümeyi-halının əsas hissəsidir, orijinal əks-sədasıdır. İkinci Dünya müharibəsindən sonrakı yarım əsrdən artıq bir tarixi dövrün bədii, mənəvi tərcümeyi-halı Məmməd Araz sənətində özünün aydın və dolğun bədii əksini tapmışdır. Bu müdrik, ağır siqlətli, uzaqgörən, kövrək və ağıllı, düşünən və düşündürən poeziya mənalı bir ədəbi-tarixi salnamədir". Bu dərin mənalı və mühüm elmi mülahizələri bir çox tanınmış və vətənpərvər sənətkarlarımızın yaradıcılığına aid etmək olar.

İstedadlı və mübariz ədib, şair, yazıçı, dramaturq və publisist Təmkin -Böyükkişi Mirzəzadə məhz belə ədəbi simalarımızdan biridir. 1925-ci ildə qədim Azərbaycan torpaqları olan Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində dünyaya gələn şair çox mürəkkəb və mübarizələrlə zəngin bir ömür yaşayıb. Böyükkişi Mirzəzadənin ailəsi öz doğma yurdunda təqib və hücumlara məruz qaldığından hələ ötən əsrin 40-cı illərində Gəncə şəhərinə köçmüş və gələcək şair orta məktəbi bu şəhərdə bitirmişdir. Bundan sonra isə o, müxtəlif və bir-birindən çətin həyat universitetlərində ağır zəhmətə qatlaşaraq təhsil almışdır. Bu həyat yolu gələcək şairin yaradıcılıq dünyasını və manerasını müəyyən edib. O, birbaşa həyatın özündən ədəbiyyata gəldiyinə görə, onun bütün əsərlərində və yazdıqlarında keçdiyi ömür yolunun nəfəsi və möhürü aydın surətdə görünməkdədir. 

 

Xalq şairi Nəriman Həsənzadə şairin "Seçilmiş əsərləri"nin iki cildliyinə yazdığı ön sözdə aşağıdakıları qeyd edir: "Böyükkişi Mirzəzadənin uşaqlıq və gənclik illəri elə bir mühitdə keçmişdir ki, istər-istəməz onun həyatı, tərcümeyi-halı təkcə ailəsi, uşaqları üçün deyil, həm də sonra gələn nəsillər üçün də olduqca maraqlı və ibrətamizdir. Bəlkə də elə buna görə "Təmkin" təxəllüsünü özü seçməyib, zaman özü ona diqtə etmişdir. O, təmkinli olmalı, yaşadığı Göyçə mahalında namərd qonşuları öz istedadı ilə, iradəsi və zəhməti, poetik duyğuları ilə məğlub etməli idi. Bununla belə, onun şeir yaradıcılığında mənəvi sıxıntıları, iztirabları tam aydınlığı ilə əks olunmuşdur". Əgər şairin həyat yolu onun yaradıcılığının ictimai-fəlsəfi mənasını, əsərlərinin həyati məzmununu təyin etmişdisə, onun  doğulub boya-başa çatdığı Göyçə mahalı, ustad Aşıq Ələsgərin sənət məskəni bir sənətkar kimi formalaşmasına qüvvətli təsir göstərmişdir. Böyükkişi Mirzəzadə poeziyasının həm də ilk mötəbər tədqiqatçılarından biri kimi xalq şairi Nəriman Həsənzadə Təmkinin poetik tərcümeyi-halı ilə bağlı qiymətli müşahidələrini irəli sürür: "Təmkin şeirimizin müxtəlif növlərində gözəl əsərlər yaradan və qədim Göyçə mahalında ustad Aşıq Ələsgər ədəbi məktəbindən qaynaqlanan bir sənətkar kimi sonralar ata-baba yuvaları olan türk torpaqlarından deportasiya edilir, ailəsi ilə birlikdə mənəvi ağrılar keçirir,tarixinə, millətinə dövlət səviyyəsində olan qəsdləri unuda bilmirdi. Lakin o ürəyinin çırpıntılarını yazdığı şeirlərinə köçürür, müasirəri ilə ümumi bir dillə, xalqının başa düşəcəyi bir yöndə danışır, tariximizi, taleyimizi varaqlayır və müxtəlif iş yerlərində fəaliyyət göstərsə də, yaradıcılığını davam etdirir".

 

Qeyrətli bir vətəndaş və həssas bir şair kimi Böyükkişi Mirzəzadə doğma yurd-yuvanı, qürbətdə və darda qalan Vətəni unuda bilmir, unutmaq istəmir, daha doğrusu, unudaraq  yaşamağı təsəvvürünə belə gətirmir:

"Qürbət eldə bağrım bişdi,

Heyif, ömrüm sizsiz keçdi,

Ötən günlər yada düşdü

Görünəndə gözə dağlar.

 

Dolama cığırla qalxdım,

Çiçəklərin dərib, qoxdum,

Qayada oturub baxdım

Dayandıq üz-üzə, dağlar.

 

Sıldırımdan gəlir səslər,

Orda qartal bala bəslər,

Sizdən ayrı düşən kəslər

Çətin olur dözə, dağlar".

 

Bu misralarda Qərbi Azərbaycan poeziyasına xas olan təbii ayrılıq iztirabları, səmimi həsrət boyaları bariz surətdə nəzərə çarpır. Ümumən, Qərbi Azərbaycan şairlərindəki yaşadıqları coğrafiyanın və ictimai-siyasi mühitin diqtə etdiyi dağ həsrəti, dözüm-iradə, yüksəklik və mənəvi ucalıq motivləri Böyükkişi Mirzəzadənin poeziyasında da aydın görünür. Dağlar və yaylaqlar diyarına sonsuz məhəbbət, qarşısıalınmaz keçmiş həsrəti, dağların və bulaqların, oba və oymaqların vüsalına təşnəlik Böyükkişi Mirzəzadənin "Dağlar" şeirində bütün cazibəsi ilə əks edib:

 

"Zirvələrdə hələ qar var,

Çeşmələrin coşar, qaynar,

Elə ki, gəldi ilk bahar,

Geyinər tər-təzə dağlar.

 

Göy üzünü bulud aldı,

Qılıncını şimşək çaldı,

Nur ələndi, leysan oldu

Otun qalxar dizə, dağlar.

 

Bir meh əsdi sərin-sərin,

Açıldı üzü səhərin,

Rəngli-rəngli çiçəklərin

Rəssam tək bəzədi, dağlar".

 

Azərbaycan poeziyasında "Dağlar" adı ilə məşhur olan xeyli poetik nümunələr mövcuddur. Ustad Aşıq Ələsgərin, Səməd Vurğunun, Aşıq Şəmşirin, Hüseyn Arifin, Məmməd Arazın, Məmməd Aslanın və başqa məşhur klassiklərimizin bu mövzudakı və addakı şeirlərini burada xatırlatmaq yerinə düşər. Böyükkişi Mirzəzadənin "Dağlar" şeiri   həmin ənənənin gözəl davamıdır. Bu şeirin qiyməti və özünəməxsusluğu təkcə ənənəni layiqincə davam etdirməsində deyil. Əsərin  orijinal estetik keyfiyyətlərindən biri də müəllifin öz mənəvi və dünyəvi Vətəni - Dağları dörd fəsil müstəvisində məharətlə təsvir etməsidir. 

 

Dağların yazı, yayı, payızı və qışını şair özünəməxsus sənətkarlıqla gözlərimiz önündə canlandırır. Əgər dağlar yazda rəngbərəng çiçəkləri ilə bir gəlin kimi bəzənirsə, yayda isə doğma insanlar, onun vüsalından doymağa gəlmiş ellərlə, onların qurduğu məclislərlə daha da cazibədar olur:

 

Ayağın dərin dərələr,

Başın buludları dələr,

Ellər tamaşana gələr,

Qurular mey-məzə, dağlar.

 

Şeirdə dağların payız çağlarının təsviri də şairanə və yaddaqalandır. Yazın, yayın səsli-küylü çağları payız dumanlarının içində əriyib yox olur, dağları sakitlik və səssizlik öz qoynuna alır:

 

Payızda çənin, dumanın, 

Görünməz olur heç yanın,

Yetkin vaxtında aranın

Elat köçür düzə, dağlar.

 

Dağların qış fəsli də gözəldir. Dağlar yazda-yayda necə mehriban, gözəl, qonaqpərvərdisə, payızda və qışda isə bir o qədər sərt və amansızdır. Bu dağların xasiyyətidir. Əzəmətli dağlar öz qışı-qarı, buzu-soyuğu ilə də sevimli və doğmadır:

 

Elə ki, boran-qış olur,

Yaylaqların bomboş olur,

Təbiət süst, donmuş olur,

Qərq olursan buza, dağlar.

 

Müəllif  qəlbinin doğma məskənlərə olan sonsuz mehrini həm də bu fəsillərin təsviri vasitəsilə ifadə etməyə can atır.  Öz duyğularını nə qədər gözəl və təsirli ifadə etməsi şair sanki bununla kifayətlənmək istəmir. Öz sevgisinin və həsrətinin sətirlərə və sözlərə sığmadığını hiss edərək, bunu səmimiyyətlə etiraf etməli olur:

 

"Gözəlliyin saymaq olmaz,

Dağlar, sizdən doymaq olmaz,

Belə gözəl oymaq olmaz,

Mədhin sığmır sözə, dağlar.

 

...Görüm sizi var olasız!

Qucağı gülzar olasız!

Daim füsunkar olasız,

Təmkin gəlib, gəzə, dağlar".

 

Azərbaycanın şeir mədəniyyətinə dərindən bələd olan bir şair kimi Böyükkişi Mirzəzadənin yaradıcılığında müxtəlif bədii növ və janrlardan istifadə edilib. Onun rəngbərəng janrlarda yaratdığı poetik nümunələri oxuyarkən buna əminlik hasil edirsən. Şair Təmkinin poeziyası ilə tanış olduqca, o, Dədə Qorqud, Xaqani, Nizami, Nəsimi, Füzuli, Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər şeirinin layiqli varisi və davamçısı kimi gözlərimiz önündə yüksəlir.

 

Vətənpərvər şair böyük Füzuliyə həsr etdiyi atəşin və səmimi mədhiyyəsində yazır:

 

"Boyat soyundansan, Qorqud övladı,

Müdriklik, məğrurluq öyrətdin bizə.

Nə qədər dünya var, Füzuli adı

Örnək olacaqdır nəsillərimizə.

 

Sənin zamanından beş yüz il keçib,  

Dəyişib o qədər qış da, bahar da.

Gah mülayim, gah da sərt dövran keçib,

Tarixlər gizlənib xarabalarda.

 

Beş yüz illik tarixi söyləmək çətin,

Neçə qəsbkarlar gəlib-gedibdi.

Qabığı soyulub məzlum millətin,

Hər gələn ölkəni talan edibdi".

 

Təmkin bu geniş məzmunlu mənzuməsində yalnız Füzuli babaya xitab etməklə kifayətlənmir, sanki beş yüz illik tariximizi nəzərdən keçirir, türk soylarının şanlı keçmişindən, şah və sultan babalarımızdan, əsrləri və zamanları diz çökdürmüş Füzuli babamızdan kömək istəyir. Bugünümüzün və gələcəyimizin Füzuli böyüklüyü, Füzuli qüdrəti ilə yoğrulmasını və rövnəqlənməsini istəyir:

 

"Beş yüz illik yuxudan oyan, ay Baba!

Barı türklüyümüzü sübuta yetir.

Xalqımın önündə dayan, ay Baba,

Vətən övladını qeyrətə gətir!

 

Təmkin övladına icazə ver sən,

Düşüm ayağına, səcdə qılım mən.

Azərbaycan adlı bu qədim diyar,

Xeyir-duan ilə ucalsın Vətən".

 

(Ardı var)

 

Yaşar QASIMBƏYLİ

Filologiya üzrə elmlər doktoru

525-ci qəzet.- 2016.- 30 avqust.- S.4.