Əflatun Amaşov Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantıda iştirak edib

 

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyənin İstanbul şəhərində Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantıda iştirak edib.

Tədbirə Türkiyə və Azərbaycan ilə yanaşı Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndələr qatılıblar. Dünya Qəzetəcilər Federasyonunun təşkilatçılığı ilə düzənlənmiş toplantıda MŞ sədri Ə.Amaşov çıxış edib.

Şura sədri bildirib ki, türk xalqları zaman-zaman bir-birinə zidd ictimai-siyasi formasiyalarda yaşamalı olmuşlar. Lakin onların daşıdıqları dəyərlər prinsip etibarilə vahid təbiətə malikdir. Elə buna görədir ki, türk xalqlarının konsolidasiyası istiqamətindəki tədbirlər özünə vətəndaşlıq hüququ qazanır. Bu tədbirlər xalqların bir-birinə daha sıx şəkildə yaxınlaşması, ortaq maraq və mənafelərin paylaşılması, dünyaya çatdırılması, türk toplumunun özünü təsdiqi baxımından son dərəcə vacibdir.

 "Mövcud xüsusda Azərbaycanın rolu da böyükdür. Azərbaycan türk xalqlarını birləşdirən çoxsaylı təşkilatlarda aktiv şəkildə təmsil olunur. Bir sıra birliklərin yaranmasında təşəbbüskar qismində yaxından iştirak edir", - deyən Ə.Amaşov əlavə edib ki, türkdilli xalqların yaşadıqları areal kifayət qədər böyükdür və mövcud məkanda baş verənlərdən daha operativ şəkildə xəbərdar olmaq həmin proseslərə təsir imkanları baxımından müstəsna dividentdir. Qarşılıqlı əməkdaşlıq hər bir türk toplumun qloballaşan dünyaya inteqrasiyasını heç şübhəsiz, sürətləndirir. Bütün bunlar adətnənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır. Dünya Qəzetəcilər Federasyonu da Türk Dünyası Sənədli Filmlər Festivalını təşkil etməklə ortaq türk maraqlarının təbliğini, türk xalqlarının bir-birinə daha sıx şəkildə inteqrasiyasını hədəf seçib: "Azərbaycandan Mətbuat Şurası olaraq biz bu vacib missiyaya dəstək veririk. Festivalda ölkəmizin sənət adamlarının ərsəyə gətirdikləri 7 ekran işi təmsil olundu. Onlardan biri - Radion İsmayılovun "Doğma ocağı" filmi 3-cü yerə layiq görüldü. Digər iki filmimiz isə ayrı-ayrı nominasiyalar üzrə mükafatlandırıldı. 27 oktyabr 2016-cı il tarixdə Bakıda Azərbaycan Mətbuat Şurası Azərbaycanın ən qədim və nüfuzlu təhsil ocağı olan Bakı Dövlət Universiteti ilə birlikdə festivalın Azərbaycandan olan qaliblərinin mükafatlandırılması mərasimini təşkil etdi. Mərasim böyük çoşğu ilə yadda qaldı".

Toplantıda çıxış edənlər Türk Dünyası Sənədli Filmlər Festivalını zəruri edən məqamlara toxunaraq bildiriblər ki, zaman-zaman türklərin tarixi saxtalaşdırılıb, türk milli kimliyi məsələsi şübhə altına alınıb, türklərin assimilyasiya prosesləri geniş vüsət alıb. Bu sayaq mənfi proseslərin təkrarlanmaması üçün mənəvi müqavimət formalaşdırmaq lazımdır. Türk Dünyası Sənədli Filmlər Festivalı tarixdəki bu müqaviməti formalaşdırmaq əzmində olan təşəbbüsdür və bu təşəbbüsün davamlılığı şərtdir.

 

525-ci qəzet.- 2016.- 2 dekabr.- S.3.