Əlillər (əngəllilər)
bayramı
Haqqında
danışdığım insanlara “əlillər” deməyə
dilim yatmır. Məncə “əngəllilər” desək daha
doğru olar.
Düzdür
“əngəllilər” sözü Türkiyədə qəbul
olub, işlədilir. Bizim də dilimizdə bu hər iki
söz işlənir. Amma “əlillər” sözündə bir
qaranlıq yük, bir ümidsizlik kölgəsi, zəiflik və
kimsəsizlik rəngi var. “Əngəllilər” sözündə
isə dirəniş, mübarizə, özünə, taleyinə
qalib gəlmək ümidi ilə yaşamaq istəyi duyulur. Həyatında
kimin qarşısına əngəllər
çıxmayıb ki? Hər kəs ömrünün hansı
çağında isə qarşısına çıxan əngəllərlə
mübarizə aparmalı olur. Dönmədən, usanmadan,
mübarizə aparan insanlar qalib sayılır. Bu mübarizə
vasitəsi ilə bir görməyən insan,
ağlının və
çalışqanlığının vasitəsi sayəsində
gözü görən sağlam insandan həyatı daha
yaxşı görürsə, hadisələrin gələcəyini,
alt qatını daha dəqiq görürsə, bu əngəlli
dediyimiz insanın qələbəsi deyilmi? Özünün
taleyinə - əngəlinə qalib gələsi deyilmi? Biz əlil
və ya əngəlli dediyimiz bu insanlara diqqətlə baxsaq,
onlardan çox şey öyrənə bilərik. Birinci, onlar
əli, ayağı olmadığı halda
çalışır, yeriyir, gözü görmədiyi,
qulağı eşitmədiyi halda daha məlumatlı olur,
qaranlıq məsələləri daha aydın görürlər.
Mənim gördüyüm əngəllilərin heç biri
öz əngəlini qalxan edib arxasında gizlənmir. Əngəlini
gözə soxmur. Əngəlinin görünməsini istəmir.
Özünün, işinin, bacarığının
görünməsini, qiymətləndirilməsini istəyir.
Buna haqqı da var.
Biz də
əgər sağlam insanlarıqsa, onları görməli, əzimkarlığını
qiymətləndirməliyik.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər üç ildən bir çox gözəl və çox əhəmiyyətli bir tədbir - mən deyərdim, bayram - keçirir, əngəlli bacı-qardaşlarımızın yaradıcılıq müsaqibəsini təşkil edir. Nazirliyin əməkdaşları bu dəfə də üç ay ərzində respublikanın regionlarını gəzib əngəlli istedadların yarışını izləyib, seçib iki yüz əlli nəfərdən artıq insanı Bakıya yekun seçim üçün dəvət etmişdilər. Noyabrın 27, 28, 29-u iştirakçıları münsiflər heyəti dinlədi. Əlbət ki, bu bir yarışdı. Dörd sahə üzrə birinci, ikinci, üçüncü yerlər müəyyən olunur. Ayın 30-da isə Musiqili Komediya Teatrında qaliblərin iştirakı ilə canlı konsert olur. Əslində qalib bütün iştirakçılar idi. Axı onlar öz rayonlarından seçilib gəlmişdilər. İştirakçıların hər birinə nazirlik çox böyük həssaslıqla yanaşdı. Heç kəs evinə əliboş qayıtmadı.
Əlbət
ki, bu bir yarış idi. Birinci, ikinci, üçüncü
yerləri tutanların siyahısını mən sizə təqdim
edirəm.
Poeziya:
1. Fərqanə
Mehdiyeva (Xətai)
2.
İradə Gülfir (Şəki)
3. Ofelya Xələfova
(Gəncə)
Bədii
qiraət və rəqs:
1. Şəbnəm
Əhmədova (Abşeron)
2. Nərgiz
Əhmədova (Nizami)
3. Kənan
Feyzullayev (Naxçıvan)
Müğənni,
xanəndə:
1.
Rübabə Mahmudova (Şəki)
2. Əldadaş
Çələbiyev (Qobustan)
3. Mehman
Talıbov (Binəqədi)
İnstrumental:
1. Soltan Səmədli
(Nərimanov)
2. Minayə
Şirinov (Laçın)
3.
Yaşar Məhərrəmov (Kəlbəcər)
Münsiflər:
1. Faiq
Sücəddinov (Xalq artsti)
2. Arif
Babayev (Xalq artsti)
3. Fikrət
Qoca (Xalq şairi)
4.
İntiqam Soltan
5. Cəmilə
Bayramova (Xalq artsti)
Yeri gəlmişkən
bəzi məsələlərə toxunmaq istəyirəm.
Bu üç gün ərzində iştirakçıların nə qədər kitabını oxudum, şeirlərini dinlədim. Bir dənə də öz şəxsi dərdindən, şəxsi ağrılarından yazıb, göz yaşartmağa çalışan şair rastıma gəlmədi. Mövzular - məhəbbət, arzu, həsrət, mübarizə, Qarabağ dərdidir. Axı bunlar hamısı “Əlillər”, əngəlilərdi. Hər kəsdən xəlvət yazılan şeydi. Yazmazdan əvvəl ürəyinin içində bəslənir, xəlvətdə yazılır, sonra səslənir. Burda saxtakarlıq o saat bilinir. Şeir insanın məhəbbətindən bir parçadı. Bunların biri laldı, biri kardı, biri kordu. Bunların hər biri öz şeirini götürüb Bakıya anasının üstünə gələn övladdır. Onların şeiri məhəbbətini danışan çiçəkdi. Övladın sənə təqdim etdiyi çiçəyin yaxşısı, pisi omaz. Məhəbbət ya var, ya da yoxdu. Ona görə də onların evə əliboş qayıtmaması məni də sevindirdi. Ona görə də mən Nazirliyin bu xeyirxah işlə məşğul olmuş bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
Əslində bu qardaş-bacılarımıza hər yerdə sahib çıxmaq, yardımçı olmaq hər birimizin vicdan borcudu.
Əslində mən də indi bu yaşımda özümü əlil sayıram. Uşaqlığımı, gəncliyimi, az qala qocalığımı da itirmişəm. Amma düşündüyümü yazmaqdan qaça bilmirəm. İstərdim üç il bundan sonra yenə bu yarış zamanı münsiflər heyətinin imkanı daha geniş olsun, sahələr üzrə yerlər, birinci yer bir, ikinci yer iki, üçüncü yer üç olsun. Başa düşürəm, xalqımızın atalar sözü var: “İki qoçun başı bir qazanda qaynamaz”. Əvvəla, xalq bunu qoçlar üçün deməyib, “qoçular” üçün deyib. “Qazanı” böyük elə on qoçun başı bir qazanda qaynayar. Ölkənin qəhrəman oğulları, qızları nə qədər çox olarsa vətənimizin şöhrəti, şərəfi, şanı o qədər yüksək olar.
Bu vəziyyətdə isə, qoyulmuş şərtlərə görə, bir yerə eyni səviyyəli iki adam varsa, buna sevinmək əvəzinə birini mükafatdan məhrum edirik. Münsiflər heyəti kimi sonra evdə rahat yatmaq olmur. Axı hər insanın canında Allahın “vicdan” adlı bir səfiri, bir zərrəsi var. Sonra adamı rahat nəfəs almağa qoymur. Amma bizim istedadlı qardaş-bacılarımız elə geniş ürəkli, elə tərbiyəli insanlardır ki, heç üzümüzə də vurmadılar. Biz olduq, olmadıq bu yarış olacaq, həyat daha gözəl olacaq. Həyatı sevməyi əngəllilərdən öyrənmək lazımdır. Bir dəfə imkan verilib bu gözəl təbiətin qoynuna, bu dünyaya gəlmişik. Əlimə, ayağıma, görən gözümə, eşidən qulaqlarıma, danışan dilimə, düşünən beynimə görə Allahıma şükür deyirəm. Bunları itirənlər onun qədrini, onların necə böyük nemət olduğunu sonra bilir. İşimiz gətirməyəndə, yolumuza manə çıxanda əsəbiləşməyin, gileylənməyin. Bu əngəlli qardaşlarımızı xatırlayın. Əlimizə, ayağımıza, gözümüzə, özümüzə baxın, şükür edin. Özünüzü müqayisə edin, görün nə qədər xoşbəxt bir insansınız. Olana qane olmaq ağıl əlamətidi.
İndi sizə mükafat almayan müəlliflərin
şeirlərini təqdim edirəm.
Fikrət
QOCA
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.18.