Kirayə arzular
Prospekt görən xatirələr
Əvvəlcə anama zəng edib məsələni danışdım. Etiraz etmədi, əksinə təsəlli verdi.
Odur ki, ürəklənib otaq axtardığımı
birinci elə qrup yoldaşlarıma söylədim.
Dərsdən sonra isə əlimə keçəndən
ağzıma atıb,
Yeganə ilə məhəllələrin canına
düşdüm. Yenə həmin səhnələr
təkrarlandı: ev sahibləri bizi yuxarıdan aşağı süzüb
boş otaqları göstərməyə başladı.
Otaqlara baxanda gözüm Yeganəyə sataşdı.
O, qaşlarını çatıb
ev sahibini
elə diqqətlə
dinləyirdi, sanki hansısa elmi konfransda akademikin məruzəsinə qulaq asırdı. Ev sahibi isə
axşam saat 10-dan sonra darvazanı bağladığından, həyətə
oğlanların gəlməsinə
etiraz etdiyindən danışırdı. Məni sahibin
qoyduğu qadağalar
yox, elə Yeganənin özü düşündürdü. Onunla eyni damın altında yaşayacağımı
eynəyimin önünə
gətirmək istəyəndə
şap-şaplarının şappıltısı, yorğanın
altında yediyi meyvənin xışıltısı
qulaqlarımda səsləndi.
Əhvalım səmtini dəyişdi.
Ona görə də beynimin sağ yarımkürəsi
“hə”, sol yarımkürsi
isə “yox” dedi. İki ağıl arasında
qaldım. Amma çox
düşünmədim, sağ
tərəfə yön
aldım. Yeganə ilə
daha iki-üç otağa baxdım. Orada qadağalar olmasa da, əvəzində otaqların iyindən nəfəsimiz daraldı.
Hələ ayın sonuna bir həftə qalmışdı deyə
tələsmədik. Çörək alıb evə qayıtdıq. Sahibə bacımın
zəng etdiyini söyləyəndə ürəyim
düşdü. Axı, o, heç
vaxt zəng etməzdi. Ayaqqabımı soyunmadan “Elmlər
akademiyası” stansiyasının
qarşısına qayıtdım.
Əlinə Nokia 5110 mobil telefon
alıb, ağızlarını
yaya-yaya “Şəhərə,
rayona, Azercell-ə, Bakcell-ə” deyib müştəriləri səsləyən
oğlanlardan birinə
yaxınlaşdım. Nömrəni söyləyib gözlədim.
Cavab verən olmadı. Həyəcanım daha da artdı. Xalamgilə zəng etdim.
Düşündüm ki, əgər
onlar da cavab verməsə, elə gecə ilə evimizə yola düşərəm.
Bir qədər gözləyəndən
sonra telefonun o biri xəttindən “Alo” eşitdim. Xalamın yoldaşı idi. Hal-əhvaldan sonra
söhbəti elə özü açdı.
Sevimli Əsəd əmim rəhmətə getmişdi.
Telefonçu oğlana pul
ödəyib evə sarı üz tutdum.
Uşaqlıq xatirələrim elə
bil birdən-birə Hüseyn Cavid prospektinə səpələndi:
əmimoğlu darvazanı
açır, əmim
furqonlu motosikli ilə həyətə daxil olur. Balıq torunu
evinin əhənglənmiş
divarına söykəyir,
arvadı içi balıqla dolu olan torbanı götürüb mətbəxə
cumur. Mənsə
bir az
motoskldə oynayıb
əmimin yayına gəlirəm. O, həmişəki
kimi cibindən bir manat çıxardıb,
onu dilinə çəkib alnıma yapışdırır. Xatirələrimi
prospektdən yığa
bilmədim...
Görəsən, balıq xaliqin qədrini nə vaxtsa biləcəkmi?
Çörəkqabı
Əmimin yasından sonra birinci dərsə çatmaq üçün səhər tezdən Bakıya döndüm. Otağın işığı yanırdı. Yeganə hamamda idi. Çantamı boşaltdım. Şkafdan iki dəftər götürüb rüqzakıma qoydum. Sonra səhər yeməyi üçün çaydanı qızdırdım. Anamın bişirdiyi çörəyi çay dəsmalından ayırıb masaya qoyanda gözüm qırmızı çörək qabına sataşdı. Sonuncu dəfə aldığım çörək kif atmışdı. Elə bildim Yeganə də bu müddət ərzində evdə qalmayıb. Amma qabda yarımçıq yumşaq çörək görəndə hər şey aydın oldu. Yeganə çəkələklərini şappıldada-şappıldada gəldi. Salamlaşmadan çarpayısına yaxınlaşıb siyirməsindən nəsə götürdü. Mən də heç bir söz demədim. Yeganə görsün deyə çörəyi qabdan çıxardıb masanın üzərinə qoydum.
Sonra yağı, pendiri çörəyə qovuşdurub şirinçayla bərabər mədəmə ötürdüm. Ayağa qalxıb radionu yandırdım. Elə istəyirdim ki, həmin an sevimli jurnalistim efirdə olsun. Neçə gün idi ki, onu dinləmirdim. Yadıma yenə onun üstümə bağırması düşdü. Bu dəfə də özümdən utandım. Amma içimdə qəribə bir rahatlıq vardı. Əmin idim ki, nəinki bir gün onunla görüşəcəm, hətta yaxın dost da olacam. Ayağa qalxıb dərsə yollandım. Darvazaya yaxınlaşanda Yeganəni ürəyimdən çıxartdım...
Görəsən, kanalizasiya
haqqında xatirələr yazan varmı?
Ülviyyə HEYDƏROVA
525-ci qəzet.- 2016.- 3 dekabr.- S.16.