Kədərə qalib gələn ŞAİR

 

 

 

 

Toğrul Nərimanbəyovun nağıllar aləmi elə Kukla Teatrının foyesindəcə yaxalayır adamı. Artıq bir neçə aydı ki, bu bina həm YUĞu qoynuna alıb, ona meydan verib.

 

Ona görə binada müxtəlif ovqatların, auraların mistik bir qarışığı duyulur; boyumuzdan uca kuklalar, divarboyu freskalar, pəncərədən görünən dəniz, qapının ağzındaca çığır-bağır salmış tıxaclar, paytaxtın ən böyük prospektlərindən birinin qalabalığı. Əslində bütün bunların cəmi özünü bir az ayrı cür hiss etmək üçün yetir. Amma yarım saat sonra düşəcəyin mühiti, udacağın havanı fəhm etməyin təsirsiz ötüşmür.

 

“Söz” ədəbi layihəsi çərçivəsində Ramiz Rövşənin oxucuları ilə görüşünün,  YUĞ Teatrının aktyorları ilə bərabər şeir-söz axşamının başlamasına lap az qalır. Zamandan istifadə edib Toğrul Nərimanbəyovun folklor motivləri əsasında çəkdiyi freskalara baxıram. Rənglər alıb aparır adamı. Böyük freskanın düz ortasında oğlanla qız sehrli xalçanın üstündə əl-ələ tutub durublar. Ətraflarında nağıllarımızdan, əfsanələrdən gələn onlarla qəhrəman; güləndə ağzından güllər tökülən Gül Qəh-Qəh xanım, alma dalınca gedən Məlikməmməd, “Cırtdan” nağılından Div, Kilimarası xalq oyununun iştirakçıları, daha kimlər, nələr... Bütün bu freskada əks olunmuş qəhrəmanları tapıb seçmək üçün saatlar yox, günlər, aylar gərəkdir bəlkə. Qıpqırmızı narlar, yaşıl yarpaqlar ümumiyyətlə rənglər insanı öz cazibəsinə salır sənətin ecazkarlığına heyrət edirsən. Elə bu düşüncələrlə, Toğrul Nərimanbəyovun xalq yaradıcılığından götürdüyü səhnələrə tamaşa etdikcə bir anlıq anlayıram ki, axı bunlar həm Ramiz Rövşənin qəhrəmanlarıdı. Əl-ələ tutub “biz olmayan yerə” gedən sevgililər, “adamları yemək olmur” - deyə şikayətlənən divlər, “it hürənə gedib” işıqları yandıran Məlikməmmədlər.

 

bu par-par parıldayıb gözlərimi qamaşdıran, fikirlərimi qarışdıran rənglərin içindən yarıqaranlıq zala girəndə, bir küncdə yanan şamları görəndə, səslənən musiqini eşidəndə başa düşürəm ki, bu axşam bir başqa olacaq. Böyük ekran işıqlanır, iri planda gənc Ramiz beş yaşında oğlu Rövşənin bapbalaca əlindən tutub dəniz kənarında, iri çopur qayanın üstüylə addımlayır “Göy üzü daş saxlamaz” - deyir... 85-ci illərin filmidir... Rejissor Ramiz Həsənoğlunun “Üç çinar yarpağı” filmindən götürülmüş kadrlara baxdıqca fikirləşirəm, Ramiz Əliyevin Ramiz Rövşən olduğu, Ramizin Rövşənlə qovuşduğu, birləşdiyi anlar məhz bunlardı bəlkə?! Axı şair özü də “Oğlumun gözləri” şeirində etiraf edir, deyir ki:

 

Tanrı məni

bu insan yuvasına atınca.

Gəlib sənin

gözlərinin işığına çatınca,

Ömrümün otuz üç ilini keçdim,

keçdim qaranlıqda əl havasına.     

 

Demə gördüyümüz kadrlarda şair oğlunun əlindən tutub aparmırmış, əksinə imiş hər şey. Bütün bunları bir kənarda oturub bizimlə bərabər ekrana baxan şairin təbəssümlə, işıqla dolu gözlərindən də sezmək olur.

 

“Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə Ramiz Rövşən haqqında qısaca məlumat verirbugünki tədbirin formatı haqqında danışır. Deyir ki, sairin özüylə söhbət etməkdən, öz dilindən şeirlər eşitməkdən başqa aktyorların, əməkdar artistlər Gülzar Qurbanovanın, Yaqut Paşazadənin, Mələk Abbaszadənin ifasında da şeirlər dinləmək imkanımız olacaq. İlk şeiri Mələk Abbaszadə deyir:

 

... Atam oğlu az çapala,

Sən deyən çətin tapıla.

Bu Ramizi kim aparar,  

Bu Ramiz olmayan yerə?!

 

Məncə, heç kim! Ramiz Rövşəni “Bu Ramiz olmayan yerə” heç kim apara bilməz. Belə bir yer olmadığı üçün apara bilməz. Dünya, insan, kainat, İlahi həqiqət,  ümumiyyətlə hər şey Ramiz Rövşənin şeirindədi, amma Ramiz Rövşənin sözü dünyanın canına hopub artıq. Ona görə çox güman ki, yer üzündə “bu Ramizin” olmadığı yer qalmayıb. Şairin özünün söhbətlərindən anladığım, əxz etdiyim budur ki, Ramiz Rövşən özü bunu yaxşı bilir.

 

Şair aktyorların səsləndirdiyi şeirlərdən sonra bəzi şərhlər, izahlar verir, bəzən yumorla, bəzən ciddi danışır. Kədərli şeirlərinin alt qatındakı ironiyadan söz açır. Deyir ki, əgər mən kədəri şeirə çevirə bilmişəmsə, deməli o kədərə qalib gəlmişəm. Görünür, insanın pessimist ovqatında kədərli şeirlərlə təsəlli tapmasının səbəbi bu imiş. Axı şairin təbirincə desək, “yenilmiş kədər” özü dərmandı. Minbir dərdin, tənhalığın dərmanı...

 

70 yaşın astanasında olan şairin qocalıq, tənhalıq, ölüm haqqında düşüncələri nikbindi. Adama elə gəlir ki, Ramiz Rövşən bütün bu ağır mövzularda gülə-gülə danışa bilər... Çünki bunlar haqqında çox yazıb, əzablarını, qorxularını şeirlə yüngülləşdirib. Yəqin gənc şairin “Mənim 20 yaşım var, amma artıq epitafiyamı yazmışam. Bəs siz epitafiya yazmısınızmı - sualına da Ramiz Rövşənin iti cavabının,  “bəlkə, elə sən o epitafiyanı bağışlayasan mənə, mən istifadə edərəm...” - deməsinin, auditoriyaya qoşulub ürəkdən gülməsinin səbəbi bu mövzuların hamısını özü üçün həll etməsidi. Axı hələ 33 yaşında “dünyayla barışmağın çətinliyini, tənhalığı, “ömrün bir bulannıq su olmasını” dərk edən, yazan şairi epitafiya mövzusu niyə narahat etsin ki? Bir sözlə, məncə, YUĞ Teatrındakı bu görüşdə Ramiz Rövşənin əsas demək istədiyi o idi ki, hər şeyə gülmək olar. İstedadlı aktrisa Gülzar Qurbanova da bu ideyanı hiss edib “Astar üzünə” şeirini tamam ayrı cür səsləndirir. O, bu şeiri qəribə bir insanın monoloqu kimi, heç kəsə bənzəməyən xəyalpərəst birinin ciddiyə alınmayan etirafı kimi ifa edir. Sonda:

 

Dostları çevirdim astar üzünə,

yaxşı ki, düşmən çıxan olmadı...

 

- deyir bunu elə deyir ki, adam sevindiyindən qanaq açıb uçmaq istəyir.

 

Amma Ramiz Rövşənin bu günümüz, reallıq, çağdaş dünya  haqqında son dərəcə realist fikirləri çox da yuxarılarda qalmağa imkan vermir. Şairin  bu görüşünü, söhbətlərini hərtərəfli master-klass da hesab etmək olar. Ramiz müəllim müxtəlif əsərlərindən danışdıqca onun yazdıqlarının janrlarını ayırd etməyə çalışıram, amma çətinlik çəkirəm. Görünür, qəliblərə sığmayan şair bu janrlar məsələsində özünəməxsusdu. Məsələn, “Süd dişinin ağrısı” poemadı, amma bu əsəri lirik-epik dastan da adlandırmaq olar, “Daş” povestdi, ancaq şeir kimi oxunur, “Ayrılıq” şeirdi, amma sürrealist novella təsiri bağışlayır, “Müşfiqlə üç görüş” essedi, amma hekayədən geri qalmır. Ramiz Rövşənin tərcümələri isə ayrıca bir tədqiqat mövzusudu.

 

Yaradıcılığının bir tərəfini tərcümələr təşkil edən şair çevirdiyi şairlərlə yarışa girdiyini gizlətmir. Tərcümə etdiyi şeiri dilimizdə daha gözəl, daha təsirli “yazmağa” çalışdığını söyləyir. Marina Svetayevanın “Neyləmişəm mən sənə” şeirini öz tərcüməsində oxuyur. Sonra Puşkindən tərcümələr oxuyan şair sadə şeirin tərcüməsinin daha çətin olduğunu deyir. elə bu kiçik, ya böyük yaradıcılıq sirlərini aça-aça auditoriyanı bir az artıq öz sehrinə salır. Yaşca özündən böyük olan şairlər haqqında fikirləri isə bəlkə zamansa yazacağı essenin tezisləridi: “Bilirsiz, indi mənim 70 yaşım var bir çox sevdiyim şairlər var ki, məndən gənc dünyalarını dəyişiblər. İndi mən onları oxuyanda doğrudan da hiss edirəm ki, onlar məndən gəncdilər. Lakin iki şair var ki, onları özümdən yaşca kiçik hesab edə, o cür qəbul edə bilmirəm. Onlardan biri Füzulidi, 62 yaşında vəfat edib, biri Mirzə Ələkbər Sabirdi, 49 yaşında dünyasını dəyişib. Bax bu iki şairi özümdən yaşca böyük qəbul edirəm həmişə”.

 

Bu məqamda Ramiz Rövşən özünəxas yumorla Nizami ilə Füzulinin fərqindən danışır. Deyir, uşaqlara bunu belə izah eləmişdim ki, əgər Nizami bizim evə zəng edib məni soruşsa deyəcəksiz, atam evdə yoxdu, kim idi soruşan? O da cavab verəcək ki, “Nizami müəllimdi”, amma eyni suala Füzuli sadəcə, “Füzulidi” - deyə cavab verər.

 

Bütün bu zarafatlar belə Ramiz Rövşən sənətinin ciddiliyindən, fövqəladə gücündən uzaqlaşdıra bilmir bizləri. Və görünür, şair özübunu görür, duyur. Ona görə şeir sarıdan kəm eləmir payımızı:

 

var Allahdan yuxarı?

var qəbirdən aşağı?

Çəkdiyim ahdan yuxarı?

Bildiyim sirdən aşağı?

 

Ramiz Rövşən yaradıcılığı belə cavabı olmayan suallarla doludu. Çoxusunun cavabını heç şair özübilmir. Axtarmağa da çalışmır məncə. Sadəcə bunlar haqqında düşünməyimizi istəyir. Hərdən “bəlkə”lərlə dolu cavablar da verir. Və elə bu cavablarının da CAVAB olmadığını boynuna alır.

 

Elə bu tədbirdə də şair çoxlu suallara cavab versə də, çox şey deyilməmiş qalır. Ayrılmaq istəməsək də, görüş sona çatır.

 

Və birdən alaqaranlıq zaldan yenə Toğrul Nərimanbəyovun rənglərinin içərisinə qayıdıram. Görürəm hər tərəf gül-çiçəkdi, nardı, şənlikdi, bayramdı. Sözün bayramı, rənglərin bayramı, musiqinin bayramı... Ramiz Rövşən bayramı!

 

PƏRVİN

 

525-ci qəzet.- 2016.- 3 dekabr.- S.15.