Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı 2016” ili yekunlaşdı

 

 

Şəki Dövlət Dram Teatrında “Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi keçirilib.

 

Mərasimdən öncə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısında iştirak edən qonaqlar əvvəlcə teatrın foyesində türkdilli ölkə rəssamlarının rəsm sərgisi ilə tanış olublar.

 

Məlumat verilib ki, hər il keçirilən ənənəvi rəsm sərgisi bu dəfə Şəki şəhərinə həsr olunub. Sərgidə Şəkinin tarixini, müasir inkişafını adət-ənənəsinin kətana köçürüldüyü 50-dək rəsm əsəri nümayiş olunur. Qeyd edilib ki, əsərlərin bir qismi Şəki Dövlət Rəsm Qalereyasında, bir qismi isə TÜRKSOY-un Ankarada yerləşən mənzil-qərargahında saxlanılacaq.

 

Daha sonra ən yaxşı rəsm əsərinin müəllifi mükafatlandırıldı. Mənsur Əzizliyə “TÜRKSOY birliyi Şəkidə” adlı əsərinə görə qurumun mükafatı təqdim olunub.

 

“Şəki - Türk dünyasının mədəniyyət paytaxtı 2016” ilinin bağlanış mərasimi şəhərin müasir mədəni həyatını əks etdirən videoçarxın nümayişi ilə başlanıb.

 

Sonra türkdilli xalqların musiqi nümunələrindən ibarət konsert proqramı təqdim olunub.

 

Konsertdə qardaş xalqların himni səsləndi. “Biz iki dövlət - bir millətik”, “Azərbaycan”, özbək mahnısı “Çayxana”, “Şəki”, “Çırpınırdı Qara dəniz”, türkmən mahnısı “Seypelmenek” digər türk xalqlarının mahnı rəqsləri ifa edilib.

 

“Zirvə” xalq instrumental ansamblının müşayiət etdiyi konsert proqramının bədii rəhbəri Şəki şəhər 1 saylı İncəsənət məktəbinin direktoru Eldar Rəcəbov olub.

 

Konsertdən sonra mədəniyyət turizm naziri Əbülfəs Qarayev çıxış edərək “Mədəniyyət paytaxtı” ilinin Şəkidə zəngin mədəni tədbirlərlə yadda qaldığını deyib: “Bu il Şəkidə bütün Türk dünyasının mədəni vəhdətinin nümayişi oldu. Bu tədbirlər bizim qardaşlığımızı daha da möhkəmləndirdi, mədəni əlaqələri gücləndirdi. Bu, TÜRKSOY-un fəaliyyət istiqamətinin əsas qayəsidir. İnanıram ki, türk dünyasının mədəni zənginliyi vahid bir mədəniyyət kimi dünyada daha geniş təbliğ olunacaq bizim əlaqələrimiz daha da güclənəcək”.

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinov Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” adını yüksək səviyyədə təbliğ etdiyini deyib. Bildirib ki, Şəki şəhəri ilə mədəni əlaqələr bundan sonrada davam etdirilərək onu nəinki türk dünyasında, bütün dünyaya tanıdacağıq.

 

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Türk dünyası mədəniyyət paytaxtı”nın rəmzini Qazaxıstanın Türkistan şəhərinin meri Alembek Usambayevə təqdim edib.

 

TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi 2012-ci ildən həyata keçirilir.

 

525-ci qəzet.- 2016.- 3 dekabr.- S.13.