Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ikicildliyinə xülasə

 

Hər yaranan kitab müdrikliklə vicdanın ittifaqı, vicdanlı ağlın səviyyə göstəricisidir. Hər yaranan kitab tarixlə mədəniyyətin müttəfiqliyi, keçmişlə gələcəyin varisliyi, tarixi-mənəvi yaddaşdır. Hər yaranan kitab insan ruhu və insan zəkasının müqəddəs yazılarıdır.

 

Bu günlərdə daha bir elmi kitab milli ruh və vicdanımızın ixtiyarına verildi. Bu abidə, tarix və salnamə - Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 25 illiyinə həsr edilmiş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"dır (Bakı: I cild 800 s., II cild 1088 s., "Elm və təhsil", 2016). Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 21 sentyabr 2016-cı il tarixli qərarı ilə (protokol 6) çap olunmuş kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, məsul redaktoru isə professor Tehran Əlişanoğludur. Kitabda müstəqillik illəri Azərbaycan ədəbiyyatının təşəkkülü, onun 1990 və 2000-ci illər mərhələsinin konseptual əsasları və yaradıcı bədii şəxsiyyətləri, habelə, tənqid-ədəbiyyatşünaslığın müstəqillik illərindəki elmi-nəzəri səviyyəsi ifadəsini tapıb. Nəşrin tərtibi prinsipləri mövcud siyasi-ideoloji mənbə və qaynaqlar, ədəbi növ və janrlar, mövzu və problematika, ədəbi cərəyan və tendensiyalar, habelə, portret-oçerk və memuar-xatirə yazılarına görə müəyyənləşdirilib. Kitab 1990 və 2000-ci illər mərhələsi üzrə nəşrə hazırlanıb. Akademik İsa Həbibbəylinin geniş ön sözü ilə açılan I cild yeddi fəsil və nəticədən ibarətdir.

 

I. Nəşrin siyasi-ideoloji əsasları:

 

- Azərbaycan Dövlət Müstəqilliyinin şərəfli tarixi;

 

Müstəqillik salnaməsi dövründə elm, ədəbiyyat və incəsənətin inkişaf yolu; Müəllif bildirir: "Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə milli qurtuluşunu təmin edən dövlətimiz və xalqımız bu gün dünyada nefti, maddi sərvətləri ilə yanaşı, zəngin keçmişi, tarixi-mədəni ənənələri, milli-mənəvi xüsusiyyətləri, müasir həyat tərzi və multikultural dəyərləri ilə tanınır və əsl nümunə göstərilir". (s.3)

 

-Müstəqillik illəri ədəbiyyatının sosial-siyasi və tarixi-mədəni faktorları:

 

"İlk növbədə ictimai-siyasi müstəqilliyin qazanılması ilə ədəbiyyatımızın Sovet dövründən əvvəl mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dəyərlərinə qayıdışı...". (s.4)

 

- Milli dövlətçilik atributlarına qayıdış, milli ədəbiyyatın əsas ideoloji zəmini və istiqamət müəyyənliyi:

 

Müəllif mövqeyi: "Üçrəngli bayraqda təmsil olunan simvolik dəyərlər: göy rəngdə ifadə olunan türklük, qırmızı rəngdə əksini tapmış müasirlik və yaşıl rənglə səciyyələnən islami dəyərlər yetmiş illik qadağadan sonra müasir azərbaycançılıq ideologiyasının atributları kimi yenidən vətəndaşlıq hüququ qazanmışdır. Bu, həm də ədəbiyyatın yeni ideya üfüqlərini diqqət mərkəzinə çəkmişdir". (s.4)

 

- Azərbaycançılığın dövlət ideologiyasına çevrilməsi:

 

Yenə müəllifdən: "Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilmiş, son yüzillikdən bir qədər artıq dövrdə həm də ideya olaraq formalaşmışdır. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi, müstəqil dövlət quruculuğu ilə əlaqələndirilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqımız qarşısındakı böyük tarixi xidmətlərindən biridir". (s.5)

 

II. Müstəqillik ədəbiyyatının formalaşmasının ideya-nəzəri əsasları:

 

- türkçülük, azərbaycançılıq;

 

- realizm və romantizm: Ə.Hüseynzadə, Ə.Ağaoğlu, C.Məmmədquluzadə, M.Ə.Sabir, H.Cavid, M.Hadi, M.Ə.Rəsulzadə, N.Nərimanov, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Cavad, C.Cabbarlı, S.Vurğun, M.Müşfiq, M.İbrahimov, M.Cəlal, B.Vahabzadə, X.R.Ulutürk və M.Arazın... milli istiqlala əvəzsiz xidmətləri (s.5)

 

- İstiqlal idealında "Füyuzat" və "Molla Nəsrəddin" jurnalları, Cümhuriyyət dövrünün ədəbi-tarixi xidmətləri (s.5);

 

- Sovet dövrü ədəbiyyatında müstəqillik ideyaları, milli şüur və məfkurə yaddaşının hifz olunması;

 

- Ana dili və milli şüurun qorunması və inkişaf etdirilməsi;

 

- Milli-tarixi yaddaşın bərpası;

 

- Azərbaycan idealı, milli vətənpərvərlik ruhunun yaşadılması;

 

- Azərbaycan insanının bədii təcəssümü;

 

- Milli ideya vasitəsilə qurtuluşa çağırışın bədii ifadəsi"; (s.6)

 

- Ədəbiyyatımızın azadlıq missiyasına yüksək qiymət:

 

Akademik İsa Həbibbəyli Ulu Öndər H.Əliyevin Azərbaycan Yazıçılar Birliyinin X qurultayındakı çıxışı səviyyəsindən mövqe ifadə edir: "Bilirsiniz, bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim milli hissiyyatları oyatmağa çalışmışlar. Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan keçir. Bəzi əsərlər var ki, onlar açıq-açığına xalqımıza milli dirçəliş, oyanış hissiyyatlarını çatdırıblar: Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın, başqalarının əsərləri. Amma digər əsərlər isə dolayısı ilə, ayrı-ayrı fikirlərlə millətimizdə vətəni sevmək, vətənə sadiq olmaq, Azərbaycanı sevmək, azərbaycanlı olmaq hissiyyatlarını yaradıblar..." (s.6)

 

- Bədnam yenidənqurma və aşkarlıq siyasəti, sosial ədalət və əxlaqın aşınmasına etiraz:

 

Ön söz müəllifi bu baxımdan M.İbrahimov, M.Cəlal, İ.Əfəndiyev, İ.Şıxlı, İ.Hüseynov, Anar, Elçin, Y.Səmədoğlu, H.İbrahimov, S.Əhmədov, İ.Məlikzadə, M.Süleymanlı, A.Abbas, A.Məsud və başqalarının fəaliyyətinə dəyər verir: "Sovet gerçəkliyinə qarşı poeziya açıq etiraza qalxmışdı. Böyük söz ustaları R.Rzanın, B.Vahabzadənin, M.Arazın, Xəlil Rzanın, S.Rüstəmxanlının hər növ ikili standartlara üsyan edən vətəndaşlıq poeziyası, xalq şairləri Süleyman Rüstəmin, Qabilin, Nəriman Həsənzadənin, Hüseyn Arifin və başqa şairlərin vətənpərvərliyi tərənnüm edən şeirləri ilə tamamlanmış, artıq yabançı olduğu aşkar görünən mühitə qarşı milli-əxlaqi düşüncənin formalaşdırılmasında mühüm rol oynamışdır". (s.7)

 

III. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabının sosial-siyasi, ədəbi-nəzəri və bədii-estetik əsasları:

 

- 1988-90-cı illərin siyasi-iqtisadi böhranı. Qarabağ müharibəsinin fəlakətləri, qaçqınlıq, köçkünlük, hərc-mərclik və ədəbi-mədəni proseslərə mənfi təsirləri... (s.9)

 

- Dövlət xadiminin AMEA-da ölkə ziyalıları ilə görüşü:

 

Akademik İsa Həbibbəyli:

 

"Çox məsuliyyətli bir dövrdə keçirilmiş həmin tarixi görüşdə elmin, ədəbiyyatın və mədəniyyətin inkişaf etdirilməsi, gələcək taleyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirilmişdir"... (s.9)

 

- Dövlətin ədəbiyyat sahəsində siyasəti: "Kitabi-Dədə Qorqud", Nizami, Nəsimi, Füzuli, habelə bir çox şair, yazıçı və dramaturqların, kütləvi-informasiya vasitələri və nəşrlərin yubileyləri və s.

 

Akademik İsa Həbibbəyli:

 

"Hazırkı şəraitdə Heydər Əliyevin Azərbaycan cəmiyyətinin müasirləşməsi, dünyaya inteqrasiyası, qabaqcıl dünya standartlarına yiyələnməsi barəsindəki ideyaları və arzuları, habelə, düşünülmüş ədəbiyyat və mədəniyyət quruculuğu proqramı ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir". (s.14)

 

- Ədəbiyyat siyasətinin davam və inkişafı:

 

Akademik İsa Həbibbəyli:

 

"Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasəti müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daim dəstəklənir, yaradıcılıqla davam və inkişaf etdirilir". (s.14)

 

- Azərbaycan Yazıçılarının XI (2004) və XII qurultayları (2014); Yazıçılar Birliyi və "Ədəbiyyat qəzeti"nin 80 illiyi;

 

- Prezident Sərəncamı ilə klassik və müasir irsin 100 cildlik nəşrləri;

 

- "Dünya ədəbiyyatı kitabxanası" seriyasından 150 cildlik əsərlərin tərcüməsi və nəşri;

 

- Tərcümə Mərkəzinin yaradılması:

 

"Azərbaycan həyatı müasir dünyaya inteqrasiya etdikcə ədəbiyyatımız da dünya ədəbi prosesinə cəlb olunur, onun tərkib hissəsinə çevrilir. Yazıçıların əsərlərinin türk, rus, ingilis, fransız, yunan, italyan, ispan, yapon və digər Avropa, eləcə də dünya dillərinə tərcümə olunması, xarici ölkələrdə nəşri ölkəmizi və Azərbaycan ədəbiyyatını dünyada tanıdır...". (Akademik İsa Həbibbəyli) (s.16)

 

Kitabın struktur müəyyənliyinə münasibət:

 

Akademik İsa Həbibbəyli müstəqillik dövrü ədəbiyyatını iki mərhələdə təqdim etməyi lazım bilib. Diqqət edin, məhz" lazım bilib". Müəllif burada elmi-nəzəri, ədəbi-tarixi prinsip izləməyib, hökm verməyib. 1. Sovet dövrü ədəbiyyatından müstəqillik dövrünə "keçid ədəbiyyatı" (1990-cı illər) 2. Müasir dövr ədəbiyyatı (XXI əsr). Hesab edir ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatı iki mərhələdə: 1990-cı illər; 2000-ci illər mərhələsində inkişaf etdiyi üçün kitabda da "mərhələli" tədqiqat və təhlillər aparılmışdır.

 

Bu zaman ədəbiyyatın əsas mövzuları istiqlal, 20 Yanvar, Qarabağ, sosial böhran, dekans mövzuları və avanqard sənət mövzuları olmuşdur. (s.17)

 

Əlbəttə, "Müstəqil Azərbaycan ədəbiyyatı"nın tarixən ədəbi dövrləşdirilməsinə müxtəlif alimlərin müxtəlif bölgüləri ola bilər. Bu təbiidir. Akademik İsa Həbibbəyli də əsaslandırılmış şəkildə lazım bildiyi, hökm vermədiyi bir bölgüyə münasibətini ifadə etmişdir. Yuxarıda deyilir ki, o, ədəbiyyat tarixi dövrləşdirilməsinin son yetkin nümunəsini artıq dövriyyəyə buraxmışdır. O, belə bir mərhələ bölgüsünü materialların mövcudluğu və kitabın haqlı olan tərtibi prinsiplərinə əsaslanaraq təqdim etmişdir.

 

Haşiyə: Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi təcrübəsi əsasında yeni konsepsiyasını hazırlayıb. Bunu Azərbaycan ədəbiyyatı tarixi çoxcildliyinin nəşrləri, habelə, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri kimi məsuliyyəti vacib edib. Alimin ədəbi dövrləşdirmə konsepsiyası elmi nəşrlər və Kütləvi İnformasiya Vasitələrində özünə yer alıb.

 

Kitabda 10 illik mərhələlərin göstərilməsi heç də təsadüfi deyil. Faktlara müraciət edək. Ədəbi dövrləşdirmə məsələsi 1930-cu illərdə gündəmə gəlib, müxtəlif elmi konsepsiyalar irəli sürülüb. Həmin konsepsiyalarda ədəbi bölgü həm məhdud, həm də geniş tarixi mərhələni əhatə edib. Ə.Nazim, A.Musaxanlı, N.Cəfərov geniş zamanı əhatə edən ədəbi-tarixi bölgü təqdim edib. Professor Y.Qarayev isə XX əsr üçün 1920-50; 60-90-cı illər mərhələsini məqbul bilib. Hətta tarixən F.M.Köprülüzadəyə istinad edən professor B.Çobanzadə XX əsr ədəbiyyatı üçün belə bir bölgünü gərəkli hesab edib: 1905-1917; 1917-1922; 1922-1927-ci illər mərhələsi. Yəni dövrləşdirmə üçün şərtilik: məhdud və ya geniş zamanlı dövrləşdirmə mərhələsi həm də ədəbi-tarixi təcrübənin özündən irəli gəlməyirmi?!

 

Akademik İsa Həbibbəyli ədəbi tarixi dövrləşdirmə konsepsiyasının hələ ki son müəllifidir. Onun mövcud konsepsiyası elmi-nəzəri fikrin varisliyinə əsaslanıb, Azərbaycan ədəbiyyatı tarixi 10 cildliyinin hazırlanması və akademik nəşrləri üçün vacib proqram, normativ akt, elm və tədris məsələlərinin praktik həllində yönləndirici sənəd olub.

 

Fikrimizcə, 1990-cı illər mərhələsinin əsas mövzularının istiqlal, 20 Yanvar, Qarabağ, sosial böhran, dekadans və avanqard sənət mövzularının göstərilməsi təbii və düzgün qəbul edilməlidir. Axı zəmanəmizin hadisələri daha çox bunlarla səciyyəvi olub.

 

Kitabın tərtib-struktur müəyyənliyinin digər tərəfi fəsillərin bölgüsü ilə bağlıdır. I cilddəki fəsillər növ (poeziya, nəsr, dramaturgiya), janr (portret, oçerk, memuar) və mövzu-problematikaya (istiqlal, 20 Yanvar, Qarabağ, sosial böhran və s.) görə müəyyənləşdirilib. II cilddə prinsipcə eyni cür olan struktura ədəbi cərəyanlar, tənqid və ədəbiyyatşünaslıq, dünya və uşaq ədəbiyyatı fəsilləri əlavə edilib. Hər bir cildə redaktorlar tərəfindən yekun vurulub.

 

Akademik İsa Həbibbəyli geniş ön sözündə müstəqillik illəri ədəbiyyatının məqsəd və vəzifələri, obyekt və predmeti (subyekti), ədəbi-metodoloji əsasları və prinsipləri, onun nəzəri-praktik əhəmiyyəti və gələcək perspektivini konkret göstərib. Baxaq:

 

- Milli ideal (Azərbaycanın dövlət müstəqilliyi - Ə.Ə.) uğrunda mübarizə, onun təsvir və tərənnümü, istiqlala çağırış və milli müstəqillik dəyərlərinin ifadəsi ədəbiyyatın təməl prinsipləri kimi. (s. 17)

 

- Ədəbiyyatın predmeti (subyekti-Ə.Ə.) 1990 və 2000-ci illərin ədəbi tənqid prosesi, obyekti isə ona yanaşma meyarları: tipologiyası, milli ədəbiyyat tarixçiliyi, məqalə, monoqrafiya və dissertasiyalar, arxiv materialları, mənbəşünaslıq və mətnşünaslıq qaynaqları, milli və bəşəri arxiv sənədləri, habelə, dünya ədəbiyyatının bədii-nəzəri təcrübəsidir. (s. 38-789 və s. 4-1078)

 

Haşiyə: AMEA Nizami adına Ədəbiyyat İnstitutu dünyanın 13 ölkəsi ilə ədəbi əlaqə saxlamaqda, dünya ədəbi fikrinə inteqrasiya olunmaqdadır.

 

- Müstəqillik dövrü ədəbiyyatı, əsasən, aşağıdakı məqsəd və vəzifələri (missiyanı-Ə.Ə.), perspektivləri (gələcək vəzifələri - Ə.Ə.) izləyib:

 

- Müstəqil dövlətin yeni tipli ədəbiyyatıdır. Tipologiyası, ədəbi dəyərləri yenidir.

 

- Azərbaycançılıq məfkurəsinə: çağdaş dövlətçilik, azad insan və azad cəmiyyətə əsaslanır, modern və postmodern ("çoxsəsli, çox ölçülü və çox spektrli") ədəbi mühitə köklənir. Milli realizm və romantizm ənənələrini saxlayır. Ədəbi aktivliyini gücləndirir (bədii metod, növ-janr, bədii cərəyan həssaslığı və s.), azad Azərbaycan obrazı ilə dünyaya çıxır. (Bu barədə geniş bax: Nəticə. s. 1081-1082).

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının 2 cildliyi Azərbaycan ədəbiyyatı tarixidir, yoxsa Azərbaycan ədəbiyyatı tarixçiliyinə zəmin hazırlayan ədəbiyyatşünaslıq əsəridir?!

 

Faktlara istinad edək:

 

Kitab Azərbaycan ədəbiyyatı tarixi deyil, lakin elmi-nəzəri baxımdan akademik nəşrdir. Hazırda AMEA Nizami adına Ədəbiyyat İnstitutu milli ədəbiyyat tarixinin 5 cildini nəşr edib. Ortada fakt, konkret ədəbi təcrübə, elmi-təşkilati zəmin və əsaslar, ciddi iş proqramı vardır. Mövcud ədəbiyyat tarixi cildlərinin tərtib prinsipləri, struktur əsasları elmi və məsul redaktora təbii ki, yaxşı bəllidir. Bəs nədən bu cildlər milli ədəbiyyat tarixi kimi nəzərdə tutulmayıb? Akademik İsa Həbibbəyli yazır: "...Təqdim olunan kitab normativ ədəbiyyat tarixi meyarları, ümumiləşmiş ədəbiyyatşünaslıq prinsipləri ilə deyil, imkan daxilində Azərbaycan ədəbiyyatının ən yeni dövrünün bütün proseslərinə, yaradıcılıq təmayüllərinə, fakt və hadisələrinə geniş baxışı əks etdirmək niyyəti ilə hazırlandığı üçün müəlliflərin fərdi mövqeləri və üslubları "ciddi redaktə" olmadan saxlanılmışdır. (s.27-28)

 

Bu baxımdan kitabda "çatışmayan cəhətlərin olması" təbii deyilmi? Axı müəllifin özü də bunu vurğulayıb. Bu, müəlliflərin qeyd etdiyi kimi, "Azərbaycan ədəbiyyat tarixi" deyil, Azərbaycan ədəbiyyat tarixinin VII cildi üçün "elmi axtarış" mənbəyidir: "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatına geniş planda həsr olunmuş bu kitab Nizami adına Ədəbiyyat İnstitutunda paralel olaraq yazılan "Azərbaycan ədəbiyyatı tarixinin VII cildi üçün elmi axtarış məşqi kimi də əhəmiyyətlidir". (s.28)

 

Belə olduğu halda biz hökm verə bilərikmi, kitabda bölgə yazarlarına, qadın yazarlara...,yaxud "diletant" yazılar üçün yer verilib? Axı müəllif mövqeyi "oxucu" mövqeyi deyil. Təbii ki, bir ədəbiyyat maraqlısı kimi istəməzdim, kitabda "hər kəs" və "hər şey" özünə yer alsın.

 

Fikrimizcə, poeziya, nəsr və dramaturgiyamızın ədəbiyyat xadimləri kitabda lazımi qədər özünə yer alıb. İ.Muğanna, B.Vahabzadə, X.R.Ulutürk, M.Araz, İ.Şıxlı, Ə.Cəfərzadə, S.Əhmədli, S.Rüstəmxanlı, Anar, Elçin, Yusif və Vaqif Səmədoğlular, Rüstəm və Maqsud İbrahimbəyovlar, M.Süleymanlı, İ.Məlikzadəvə bir çox başqaları. Bu baxımdan akademik İsa Həbibbəylinin ön sözü (s. 15-16,18-23) və professor Tehran Əlişanoğlunun icmal yazılarını izləmək kifayətdir. (səh. 188-210; 254-256, 274-280; II cild: s. 4-28; 146-148; 154-174; 193-204; 271-311). İnsafən, başqa müəlliflərin nəsr haqqında yazılarında (s. 148-153; 225-232; 257-270 və s.) da nüfuzlu ədəbi şəxsiyyətlərin adları çəkilib, xidmətləri qeyd olunub (Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, C.Cabbarlı, H.Cavid, Ü.Hacıbəyov, Ə.Ağaoğlu, İ.Muğanna, İ.Şıxlı, İ.Əfəndiyev, Ə.Cəfərzadə, S.Əhmədli, R.Tağı, V.Sultanlı, Ə.Salahzadə, O.Fikrətoğlu, S.Alışarlı, H.Herisçi və başqaları). Bir çox başqaları da özünə yer alsaydı, əlbəttə, yaxşı olardı.

 

İkicildliyin portret-oçerklər bölümündə B.Vahabzadə, X.R.Ulutürk, M.Araz, S.Rüstəmxanlı, Z.Yaqub, Anar, Elçin, Y. və V.Səmədoğlular, N.Həsənzadə, F.Qoca, K.Abdulla, M.İsmayıl, R.Rövşən, R.Behrudi, V.B.Odər, H.Kürdoğlu, M.Yaqub, M.Süleymanlı, A.Məsud, S.Səxavət, Ə.Əmirli, F.Mustafa, Hidayət, N.Gün, E.Axundova, R.Məcid, S.Vəliyeva, A.Abbas, Ç.Abdullayev, F.Məmmədlivə başqaları da özünə yer alıb. Fikrimcə, müəyyən subyektiv hallar da olub. Elə bilirəm, portret-oçerk kimi təqdim olunmuş bəzi müəlliflər haqqında icmal yazıların verilməsi daha məqsədəuyğun olardı. Güman edirik ki, Azərbaycan ədəbiyyatı tarixinin VII cildi çapa hazırlanarkən vacib meyarlar gözləniləcəkdir.

 

Kitabda yazı materiallarının həcmi gözlənilməyib. Fikrimizcə bu, oçerk müəlliflərinin qarşısında həcm tələbinin qoyulmaması ilə bağlı olub.Bir sıra müəlliflər çağdaş ədəbiyyat sahəsində monoqrafiya müəllifləridir. Bu da onlara imkan verib ki, portret-oçerklərini daha geniş planda hazırlasın. Düşünmək olar ki, milli ədəbiyyat tarixininVII cildinəşrə hazırlanarkən proporsiyaya əməl olunacaqdır.

 

Doğrudur, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"nda İsmayıl Şıxlı, İsa Muğanna, Əzizə Cəfərzadə, Sabir Əhmədli kimi görkəmli sənətkarlar haqqında portret-oçerklər verilməyib. Fəqət həmin müəlliflər haqqında geniş səhifələr verilib, elmi-nəzəri və ədəbi-estetik təhlillər aparılıb, onların bədii irsinin əhəmiyyəti göstərilib.

 

Haşiyə: XX əsr Azərbaycan ədəbiyyatı şöbəsi İnstitut rəhbərliyinin təşkilatçılığı, professor Şirindil Alışanlının redaktorluğu ilə Azərbaycan ədəbiyyatı tarixi çoxcildliyinin VI-sını nəşrə hazırlayır. Redaksiya heyəti əlyazmalar üzərində gərgin çalışır. Bildiyim qədər, həmin cilddə görkəmli nasirlər İ.Şıxlı, İ.Muğanna, Ə.Cəfərzadə, S.Əhmədov və başqalarına geniş yer veriləcək, onların əhatəli portret-oçerkləri təqdim ediləcəkdir. Bu sənətkarlar Azərbaycan mədəniyyətinin qiymətli genefonu, zəngin mənəvi irs və varisliyidir. Onlar ədəbi-tarixi yaddaşımızın səviyyə göstəriciləridir.

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı ikicildliyi nəşrə sürətlə hazırlanıb. Cildlər təxminən milli dövlət müstəqilliyimizin 25 illiyi ərəfəsində çapdan çıxıb. Bu, onu göstərir ki, kitab üzərində sürətlə iş gedib və"Müasir Azərbaycan ədəbiyyatı" şöbəsi vacib vəzifənin öhdəsindən vaxtında gələrək 1888 səhifəlik kitabı elmi-ədəbi ictimaiyyətin ixtiyarına verib.

 

Haşiyə: 18 oktyabr 2016-cı il tarixində AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin təqdimatı keçirilib. Səlahiyyətli söz sahibləri kitab haqqında qiymətli fikirlər söyləyib, onun elmi-nəzəri əhəmiyyətini qeyd ediblər.

 

"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi nəşrə hazırlayıb, professor Tehran Əlişanoğlu nəşrin bütün işlərinə məsul olub. Göründüyü kimi, kitabda həm elmi redaktorun, həm də məsul redaktorun imzası çoxdur. Bu, təbii görünməyirmi?

 

Akademik İsa Həbibbəyli universal elmi dünyagörüşə, kifayət qədər tarixi, sosial-siyasi və ədəbi-nəzəri biliyə malik olan ziyalıdır. O, romantik və realist, klassik və müasir ədəbiyyatın ciddi problemləri ilə məşğul olur, bu sahədə həlli vacib problemləri nəzərə alır və fəaliyyətin elmi prioritetlərini müəyyənləşdirir. Nizami adına Ədəbiyyat İnstitutunda ədəbi-tənqid və publisistika, tərcümə və ədəbi əlaqə şöbələri, habelə Nizamişünaslıq və Füzulişünaslığa aid elmi qurumların yaradılması da bu səbəbdən həyata keçirilib.

 

Akademik İsa Həbibbəyli dövlət və millət sevgisi, tarixi yaddaş zənginliyi olan ziyalı, uluların və öndərlərin elmi-nəzəri fikrini güclü natiqlik məharəti və yazı səriştəsi ilə birləşdirən tanınmış təşkilatçı-alimdir.

 

Professor Tehran Əlişanoğlu da müasir ədəbiyyat mütəxəssisi, səlahiyyətli ziyalıdır. O səbəbdən ki, 1920-1980 və müstəqillik dövrü Azərbaycan ədəbiyyatına aid qiymətli tədqiqatların müəllifidir. Onun ədəbi-elmi fəaliyyət sahəsində böyük səriştəsi vardır. Bu baxımdan alimin məsul redaktor kimi "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" nəşrindəki haqqı və yeri aydın görünəndir.

 

"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" kitabındakı portret-oçerklərin çoxu ciddi ədəbiyyat tarixçiləri, elmdə xidmətləri olan ədəbiyyatşünaslar tərəfindən yazılıb. Məqalələrin çoxu peşəkarlıqla qələmə alınıb. Professor Yaşar Qarayev demişkən, bütün səviyyələrdə meyar şəxsiyyətdir!

 

Kitablar insan ruhu, insan zəkasının müqəddəs yazılarıdır. Hər yaranan kitab müdrikliklə vicdanın ittifaqı, vicdanlı ağlın səviyyə göstəricisidir. Hər yaranan kitab tarixlə mədəniyyətin müttəfiqliyi, keçmişlə gələcəyin varisliyi, tarixi-mənəvi yaddaşdır. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi ən yeni dövr Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyəti sayılmağa layiqdir.

 

Əlizadə ƏSGƏRLİ

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2016.- 6 dekabr.- S.7.