Görkəmli kitabxanaşünas alim və
dəyərli mədəniyyət xadimi
Abuzər Xələfov
- 85
Bu il
kitabxana ictimaiyyəti çox əlamətdar bir yubileyi -
görkəmli kitabxanaşünas alim, Birləşmiş Millətlər
Təşkilatı yanında Beynəlxalq
İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan
Respublikasının Əməkdar elm xadimi və Əməkdar
mədəniyyət işçisi, "Şöhrət"
ordenli, tarix elmləri doktoru, professor Abuzər Alı oğlu Xələfovun
85 illik yubileyini təntənəli şəkildə qeyd edir.
Abuzər
müəllim Azərbaycanda ali təhsil sisteminin və Azərbaycan
mədəniyyətinin ayrılmaz bir hissəsi kimi
kitabxanalarımızın inkişafında əvəzsiz xidmətləri
olan, elm, təhsil və mədəniyyətin inkişafına
öz dəyərli töhfələrini verən görkəmli
alimdir.
Nəinki
ölkəmizdə, hətta onun hüdudlarından çox-çox
uzaqlarda belə tanınmış ziyalı Abuzər Xələfovun
kitabxanaşünaslıq elmi üçün etdiyi xidmətlər
hamıya bəllidir. İftixar hissi ilə deyə bilərik
ki, xalqımızın çoxəsrlik mədəniyyət
tarixinin, onun tərkib hissəsi olan kitab və kitabxana mədəniyyətinin
təşəkkülü və inkişaf mərhələlərini
sistemli və kompleks tədqiq edən ilk tədqiqatçı,
məhz Abuzər Xələfovdur. Onun namizədlik və
doktorluq dissertasiyaları məhz bu problemin həllinə həsr
olunmuşdur. İlk dəfə olaraq 1961-ci ildə "Azərbaycanda
kitabxana işinin tarixindən (1920-1932)" mövzusunda namizədlik,
1975-ci ildə isə "Azərbaycanda kitabxana işinin tarixi
(1933-1958)" mövzusunda doktorluq dissertasiyasını
müdafiə edərək həm Azərbaycanda, həm də
keçmiş Sovet məkanında kitabxana işi sahəsində
ilk tarix elmləri doktoru alimlik dərəcəsi
almışdır.
Miqyaslı
alim olmaqla yanaşı, Abuzər müəllim Azərbaycan
ali təhsil sistemində xüsusi yeri və nüfuzu olan ustad
pedaqoqlarımızdan, söz sahibi olan müdrik
ağsaqqallarımızdan biridir. Bütün şüurlu həyatını
Bakı Dövlət Universitetinin inkişafına həsr
etmiş professor Abuzər Xələfovun ən böyük
canlı əsəri Universitetin
Kitabxanaçılıq-informasiya fakültəsidir. 25 il həmin
fakültənin dekanı vəzifəsini yüksək peşəkarlıq
və məsuliyyətlə, təşkilatçılıq
bacarığı və idarəçilik səriştəsi
ilə icra edən alim ixtisaslı elmi kadrların
hazırlanmasında, sahənin elmi potensialının möhkəmlənməsində
böyük zəhmət və əmək sərf
etmişdir. Professor A.Xələfov sonradan bu barədə
yazırdı: "Müstəqil Kitabxanaçılıq
fakültəsinin təşkili Azərbaycan mədəniyyət
və təhsil tarixində çox mühüm hadisə idi.
Fakültənin yaradılması mədəniyyətin olduqca
mühüm sahələrindən biri olan müxtəlif tip
kitabxanaları yüksəkixtisaslı kadrlarla təmin etmək
imkanı verməklə bərabər, respublikamızda əhaliyə
kitabxana xidmətinin təşkilinin
yaxşılaşdırılmasına şərait
yaradırdı. Bu hadisə eyni zamanda
kitabxanaşünaslıq və biblioqrafiya elmlərinin
inkişaf etdirilməsi, əsaslı elmi tədqiqatların
aparılması, elmi işçilərin və fakültə
üçün müəllim kadrların hazırlanması
sahəsində geniş imkanlar açdı". 1955-ci ildən
- Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə
başladığı müddətdən bu günə kimi
Azərbaycanda kitabxanaşünaslığın
ayrı-ayrı problemləri üzrə ilk elmi tədqiqat
işləri yazmış, ali kitabxanaçılıq təhsilinin
inkişafına dəyərli töhfələr vermiş
yüzlərlə səriştəli kitabxanaçı
kadrların, alimlərin yetişməsində misilsiz xidmətlər
göstərmişdir.
Alimin Azərbaycanda
kitabxana işinin tarixi inkişafına dair çoxsahəli tədqiqatları
sayəsində ərsəyə gəlmiş "Azərbaycanda
kitabxana işinin tarixindən (1870-1920)" (1960), "Azərbaycanda
kitabxana işinin tarixi (1933-1958)" (1974), "Azərbaycanda
ali kitabxanaçılıq təhsili" (1998),"Azərbaycanda
kitabxana işinin tarixi: ən qədim dövrdən XX əsrə
qədər" (2004), "XXI əsrin əvvəllərində
Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri:
mülahizələr, təkliflər və proqnozlar"
(2006), "Azərbaycanda kitabxana işinin tarixi: XX əsrin
birinci yarısında" (2007), "Azərbaycanda kitabxana
işinin tarixi: XX əsrin ikinci yarısında və XXI əsrin
əvvəllərində" (2010), "Kitabxana və cəmiyyət"
(2011), "Kitabxanaşünaslığın tarixi və
metodologiyası" (2014) "Türk dünyası milli
kitabxanaları" (2016) əsərləri Azərbaycanda milli
kitabxanaşünaslıq elminə dəyərli töhfələr
hesab edilir.
Abuzər
müəllimin xarakteri üçün əsl vətəndaşlıq,
milli təəssübkeşlik, dövlət və dövlətçiliyə
sədaqət, yüksək ziyalılıq,
yürütdüyü mühakimələrdə elmilik və
məntiqilik, şəxsi müstəvidə xeyirxahlıq, əsl
insani münasibətlər səciyyəvidir.
Professor
A.Xələfov ümummilli liderimiz Heydər Əliyevin irsinin
öyrənilməsi, kitab, kitabxana və biblioqrafiya mədəniyyətinin
inkişafı sahəsində onun xidmətləri, ulu öndərin
bu sahədəki siyasətinin Prezident cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsinə həmişə
elmi tədqiqatlarında xüsusi önəm vermişdir.
"Heydər Əliyev və Azərbaycanda kitabxana
işi", "Kitabxana işinə dair Heydər Əliyev
doktrinası uğurla həyata keçirilir", "Heydər
Əliyev: Biblioqrafik məlumat kitabı", "XXI əsrin əvvəllərində
Azərbaycanda kitabxana işinin əsas inkişaf istiqamətləri
(mülahizələr, təkliflər və proqnozlar)"
adlı monoqrafiyaları zəngin elmi axtarışların nəticəsi
kimi qiymətləndirilməlidir. Bu əsərlər onun milli
dövlətçilik ideyalarına, azərbaycançılıq
ideologiyasına sədaqətini bir daha göstərir.
Abuzər
müəllimin ən mühüm keyfiyyətlərindən
biri kimi çalışdığı sahədə həyata
keçirilməsi zəruri olan obyektiv prosesləri daha tez və
dərindən dərk etməsi və bu istiqamətdə
konkret addımlar atmasıdır. Dünyada qlobal
informasiyalaşdırma proseslərinin getdiyini görən Abuzər
müəllim 1999-cu ildə BDU-nun Kitabxanaşünaslıq
kafedrasının nəzdində "Kitabxanaların
kompüterləşdirilməsi" elmi-tədqiqat
laboratoriyasını yaratmaqla ölkədə bu prosesə
güclü təkan verdi. Müasir informasiya-kommunikasiya
texnologiyalarının kitabxana-biblioqrafiya işinə tətbiqi
bundan sonra ölkə miqyasında yayılmağa
başladı. Nəticədə Azərbaycanda
kitabxana-informasiya məkanında ab-hava dəyişdi. Bu da Abuzər
müəllimin millət və dövlət
qarşısında böyük xidmətlərindən
biridir.
Bakı
Dövlət Universitetinin fəxri professoru Abuzər Xələfov
milli kitabxanaşünaslığın nəzəri əsaslarının
işlənməsində öndə getdiyi kimi, eyni zamanda ali
və orta ixtisas kitabxanaçılıq təhsilinin
standartlarının hazırlanmasının rəhbəri
olmuşdur. O, müvafiq sahə üzrə dünyada baş
verən prosesləri, Avropanın aparıcı ali və orta
ixtisas təhsili məktəblərinin tədris
planlarını diqqətlə öyrənmiş və milli
xüsusiyyətləri nəzərə almaqla orijinal
"Kitabxanaçılıq-informasiya",
"Kitabşünaslıq" ixtisasları üzrə təhsil
planlarını hazırlayan işçi qrupunun rəhbəri
olmuşdur. Respublikada kitabxanaşünaslıq elminin
inkişafı sahəsində, həmin sahənin
hüquqi-normativ bazasının yaradılması yolunda ciddi
işlər aparmış, 1998-ci ildə onun sədrliyi ilə
ölkədə kitabxana işi sahəsində dövlət
siyasətinin əsasını təşkil edən
"Kitabxana işi haqqında" Azərbaycan Respublikası
qanununun layihəsi hazırlanmış, Milli Məclis tərəfindən
qəbul edilmişdir. Dəyərli alimin fəal
iştirakı ilə "Azərbaycan Respublikasının
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı" hazırlanmışdır.
Bu rəsmi sənədlər həm Azərbaycanda
kitabxanaçılıq işinin inkişafında, həm də
respublika kitabxanalarının müasir dövrün tələblərinə
uyğun şəkildə dünya standartları üzrə fəaliyyətinin
təmin edilməsində mühüm əhəmiyyət kəsb
etmişdir.
2015-ci ildə
bütün kitabxana ictimaiyyəti üçün çox əlamətdar
bir nəşr olan "Azərbaycan Kitabxana
Ensiklopediyası" Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin imzaladığı "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafi üzrə Dövlət Proqramı"na
müvafiq olaraq Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi ilə Azərbaycan Milli
Kitabxanasının birgə layihəsi kimi işıq
üzü görmüş və Milli Kitabxanada təqdimatı
keçirilmişdir. Layihə rəhbəri Azərbaycan Respublikasının
Mədəniyyət və turizm naziri fəlsəfə üzrə
fəlsəfə doktoru Əbülfəs Qarayev olan Azərbaycanda
kitabxana işi sahəsində hazırlanan ilk fundamental soraq-məlumat
nəşrinin elmi redaktoru Azərbaycan milli
kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Xələfovdur.
Respublikamızın əsas elmi kitabxanalarının rəhbərləri
və aparıcı mütəxəssislərinin, görkəmli
alimlərin daxil olduğu redaksiya heyətinin və
işçi qrupunun bir neçə illik gərgin əməyinin
nəticəsi olan ensiklopediya alimin xüsusi göstərişləri
və dəyərli tövsiyələri əsasında
işıq üzü görmüşdür.
Ümumilikdə,
300-ə yaxın elmi əsərin, 10 monoqrafiya, 30- dan artıq
kitabın - dərslik və dərs vəsaitlərinin müəllifidir.
30-a yaxın elmlər namizədi və doktor
yetişdirmişdir.
Azərbaycan
Respublikası Mədəniyyət və Turizm Nazirliyi görkəmli
kitabxanaşünas alim Abuzər Xələfovun fəaliyyətini
daim yüksək qiymətləndirmişdir. Belə ki,
2006-cı ildə R.Behbudov adına Mahnı Teatrında A.Xələfovun
75 illik yubileyinə həsr olunmuş təntənəli tədbir
keçirilmiş və Nazirliyin dəstəyi ilə
"Professor Abuzər Xələfov" adlı biblioqrafik məlumat
kitabı çap edilərək respublikanın şəhər
və rayon kitabxanalarına paylanmışdır. 2011-ci il 14
dekabr tarixində Milli Kitabxanada Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının birgə
təşkilatçılığı ilə görkəmli
kitabxanaşünas alim, professor Abuzər Xələfovun 80
illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans
keçirilmişdir. Yubiley ərəfəsində görkəmli
alim Nazirliyin Fəxri Fərmanı ilə təltif
edilmişdir. Eyni zamanda 2011-ci ildə Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş iki
kitabın - Abuzər Xələfovun "Kitabxana və cəmiyyət"
monoqrafiyası və "Abuzər Xələfov"
biblioqrafik məlumat kitabının təqdimetmə mərasimi
də keçirilmişdir.
Böyük
fəxarət hissi ilə xidmətləri barədə
danışdığımız alimin əməyi və zəhməti
təbii ki, dövlətimiz tərəfindən dəyərləndirilmiş
və o, ən yüksək mükafatlara layiq
görülmüşdür. Hələ 1969-cu ildə Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət
işçisi fəxri adını almış, 2000-ci ildə
"Şöhrət" ordeni, 2001-ci ildə "Əməkdar
elm xadimi" fəxri adı, "Xeyriyyəçilik və
maarifçilik" medalı, 2002-ci ildə "Təhsil sahələri
üzrə nailiyyətlərə görə"
mükafatı, 2005-ci ildə "İlin müəllimi"
fəxri adı, 2006-cı ildə "Əlaçı təhsil
işçisi" döş nişanı, 2007-ci ildə Azərbaycan
Respublikası Prezidentinin Fəxri Təqaüdçüsü,
2009-cu ildə "İlin nüfuzlu ziyalısı" fəxri
diplomuna layiq görülmüş, 2016-cı ildə isə
Bakı Dövlət Universitetinin ilk fəxri professoru
seçilmişdir.
Azərbaycan
kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq
elmlərinin və məktəbinin, ali
kitabxanaçılıq təhsilinin banisi,
xalqımızın kitabxana-biblioqrafiya mədəniyyətinin
lideri Abuzər müəllim şöhrətin zirvəsinə
halal zəhməti ilə çatmış və bu
halallığın, zəhmətkeşliyin,
prinsipiallığın, mübarizliyin ona bundan sonra da daha
yüksək zirvələr fəth etməyə imkan verəcəyinə
ürəkdən inanırıq.
Abuzər
müəllim həyatının müdrik və məhsuldar
dövrünü yaşayır. Onun bütün həyatı
elmə, təhsilə və Azərbaycan mədəniyyətinin
inkişafına həsr olunmuşdur. Alim bu gün də
kitabxanaçılıq işinin çiçəklənməsi
və daha da inkişafına, onun müasir dünya
standartları səviyyəsində təşkilati və idarəçilik
baxımından möhkəmlənməsinə dəyərli
tövsiyələri və təklifləri ilə hər zaman
dəstək olur, köməklik göstərir.
Çox
hörmətli, Abuzər müəllim! Sizə 85 illik
yubileyiniz münasibətilə möhkəm can-
sağlığı, apardığınız işlərin
bütün istiqamətlərində müvəffəqiyyətlər,
yeni nailiyyətlər və uğurlar arzulayırıq. Sizdən
yeni-yeni yaradıcılıq əsərləri, həmişə
ehtiyac duyduğumuz öyüd və nəsihətlərinizi,
tələbəniz və davamçınız kimi peşəkar
tövsiyələrinizi gözləyirik.
Kərim
TAHİROV
Azərbaycan
Milli Kitabxanasının direktoru, professor
Nadir İSMAYILOV
BDU-nun Biblioqrafiyaşünaslıq
kafedrasının müdiri, dosent
525-ci qəzet.- 2016.- 6 dekabr.- S.4.