Hüseyn Cavid dilinin leksikası əhatəli tədqiqat işığında

 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayevanın yeni monoqrafiyası çapdan çıxıb.

"Hüseyn Cavid dilinin leksikası" adlanan monoqrafiyada görkəmli Azərbaycan şairinin bədii dilinin leksikası müasir dilçilik elminin yeni metodları işığında tədqiq olunub.

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapı məsləhət görülən tədqiqat əsərinin elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, rəyçiləri isə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərovadır. 220 səhifəlik monoqrafiyada Hüseyn Cavid dilinin leksikası üç fəsildə araşdırılıb. Həmçinin kitabın sonunda istifadə olunmuş 130-dan çox ədəbiyyatın siyahısı da oxuculara təqdim olunub.

Hüseyn Cavid Azərbaycan ədəbiyyatında istər öz nəsildaşları, istərsə özündən əvvəlki sonrakı şair yazıçılardan dil faktına görə kəskin şəkildə fərqlənirdi. Belə ki, romantik bir şair olaraq romantizm cərəyanında təmsil olunan, həmçinin bir çox həmyaşıdlarından fərqli olaraqFransa, Rusiya kimi Qərb ölkələrində, nə də İran, İraq, Suriya kimi Şərq ölkələrində deyil, Şərq və Qərbin ən kəskin şəkildə sintezini özündə əks etdirən Türkiyədə İstanbulda təhsil alan Cavid əfəndinin ədəbi dilində də burada oxuması, yaşaması öz təsirini göstərmişdi. Şairin zamanında Osmanlı türkcəsi olaraq bilinən və günümüzdə Türkiyə türkcəsi kimi səciyyələndirilən türkcə ilə Azərbaycan türkcəsinin qarşılıqlı əlaqədə olduğu bədii dili ilə Hüseyn Cavid təbii olaraq öz həmkarlarından seçilirdi. Belə bir bədii yazı dilinə məxsus olan dahi sözfikir sahibinin leksikasının tədqiqata cəlb etmək də müasir dilçilik elminin qarşısında duran mühüm problemlərdən biri idi. Bu mənada tədqiqatçı araşdırmaya cəlb etdiyi mövzunun öhdəsindən ustalıqla gələ bilmişdir. Həm də nəzərə alsaq ki, XXI əsrdə türkdilli xalqların bir-birinə qarşı yaxınlaşması, ortaq türkcənin yaradılması ətrafında gedən müzakirələr, türk dünyasının birliyi məsələləri fonunda həmin düşüncəyə birbaşa təsir edən yazıçı və şairlərin, sənətkarların dilinin öyrənilməsi xüsusi əhəmiyyətə malikdir.

Monoqrafiyaya önsöz yazan kitabın elmi redaktoru Nizami Cəfərov da bu məqamı xüsusilə qabardaraq qeyd edir ki, "Bu gün türk dillərinin inteqrasiyası - ortaq türkcə axtarışları, xüsusilə Türkiyə türkcəsinin ortaq ünsiyyət vasitəsi kimi fəaliyyəti genişlənir. Bu baxımdan Hüseyn Cavidin dil təcrübəsinin öyrənilməsi tarixi əhəmiyyət kəsb edir. Hüseyn Cavid ana dilinin leksik zənginliyini, leksik-semantik ifadə imkanlarını, linqvopoetik gücünü nümayiş etdirən ən böyük mütəfəkkir sənətkarlarımızdan biridironun zəngin nitq təcrübəsinin öyrənilməsinə xüsusi bir ehtiyac duyulur".

Filologiya üzrə fəlsəfə doktoru Çinarə Rzayeva da bu "tarixi əhəmiyyət kəsb edən Cavid dilinin öyrənilməsi" məqsədilə bir neçə istiqamətdə tədqiqatlar aparıb.

Monoqrafiyanını birinci fəslində Hüseyn Cavidin də mənsub olduğu Romantizm cərəyanı nümayəndələrinin dil təcrübəsi və bu təcrübə çərçivəsində Hüseyn Cavid dili öyrənilib. Bu zaman Hüseyn Cavidlə yanaşı romantizm cərəyanına mənsub olan Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Abdulla Şaiq, Əhməd Cavad kimi söz sənətkarlarının bədii dili araşdırılmış, həmçinin Hüseyn Cavidin ümumtürk ədəbi dili yaratmaq uğrundakı mübarizəsi ön plana çəkilmişdir.

Monoqrafiyanın ikinci fəslində Hüseyn Cavid leksikasının mənşəcə tərkibi əhatəli şəkildə tədqiqat süzgəcindən keçirilib. Bu zaman gənc alim müxtəlif yarımbaşlıqlarda Cavid dilini ən xırda detallara qədər araşdırmaya cəlb edir. Belə ki, Cavid leksikasında Azərbaycan türkcəsi, Türkiyə türkcəsi və arxaik türk sözləri olmaqla türk mənşəli sözləri öyrənir. Bununla bərabər Cavid yaradıcılığındakı ərəb və fars mənşəli sözlər həmin dillərin məna qrupları, fonetik xüsusiyyətləri, ön şəkilçili sözləri diqqətə alınaraq araşdırılıb və ədəbi dildə sabitləşməyən ərəb və fars mənşəli sözlər də ayrıca başlıq altında şərh edilib.

Çinarə Rzayeva bu fəsildə Cavid dilinə olduqca həssaslıqla və diqqətlə yanaşaraq görkəmli şairin dilindəki rusAvropa mənşəli sözləri tədqiqata cəlb edib. Bu zaman müəllif həmin dillərdən dilimizə keçmiş ümumişlək sözləri, terminləri, antroponimləri və toponimləri də ayrı-ayrılıqla araşdırıb. Etiraf etmək lazımdır ki, bu zaman o, təkcə öz istəyinə nail olmayıb, həm də dilçilik elminə öz töhfələrini verməyi bacarıb.

Monoqrafiyanın üçüncü fəslində Hüseyn Cavid leksikasının üslubi-poetik xüsusiyyətləri geniş şəkildə şərh olunub. Bu fəsil də özlüyündə bir neçə yarımbaşlığa bölünüb. Həmin yarımbaşlıqlarda Cavid leksikasındakı bədii təsvir vasitələri və bədii ifadə vasitələri (üslubi fiqurlar) yenimüasir elmi baxış nöqteyi-nəzərindən dilçilik elminə təqdim olunur.

Bütün bu araşdırmalar monoqrafiyanın Nəticə hissəsində ümumiləşdirilib və bu zaman biz "Hüseyn Cavid dilinin leksikası" əsərində bir çox elmi yeniliklərlə qarşılaşırıq.

Zəngin mütaliə, yorulmaz axtarışlar və zəhmət hesabına ərsəyə gələn monoqrafiya təkcə Cavid irsinin, Cavid dilinin leksikasının öyrənmək baxımından deyil, dilçilik elmində də bir çox problemlərin şərhi zamanı əhəmiyyətli əsər olaraq sevilərək oxunacaq və müraciət ediləcək mənbə rolunu oynayacaq.

Bizöz növbəmizdə gənc alim Çinarə xanımı bu cür dəyərli elmi əsər ortaya qoyduğu üçün təbrik edir, növbəti tədqiqatlarında uğurlar arzulayırıq.

 

Elxan YURDOĞLU

 

525-ci qəzet.- 2016.- 7 dekabr.- S.7.