Qəfəsdəki qartal

 

(hekayə)

 

Yeməkxana sıx meşənin xəlvət bir guşəsində yerləşsə də, müştəri sarıdan kasadlıq çəkmirdi.

Yeməkxana sahibi gəlirindən xəsislik etməyib bir qədər ayırmış, müştərilərin rahatlığı üçün obyektə babatca çınqıl bir yol da çəkdirmişdi.

Qəfəsə salınan qartal haqqında söz-söhbət yayılandan sonra yeməkxananın adı daha da məşhurlaşmış və təbii ki, təkcə yeyib-içməyə görə yox, qəfəsdəki qartala tamaşa etmək üçün buraya gələnlərin sayı da birə-beş artmışdı.

Yeməkxanadan azca aralıda boz qayalar idi və burasını da deyək ki, elə qayaların başında cövlan edib qıy vuran qartalların səsinə də qulaq asmaq üçün gələn məxsusi müştərilər də var idi.

Günlərin bir günü yeməkxana sahibinin yolu o qayaların ətəyindən düşmüşdü və qanadlarını bir-birinə çırpa-çırpa daş kimi düşüb yerdə qalan, pərvazlanıb qanadlanmaq istəyən yaralı qartal balasına rast gəlmişdi.

Qartal balasını isti yuvasından tüfəng səsi diksindirmiş və o da yuvasından qopub yerə düşmüş, qanadlarından birini zədələmişdi.

Yerdə qalmış körpə qartal səs çıxarıb guya ki, özlüyündə qıy vururdu; bu səsə qulaq asa-asa yeməkxana sahibi özlüyündə belə bir qənaətə gəldi ki, yox, balam, yəqin qartallar yalnız səmada, yüksəklikdə cövlan edəndə qıy vura bilirlər.

Körpə qartalın səsi isə köməyə, imdada çağıran yalvarış idi.

Yeməkxana sahibi yaralı quşa yaxınlaşdı. Bütün ehtiyat tədbirlərini nəzərə alıb körpə qartalın qanadlarından yapışdı.

Körpə qartalın canı qədər ağrı-acılı idisə, görünür, aclıq da ona güc gəlmişdi, çünki gözü ağaclardan asılmış şaqqallanmış cəmdəkləri alan kimi kişinin əlində dartındı.

Qartal balasını boş bir otağa salıb qabağına su qoydular, ət parçaları atdılar. Yeməkxananın daimi müştərilərindən olan bir ovçu yaralı qartal balasının zədəli qanadını bərk-bərk sarıdı.

Qartal balası bir-iki həftəyə dirçəlib sağaldı. Dustaq olduğu otaqdan azad olmaq üçün özünü daşa-divara çırpdı. Yeməkxana sahibi qartal balasının daha otaqda saxlamağın mümkün olmadığını görüb əvvəlcə ona rəhmi gəldi, qapını açıq qoyub onu azadlığa buraxmaq istədi. Ancaq fikirləşdisə ürəyində "lənət şeytana" deyib tapşırıq verdi, möhkəm dəmir məftillərdən iri bir tor qəfəs düzəltdirdi. Lap zooparklardakı qəfəslərə oxşayırdı. Yeməkxananın dörd-beş zirək işçisi köməkləşib axır ki, qartal balasını qəfəsə saldılar o qəfəsi yeməkxananın gen-geniş həyətində iri bir palıd ağacının altında qoydular.

Qəfəsə salınan qartal haqqında söz-söhbət yayılandan sonra yeməkxananın sorağı bir az da uzaqlara yayıldı müştəri sarıdan onsuz da korluq çəkməyən yeməkxanaya gələnlərin sayı birə-beş artdı. Yeməkxanaya gələn yeyib-içib hallananlar stoldan qalxandan sonra qəfəsin qoyulduğu yerə yaxınlaşırdılar. Qartalın qabağı yemək sarıdan heç vaxt kasad olmasa da, bəzi hal əhli olanlar qartal üçün kabab sifariş edər yağlı kabab tikələrini öz əlləri ilə şişdən çəkib qartalın qabağına atardılar.

 

lll

 

Yenə yeməkxana müştəri sarıdan gur idi qollu-budaqlı bir ağacın kölgəsində qoyulmuş uzaq stolların birinin arxasından birdən səs-küy qalxdı. Şirin dilli, xoş qılıq, görüb-götürmüş yeməkpaylayan cəld özünü stola çatdırdı.

Beş nəfər idilər. Aralarındakı arıq, uzun, caydaq oğlan əlindəki badəni yerə qoymuşdu. Hıçqıra-hıçqıra elə hey təkrar edirdi:

- Yox, yox, yox! Mən bu sağlığa içə bilmərəm, içə bilmərəm!

Elə bil həmxanələr qəsdə durmuşdular:

- Neçə ildir bu sağlığa içirik. İndi noldu belə...

Caydaq içini çəkdi; gözünün yaşı sel kimi axırdı: - Sözə bax! Gül olaq, bülbül olaq, qəfəsdə olmayaq...

Caydaq barmağını qəfəsdəki qartala tərəf tuşladı:

- Əgər qartal gözümün qabağında dustaqdırsa, mən hardan bilim ki, mən bülbülü qəfəsə salmayacaqlar.

Caydaq dolu badəsini kənara itələyib araq şüşəsini əlinə alıb qarşısındakı çappa-stəkanlardan birini ağzına kimi doldurub sağlıqsız-filansız başına çəkdi. Bundan sonra sakitləşib yerində oturdu. Yoldaşları pərtləşsələr üstünü vurmadılar.

Söhbətin əmin-amanlıqla qurtardığını görən yeməkpaylayan rahat nəfəs alıb stoldan uzaqlaşdı.

Müştərilərin başı yemək-içməyə qədər qarışmışdısa da, onları əyləndirən yerli aşığın ifa etdiyi gözəlləmələr, qara zurnanın səsi yeməkxananı başına alsa da, birdən hamı diksindi. Qəfil qartal qıyı elə bil bütün səsləri batırdı. Qəfəsdəki qartalın düz başı üstdə bir qartal cövlan edir, qıy vururdu. Elə bil bu səsdə həm bir ana fəryadı, ana yalvarışı da var idi. Birdən qəfəsdəki qartal da qanadlarını çırpa-çırpa səs çıxartdı. Ancaq bu səs elə bil anasından ayrı düşüb indi yazıq-yazıq civildəyib onu axtaran cücənin səsinə oxşayırdı.

Hətta hallanmış müştərilər , yeməkxanada çalışanlar da diksindilər.

Caydaq oğlan stoldan qalxıb yerindən səndələyə-səndələyə yaxşı tanıdığı yeməkxana sahibinə yaxınlaşdı, üzünü ona tutub ağlamsına-ağlamsına:

- Günahdır, ay dayı,-dedi,- vallah günahdır, billah günahdır... qədər desən verəcəyəm, qiymətini de, qartalı satın alıram... Azad edəcəyəm...

 

lll

 

Əvvəlcə qəfəsi neçə ildən bəri qoyulduğu yerdən qaldırıb yeməkxanadan xeyli qırağa, açıq talaya gətirdilər. Qartal özünü dəfələrlə qəfəsin dəmir qapılarına çırpmışdı, sanki o da bilirdi ki, onu qəfəsdən çıxmağa qoymayan dəmir barmaqlı bu qapılardır. Əvvəlcə qapının qıfılını açdılar. Sonra da qıraqda durub uzun qarmaqla qəfəsin qapısını araladılar.

Qartal açıq qapılara baxıb döyükə-döyükə qalmışdı, sanki qəfəsdən, bu tor məhbəsdən azad olduğuna inanmırdı. Qartal çölə çıxıb səmaya pərvazlanmaq istədisə , qanadlana bilmədi. Elə beləcə uçub qəfəsdən uzaqlaşdı.

 

lll

 

Aradan bir müddət keçəndən sonra rəhmdil oğlan yenə öz yoldaşları ilə meşədəki yeməkxanaya gəlmişdi. yenə qartalı burada, qəfəsdə gördü. Rəhmdil oğlan hirs-hikkəylə yeməkxananın yiyəsinə yaxınlaşdı. Yeməkxananın sahibi rəhmli oğlanın qırımını ayrı görüb:- Bir səbirli ol,-dedi,- Mən danışım, sən qulaq as...

Qartalı qəfəsdən açıb buraxdıqdan sonra elə ertəsi gün yeməkxananın ətrafında uçan gördük. İlk əvvəl fikirləşdik ki, yəqin quş uzun müddət yaşadığı yer üçün qəribsəyib. Onun bu etibarlılığı açığı bizi mütəəssir etdi. Sonra yenə uçub getdi. Bir müddət qartal görünmədi. Sonra xəbər tutduq ki, bizim qartalı qonşu yeməkxanada görən olub. Əvvəlcə heç başa düşmədim. Oraya yollandım. Gözlərimə inanmadım. Qartal adi quş kimi yeməkxananın həyətində gəzib dolaşırdı. Adamlardan hürkürdü, qaçırdı. Məni gördü, tanımışdı, elə bil utandı, uçub aralandı.

Orda məni məsələdən agah etdilər ki, bəs beş-on gün bundan qabaq yeməkxanaya gələnlər yeyib-içməyin şirin yerində bir görüblər ki, bir qartal yerə endi. Yaxınlıqdakılar ilk əvvəl qartalın onlara hücum edəcəyindən ehtiyat edib pərən-pərən düşüblər. Ancaq quşun fağır-fağır ora-bura boylandığını görüb biliblər ki, bu qartaldan onlara bir xəta toxunmaz, o, acdır. Hərə qabağındakılardan quşa yeməyə bir şey atıb. O bu, qarnı ac olanda quş uçub bura gəlir, onun-bunun əlinə baxır ki, qabağına atacaqlar...

Yeməkxana sahibi köksünü ötürdü:

- , elə o gün qartalı tutub bura gətirdim, təzədən aparıb qəfəsə saldırdım. Dözə bilmədim, toyuq kimi yerdə eşələnib yem axtarmaqdansa, qartal kimi qəfəsdə olması məsləhətdir...

 

Aydın TAĞIYEV

 

525-ci qəzet.- 2016.- 7 dekabr. - S.7.