Təbiətə dönüşün poeziyası

 

YAXUD "LALƏLƏR YAMACDA TONQAL OLANDA"...

 

 

 

Şair Vəliyulla Novruzun geniş mütaliəsi var. O, həyata insan hisslərinə dərindən bələd olan bir şairdir.

 

Klassiklərimizin xeyli sayda şeirini əzbər bilir. Gözəl diksiyası var. Elə bil dediyi şeirlər onun səsinin üstə yazılıb. Rast gəlinən hər bir həyat faktına şeir deyir. Fikirlərini şeirlə əsaslandırır. Bölgədə yaşamasına baxmayaraq, müasir ədəbi prosesə yaxından bələddir, dövri mətbuatda yeni şeirləri ilə daim çıxış edir.

 

Yaradıcılığı haqqında tanınmış tənqidçilər dövri mətbuatda məqalələr yazıblar.

 

Onunla ilk dəfə şeirləri ilə tanış olmuşam. Sonra tədbirlərin birində yaradıcılıq taleyimiz bizi görüşdürdü. Xeyli ordan-burdan, şeirdən-sənətdən söhbət etdik. Gördüm ki, Vəliyulla müəllim həyatda nizam-intizamlı olduğu kimi, şeirlərində səliqəlidir. Şeirlərinin qafiyə tutumu, morfologiya sintaksisi çox zəngindir. Hətta bəzi şairlər ərindiyindən şeirin bəndlərində 1-ci misra ilə 3-cü misranı qafiyələndirmirlər, adətən 2-ci misra ilə 4-cü misranı qafiyə edirlər. Amma Vəliyulla müəllimin şeirlərində 4 misranın hamısı qafiyə üzərində bərqərar olur. Çünki müəllim olduğu üçün onda saat dəqiqə dəqiqliyi var. bir dəqiqə dərsə gecikər, dərslərində bir bir dəqiqə boş oturar. Bütün bunların hamısı zəhmətlə istedadın cilalanmasından irəli gəlir.

 

Vəliyulla Novruzun şeirlərinin ən başlıca xüsusiyyəti bədiliyi ilə yanaşı, həm yüksək axıcılığa malik olmasıdır. Fikir vermişəm, Vəliyulla müəllim o şeirləri əzbər bilir ki, orda axıcılıq başlıca şərtdir. Şairin aşağıdakı şeirinə diqqət yetirək:

 

Yazın müjdəcisi gəlir qaranquş,

Dağların başına çəkilir bu qış.

Ağaclar gör necə pucurlayıbdı,

Qönçənin dodağı uçuğlayıbdı.

Köçəri quşlar da qayıdır geri,

Köhnə yuvaların isinir yeri,

Günəş üfüqdən durub boylanır,

Təbiət yuxudan indi oyanır.

 

Açır yaxasını nərgiz, bənövşə,

Güllərin xoş ətri yayılır döşə,

Çiçəkdən-çiçəyə qonur arılar,

Çölə xalısını sərir ilk bahar.

Baxırsan hər yana nur ələnibdi,

Körpə fidanlar da pöhrələnibdi,

Lalələr yamacda tonqal tək yanır,

Təbiət yuxudan indi oyanır.

("Bahar duyğuları")

 

Bu şeirin axıcılığına heyran qalmaya bilmirsən. Azərbaycan dilinin gözəllikləri bu şeirin misralarında çiçəklər kimi sərgilənib. Mən deyərdim ki, Vəliyulla müəllimin "Bahar duyğuları" şeiri Azərbaycan ədəbiyyatında bahar haqqında yazılmış 10 şeirdən biridir. Çünki bu şeirdə təbiət lövhələri qədər canlı gözəldir.

 

Vəliyulla Novruz misra şairi deyildir. Onun şair həqiqəti misralarda görünmür, şeirin bütövlüyündə, məzmununda yerini oxuculara nişan verir. Məhz buna görə onun şeirlərindən sitat gətirəndə mətni misralara ya bəndlərə bölə bilmirsən, şeiri bötüv təqdim etmək məcburiyyətində qalırsan. Aşağıdakı şeirə baxaq:

 

Yamanca kövrəldim, yamanca düzü,

"Mən sizi görəndə özümü gördüm."

Gəzdim qarış-qarış yamacı, düzü,

O yerlərdə itən izimi gördüm.

 

Ay Çökəm, Vələsim, Qızılağacım,

Nədən tonqal kimi durub yanırsız?

Siz mənim ümidim, dərdim, əlacım,

İndi yarpaq-yarpaq alovlanırsız .

("Çoxdan bu yerlərə gəlməmişdim heç")

 

Vəliyulla müəllim nədən yazırsa-yazsın orda təbiətə bir dönüş var. Təbiətin gözəlliklərinə qayıtmaq, onu şeirə gətirmək, oxucuların könül düyğularını təbiətlə bağlamaq istəyi şairin ən böyük uğurudur.

 

60-cı illər ədəbiyyatı keçmiş sovet məkanında bir dönüş nöqtəsi olsa da, şeirimizi təbiətdən bir az uzaqlaşdırdı. Əsas fikir milli azadlıq duyğuları olduğundan təbiət duyğuları Səməd Vurğun Hüseyn Arifdən sonra bir az kənara çəkilmiş oldu. Indi Vəliyulla Novruzun təbiət şeirləri Səməd Vurğunun "Bahar" şeiri ilə birləşir, ona qol-qanad verir.

 

Vəliyulla Novruzun bütün şeirlərində keçmişə qayıtmaq instiki var. Bu insana, təbətə, kəndə, elə - obaya, folklora, xalq dilinə, hecaya, mükəmməl qafiyə sisteminə qayıdışdır. Özü bu qayıdış orjinal bir şair səciyyəsi ilə özünü göstərir.

 

Gəldim, qədəm qoydum torpağına mən,

Çinar vüqarımla ucaldım göyə.

Haqqım var, səninlə öyünüm, Vətən,

Bu kökə, torpağa bağlıyam,- deyə.

 

Mən öz dincliyimi, sakitliyimi,

Sənin varlığında, qəlbində tapdım.

Unudub bir anlıq dərdi-sərimi,

Həyatda ən böyük arzuma çatdım.

("A doğma kəndim")

 

Bu şeir qoyub gəldiyimiz yerlərə təkcə fiziki mənada qayıtmaq deyil, həm mənəvi anlamda qayıtmaqdır.

 

Bu, həm mənəviyyatın, şeirin qələbəsidir.

 

Vəliyulla Novruz ən adi bir şeirində təbiətlə üz-üzədir. Son zamanlar insan təbiətdən uzaq düşüb.

 

Milliləşmə qloballaşma dövründə biz təbiətə ziyan vurmuşuq. Göyün Ozan qatı artıq deşilmək üzrədir.

 

Bütün dünyada istiləşmə gedir. Meşələr yanır, çaylar, bulaqlar quruyur, balinalar, balıqlar okeandan kənara atılıb intihar edir. Şairin şeirlərindəki insan ( müasir şeirimizin içindəki insan) təbiəti əldən buraxmaq istəmir.

Artıq o, həqiqəti dərk edib. Təbiətdən kənar insan düşüncəsi mövcud deyil.

 

Bu gecə gecənin içindən keçdim,

Gördüm ki, hər tərəf geyinib qara.

Dağlara dırmanan cığırı seçdim,

Yorulmaq bilmədən yüyürdüm ora.

 

Bu gecə gecənin içindən keçdim,

Tamam islanmışdım şehli çəməndə.

Üzümü ətirli otlara sürtdüm,

Yeni bir həvəs oyandı məndə.

("Bu gecə gecənin içindən keçdim")

 

Yenə təbiət, onun cığırı, izi, şehli çəmən, ətirli çiçəkləri, dağların dumanı sair təbiət duyğuları şairi düşündürür həyəcanlandırır.

 

"Buna da min şükür, Nəsir müəllim" şeirində yenə həmin duyğular bizi salamlayır. Şair: "Ovlaqda ov yeri necə gözəldi - deyir. Təbiət o zaman gözəl olur ki, qoynunda ov etmək mümkün olsun. Amma biz neyləmişik? Bütün heyvanları, quşları az qala məhv etmişik. Qoymamışıq ki, "Çala" yerində Kəkliyin bir balası da qalsın. Artıq damazlıq da yoxdur.

 

Ovlaqda ov yeri necə gözəldi,

Hər kəs öz yerini tanıdı, bildi.

Ördəklər birbəbir hədəfə gəldi,

Buna da min şükür, Nəsir müəllim.

 

Turac yoxa çıxıb "Çala" yerində,

Qırıb qurtardılar bala yerində.

Nola bir damazlıq qala yerində,

Buna da min şükür, Nəsir müəllim.

 

Vəliyulla Novruz yaşamağın gücünü dərənin dərinliyində, dağın ucalığında tapır. Çayın sürətində, bulağın soyuqluğunda axtarır. Kəkliyin səkməyində, Ceyranın süzməyində görür. Əgər bunlar yoxdursa, demək, insan yaşamaq gücünü, ağlını itirib.

 

yaxşı arxalı bu dağlar varmış,

Axarlı, baxarlı bulaqlar varmış.

Arxamca əl edən budaqlar varmış,

Gözəldir yurdumun çölü, çəməni,

Bir arzu, bir ümid yaşadar məni.

 

Vəliyulla Novruzun şeirlərindəki "çöl" tərəfləri bir-birini tamamlayır. Sən demə çöldəki duman içdəki acı tüstünün dumanı imiş. Tarazlıq o zaman pozulur ki, insanın içi ilə çölü bir-birinə ziddir. Necə ki, insanın qəlbindəki tüstü onun yolunu kəsən dumana çevrilir. Bu, onu göstərir ki, təbiəti qorumaq əxlaqı ən çox bəşər ovladının içindən gəlməlidir.

 

İçimi göynədən acı tüstü də,

Yolumun üstündə dumana dönüb.

 

Vəliyulla Növruzun yeni kitabında xeyli ictimai məzmunlu şeirləri yer alır. Bayaq təbiətin qoynunda sakit yaşamaq istəyən şair indisə başqa bir arzudadır.

 

Dünənimdən güc almışam,

Bu günümə ucalmışam.

Ağlamağı bacarmışam,

Gülməyi öyrədin mənə.

 

Kim çəkibdi mən çəkəni,

Tanrı söküb mən tikəni.

Əlimdəki son tikəni,

Bölməyi öyrədin mənə.

 

Bəli, biz son tikəni bölməyi öyrənəndə onda təbiət də yaşayacaq, insanlıq da. Əgər o tikəni bölə bilsək, bölməyi bacarsaq, insanın, acgözlüyünə, nəfsinə, nifrətinə və müharibə ehtiraslarına son qoyulacaq. Şairin yeni kitabındakı əsas ideya elə budur. Uğur olsun deyirəm!

 

 

 

 

Qəşəm NƏCƏFZADƏ

 

525-ci qəzet.- 2016.- 8 dekabr.- S.8.