Məhəmməd Əli Rəsulzadənin
Yaponiyaya məktubu və Gültəkinin bir şeiri
Bu il mayın 10-da professor Cəmil Həsənlidən
bir məktub aldım.
O
yazırdı:
"Əli
bəy, salam. "Yani Yapon Moxbire"
jurnalını Yaponiyadakı tatarlar buraxıblar, Jurnalın
1933-də nəşr
edilən 6-7-ci sayında Gültəkin imzası ilə bir Azərbaycan
şairinin şeiri çıxıb. Yəqin
ki, bu, Əmin Abiddir. Hər halda
baxmağın yaxşı olar.
Hörmətlə,
Cəmil."
Şeiri həyəcanla gözdən keçirdim. Professor yanılmamışdı.
Həqiqətən də şeir Əmin Abidin
idi. Bu şeri mən də Əmin Abidin
kitabına (Gültəkin-Əmin Abid. "Buzlu
cehennem", "Günəş" nəşriyyatı,
1999, səh. 42) daxil etmişdim. Xeyirxah bir insanın xərci ilə nəşr
etdirdiyimiz bu kitabın sayı cəmi 500 olduğundan
çoxları belə bir kitabın varlığından xəbərsiz
olmuşdu.
Əmin Abidi 40 yaşı tamam olmasına 12 gün
qalmış, yəni 1938-ci ilin oktyabrın 21-də, gecə
saat 21.30 da KQB cəlladları güllələmişlər. Təzyiq və
təqiblər altında qısa bir ömür sürsə də,
vətəni və milləti üçün dəyərli
işlər görə bilmişdi.
Əmin Abid təzyiq və təqiblərlə yeniyetməliyində
üzləşmişdir. Hələ 13 yaşında ikən,
yəni 1911-ci ildə qardaşı, şair, naşir,
araşdırmaçı Əliabbas Müznibə görə evlərində
axtarış aparılır. Həmin illərdə
"Abid", "Abid Mütəllibzadə" imzaları ilə
şeirlər və hekayələr yazaraq nəşr etdirməyə
başlamışdı. Yazılarında
hökumət əleyhinə elə bir ciddi etiraz, üsyana
çağrış olmadığına görə
çar jandarması ona diqqət yetirmir. Amma böyük
qardaşının nəşr etdiyi "Hilal" və
"Şihabi-sağıb" jurnallarını
bağlayır, əmlakını müsadirə edir,
Əliabbas Müznibi isə həbsxanaya göndərir. Bu cəza
ilə də kifayətlənməyən çar jandarması
şairin Sibirə ömürlük sürgün olunması
haqqında məhkəmənin hökm çıxarmasına
nail olur.
Lakin
Əliabbas Müznibin ömürlük sürgünü
heç üç il çəkmədi.
1913-cü ildə Romanovlar sülaləsinin
hakimiyyətə gəlməsinin 300 illiyi münasibətilə
verilmiş əfvdən (aministiya) yararlanan şair vətənə
qayıdır.
Onun
naşirlik hüququ da əlindən alındığından
qardaşı Əbülfəzin adına
satirik "Babai-əmir" və ictimai, elmi, publisistik
"Dirilik" jurnallarını nəşrə
başlayır. "Babai-əmir" jurnalınadək mətbuatda
maarifçi, öyüd-nəsihətverici şeir və hekayələr
nəşr etdirən Abid Mütəllibzadə böyük
qardaşının təsiri ilə "Babai-əmir"də "Qozqurab", "Qozqurab bəy"
imzaları ilə satirik şeirlər yazmağa
başlayır. Cəmiyyətdəki nöqsanları, sərxoşluğa
aludəliyi, öz millətinə yüxarıdan
aşağı baxanları, cəhalətdən əl
götürməyənləri, nadanlığını qəhrəmanlıq
bilənləri, peşəsinə sevgi bəsləməyənləri
tənqid edən gənc şair bəzən də onları adları və
soyadları ilə yazır. Məsələn, "Babai-əmir"
jurnalının 1915-ci il 27 may tarixli
sayında yazır:
-
Tanıyırsanmı onu?
-
Kimdir?
- Axundov
Əli bəy!
-Bay, xəta
eləmisən! Rusdur bu ay, Kəblə Qulam!
- Yox,
degil rus!
- Bəs
o rusca danışır, a kişi!
-Bu, müəllim Əlidir, qəm yemə, ay Kəblə
Səlam!"
Bakıdakı 3-cü Aleksandr Oğlan
Gimnaziyasını bitirən Abid Mütəllibzadə bir
müddət qardaşına nəşriyyat işlərində
kömək edir, dövrü mətbuatda məqalələr,
hekayələr, şeirlər çap etdirir. Onun şeirlərində
müstəmləkəçiliyə, imperializmə, zülmə
qarşı bir hayqırıq var. İsmayıl bəy
Qaspıralıya, Əbdülhəq Hamidə, qardaşı
Müznibə, Bakıda qərib ölən türklərin qəbirləri
üstündə milli zabitlərimizə yazdığı
şeirlərində bir yumşaqlıq, kədər var.
İstər özünün şeir və hekayələri,
istərsə də rus dilindən tərcümələri
çoşğun bir vətənpərvər,
Turançı yetişdiyindən xəbər verir.
Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra İstanbulda
təhsil almağa gedən Əmin Abid baş verən dəyişiklərin
təsiri ilə coşğun və üsyankar bir siyası
şairə çevrilir. Azərbaycan
mühacirlərinin nəşr etdiyi jurnallarda fəal
iştirak edir. "Yeni Kafkasiya"
jurnalının poeziya şöbəsinin müdiri olur.
Əhməd Cəfəroğlu "Azərbaycan ədəbiyyatında
İstiqlal
mücadiləsinin izləri" məqaləsində
Ə.Abidin gizli -Gültəkin imzası ilə nəşr
edilən şeirləri haqqında yazır: "Gültəkin
bəyin şeirlərinin qüvvət və gücü, deyə
bilərəm ki, siyasi mətbuatımızdan daha çox rəğbət
görə bilmişdi. Ən yaxşı bəzi şeirləri
bəstələnib İstanbul əhalisi arasında bu gün də tərənnüm
edilməkdədir".
Məhəmməd
Əmin Rəsulzadə şeirlərini əzbərlədiyi və
böyük həvəslə söylədiyi Ə.Abid
haqqında "Çağdaş Azərbaycan ədəbiyyatı"
əsərində yazır: "Millətin parlaq gələcəyinə
böyük ümidlər bağlayaraq hürriyyətə
susamış, mübarizə həyəcanının gərginliyini
daşıyan bu igidlərin əsil qəhrəmanlığı
ilə bizi həqiqi
mənada tanış edən şeir bolşevik
senzurasından azad olaraq mühacirətdə nəşr edilən
Azərbaycan ədəbiyyatıdır. Bu ədəbiyyatda,
İstiqlal,
o yaşayan millətin qəlbində can
İstiqlal, o səadət, həyat, zəfər, şərəf,
şan.
İstiqlal,
o sönməyən
müəbbəd bir məşalə
Könüllərdə
tutuşur, gözlərdə sönsə belə!
deyən,
Gültəkin adını daşıyan alovlu şairin
yazıları xüsusi yer tutur. Gültəkinin şeirlərində
biz həqiqi, milli-inqilab mübarizəsinin nəşidələrini görürük".
Əmin
Abidin Türkiyədə oxuduğu illərdə
yazdığı şeirlərin əksəriyyəti 1928-ci
ildə İstanbulun Orxaniyyə mətbəəsində ərəb
qrafikası ilə "Milli Azərbaycan nəşriyyatı"
seriyasından buraxılan səkkizinci kitaba- "İstiqlal uğrunda"
ya daxil edilmişdir. Kitaba Kamal imzalı müəllif
geniş müqəddimə yazıb. Tərtibçi,
şeirləri haradan aldığı, müəlliflərin
şəxsiyyətləri haqqında heç bir bilgi verməyib.
Ön sözdə və "İnqilab nəğmələri"
məqaləsində Gültəkinin
yaradıcılığına geniş yer ayrılıb.
Şeirlər doqquz bölümdə verilib.
Altı bölümün hər birinin
başlanğıcında Gültəkinin şeirlərindən
alınmış bənd və misralar var. Şeirlər
yazarlara görə deyil, mövzuya görə
qruplaşdırılıb. Kitabda Gültəkinin 20,
Əhməd Cavadın 9, Sənanın 6, Azərizadənin 2,
Məsud Səfvətin 2, Ə.Yusifin, İsmayıl
Zühutinin, Usta Əlinin, Gülsərənin, H.Həmidzadənin,
Nafiə Şükrünün hərəsinin 1 şeri var. 2
şeirin altına "... xanım", bir şerin altına "B"
imzası, üç şeirin altına isə üç
nöqtə və ya * * * işarəsi qoyulub.
Mirzə
Bala Məmmədzadə isə kitabda Gültəkin imzası
ilə gedən şeirləri latın əlifbasına
çevirərək 1948-ci ildə İstanbuldakı
Kayabal-Göresin mətbəəsində "Gültekin.
"Buzlu cehennem" adıyla broşur kimi nəşr
etdirib. Ön sözdə
isə yazıb: "Azərbaycan türkünün milliyet,
hürriyet ve istiklal uğrunda kızıl emperyalizmine
karşı kanlı savaşını şiir vadisinde temsil eden mücahitlerden muhacirette yetişenlerin
başında Gültekin gelir. Gültekinin hüriyyet ve
istiklal haykıran şiirleri 1923-1928 yıllarında İstanbulda Resulzade
Mehmet Emin bey tarafından neşr olunan "Yeni Kafkasya"
mecmuasında çıkmıştır. Bazıları daha
o zamanlar, rus empryalizmi ile çarpışan esir milletler
tarafından kendi dillerine tercüme edilmiş ve bir örnek
alınmış bu şiirler, milli Azerbaycan
neşriyatının sekizincisi olmak üzere, 1928 de
İstanbulda çıkan "İstiklal
uğrunda" adlı şiirler mecmuasında
toplanmıştır".
40 ilə
yaxın ömür sürmüş bir vətənpərvər
şair və alimimizin ömür yolunu,
yaradıcılığını araşdırsam da, onun hansı şeirlərinin
"esir milletler tarafından kendi dillerine tercüme edil"
diyini, hansı şeirlərinin "bəstələnib
İstanbul əhalisi arasında" oxunduğunu hələ də
müəyyənləşdirə bilməmişəm. Buna görə də professor C.Həsənlinin
göndərdiyi fotokopya mənim üçün çox
gözlənilməz oldu. Ərəb əlifbası
ilə nəşr olunan, köhnə və solğun olan mətni
mənim dəqiq oxumağım çətin idi. Odur ki, mətni Xəzər Universitetinin müəllimi
Zivər Hüseynovaya verdim ki, dəqiq oxusun. Çox sağ olsun ki, olduqca diqqətlə oxumağa səy
edib hər iki mətni mənə göndərdi.
"Yani
Yapon möxbire" jurnalının 1933-də nəşr edilən 6-7-ci
sayındakı yazı (səh. 12) Məhəmməd Əli Rəsulzadənin
aşağıdakı kiçik məktubu ilə
başlayır: “Pək möhtərəm əfəndim! "Yani Yapon möxbire" məcmuəsini aldıq.
Təşəkkürlər edəriz. Uzaq Şərqdə çıxan bu ərqədaş
(arkadaş) məcmuənin feyzli olmasını Ulu Tanrıdan
diləriz. Məcmuənizi bundan sonra
Varşava adresilə "İstiqlal" qəzetəsinin
baş mühərriri Əmin bəyə göndərilməsini
rica edəriz. Səmimi qardaşlıq
salamlarımızı ərz edərək sizlərə səadət
və müvəffəqiyyətlər diləriz.
Məhəmməd Əli Rəsulzadə".
"Yani Yapon möxbire" jurnalı 1931-ci ildə Tokioda "Yapon möxbiri" adı ilə nəşrə başlamışdır. Bir il sonra isə adını dəyişmişdir. 14 il ərzində jurnalın 50 sayı işıq üzü görmüşdür. Müttəfiqlərin 1945-ci ildə Yaponiyanı darmadağın etməsi, ilk dəfə burada atom bombasını tətbiq etmələri nəticəsində jurnal da fəaliyyətini dayandırmışdır. Azərbaycanlı İbrahim Qasımovun işini davam etdirən, Yaponiyada islam dinini yayan Qabdrəşit (Azərbaycanda, Türkiyədə, Rusiyada və b. ölkələrdə adətən onun adı Aburaşid kimi yazılır-Ə.Ş.) İbrahimovun rəhbərliyi ilə 1909-cu ildə ilk məscid tikilmişdir.
Burada bir müsəlman dini icması
formalaşdırılmışdır. Yaponiyada tatar dilində mətbuatın
nəşrində də Qabdrəşit İbrahimovun əməyi
böyük olmuşdur. Əslində "Yani
Yapon möxbire" jurnalı tatarların mətbuat orqanı
kimi deyil, mühacirətdəki türk xalqlarının
jurnalı kimi fəaliyyət göstərirdi. Buna görə jurnal Azərbaycanda gedən hadisələri
də işiqlandırır, azərbaycanlı mühacirlərlə
sıx əlaqə saxlamağa çalışırdı.
Lakin o dövrün poçt və əlaqənin
səviyyəsi onlara istəklərini həyata keçirməyə
imkan vermirdi.
Jurnal Məhəmməd
Əli Rəsulzadənin
məktubundan sonra aşağıdakı mətni verib:
"Əmin bəy (söhbət Məhəmməd Əmindən
gedir-Ə.Ş.) Rəsulzadə Qafqaziya müsəlman
istiqlalçılarının məşhur
yolbaşçılarından olub, Azərbaycan istiqlal
davasını tərvic edici "İstiqlal" qəzetəsini
təhrir və nəşr etməkdədür. Məzkur
məktub ilə bərabər Azərbaycan nəşriyyatından
8-ci san (saylı) şeirlər məcmuəsi nam (adlı) 166
səhifəlik "İstiqlal uğrunda"
yazılmış bir kitabcıq idarəmizə gəldi .
Kitabı əldə etdiyimizdə mündəricəsinin
gözəl milli və məfkurəvi şeirlərdən
ibarət bulub toquz (doqquz) türlü mövzuda yazılmışdur. 1) "Bayrağı təsis"
mövzusunda: "Bayrağım ölməz, ölürsə
əgər, torpağın altına keçər ölkələr"
deyə başlayıb Turan, Türkistan, Azərbaycan
bayraqlarına dair gözəl şeirlər (verilib). 2)
"İstiklal məfkurəsi"
mövzusundan:"İstiqlal usanmayan bir məşələ,
göylərdə tutuşur gözlərdə sönsə
belə" deyə başlanğan (başlayan) gözəl
şeirlər (var). 3) "Vatan sevgisi" mövzusundan:
"İlni suyu və sağnu" (elini sev və sayği
duy) haqqında, 4) "Türk kardeşliği"
mövzusundan: Turançılıq və
Türkçülük haqqında. 5) "Qəhrəman mücahidlərə"
mövzusunda: İstiqlal şəhidləri və istiqlal
yolları haqqında, 6) "Şanlı istiqlal mücadiləsi"
mövsuzunda; "Bismillah", "Qalaq", "Bən",
"Azəri oğlu", "Qoruq", "Moskva",
"Çeka", "Azəri
qommunistinə (kommunistinə)," "Qızıl rus
şairinə", "Canavar", "Qommunizim
dühasına" sərlövhələri ilə qayət
gözəl şeirlər (vardır). 7) "Rumizi (rəmzi)
parçalar", 8) "Mücadilə
şarkıları" və 9) "Milli cihad cəzbələri" mövzularında
yazılmış çox mənası ilə təqdir və
alqışlamağa layiq gözəl şeirlər
yazılmışdur. Azəri qardaşlarımızın
bu növ mətbuatı Türk-Tatar-İdil-Ural mühacirlərinə
gözəl bir nümunə və rəhbərdür.
Bu qaryədə yazılmış doqquz mövzu istiqlal və
millət haqqında anlağan (anlayan) mühacirlərimizə
can azığı bulub alar (onlar) tərəfindən cürlənüb
(ədəbi dilimizdə işlənməyən bu söz
İran türkləri arasında ən işlək
sözdür.Sahmana salınıb mənasındadır-Ə.Ş.)
qalovi ilə milli tariximizin qiymətli xəzinəsi olacaqdur. Biz bu məcmuəmizdə vəqt-vəqt (zaman-zaman)
məzkur şeirlər məcmuəsindən birər qitəsin
nəşr edəcəkmiz (edəcəyik). Və bu sanda Gültəkin imzası ilə
yazılmış bir şeirni basımız (dərc
edirik)."
"Yani
Yapon möxbire" jurnalı yuxarıdakı təqdimatdan
sonra, 14-15-ci səhifəsində Gültəkinin (Əmin
Abidin) aşağıdakı şeirini verib.
AZƏRİ
QOMMUNİSTİNƏ
Düşün
hər addımda getdiyin yolu
Zavallı
babamın ey nankor oğlu!
Öylə
bir yabancı yerdə qaldın ki,
Gözlərdə
nə qədər sən alçaldın ki,
Sənə
qardaş demək istərsə dilim,
Bənə
töhmət edər millətim, elim...
Hanı kəndi qanın, bənlik hanı?
Arqadaş olduğun düşməni tanı.
Bin fikrə,
hiyləyə aldandın yetər,
Çıx
cahana kəndin, kəndini göstər!
Düşün, yaşa ancaq kəndi qafan ilə.
Aləv söndürülməz qılıncla, qanla.
Əlinin
qanını artıq get, yaka,
Qardaş
yurdu olsun qurduğun
"Çeka"
Sən nəsən,
nəçisən, kimin oğlusan?..
Bir
çin fəlsəfəsinin adi qulusan...
İnsan öldürərək insanlıq satan
Nə söylərsən, bütün yalandır, yalan.
İnsanlıq
bək dərin, geniş bir ova
Görmək için gögdə qurmalı yuva.
Anlamaq istərsən,
iştə yol açıq,
Millət
denilən şahikaya çıx!
Bu
yüksək təpədən görülür əlbət
Böyük
bəşəriyyət denilən Cənnət!..
Gültəkin
Ərzurum
1926
Təəssüf ki, jurnalın başqa sayları əlimizdə
olmadığından sonrakı saylarda hansı şeirlərini
nəşr etdirdiklərini müəyyənləşdirə
bilmədik. Yaponiyada nəşr olunan jurnalın "milli
tariximizin qiymətli xəzinəsi olacaq" kimi dəyərləndirdiyi
şeir toplusunu heyif ki, Azərbaycan ədəbiyyatşünaslığı
lazımınca dəyərləndirməyib.
Qarşısına
ümumtürk mətbuatı rolunu oynamağı bir vəzifə
kimi qoymuş "Yani Yapon möxbire" jurnalı ola bilməz ki, Azərbaycanla bağlı bir məqalə,
bir şeir verməklə kifayətlənsin. Jurnalın
bütün saylarının gözdən keçirilməsinə,
Azərbaycan haqqında yazıların təbliğinə
ehtiyac var. Düşünürəm ki, "Yani Yapon
möxbire" jurnalında dərc olunmuş bu kiçik məqalə
yeni araşdırmalara da yol aça bilər.
03.12.2016
Əli ŞAMİL
525-ci qəzet.- 2016.- 8 dekabr.- S.6;8