Dərin qatlardakı zəngin xəzinə
BU XƏZİNƏDƏN AZƏRBAYCAN DAİM BƏHRƏLƏNƏCƏK
Həyat yalnız sevincdən deyil, həm də kədərdən
ibarətdi. Xoşbəxtlik aləminə çevrilmək, kədərsiz,
qəmsiz, qüssəsiz keçinmək əzəl gündən
dünyanın taleyinə yazılmayıb.
Tarix
qovğalı dünyada bir-birinə qənim kəsilən insanların dərdini
çəkə-çəkə vərəqlənib, vərəqlənə-vərəqlənə
də qocalıb. Lakin bu qoca tarixdə həmişə cavan
qalan liderlər dünən də olub, bu gün də var, sabah da olacaq. Onlar öz uca şəxsiyyətləri,
xalqına və dövlətinə xidmətləri ilə
seçilən Təklərdi. Sözün həqiqi mənasında
belə liderlər bir xalqın görkəmli övladı
olmaq statusundan çıxaraq bəşəriyyətin
tanıdığı simalara
çevrilirlər. Onların
möhürü tarixin yaddaşında əbədi qalır.
Azərbaycan xalqının XX yüzillikdə
yetişdirdiyi və XXI yüzilliyin üçüncü
ilində itirdiyi Heydər Əlirza oğlu Əliyev məhz
belə liderlərdəndi. O, özünün bilik və
bacarığı, kamil şəxsiyyəti, fövqəladə
intellekti, xüsusi təşkilatçılıq və idarəetmə
qabiliyyəti, dövlətinə və millətinə
bağlılığı, Azərbaycan uğrunda verdiyi bənzərsiz
mübarizə ilə
ümummilli lider səviyyəsinə yüksəlib.
Ümummilli lideri Heydər Əlirza oğlunun fəaliyyəti
və şəxsiyyəti ilə bağlı yüzlərlə
kitab, elmi əsər, publisistik məqalələr
yazılıb, araşdırmalar aparılıb. Müasirləri
hələ liderin sağlığında Heydər Əliyevi
dərk etməyə, Azərbaycan xalqının və
dövlətinin xidmətçisinin böyük
obrazını geniş ictimaiyyətə təqdim etməyə
çalışıblar. Lakin mən də
"Heydər Əliyevi onun müasirləri tam
dolğunluğu, olduğu kimi tam dərk etmək
imkanlarında deyillər. Onun layiqli qiymətini gələcək
nəsil və tarix özü verəcək" deyənlərin mövqeyini
tam bölüşürəm. Çünki
Heydər Əliyev tarix yazmırdı, onu öz qüdrətli
çiyinlərində irəli aparırdı. Böyük Öndər memarlıqdan mühazirə
oxumurdu, memarlığın ən gözəl nümunəsini
- müstəqil Azərbaycan Respublikasını yaradıb
öz xalqına, gələcək nəsillərə ərməğan
edirdi. Onun yaşamaq əzmi, mərdliyi,
böyük dövlətçi şəxsiyyəti bizdən
sonra gələcək nəsillərə bir örnək
olacaqdır.
Təkrarlamaqda fayda var ki, Heydər Əliyevin
sağlığında onun böyüklüyünü,
qüdrətli dövlət və siyasət adamı
olduğunu cəmiyyətə çatdırmaq istəyən
jurnalistlər də, zənnimcə, elə bir uğur qazana
bilmədilər. Sanki onlar sehrli aləmin içinə
daxil olmaq cəhdilə onun ətrafında fırlanan səyyahlara
bənzəyirdilər. Elə mən də
özümü həmişə o sıralarda görürdüm
və indi də elədir.
Təxminən
800 günə yaxın bir müddət ərzində dünya
liderlərinin yaxından tanıdığı, qəbul etdiyi
bu nəhəng dövlət adamını çoxsaylı
xarici səfərlərdə müşaiyət edib, həmin
səfərlərə həsr olunmuş 20-yə yaxın sənədli
televiziya filminin ssenarisini yazıb, keçirdiyi müşavirə,
yığıncaq və toplantılarla bağıı 2000-dən
çox reportaj və şərh hazırlamışam. Mətbuat səhifələrində Heydər
Əlirza oğlunun daxili və xarici siyasəti, dövlət
quruculuğu məsələlərinə həsr olunmuş
100-lərlə məqalənin müəllifiyəm.
Ömrümdən keçən həmin
günlər həyatımın
bənzərsiz və təkrarsız, ən mənalı
dövrüdü. Məhz həmin günlər
vaxtilə uzaqdan-uzağa, ancaq telekanallarda gördüyüm və
iftixar duyduğum böyük türk oğlu ilə
yanaşı dayana bildim, onu öz qabiliyyətim daxilində
tanımaq imkanları əldə etdim, böyük və əvəzsiz
bir həyat məktəbi keçdim.
Heydər
Əlirza oğlu canlı ensiklopediya, ciddi və sanballı tədqiqata ehtiyacı olan bir məktəbin
banisidi. Bu məktəbdən bəhrələndiyimə
görə Ulu Tanrıya və Böyük Öndərə həyatımın
sonunadək borcluyam.
lll
"Azərbaycanı informasiya blokadasından Heydər
Əliyev çıxardı" reallığını
çoxları dilə gətirib. Mən liderin bu sahədəki
fəaliyyətinin canlı şahidlərindən biriyəm.
O, xarici ölkələrə səfərləri zamanı
bütün görüşlərində ilk olaraq
Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini,
Ermənistanın təcavüzünü və ölkəmiz
üçün ağır nəticələrini, beynəlxalq seperatizmin və
terrorçuluğun bəşəriyyət üçün
təhlükəsini dəmir məntiqi ilə tərəf-müqabilinə
çatdırır, fikrini "əgər dünya ədalətlidirsə,
təcavüzkarı və təcavüzə məruz
qalanı fərqləndirməlidir" kredosu üzərində
qururdu. Onun üçün tərəf-müqabilin
prezident, baş nazir, yaxud da adi bir jurnalistin olması fərq
etmirdi. Heydər Əliyev bəzən həmsöhbətinə
yorulmaq bilmədən eyni fikri təkrar
etmək məcburiyyətində qalaraq Azərbaycan
reallığını çatdırırdı. Və nəinki çatdırırdı, ona bunu
inandırırdı. Onun üçün
böyük, ya kiçik auditoriya anlayışı yox idi.
Onun üçün daha bir nəfərin ( olsun dövlət xadimi, yaxud
əcnəbi bir diplomat, ya da xarici iş adamı) Azərbaycan haqqında həqiqəti
bilməsi önəmli idi. Bu səbəbdən də xarici
ölkələrə səfərləri zamanı
vaxtının böyük əksəriyyəti ölkəmizin
ətrafında yaradılmış informasiya blokadasını
yarmağa,
dünyanın kor olmuş gözlərini
açmağa sərf olunurdu. Bir çox hallarda müəllim
şagirdinə dərs izah edirmiş kimi xəritədə
Ermənistanın təcvüzü nəticəsində
işğal olunmuş torpaqları göstərir, bu məsələ
ilə bağlı verilən sualları yorulmadan cavablandırırdı. Qərəzli sualları da elə incə təbəssüm
və ustad gedişləri ilə cavablandırırdı ki,
sual verən qarşısında kimin olduğunu dərhal
anlayırdı.
Ümummilli lider kiminlə hansı
dildə danışmağın vacibliyini çox yaxşı bilən
böyük diplomat idi. 1994-cü ildə Parisdə Fransa
prezidenti Fransua Mitteranla Yelisey Sarayında görüşərkən
danışıqların nəticəsi olaraq Fransa prezidenti
belə dedi: “Fransa Ermənistanın
dostu olduğu kimi Azərbaycanın da dostudur. İndi
biz Azərbaycanı Fransa üçün açırıq.
Fransa ilə Azərbaycan arasında dostluq və
əməkdaşlığın yaranması bilavasitə
prezident Heydər Əliyevin xidmətidir". Fransada erməni lobbisinin gücünü, Ermənistan-Fransa
əlaqələrini, o vaxt erməni əsilli bir adamın
Fransanın baş naziri olduğunu nəzərə alsaq, Heydər
Əliyevin Fransa -Azərbaycan münasibətlərində
yaratdığı dönüşün
böyüklüyünü qiymətləndirmək
mümkündü.
Mitteranın jurnalistlər qarşısında söylədiyi
həmin fikirlərin həyata vəsiqə
aldığını Fransa-Azərbaycan münasibətlərinin
indiki çərçivəsində
də aydın görürük. O vaxt Parisin meri olan Jak
Şirakla görüşən Heydər Əliyev onun yüksələn
xətlə inkişaf edən siyasi karyerasını nəzərə
alaraq danışıqlar apardı. Səfərdə
onu müşaiyət edən xarici işlər naziri Həsən
Həsənovun söylədiyi "prezident Şirakla əməlli-başlı
işlədi" fikrinin mənasını mən çox
sonralar dərk etdim. Böyük Öndər yüksək səviyyəli
görüşlərdə həmişə açıq və
aydın diplomatik gedişlər
edirdi. Azərbaycanın haqq davasını, ədalətli
mövqeyini müdafiə etmək, möhkəmlətmək üçün ölkəmizin
potensialı onun şəxsi qeyrəti, yenilməzliyi nəticəsində
ön plana çəkilirdi.
Siyasi polemika zamanı o heç vaxt müdafiədə
oynamırdı. Məsələn, 1994-cü ilin sentyabrında ABŞ-a səfəri
zamanı senator Şelbi ilə görüşdü. Onun "biz demirik ki, zorakılıq edənlərə
qarşı ciddi münasibət göstərilsin, biz ədalətli
münasibət istəyirik. Bəli,
ABŞ-da ermənilər çoxdu. Prezident Klinton dedi ki,
burada bir milyon erməni yaşayır. 260 milyon əhalisi
olan ölkəyə bir milyon erməni necə təsir
göstərə bilər? Onlar
ABŞ-ın adından danışa bilməzlər".
Bu fikirlər qətiyyətli dövlət
başçısının ABŞ administrasiyasına,
konqresinə və senatına ünvanlanmış
açıq və ədalətli tənqidi idi, özü də
düz Amerikanın göbəyində. Şelbinin cavabı isə
belə oldu: "Biz
maraqlıyıq ki, Azərbaycan müstəqil bir ölkə
olsun. Təhlükəsiz sərhədləriniz
olsun. Biz çalışacağıq ki,
Rusiya ilə olan problemləriniz həll edilsin. Rusiyanın siyasətini də sizdən yaxşı
bilən yoxdu". Senatorun
sonuncu fikri Heydər Əliyevin siyasət düaeni olduğunun təsdiqi
idi. Heydər Əliyev həlledici anlarda həlledici
məqamları elə incəliklə seçir, öz fikrini
diplomatik formada, lakin çox kəskinliklə həmsöhbətinə
elə çatdırırdı ki, onu yalnız o edə bilərdi.
Məsələn, 1996-cı il iyunun 13-də ABŞ-ın Azərbaycandakı
səfiri Riçard Kozlariçi qəbul edərkən 1992-ci
ildə ABŞ Konqresi tərəfindən
"Azadlığı müdafiə aktı"na edilmiş
907-ci düzəlişə diqqət çəkərək
dedi: "Bizim siyasətimiz o deyil ki, 907-ci düzəliş aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən
edilə biləcək humanitar yardımsız
yaşamışıq və bundan sonra da
yaşayacağıq. Söhbət ədalətsizlikdən
gedir. Ədalətsizlik etmək isə
olmaz. Sizin
vasitənizlə Azərbaycanın adından Azərbaycan
dövlətinin başçısı kimi ABŞ hökumətinə
qarşı öz ciddi narazılığımı bildirirəm".
ABŞ səfiri ilə belə sərt formada
yalnız Heydər Əliyev danışa bilərdi.
Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli üçün Azərbaycanın
imkanları ilə yanaşı, özünün
xarizmasını da ortaya qoyur, danışıqlar zamanı bu
iki qüvvəni sinxron şəkildə çox məharətlə
biirləşdirirdi. O, dünyanın maraqlarını Azərbaycana cəlb
etməklə, ölkəmizin gələcək təhlükəsizliyi
üçün strateji kursunu addım-addım həyata
keçirirdi. Ulu Öndərin neft strategiyasının verdiyi töhfə artıq
çoxdandır ki, öz bəhrəsini verməkdədir.
Heydər Əliyev İslam dünyasında tam qəbul
olunan lider idi.
1994-cü ildə Mərakeşdə keçirilən
İslam Konfransı Təşkilatının zirvə
toplantısında bu
təşkilata üzv olan dövlətlərin Ermənistanı
təcavüzkar bir dövlət kimi yekdilliklə tanımaları da məhz onun şəxsiyyəti
ilə bağlı idi. İslam dünyası
Heydər Əliyevi kommunist rejimində belə öz dinini
qoruyub saxlayan böyük siyasət adamı kimi qəbul
edirdi. Şübhəsiz,
bu məsələdə onun sabiq SSRİ-nin rəhbərlərindən
biri kimi islam dövlətlərinin liderləri ilə
qurduğu əlaqələr müstəqil Azərbaycanın
problemlərini çözmək üçün çox kara gəlirdi.
Ümummilli liderin Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində yürütdüyü siyasətin
görünən tərəfləri haqqında çox
yazılıb, çox deyilib. Mən bir məsələyə
diqqət çəkmək istəyirəm. Heydər
Əliyev münaqişənin həlli üçün Azərbaycanın
real müstəqilliyini qətiyyən qurban vermək istəmirdi.
Onun üçün yarımmüstəqillik
anlayışı yox idi. Bu səbəbdən idi ki,
zaman-zaman
münaqişənin həlli ilə
bağlı bəzi dairələr
tərəfindən edilən təklifləri (münaqişə
bölgəsinə sülhməramlı qüvvələrinin
yerləşdirilməsi və s.) qətiyyətlə rədd
edirdi. O, münaqişənin həlli formasına həmişə
Azərbaycanın ərazi bütövlüyünün tam
halda bərpa olunması mövqeyindən yanaşırdı.
Böyük Öndər Dağlıq Qarabağ münaqişəsinin
həllini dünyada gedən proseslər kontekstində
görür və münaqişənin həlli
üçün etibarlı zəmin yaradırdı:
güclü iqtisadiyyat, güclü ordu və beynəlxalq
birliyin Azərbaycanın ədalətli mövqeyinə dəstəyi.
Eyni siyasi kursu yeni dövrün tələblərinə
uyğun, yeni taktiki gedişlər etməklə möhtərəm
prezidentimiz cənab İlham Əliyev davam etdirir.
Yaxşı
yadımdadır. 1995-ci ilin mayında Rusiya Federasiya
Şurasının sədri Vladimir Şumeyko Bakıya səfər
etmişdi. Milli Məclisdə mənə eksklüziv
müsahibə verən Şumeyko bu fikirləri dedi: "
Şuşa və Laçın istisna olmaqla digər
rayonlarınızı istəyirsinizsə, gedin bu gün
götürün". Daha sonra Şumeykonu qəbul edən
prezident Heydər Əliyev çox aydın və qətiyyətli
formada belə dedi: "Biz kimdənsə pay istəmirik.
İstəmirik ki, az və ya çox
versinlər. Bəziləri deyir ki, Dağlıq Qarabağ və
Laçın istisna olmaqla Ermənistan işğal olunmuş digər rayonları
qaytara bilər. Mən qətiyyətlə bu
fikirləri rədd edirəm. Azərbaycanın ərazi
bütövlüyü tam halda bərpa olunmalıdır və
olunacaq". Prezident
bu fikirləri söyləyərkən təxminən 2-3 saat mənə
müsahibə verən Şumeykonun üzünə baxdım.
Çaşqın və bir az da hürkək bir görkəm
almışdı.
lll
Heydər
Əliyev diplomatiyasının əsas əlamətlərindən
biri ən çətin, dramatik danışıqlar,
görüşlər zamanı vəziyyətə nəzarət
etməklə onu idarə etməyi idi. Görüş
və söhbətlər zamanı Azərbaycanın xeyinə
nəyisə həll etmək üçün, sözün əsil
mənasında, onun gedişləri tükənməz idi.
Bütün səviyyələrdə və ən
müxtəlif şəraitlərdə müsahibin diqqətini
cəlb etmək üçün nadir məziyyətlərə
malik idi. Bir fakt: 1995-ci ilin mayında Bolqarıstana səfəri
zamanı həmin ölkənin parlament üzvləri
qarşısında çıxışı nəzərdə
tutulmuşdu. O vaxt kommunist rejimindən sıyrılmış
Bolqarıstanın prezidenti demokrat Jelyu Jelev idi. Parlamentdə isə çoxluq sosialistlərin tərəfində
idi. Bəlkə də bu səbəbdən idi ki, yenicə
demokratiyanı dadmağa başlayan parlament üzvləri
özlərini son dərəcə sərbəst aparır, hətta
Jelyu Jelev çıxış edərkən bir-birləri ilə
ucadan söhbət etməklə, bəzən də replikalar
atmaqla bir növ onu sancılmış duruma salmaq istəyirdilər.
Jelyu Jelev çıxışında Bolqarıstan kommunistlərinin
başçısı Todor Jivkovun ölkədə
yaratdığı böhranlı vəziyyətdən,
SSRİ-nin onun ölkəsini 15 müttəfiq respublikadan biri kimi
öz tərkibinə qatmaq cəhdindən də söhbət
açdı.
Sonra söz Azərbaycan prezidenti Heydər Əliyevə
verildi. Zalda
tam sakitlik yarandı, daha doğrusu, zala sükut
çökdü.
Çıxışını Azərbaycanın
müstəqilliyi və onun qorunub saxlanılması üzərində
quran Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin
yaranma tarixi, onun həlli ilə bağlı beynəlxalq aləmdə
görülən işlər, münaqişənin ədalətli
həlli ilə əlaqədar Azərbaycanın mövqeyi
haqqında ətraflı məlumat verdi. Beynəlxalq seperatizm
və terrorizm haqqında, bəşəriyyətə
vurduğu ziyanla əlaqədar fikirlərini açıqlayan
pezident Heydər Əliyev keçmiş SSRİ-dəki vəziyyətlə
bağlı da müəyyən tarixi məqamlara
aydınlıq gətirərək qəfil gediş edərək
dedi: " Bolqarıstan prezidenti Jelyu Jelev
çıxışında bildirdi ki, keçmiş SSRİ
rəhbərliyi bu ölkəni müttəfiq respublikadan biri
kimi öz tərkibinə qatmaq istəyirdi. Mən bu məsələyə
bir az aydınlıq
gətirmək istəyirəm. Əslində
tam tərsinədir. Ölkənizin sabiq rəhbəri
Todor Jivkov dəfələrlə Sov. İKP
MK-nın siyasi bürosuna müraciət edib ki, Bolqarıstanı
16-cı müttəfiq respublika kimi Sovet İttifaqının
tərkibinə qatsınlar. Deyim ki, siyasi
büroda bu məsələyə birmənalı münasibət
yox idi. Lakin hər halda məsələ
qapalı müzakirəyə çıxarıldı. Mən - Heydər Əliyev çıxış edərək
bildirdim ki, Todor Jivkovun bu təklifinə müsbət cavab vermək
məqsəduyğun deyil. Çünki
beynəlxalq aləmdə düzgün qarşılanmaz və
s. Onu da deyim ki, bu təklifimi
siyasi büro üzvlərindən müdafiə edənlər
də var idi. Beləliklə, Jivkovun təklifi qəbul
olunmadı. Xatirimdədi, sonralar bu məsələ
gündəliyə bir də çıxarıldı. Yenə də eyni münasibət oldu. İcazə verin qürurla bildirim ki, o vaxt
Bolqarıstanın SSRİ-nin tərkibinə
qatılmamasının əsas səbəbkarlarından biri
qarşınızdadır".
Daha sonra zarafatla əlavə etdi ki, bəlkə
o vaxt atdığım addım üçün indi mənə
minnətdarlıq edəsiniz?! Bolqarıstan parlamentinin sədri
yekun sözündə
həqiqətən də Heydər Əliyevə dərin məzmunlu
çıxışı və o vaxt atdığı
addım üçün təşəkkür etdi: "Cənab
prezident, siz tarixi çıxış etdiniz.
Bolqarıstanın taleyi ilə bağlı bizə məlum
olmayanı söylədiyinizə görə çox sağ olun".
Elə həmin gün Azərbaycan prezidenti mətbuat
konfransı keçirirdi. Çoxsaylı
jurnalist ordusu onu dövrəyə almışdı.
Rusiya televiziyasına müsahibə verən Heydər
Əliyev qəfil sözünü kəsdi və əlilə
jurnalistlərin ön cərgəsindən xeyli arxada dayanan bir
nəfəri göstərərək dedi: "Türk
balası, niyə elə çəkinirsən? Niyə
arxada durubsan? Yaxın gəl görüm.
Bundan sonra sənin sualına cavab verəcəyəm". Elə də etdi.
Türk jurnalisti yanına
çağırıb hansı agentliyi təmsil etdiyini
soruşdu. Aydın oldu ki, o,
"Anadolu" agentliyini təmsil edir. Sual vermədi,
xahiş etdi ki, prezident onu iqamətgahında ayrıca qəbul etsin. Heydər
Əliyev onun xahişini yerinə yetirdi.
Elə ordaca həmin jurnalistin kimliyi ilə
maraqlandım.
Prezidentimizin onu hardan
tanıdığını soruşdum. Belə cavab verdi: "Heç vaxt görüşməmişik
və bir-birimiz tanımırıq. Sadəcə
o türk, mən türk, qan çəkdi. Arkadaş, biləsiniz ki, bu ölkədə
türkləri öpüb başlarının üstünə
qoymurlar. Heç vaxt inana bilməzdim ki,
Bolqarıstana səfərə gələn bir prezidentdən
müsahibə alaram. Məni yaxın
buraxan kimidi"?
1994-cü ildə Heydər Əliyev Fransaya səfər
etmişdi. Diplomatik korpusun nümayəndələri
qarşısında çıxış edirdi. Söz
alanlardan biri Azərbaycan prezidentinə belə bir sual verdi: "Cənab prezident, siz keçmiş
sovetoloqsunuz. Necə bilirsiniz, MDB-nin taleyi necə
olacaq?" Heydər Əliyev zəndlə onun üzünə
baxdı və bir qədər
yumor hissilə "Ovanesov, siz hələ də
keçmiş SSRİ və onun yerində qurulan müstəqil
respublikaların taleyi ilə maraqlanırsınız? Axı,
mən sizi 1983-cü ildə Kremldə qəbul edərkən
SSRİ-nin taleyi ilə bağlı bəzi fikirlərimi çox
aydın söyləmişdim. Deyəsən yaddaşınız zəifləyib. Mən isə sizi yaxşı xatırlyıram.
Bizim düz 30 dəqiqə dialoqumuz oldu" - dedi. Bu sözlərdən
sonra erməni Ovanesov stola çökdü. Zaldakılar Heydər Əliyevin hafizəsinə heyrət
etdilər. Onu "kompüter adam"
adlandıranlar yanılmırlar.
lll
Taleyim elə gətirib ki, ötən on
il ərzində Azərbaycana rəhbərlik etmiş şəxsləri
xarici səfərlərdə jurnalist kimi müşaiyət
etmişəm. 1992-ci ilin mayında o vaxt prezident səlahiyyətlərini
icra edən Ali Sovetin sədri Yaqub Məmmədovla İranda,
1993-cü ilin oktyabrında prezident Əbülfəz
Elçibəylə Türkiyədə, həmin ilin
avqustundan başlayaraq 1995-ci ilin noyabrına qədər isə prezident Heydər
Əliyevlə çoxsaylı səfərlərdə
olmuşam. Onları müqayisə etmək
fikrindən çox-çox uzağam. Qısaca
qeyd edim ki, hər yerdə Heydər Əliyev beynəlxalq səviyyəli
lider kimi qarşılanır, ərazicə kiçik olan bir
ölkənin böyük dövlət
başçısı kimi yola salınırdı.
Prezidenti müşaiyət etdiyim həmin xarici səfərlərdə
ona göstərilən böyük jurnalist marağının hər zaman şahidi
olmuşam. Bu, həm də liderin şəxsi
keyfiyyətləri ilə bağlı idi. Hər
hansı ölkənin paytaxtına Azərbaycan liderinin təyyarəsi
eniş edəndə elə aeroportdaca, ən azı, 25-30 jurnalistlə
qarşılaşırdıq. Onların arasında hər
zaman "Röyter", " Bİ-Bİ-Sİ",
"Vaşinqton Post",
"Nyu-York Tayms", "Qardian", "Fiqaro" və
başqa nəhənglərin nümayəndələri olurdu.
Prezident Heydər Əliyev heç vaxt jurnalistlərdən
qaçmaz, ən mürəkkəb sualları belə
cavablandırmaqdan yayınmazdı. Ekskülüziv
müsahibələr vermək üçün istirahət vaxtını xərcləyirdi. Bu şəxsiyyət
xarici səfərlər
zamanı gündə 14-16 saat işləyirdi.
Diqqət çəkən bir məqam var idi. Zirvə
toplantılarında iştirak edən jurnalistlər digər dövlətlərin
rəhbərləri ilə müqayisədə Azərbaycan
prezidentinə daha çox suallar verirdilər. Yaxşı
yadımdadır. 1995-ci ildə
Alma-Atıda MDB dövlətlərinin zirvə
toplantısı keçirilirdi. Sonra mətbuat
konfransı təşkil olundu. Konfransı giriş
sözü ilə Rusiyanın baş naziri Viktor
Çernomırdin açdı . Suallar verilməyə başlandı. Onlar əsasən Çernomırdinə, Əliyevə
və Nazarbayevə ünvanlanırdı. Növbəti
suala cavab verən Heydər Əliyev həmkarlarını vəziyyətdən
çıxarmaq üçün gülə-gülə
dedi:" Viktor Stepanoviç, bəlkə digər prezidentlərin
vaxtını almamaq üçün mən ayrı bir zala
keçim"? Zalda alqış səsləri ucaldı...
Eyni münasibəti türkdilli dövlətlərin
Ankarada, İslam Konfransı Təşkilatının Kasablankada
keçirilən zirvə toplantılarında da
görmüşəm.
Azərbaycan lideri jurnalistlərə çox
açıq idi. Səfər zamanı onu müşaiyət
edən jurnalistlərin hamısını şəxsən
tanıyırdı. Onlara xüsusi
qayğı və səmimiyyətlə yanaşırdı.
Uçuş zamanı təyyarənin salonunda gəzərək
hər bir jurnalistin kefini soruşur, bəzən duzlu-məzəli
atmacalar da atırdı. Mütləq həm səfərdən
əvvəl, həm də vətənə dönəndə təyyarənin
salonunda onu müşaiyət edən jurnalistlərə
müsahibə verirdi. Və bu zaman tam sərbəst
atmosfer yaradırdı. Mənə elə
gəlirdi ki, o, jurnalistlərin ürəyini oxuyur və bizim
hansı sualı verəcəyimizi bilirdi. Mətbuat
üçün açıqlama bitəndən sonra bir
çox hallarda onu müşaiyət edən birinə tərəf
baxaraq deyirdi: "Hə... sən nəsə soruşmaq istəyirdin,
axı". Bax, belə diqqətli,
gözündən heç nə yayınmayan bir şəxsiyyət
idi O.
Bu, doğrudan da belə idi. Hesab edirəm ki, onun
keçirdiyi tədbirlərdə daim iştirak edən, xarici
səfərlərdə onu müşaiyət edən jurnalistlər
böyük bir məktəb keçiblər. Ümumiyyətlə jurnalistika, sovet mətbuatı,
demokratik mətbuat, söz və mətbuat azadlığı
haqqında onun qənaətləri və söylədiyi fikirlər
böyük tədqiqat mövzularıdı. Xarici səfərlər zamanı Heydər Əliyev
onu müşaiyət edən jurnalistlərə işləmək
üçün xüsusi şərait yaradırdı.
Böyük beynəlxalq tədbirlərdə, zirvə
görüşlərində, habelə ikitərəfli
danışıqlardan sonra keçirilən mətbuat
konfranslarında Azərbaycan jurnalistlərini çox fəal
görmək istəyirdi. Mən bunu zalda sual vermək
üçün basabas salan jurnalistlər arasından onu
müşaiyət edənləri nüfuzedici baxışlarla
süzərkən sezirdim. Bizim zalda necə
mövqe tutduğumuz, kameraların necə işlədiyi,
mikrofonun necə qurulduğu da Heydər Əliyevin diqqətindən
yayınmırdı. Bəli, o məhz idarə
edirdi.
Tələsikdə əgər kameraların işləməsi
və mikrofonların qurulması üçün vaxt lazım
gəlirdisə, Heydər Əliyev müəyyən gedişlərlə
bizim özümüzü tarazlamağımıza imkan
yaradırdı. Hiss edirdim ki, Azərbaycanın taleyüklü məsələlərinin
həlli ilə bağlı beynəlxalq birliyin və
dünyanın nəhəng dövlətlərinin
başçılarına ünvanladığımız
suallar onda razılıq doğurur.
Böyük lideri Az.TV-nin əməkdaşı kimi
xarici səfərlərdə müşaiyət etdiyim zamanlar
mətbuat konfraslarında verdiyim suallardan əsasən
narahatlıq keçirməmişəm. Lakin iki dəfə
hədəfə tam düşmədiyimi də etiraf edirəm.
Gerçəkdən mən prezident Heydər
Əliyevə, yaxud onun iştirakı ilə keçirilən
mətbuat konfranslarında hansısa dövlətin
başçısına, yaxud beynəlxalq təşkilatın
rəhbərinə sual verərkən özümü
böyük bir imtahan verirmiş kimi hiss edirdim. Onunla və onun yanında işləmək hər
bir jurnalist üçün böyük məsuliyyət
olduğu kimi, həm də böyük şərəf idi.
Onun "Ağababalı, (o mənə Ağbabalı yox,
Ağababalı deyirdi) bura gəl görüm" ifadəsini
işlətməsi o demək idi ki, sərbəst şəkildə
çoxsaylı suallar vermək imkanım var. Lakin bu, nisbi sərbəstlik
idi. Ondan müsahibəni ən sərbəst
formada təyyarənin salonunda üzbəüz əyləşərkən
alırdım. Həyəcanımı
azaltmaq üçün Heydər Əliyev baxışları
və oturuşu, üzündəki xoş təbəssüm
və səmimi ifadələri ilə şərait
yaradırdı.
Xarici səfərlərin birindən dönürdük. Yolüstü
İstanbuldakı Atatürk Hava Limanında qısa müddətə
dayanmalı olduq. Ermənistan nümayəndə
heyəti də hava limanında idi. Bir az
aralıda Levon-Ter Petrosyanı gördüm. Ona
bir neçə sual vermək üçün gözəl məqam
yaranmışdı. Prezidentin köməkçisi
Eldar Namazova yaxınlaşıb niyyətimi bildirdim. O,
"əzizim, mən bir şey deyə bilmərəm"
söylədi. Heydər Əlyev 4-5 metr kənarda
Azərbaycan nümayəndə heyətinin üzvləri ilə
söhbət edirdi. Ani olaraq nəzərlərim
ona dikildi. Dövlət başçısı niyyətimi
hiss etmiş kimi göründü. Üzündəki
ifadədən bir cəsarət tapıb operatorla birlikdə
Ter-Petrosyana yaxınlaşdım. Müsahibə
alındı...
İş otağında oturmuşdum.
Xidməti hökumət telefonu zəng
çaldı. Dövlət
başçısının köməkçisi bildirdi ki,
prezident mənimlə danışacaq. Təxminən
bir dəqiqədən sonra "Nezavisimaya qazeta"da
çıxan materialı oxumusan"? sualını
eşitdim. "Xeyr, cənab prezident" deyə
astaca cavab verdim. "Bəs, nə işlə
məşğulsan? Oxu, mənimlə əlaqə
saxla" deyərək dəstəyi asdı. Telefonun dəstəyi
əlimdə donub qalmışdım...
Sədrin
birbaşa telefonu zəng çaldı: "Hazır ol,
prezident çağırır, gedirik". Bir
gün əvvəl "Xəbərlər"də Azərbaycan
dövlətçiliyinin müdafiəsi ilə bağlı
bir süjetdə yol verilən çox ciddi nöqsan mənə
bəlli idi. Lakin bu nöqsanın müəllifi mən deyildim.
Onun müəllifi
Prezident Aparatının indi ekslər sırasında olan
yüksək vəzifəli şəxsi idi. Prezidentin bizi həmin
məsələ ilə əlaqədar çağırdığının fərqinə vardım.
Dövlət başçısının iş
otağına daxil olanda mənə veriləcək hər
hansı suala belə cavab verəcəyim barədə
düşünmək halında deyildim. İçəridə
gedən qısa söhbətdən aydın oldu ki, dövlət
başçısı o nöqsanın haradan gəldiyini
çox yaxşı bilir. Azərbaycanın milli
maraqlarının, dövlətin və dövlətçiliyinin
qorunmasında informasiyanın rolu barədə öz fikirlərini
qısa formada bildirəndən sonra mənə "sən
get" dedi. Və mən bir daha əmin oldum ki, prezident Heydər Əliyev
ölkədə gedən bütün proseslər haqqında ən
dəqiq məlumatlara malikdi.
Ulu Öndər mətbuatın böyük dostu idi. XX əsrin
sonlarında Azərbaycanın müstəqilliyini elan edənlərin
mətbuatın azadlığını elan etməyə cəsarətləri
çatmadı. Heydər Əliyev isə 1998-ci ildə KİV
üzərində senzuranı ləğv etdi. Mətbuatda və
digər informasiya vasitələrində dövlət sirrini
qoruyan baş idarəni tarixin arxivinə göndərdi. MDB
məkanında ilk dəfə məhz Azərbaycanda informasiya
mənbəyinin açıqlanması üzərinə
qadağa qoyuldu. MDB məkanında ilk dəfə məhz
ölkəmizdə mətbuatın dövlət qeydiyyatı ləğv
olundu. Belə ilkləri çox sadalamaq olar.
Ulu Öndər yaxşı bilir və əməldə də
onu göstərirdi ki, Söz azad olmayınca cəmiyyət
azad ola bilməz.
Zaman dağ
çayı kimi axıb gedir, zər-zibaları
çürüdüb, daş-kəsəkləri
söküb özü ilə aparır. Təkcə
əməllər, ideyalar, ideyaları həyata keçirməyi
bacaran böyük şəxsiyyətlər əbədi
yaşayırlar - Böyük Öndər kimi. Nə qədər Azərbaycan var, o qədər də
Heydər Əliyev olacaq. Nəsillər hər
zaman ümummilli liderə minnətdar olacaq, məzarı
önündə baş əyəcək və onu al qərənfil,
tər çiçəklərlə süsləyəcəklər.
Azərbaycanın ən böyük sərvəti Heydər
Əliyev dühasıdır, onun müqayisəyəgəlməz
siyasi və dövlətçilik təcrübəsidir. Bu sərvət
müqəddəsdir və hifz olunmalıdır. Bunun məhz belə olduğunu Azərbaycan xalqı
özünün böyük oğlunu cismən itirdikdən
sonra bir daha tam, aydın formada yəqin etdi. Yəqin etdi
ki, müstəqil Azərbaycanın gələcəyi,
inkişafı, hüquqi-demokratik dövlət quruculuğu,
ölkənin ərazi bütövlüyünün təmin
olunması, vətəndaşların hüquq və
azadlıqlarının qorunması, sosial rifah Heydər
Əliyevin müəyyənləşdirdiyi strateji xəttdən
və siyasi kursdan kənarda deyil. Məhz ona görə də
Azərbaycan xalqının böyük əksəriyyəti
2003-cü ilin oktyabrında keçirilən prezident
seçkisində Heydər Əliyev məktəbinin layiqli
yetirməsi, Ulu Öndərin siyasi kursunun şəriksiz
davamçısı, Azərbaycanda və beynəlxalq aləmdə sanballı dövlət
xadimi, sivil bəşəri dəyərlərə sadiq, praqmatik
düşüncə sahibi kimi tanınan və qəbul edilən
cənab İlham Əliyevə səs verdi, onu prezident
seçdi. Artıq 13 ildir ki, möhtərəm prezidentimiz
ölkəyə rəhbərlik edir. Azərbaycan
xalqı fəxr edir ki, Heydər Əliyev kimi nəhəngdən
sonra ona zamanın özünün tələbindən irəli
çıxan və Azərbaycanın şansı sayılan
lider rəhbərlik edir.
Heydər Əliyev kursunun davam etdirilməsinin, onun
ideyalarının həyata keçirilməsinin nəticəsidir
ki, Azərbaycan günbəgün yeniləşir, inkişaf
edir, müasirləşir. Cənab İlham
Əliyev yeni dövrün yeni
çağırışlarına ölkəmizin milli
maraqlarından çıxış edərək cavab verir.
Bu da xalqın və "Heydər Əliyevin ən
böyük əsəri olan müstəqil Azərbaycan
Respublikası"nın mənafeyinə
xidmət edir. Obrazlı dildə desək, "Azərbaycan gəmisinin
sərnişinləri rahatdırlar ona görə ki, bu gəminin
sükanı arxasında həm xalqın, həm də
Böyük Öndərin etibar və etimad göstərdiyi
kapitan durur".
Səyyad AĞBABALI
525-ci qəzet.- 2016.- 8 dekabr.- S.4.