Nizami demiş...

 

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Söz, sənət xiridarı, görkəmli İnsan və alim qardaşım Nizami Cəfərova bir könül ərməğanı

 

Hər uca rütbədən biliniz fəqət

Alimin rütbəsi ucadır, əlbət.

Nizami Gəncəvi

 

Yamanlar yalanla can üzərdilər,

Qərbdə qəribə bir kindi siyasət.

Bir vaxt siyasətlə baş bəzərdilər,

Pambıqla baş kəsir indi siyasət...

 

Olacaq, olan yox, oldurulandı,

Yadlar - yaddaşını sil, unut - deyir.

Cibləri rüşvətlə doldurulandır;

Dovşana qaç, tazıya da tut - deyir.

 

Pozmur qərarını hər hədd aşan da,

Cənabdır, ledidir, madamdır, ya ser.

Vətən anlayışı yox yaddaşında,

Müasir imici: korrupsioner.

 

Özgədən gileyim-özgələr üçün,

Bizə aid deyil mənfi bir çalar.

Gəlir üstümüzə öz gəliriçün

Qarası qurumuş qaynar birjalar...

 

Yad el doğmalığı arxivə çatıb,

Soyuq nəzərləri alqışlayırlar.

Bülbülü xərabat küncünə atıb,

Bayquşa gülüstan bağışlayırlar...

 

Qaraya tutan çox yenə ağı da,

Bu nə bəyənməzlik, ay elçi qardaş?!

Öz ana dilində danışmağı da,

Yenə ar bilənlər var, dilçi qardaş?..

 

Göz var Bakımızın gözəlliyində,

Göz içrə mələklə fələk güləşir.

Bu köhnə şəhərin təzəliyində,

Odalar, ofislər əcnəbiləşir...

 

Qatqıdan qorunub özünü gözlər,

Bu saf mayamızla təmiz dölümüz.

Meydan sulayanda qurama sözlər,

Ana deyib ağlar Ana dilimiz...

 

Reklamlar bərq vurur, işığı gözəl,

İşığın altında yazısı özgə.

Parkda bizimsə də zəncir dartan əl,

Zəncir boğazında tazısı özgə...

 

Göylərə bülənddir didərgin ahı,

Torpaq deyə-deyə yurdsuz zarıyır...

...Bu soyuq qanları neylər... İlahi?!

Bədbəxt Tükəzbanlar evdə qarıyır?!.

 

Söylə, müqaddəsmi, Anamı torpaq?!

Keçmişin cavabı ...im..., ...idi...nədir?

Ötənin, itənin inamı torpaq,

Torpağı itənin ümidi nədir?!

 

Gəzib -dolaşmışam külli -aləmi,

Üstündür elimiz ellərdən qat-qat!...

Zülmət gəlişinə əl çalmaq dəmi

İşığa qapısı qapanan həyat...

Zorla dikələni yıxmaqdan ötrü

Nədən bəd danışıb-dinirik, qardaş?!

Niyə bir mərtəbə qalxmaqdan ötrü

On-on beş mərtəbə enirik, qardaş?!

 

Dargözlük edirik çəmənə, dağa,

Cəllada, qansıza nə qan gəzirik?!

Günəşin nurunu qamçılamağa

Fürsət axtarırıq, məqam gəzirik...

 

Paxıllıq - paxlasız bir ovuc düyü,

Xiffət nəmi çəkib, şiş - sərvət olur.

Qısqanclıq kabusu bürüyüb göyü,

Yağanda yer üzü bimürvət olur.

 

Gözə görünəni gözdən salırıq,

Gözəgörünməzin görküsə ayıq.

Alovu üfürüb közdən salırıq,

Başda papağımız külləmə oyuq...

 

Bürüyüb aləmi bur laqeydlik,

Yoxdur qaldıranı yıxılan kəsin.

Təkəbbür içində insanlıq ləlik,

Xilqəti xar olan xaliq neyləsin?!

 

Bircə tükünü də verməz dinara

Yekəxanalığı önə yaxanlar;

Qaydadır: baş əyər torpağa, sonra

Günəşə boylanar günəbaxanlar...

 

Zalımlığından da əl çəkmir zalım,

Fağıra verdiyi əzabı nədir?!

İnsanın insana nifrəti məlum,

Ölkənin ölkəyə qəzəbi nədir?!

 

Balığı aldadır soxulcan səsi;

Binəva şütüyür qarmaqdan ötrü.

Bağırmaq - oğrunun fəndi, hiyləsi -

Doğrunun bağrını yarmaqdan ötrü...

 

Deyirlər zəmidə əlli dən qalıb...

Həmişə, hər yerdə düzü duyan yox.

Haçandan əl tutmaq əlli...dən qalıb?!

Əl əli yumasa, üzü yuyan yox...

 

Bunlar ki boşluqdur, qopmaz yaxandan,

Qanunda, təklifdə, şərtdə boşluqlar.

Dünyaya bir yandan dolu baxanda

Cəmdə, cəmiyyətdə, fərddə boşluqlar...

 

Ehtiyac - torpağı barından üzən;

Zəmisi biçilib, samanlıq olur.

Niyə yaxşılığın son adı bəzən

Yaxşını göynədən yamanlıq olur?!

 

Könüldə ən zərif duyğular yatıb,

Köntöy ədamızı şık ütülədik.

Nəfsi başımızdan yuxarı tutub,

Tamah dişimizi hey itilədik...

 

Əgər ucuz başa hörülsə çələng,

Hökm arxaların, dayılarındır.

Bəzən ac dolanır meşədə pələng,

Armudun yaxşısı ayılarındır...

 

Təbiət işidir bu da, qardaşım,

Sanma ki, yersizdir səndən sormağım.

Döyünən ürəyim, düşünən başım -

Bunlardır əzabım, həm sinə dağım...

 

Dünyanın o biri başında şərdən

Ürəklər dar qəfəs cismində gəzir.

Suçsuzun zindanda saçları dən-dən,

Günahkar günahsız qismində gəzir.

 

Ağbəniz öyülür Aysız qalsa da,

Səslənir insanlıq daşımaq haqqı...

Bəzən unudulur, insan olsa da

Qaradərilinin yaşamaq haqqı...

 

Okeanın o tayı daim sirdədir,

Müəmma içində bəyanlar gedir.

Orda demokratiya qara pərdədir,

Altında olmazın oyunlar gedir...

 

Xəyanət dəb düşüb, qaç yeyin-yeyin,

Yolumuz hey sənin, mənim kəsilir...

Dünən dost bilərək can söylədiyin

Bu gün can mülkünə qənim kəsilir...

 

Azmı Vətən adlı yağı, yad, xətər?!

Millət orda naçar, nökər kimidir.

Qürbətin şirini, zəhərdən betər,

Yurdun acısı da şəkər kimidir!..

 

Lovğa təkəbbürlü, fağır utancaq,

Gerçəyin giri yox, özü görünmür.

Günəş də üzünü göstərir, ancaq

Xırda padşahların üzü görünmür.

 

Mərdlik tanımayan mərd çağlamaz ki,

Min namərd bir mərdin alsın qadasın.

Elimə yadelli gün ağlamaz ki,

Deyərlər ki, yadı yağı budasın!

 

Amma yaddan qorxunc olur yadcıllar,

Boğazında kəmsik - ala xaltalar,

Şərəməl yollarda şok ardıcıllar -

Sapı özümüzdən olan baltalar...

 

Hər yalan təsəlli aramım deyil,

İstərəm qəlbimdə nura güvənəm.

Bəd nota köklənmək məramım deyil,

Mən işıq axtaran, işıq sevənəm...

 

Səni qınamıram, qınamıram, yox,

Sən də gəl qınama bu sərt yazarı.

Neyləyim,biganə rəsmilərdən çox

Qanana deyərlər giley-güzarı...

 

Yaxşılar yamana dönməsin deyə

Biz haqqı sıxmayaq küncə, bucağa.

Bu yurdun atəşi sönməsin deyə

Bir kösöv atmalı hər kəs ocağa.

 

İşarə bəs ikən arif olana,

Çox şeyi çox açıb-ağartmaq əbəs.

Sözsüz ki, söz acı sözə qalana...

Sözdən doymaz olur sözü duyan kəs...

 

lll

 

Düşüncə sehrinlə əylədiklərin,

Məntiq ətri duyar gül yönlər üçün.

Hər dəfə efirdən söylədiklərin

Əsl açıq dərsdir milyonlar üçün.

 

Köksündə ocaq çat hər gün, ya köz eş,

Yanar həftə sonu arzularınla;

Ədəbiyyat... ilə 525...

Təzə libas geyər yazılarınla.

 

Könlünün odundan atəş qopacaq,

Doyacaq zəkandan nur tələblərin.

Yenilik arayıb, üslub tapacaq

Bilik bildirdiyin tələbələrin.

 

Neçə ümid igid, neçə inam ər,

Qalib köhlənini çapar səsində.

Türkdilli obalar, türksoylu ellər

Birlik səadəti tapar səsində.

 

O səs hər çalarda yeni bir məna,

Geniş diapazon, ləngər, nəfəsdir.

Aqillər hey qulaq kəsilər ona,

Səssiz, qələm yazan söz də əbəsdir.

 

lll

 

Uzun bir qatardı bu söz karvanı,

Od saçıb yandıran mərvəni ola.

Demə ofsarını çəkəni hanı -

Onda ki bir sərraf sarvanı ola!..

 

Qəmin dizlərini yerə gətirə,

Çox məntiq kələfi əyriləsidir.

Ümid addımları nərə gətirə,

Fəhmi misri qılınc - siyriləsidir.

 

Neçə itəriyə başdaşı qoyub...

İzahı olub da əta, bəsi də...

Onun yozumunda rahat uyuyub

Bilgə Tonyukukun kitabəsi də...

 

Çatar sınaqlara o, qaşlarını,

El sevinəndə də, yaslananda da.

Qurudar kədərin göz yaşlarını

Cümləsi sevincdən islananda da.

 

Sual buluduyla əqlini sıxsaq,

Cavabı alqışla afərin olar.

Ümman gözlərinə yaxından baxsaq,

Həm sadə görünər, həm dərin olar.

 

İnsanlıq adına işıq saçar o,

Həm də alimliyi - qəlbinin hökmü.

Müşkül fikirləri dən-dən açar o

Boynundan açdığı qalstuk kimi...

 

Tanrıya - Haqq üzə üzülər üzü,

Min kədər qovğası sovuşar onda.

Yuxusuz gözündən doğar gündüzü,

Qürubla dan yeri qovuşar onda.

 

Mənə ariflərdən tənəmi gərək?!-

Danışa bilmirəm xəlvət, bükülü;

Safdır öz qanıyla döyünən ürək,

Millətin öz oğlu - millət vəkili!..

 

Onu ruh qanadı uçaq eləyib;

Baxmaz sərt tufana, qatı bürküyə -

Açıb qollarını qucaq eləyib,

Ana Azərbaycan, qardaş Türkiyə...

 

Babatmı, yaxşımı, yoxsa əlamı -

Naşı əl ilməni qoy toxumasın!

Nizami demişkən, dürüst kəlamı

Gözü götürməyən heç oxumasın!..

 

Dostluq qalasıdır, bütövdür sözü,

Şüşə tək kövrəkdir, polad kimi sərt.

Andından sapsa da bəlkə yer üzü,

O, əhdə sadiqdir, əməlində mərd.

 

Onu çəkdikləri min yerə çəkir...

Əyri düzü bassa, həzər, dad olar!..

Sükutu düşüncə, baxışı fikir -

İlahi verdiyi istedad olar.

 

Nəyə üz tutarsa, abidələşər;

Çoxuna istinad, çoxuna məxəz...

Qələm çaldığı söz yerinə düşər,

Di gəl tap o yeri, ha axtar, ha gəz!..

 

Arı anlamına söz ətri olam,

Baş pətək saf balla barınmalıdır.

Kəsilməz torpaqdır kəsdiyi kəlam,

Saiti, samiti qorunmalıdır!..

 

Bələddir dünyanın igidliyinə,

Kamildir imanı - xürafat deyil.

Yoldu zarafatı ciddiliyinə,

Ancaq ciddiliyi zarafat deyil.

 

O, gerçək ağıldır, nə xəyal, yuxu,

Cahilə, nadana şəkk Nizamidir.

Nizami ismini daşıyır çoxu,

Nizami dəyərdə tək Nizamidir.

 

Sözü ödüldür, bu, hələ bir yana,

Çox şit mükafatı məyus edərdim!..

Əlacım olsaydı, onun adına

Fikir sərkərdəsi təsis edərdim.

 

Öz fikrindən əvvəl oyana bilmək

Onun fövqəladə şahiliyidir.

Tərifdən yuxarı dayana bilmək

Çağdaş düşünənin dahiliyidir!..

 

Yoxdur ehtiyacım yarınmalara,

Nəyi duyuramsa, onu yazıram.

Hər sözü bir dərdə, bir qəmə çara,

Haqq fikir cənginə mən də hazıram!..

 

Ancaq qarşımdadır aslan pəncəsi,

Yenilməz o gücü necə öyməyim?!

Əqli, həm idrakı, həm düşüncəsi -

Ağır çəkisiylə yüklər əyməyi!..

 

Nizami təbiri təblər oyadıb,

O, hər cümləsini əzəmi demiş.

Nəyi deyəsən ki, axır qayıdıb

Bir də deməyəsən: Nizami demiş?!

 

Mart, 2016-cı il

Bakı

 

Yusif NƏĞMƏKAR

 

 

525-ci qəzet.- 2016.- 10 dekabr.- S.23.