Filarmoniyada gənc xanəndələrin konserti

 

Dünən Muğam Televiziya Müsabiqəsinin qalibləri Nigar Şabanova Ramiq Bayramov Dövlət Filarmoniyasında konsert proqramıyla çıxış ediblər.

 

Ölkə.Az-ın məlumatına görə, Gənclərə dəstək adlı layihə çərçivəsində baş tutan konsertdə xanəndələri Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyəti müşayiət edib. Konsertdə xalq mahnıları, təsniflər ifa olunub. Gecənin ən yaddaqalan anı isə R.Bayramovla N.Şabanovanın Qarabağ şikəstəsini ifa etməsi olub.

 

Konsertdən sonra Ramiq Bayramov təəssüratlarını Ölkə.Az-la bölüşüb: Konsert hər bir xanəndənin dinləyicisi, pərəstişkarı qarşısında hesabatıdır. Tamaşaçılara da təşəkkür edirəm ki, hesabatımıza şahidlik etdilər. Doğrusu, hava şəraitinə görə bir az narahatçılıq var idi. Amma sonda hər şey istədiyimiz kimi oldu. Bu arada, ustadım Xalq artisti Mənsum İbrahimova, Əməkdar müəllim Qəzənfər Abbasova, Xalq artisti Gülyaz Məmmədovaya, 525-ci qəzetin baş redaktoru Rəşad Məcidə, Əməkdar artist Babək Niftəliyevə məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm.

 

Nigar Şabanova isə bunları deyib: Belə konsertlərin çox olması gənc xanəndələr üçün çox vacibdir. Çünki belə olanda tamaşaçıyla daha yaxından ünsiyyət qurmaq imkanımız olur. Konsertimiz uğurla başa çatdısa, bu, həm də tamaşaçılarımızın uğurudur.

 

525-ci qəzet.- 2016.- 10 dekabr.- S.13.