Yazıçı bu dəfə Əlişir Nəvai irsini işıqlandırdı

 

Oğuz eli qəzetinin xüsusi buraxılışı olan Yazıçının noyabr sayı böyük özbək-türk şairi Əlişir Nəvaiyə həsr olunub.

 

Tanınmış ədibimiz Azər Abdullanın baş redaktorluğu ilə hazırlanan xüsusi buraxılışda Əlişir Nəvai fenomeni, onun mükəmməl bədii yaradıcılığı, insanlığa örnək şəxsiyyəti çox maraqlı detallar, oxunaqlı tərzdə yazılmış mətnlərlə oxuculara çatdırılıb.

 

Nəşrdə Xalq yazıçısı Anarın, akademiklər Rafael Hüseynov, İsa Həbibbəyli Teymur Kərimlinin, professorlar Kamil Vəli, Vaqif Arzumanlının, tədqiqatçı Almaz Ülvinin başqa müəlliflərin Nəvai haqqında, Nəvai irsinə dair yazılarından nümunələr dərc olunub. Təbii ki, böyük özbək mütəfəkkiri, türk dünyasının fəxri Əlişir Nəvai ilə bağlı klassik yazarların da yaradıcığından ədəbi parçalar örnək gətirilib. Azər Abdullanın, ənənəvi qaydada, jurnalın son səhifəsində verdiyi miniatür yazıda Nəvainin türk təəssübkeşliyi, onun türk dilinə olan hədsiz məhəbbəti önə çəkilib.

 

Maraqla oxunan buraxılışdakı yazıların üslubu, dili, məqalələrin canına hopdurulmuş bədii enerji, sözün hərarəti oxucunu da xüsusi bir istəklə mütaliəyə meyilləndirir. Ən başlıcası, daha bir türk mütəfəkkirinin dünyası dərgi vasitəsilə müasir oxucunun düşüncəsini işıqlandırır, bizə türk tarix mədəniyyətinin mühüm bir ünvanını yenidən tanıdır.

 

Fariz ÇOBANOĞLU

 

 

525-ci qəzet.- 2016.- 10 dekabr.- S.13.