Heykələ dönmüş söz sahibi

 

 

Tarixən öz həyatı və əməlləri xalqın, millətin gözündə ucalıb heykələ dönmüş şəxsiyyətlər çox olub.

 

Adı heykəlləşən belə insanlardan biri də Borçalı torpağının böyük oğlu, həmyerlilərinin bu gün də haqqında  ağız dolusu söz açdıqları Ayvaz Dursun oğlu Həsənovdur.

 

Ayvaz Dursun oğlu 1929-cu ildə Marneuli rayonunun Axar-Baxarlı Gorarxı kəndində Alget çayının sahilində doğulmuşdu. Burada natamam orta təhsil alıb Başkeçidə (Dümanisi) üz tutan, orada orta təhsilini əla qiymətlərlə başa vuran Ayvaz Dursun oğlu əvvəl Kənd Təsərrüfatı Texnikumunu, sonra isə Kənd Təsərrüfatı Institutunu fərqlənmə diplomu ilə bitirmişdi. 1957-ci ildə Qullar Heyvandarlıq Atçılıq Sovxozunun müdiri təyin olunan gənc mütəxəssis az müddətdə bu çətin sahədə bir-birinin ardınca böyük nailiyyətlərə imza atmışdı. Qısa zamanda onun rəhbərlik etdiyi sovxozda bəslənən atların sorağı Gürcüstanın sərhədlərini aşaraq Avropanın yarış meydanlarından - cıdır düzlərindən gəlməyə başlamışdı. Elə ona görə də bir il keçməmiş onu Gürcüstan SSR Kənd Təsərrüfatı Nazirliyində daha məsul vəzifəyə  - nazirliyin baş zootexniki vəzifəsinə irəli çəkmişlər.

 

Ayvaz Dursun oğlu Həsənov həmin illərdə Kənd Təsərrüfatı İnstitutunun aspiranturasına daxil olmuş, namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdı. Ayvaz Dursun oğlunun əməyini yüksək qiymətləndirən keçmiş Sovetlər Birliyinin rəhbərliyi onu bir sıra orden və medallarla təltif etmişdi.

 

Ayvaz Dursun oğlu 1979-1981-ci illərdə Gürcüstan SSR Kənd təsərrüfatı nazirinin müavini işləyərkən böyük nüfuz sahibi kimi bir sıra seçkili orqanlara seçilmiş, Tbilisi şəhər əhalisinin dərin hörmətini qazanmış, paytaxtın inkişafı üçün önəmli olan bir çox məsələlərin həllində yaxından iştirak etmişdi.

 

Ayvaz müəllim hökumət tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirməklə yanaşı, həm də sözünə bütöv rəhbər olduğundan yuxarı dairələrdə bəzi bədxahların qəzəbinə tuş gəlmiş, bir ara haqsız yerə cəzalandırmışdı. Bu səbəbdən 1981-ci ildə vəzifəsini aşağı salaraq onu geridə qalmış Saraçlı sovxozuna direktor göndərmişdilər. O, cəmisi bir il səkkiz ay müddətində geridə qalmış bir sovxozun gəlirini iki dəfədən çox artırmaqla Gürcüstanda ikinci yerə çıxmasına nail olmuşdu. Bu gözlənilməz nailiyyəti Gürcüstan hökuməti bu əməyini yenidən yüksək dəyərləndirərək, onu yenidən yüksək vəzifəyə irəli çəkmiş, 1983-cü ildə Heyvandarlıq Sənaye Trestinə müdir təyin etmişdilər.

 

1989-cu ildə Borçalıda vəziyyət gərginləşəndə Gürcüstan hökuməti Ayvaz Dursun oğluna daha böyük ehtiyac duymuş, gərginliyi aradan qaldırmaq üçün onu bölgəyə rəhbər təyin edərək böyük səlahiyyətlər vermişdi. Onun gərgin və səmərəli fəaliyyəti nəticəsində bölgədə əmin-amanlıq bərpa olunmuş, ara qızışdıranların körükləmək istədikləri ocağın alovlanmasının qarşısı alınmışdı. 

 

lll

 

Ayvaz Həsənov 1990-cı il yanvarın 17-də vəzifə başında qəfil ürəktutmasından dünyasını dəyişdi.

 

Ürəkli kişilərın ölümü də ürəkdən olar, deyiblər...

 

Ayvaz Dursun oğlunun qısa ömür tarixçəsi belədir. Lakin bu tarixçənin içində o qədər zəngin ürəkaçan anlar, dəqiqələr, aylar, illər var ki, söyləməklə bitən deyil. Onlardan bəzilərini dilə gətirmək, xatırlamaq və xatırlatmaq istəyirəm.

 

Yaxşı yadımdadır, ali məktəbə hazırlaşırdım. Azərbaycan Sovet riyaziyyatının banisi, 1961-1967-ci illərdə Elmlər Akademiyasının prezidenti olmuş  Zahid İsmayıl oğlu Xəlilov evində məni sınağa çəkmişdi:

 

- A bala, get gör çaynik qaynayırmı?

 

Mən mətbəxə keçib qayıtdım:

 

- Yox, - dedim - Zahid müəllim.

 

- Niyə?

 

- Çaynikin lüləyindən buğ çıxmır, qapağı da tərpənmir.

 

- Niyə?

 

- Qaynamadığına görə...

 

Gülüb susdu...

 

Eynən buna oxşar əhvalat 17 il sonra yenidən başıma gəldi. Bu dəfə məni sorğuya çəkən Ayvaz Dursun oğlu idi.

 

Kəpənəkçi kəndində yas yeri idi. Mən də o yasda iştirak edirdim. Həyətdə oturub olub-keçənlərdən danışırdıq. Ayvaz müəllim sovxozun işçiləri ilə birgə bir qədər kənarda oturmuşdu. Bir oğlan mənə yaxınlaşıb dedi ki, səni Ayvaz müəllim çağırır. Başımı qaldıranda onun mənə əl etdiyini gördüm. Yanına getdim. Oturmağa yer göstərdi. Birinci sualı belə oldu:

 

- A bala, de görüm, biz kartof tarlasını yetərincə sulamışıq, gübrələmişik. Amma inkişaf çox zəif gedir. Nədən olar bu?

 

- Ayvaz müəllim, bu yay il quraq keçir. Axı, bitki həm də yarpaqdan sax-şivəldən içər suyunu.

 

- A bala, biz bura yas yerinə, qırxa gəlmişik. Biz özümüzlə kənd adətincə nə gətirməliydik?

 

- Ölü götürülən günü adətən pul salırlar. Sonrakı mərasimlərdə isə çayotu, şəkər, düyü, imkan olsa, heyvan da gətirirlər.

 

Ayvaz müəllim tərs-tərs oturanların üzünə baxdı və dedi:

 

- Bunlar mənə pul salarsınız demişdilər...

 

Hiss elədim cavabım onu qane etmişdi.

 

Bir müddət sonra kartof yığımı hələ başlamamış, çapar gəlib məni evdən çağırdı. Dedi ki, təcili get, Ayvaz müəllim səni "pavlion"un yanında, dörd yol ayrıcında gözləyir. Getdim. Bazar günü idi. Ayvaz müəllim "Qaz-24" maşını ilə gəlmişdi. Fəhlələrlə söhbət edirdi. Mən gəlib onunla görüşdüm və yanında dayandım. Pavliyonda işləyən bir nəfər ona podnosda "Borjom", yanında da bir stəkan gətirdi. Ayvaz müəllim əsəbi halda dedi:

 

- Görmürsən, burda iki nəfər var?

 

Xidmətçi dərhal üzr istəyib geri döndü...

 

Bir azdan üç maşın gəldi. Birinci katib, icraiyyə komitəsinin sədri və ikinci katib maşından düşüb Ayvaz müəllimə yaxınlaşdılar. Ayvaz müəllim qalxıb başının dəstəsiylə irəli, yolun ortasına tərəf çıxdı. Bir qədər ayaqüstü söhbətdən sonra məni yanına çağırdı və əlini çiynimə qoyub dedi:

 

- İvan Temirazoviç, dediyim bu oğlandır.

 

O mənimlə tanış olub əlavə etdi:

 

- Gəlsin, Maarif şöbəsinə tapşıraram, səhər əmrini alıb işləyər.

 

Təəccüb içindəydim. Məni hara təyin edirdilər? Ayvaz müəllim nigarançılığıma son qoydu. Məlum oldu ki, məni məktəb direktoru təyin edirlər...

 

Ayvaz müəllimin bu yaxşılığı baş tutmadı. Müəllimlərin bir qismi gecə ikən tökülüşüb rayona getmişdilər ki, bəs sovxoz direktoru, kənd sovet sədri və digər öndə gedən qulluqçular hamısı qıraq kəndlərdəndir, biz istəyirik öz rəhbərimiz öz içimizdən olsun. Mən də Ayvaz müəllimə bu barədə heç nə demədim və o səbəbdən yaxşılıq baş tutmadı.

 

Bir müddətdən sonra Ayvaz müəllim Tbilisiyə yeni qulluğa təyin edildi, biz bir-birimizlə çox gec görüşə bildik.    

 

1990-cı il sentyabrın 17-də acı xəbər ev-ev, kənd-kənd bütün mahala yayıldı. O müdhiş gün hamı dərdlənir, "Borçalımızın düşmən toxmağı getdi", deyib heyfslənirdi...

 

O gündən neçə illər keçib. Amma hələ də "Düşmən toxmağı"nın kədərli sözü-söhbəti davam edir. Kəndlərdə insanlar seyrəlib. Evlər qocalıb. Yollarda çuxurlar əmələ gəlib. Bulaqların suyu azalıb. Nə kartof tarlaları, nə taxıl zəmiləri, nə bağ-bağatlar ürək açandır, nə sıx-sıx, sürü-sürü naxırlar, ilxı-ilxı at kişnərtiləri eşidilir, nə də qoyun-quzu mələşmələri. Hamı bir növ küskünləşib elə bil, iş bərkə düşəndə yenə də Ayvaz Dursun oğlu xatırlanır...

 

Ayvaz Dursun oğlu ilk gündən at belinə qalxıb yəhər qaşından boylananda da el-obasını, millətini düşünən gənc süvari idi, pillə-pillə qalxıb vəzifə kreslosunda oturub işıqlı-yaraşıqlı kabinetlərin pəncərəsindən baxanda da. Ona görə də millətindən, dinindən, dilindən asılı olmayaraq hamı onu sevir, xatirini əziz tuturdu.

 

Tanınmış dövlət xadimləri də Ayvaz Dursun oğlu haqda çox dəyərli sözlər demişdilər.

 

E.Şevardnadze: "Belə şəxsiyyətlər tez-tez yetişmir".

 

C.Patiaşvili: "O, istedadlı alim, mehriban insan idi".

 

Nadar Çitinova: "O, dostluğu qoruyurdu".

 

Q.Kapanadze: "O, yüksək zövqə malik bir ziyalı idi".

 

Qayoz Qiorqadze: "O, güclü şəxsiyyət idi". 

 

lll

 

Ayvaz Dursun oğlunun həyatı bir romandır. Sağlığında yazan olmadı o romanı... Mən buna görə özümdən başqa heç kimi qınamıram. Özümü, bir də dövrü, zəmanəni qınayıram...

 

...Ayvaz Dursun oğlu hələ çox işlər görəcəkdi, fəqət, bu cəngavər eloğlumuz çox erkən heykələ döndü. Borçalı bağlarının arasında, ulu Borçalı dağlarının əhatəsində əbədi yaşamaq üçün...

 

Nizami SARACLI

 

525-ci qəzet.- 2016.- 13 dekabr.- S.8.