"Jurnalistika millidən
daha çox, beynəlxalq
səciyyə daşımalıdır"
Azərbaycanda mətbuat tarixi köklərə, ənənələrə
malikdir.
Keçən əsrin əvvəllərində
hələ bir çox ölkələr
mətbuatın nə
olduğunu bilməyəndə
ölkəmizdə əsl
qəzetçilik məktəbləri
var idi-"Molla Nəsrəddin",
"Kaspi", "Açıq
söz" və başqaları. Elə indi də
var. Amma gərək, yaxşını dediyimiz kimi çatışmayanı
da deyək. Danılmaz faktdır ki, xüsusilə son illər
qeyri-peşəkarların çoxalması
nəticəsində mətbuatda
bəzi dil qüsurlarına rast gəlinir.
Məsələn, futbol matçlarında tez-tez eşitdiyimiz bir cümləni deyim-"Rəqib futbolçusu topu tordan keçirdi". Axı
top tordan keçmir, tora ilişərək geri qayıdır... Və ya "...gecə saat 24-ə kimi..." Aydın məsələdir ki, saat 24 onsuz
da gecədir. Daha bir neçə bu cür qeyri-dəqiq
ifadələrə misal
çəkə bilərik,
amma, zənnimizcə,
ehtiyac yoxdu. Hələ orfoqrafik səhvləri, bir cümlədə eyni sözün dəfələrlə
təkrarlanmasını, norma pozuntularını
demirik.
Bir neçə gün əvvəl bu məsələlər və
bizi maraqlandıran daha bir neçə
sualla bağlı, üç aydır tanıdığımız hörmətli
müəllimlərimizdən biri, 30 ilə yaxındır BDU-nun Filologiya
və Jurnalistika fakültələrində dərs
deyən, bir çox kitabların müəllifi dosent Yaşar Məmmədli ilə görüşüb
söhbət etdik.
Müsahibimiz suallarımızı səmimi cavablandırdı:
- Yaşar müəllim, son
illər mətbuatımızda
müxtəlif dil qüsurlarına rast gəlirik. Bir mütəxəssis kimi bu barədə
nə deyə bilərsiniz?
- İlk növbədə
onu deyim ki, dili bilmədən
jurnalist olmaq olmaz. Jurnalistika təkcə ixtisas
yox, həm də istedaddır. Bu sahə jurnalistlərdən
dilin potensial imkanlarından istifadə bacarığı tələb
edir. Qeyd etdiyiniz kimi,
son vaxtlar dil qüsurlarının artmasının
əsas səbəblərindən
biri sosial şəbəkələrdən düzgün istifadə etməməkdir. Kim nə istədi, necə gəldi yazır.
Qəzetlərdən, televiziya və radiodan fərqli olaraq sosial şəbəkələrdəki
yazılara nəzarət,
onları redaktə edən yoxdur. Axı
"ş" əvəzinə
"s", "ə" əvəzinə
"e" yazmaq nə
dərəcədə düzgündür?
Həm də elələri var ki, sadəcə
diplom xatirinə jurnalistika fakültəsinə
daxil olurlar. Belə olan halda isə
onun peşəkar olacağından söhbət
gedə bilməz.
Ümumiyyətlə, elə
eləmək lazımdır
ki, gənclər ali məktəbdə
oxuya-oxuya praktika ilə də məşğul olsunlar. Bunun ən optimal yollarından biri budur ki, jurnalistika
fakültəsində təhsil
beş il
olsun. İlk iki il ərzində tələbələr
nəzəri biliklərə
yiyələnsinlər, onlara
yüksək səviyyəli
mütəxəssislər dərs
keçsinlər. Növbəti üç ildə müxtəlif redaksiyalara təhkim olunaraq praktika ilə məşğul olsunlar,müxtəlif sahələr
üzrə ixtisaslaşsınlar.
Məsələn, idmandan yazan
jurnalist idman terminlərini öyrənsin,
siyasətdən yazanın
bugünkü beynəlxalq
siyasi vəziyyət haqda anlayışı olsun. Əfsuslar olsun ki, bizdə ixtisaslaşma çox ləng gedir. Yaxşı olardı ki, tələbə həmin üç il
ərzində xarici dil də öyrənsin
və təhsilini başa çatdırdıqdan
sonra başqa bir ölkəyə gedib Azərbaycanı orada təmsil etsin. Unutmaq olmaz ki, jurnalistika millidən daha çox, beynəlxalq səciyyə
daşımalıdır.
- Fikrinizcə, dilimizin söz fondu kifayət qədər zəngindirmi, yoxsa, əksinə, kasaddır?
-Mən fəxrlə deyə bilərəm ki, türk dilləri arasında ən zəngini Azərbaycan dilidir. Sadəcə bəzi jurnalistlərimiz dildəki sözlərdən istifadə edə bilmirlər. İstər oxucuya, istər tamaşaçıya, istərsə də dinləyiciyə informasiyanı çatdırmaq üçün heç də elmi qrammatikaya ehtiyac yoxdur. Məlumatı çatdıran jurnalist öz savadını nümayiş etdirməyi yox, auditoriyanı düşünməlidir. Səmimi deyirəm ki, bəzən efirdə o qədər mürəkkəb cümlələr işlədilir ki, mən dilçi ola- ola onu başa düşmürəm. Bu isə həmin jurnalist və ya şərhçinin qeyri-peşəkarlığının göstəricisidir.
- Yaşar müəllim, belə bir fikir var ki, gedib başqa fakültəni bitirib sonra jurnalistika ilə məşğul olmaq olar. Sanki "dördüncü hakimiyyət"ə alternativ variant kimi yanaşırlar. Bu barədə fikirləriniz maraqlı olardı.
- Qətiyyən düzgün deyil. Mənim fikrimcə, universitet tərkibində xüsusi bir jurnalistika institutu yaradılmalıdır ki, orada ancaq əsl jurnalistlər yetişdirilsin. Və burada ayrı-ayrılıqda jurnalistika, diktorluq, aparıcılıq fakültələri fəaliyyət göstərməlidir. Əvvəla, belə bir təşəbbüs sadəcə diplom xatirinə yaşayanların yolunu kəsəcək. Həmçinin təəssüflər olsun ki, çox vaxt bizdə jurnalistlə aparıcını, aparıcı ilə diktoru səhv salırlar. Eyni zamanda bildiyiniz kimi, jurnalistika fakültəsinə qəbul üçün xüsusi qabiliyyət imtahanı keçirilir - abituriyentlər esse yazırlar. Əslində bu da daha ciddi olmalıdır. Qabaqcadan abituriyentin qəzet, televiziya və radio jurnalistikasına getməsi müəyyənləşdirilməlidir. Əgər qəzet jurnalistikasına gedirsə, ondan yazı qabiliyyəti, radioya meyl göstərirsə, danışıq qabiliyyəti, düzgün diskussiya tələb olunmalı, televiziyaya gedirsə, nitqi ilə yanaşı xarici görünüşünə diqqət yetirilməlidir. Onu da nəzərinizə çatdırım ki, jurnalistika fakültəsində dərs keçən hər bir müəllim böyük məsuliyyət hissi ilə audirotiyaya daxil olmalıdır. Əslində jurnalistika fakültəsinin xarakterik bir cəhəti var. Burada bütün qeyri-ixtisas fənləri jurnalistlərə lazım olan qədər keçilməlidir. Burada nə tarixçilər, nə tərcüməçilər, nə filoloqlar yox, jurnalistlər yetişir.
- Hansı televiziya proqramlarını daha çox izləyirsiniz?
- AzTV-də "Xəbərlər"i, müxtəlif icmalları izləyirəm, İTV-də "Carçı"nı, ATV-nin səhər proqramını və sairə. Çünki həmin kanallarda və proqramlarda dil məsələsinə xüsusi diqqət yetirilir.
- Şəxsi planda bir sual: tələbələr arasında çox sevilirsiniz, sizcə, bunun səbəbi nədədir?
-Heç vaxt kiminsə sevgisini qazanmağa çalışmamışam. Xüsusilə də tələbələrin. Sadəcə çox zaman onlarla dost kimi danışıram. Ümumiyyətlə, müəllim-tələbə münasibəti normal olmalıdır. Heç bir səbəb olmadan müəllim niyə tələbəyə qışqırmalı və ya xətrinə dəyməlidir ki? Əgər doğrudan da, tələbələrin hörmətini qazanmışamsa, deməli, müəllim-tələbə münasibətini nizamlaya bilirəm.
Söhbətimizin sonunda Yaşar müəllim bizə tövsiyə olaraq bunları da dedi: - Çalışın, gələcəkdə peşəkar jurnalist olun, öz üslubunuzu formalaşdırın, heç kimi təkrarlamayın. Hər bir jurnalistin mətbuatda öz imzası və üslubu olmalıdır. Yaxşı jurnalistə həmişə tələbat var və olacaq. Jurnalistikamızın gələcəyi sizin əlinizdədir.
Şəbnəm QURBANSOY
Kənan NOVRUZ
BDU-nun Jurnalistika fakültəsinin
I kurs tələbələri
525-ci
qəzet.- 2016.- 13 dekabr.- S.7.