Əhməd bəy Ağaoğlunun
İslam dünyasında qadına
münasibət barədə düşüncələri
Ömrünü Azərbaycan və Türkiyədə keçirmiş
Əhməd bəy Ağaoğlu Türk dünyasının bir sıra önəmli məsələlərini qələmə
alıb, hər iki qardaş ölkənin mədəni,
sosial və siyasi həyatında fəal rol oynayıb.
Cəmiyyətin formalaşması və inkişafında qadının
əhəmiyyətli roluna
diqqət çəkən
Ə.Ağaoğlu bir
çox əsərlərində
qadın məsələsinə
münasibət göstərmişdir. Yazıçının
"İslama görə
və müsəlmanlıqda
qadın" adlı əsəri birbaşa bu problemə həsr olunub. Əsərdə yazıçı
islam dinindən
öncə və onun meydana gəlməsindən
başlayaraq XX əsrdə
çağdaşı olduğu
dönəmə qədər
qadının rolunu təhlil edir, islam dinində qadının yeri, ona cəmiyyətdə verilmiş haqqları araşdırır və yeri gəldikçə Qərb dünyası ilə də müqayisələr aparır.
İslamın meydana gəlməsinə
qədər və islamın yayıldığı
dövrdə Türk dünyasında qadının
cəmiyyətdəki rolu
və qadınlara olan münasibətin əsərdə öz yerini tapması da önəmli məsələlərdən biridir.
Əsər 1901-ci ildə Tiflisdə rus dilində çap olunub, giriş və üç bölümdən
ibarətdir.
"İslama görə və müsəlmanlıqda qadın" əsəri zamanın çox mühüm aktuallığı kimi meydana çıxmış, qlobal düşüncənin, dövrün tələblərinin müsəlman cəmiyyətindəki qadınların vəziyyəti ilə nə qədər uyğun olub-olmaması sualı araşdırılmışdır. Əsərin yazıldığı dövrdə feminizmin geniş vüsət aldığı, Avropa və Amerika ölkələrində qadınların cəmiyyətdəki yeri və mövqeyi sahəsində bir sıra dəyişikliklərin baş verdiyini diqqətə çəkən Ə.Ağaoğlu iki əsas səbəbi göstərirdi: 1. Həyat şərtlərinin ağırlaşması ailə təməllərini sarsıdaraq qadınların öz həyatları uğrunda müstəqil fəaliyyətinə gətirib çıxarmış. 2. Haqq və ədalət qavramlarının inkişafı əsirlərlə zəif cins hesab edilən qadınlar haqqındakı sterotipləri dağıtmış və onların hüquqlarını qoruyan bir sıra cərəyanlar meydana çıxmışdır. Belə bir şəraitdə müsəlman qadınlarının vəziyyəti necədir? Əhməd bəy Ağaoğlu, ilk növbədə, bu suala cavab axtarır.
Məlumdur ki, Şərq ölkələrində, o cümlədən, müsəlman Şərqində sözügedən dövrdə qadınların hüquqlarının müdafiəsi haqqında bəzi fikir və mülahizələr formalaşmışdır. Ə.Ağaoğlu da İstanbul və Qahirədə, Türk və ərəb şəhərlərində belə bir cəhdlərin olduğunu diqqətə çatdırırdı. Avropada təhsil almış insanların bu sahədəki fəaliyyətinə işarə edən ictimai xadim əsas məqsədini belə ifadə edir: "Biz müsəlman qadınının durumundan bəhs edərkən sadəcə Müsəlman xalqını düşünməkdəyik. O xalq ki, alafranqa yaşayan yüksək təbəqəli dindaşlarına zındık gözü ilə baxar". Ona görə də Ə.Ağaoğlu "qadınların iztirabına qulaq verən əzmli bir ruh sahibi çıxmayacaqmı?", "müsəlmanlar mənəvi və sosial aləmdə bir irəliləmə göstərməyəcəkmi?" suallarına cavab axtarmağa çalışırdı. Burada ilk olaraq yazıçı "İslam və qadın" probleminə diqqət çəkirdi. Qərb fikri və ədəbiyyatında uzun əsrlərdən bəri meydana çıxmış "İslamın mənəvi və sosial inkişafa zidd" olması fikri, müəllifə görə, Qərbin müsəlman düşüncəsinə düşmən mövqedə olan Bizans və latın ədəbiyyatının təsirində qalması məsələsi ilə bağlı olmuşdur.
Orta əsrlərdə Qərb islamı necə görürdü? Əhməd bə Ağaoğlu orta əsrlərdə Qərbdə islam dini və Məhəmməd peyğəmbər haqqındakı fikirlərin çox yanlış olduğunu, hətta Dantenin məşhur "İlahi komediya" əsərində islam peyğəmbərini ilk çağ filosofları ilə yanaşı qoymaq istəyinə görə təqiblərə məruz qaldığını, əksər yazıçı və fikir adamlarının isə yanlış tendensiyanı davam etdirərək islama yalançı din kimi yanaşdığını təəssüf hissi ilə qələmə alır. Hətta fransız yazıçısı Volterin papa yanında mövqeyini möhkəmləndirmək məqsədilə islam dininə qarşı çıxışlarını xatırladır.
Əhməd bəy Ağaoğlu XIX əsrin birinci yarısında da Qərbdə islama qarşı doğru olmayan münasibətin davam etdiyini qeyd edərək yalnız sözügedən əsrin ikinci yarısından etibarən obyektiv fikirlərin meydana çıxdığını yazır. Həqiqətən də XIX əsrin ikinci yarısından başlayaraq Qərb və Şərq ölkələri arasında əlaqələr də inkişaf etmiş, Qərbin islam və Şərqin digər dəyərləri haqqındakı görüşlərində həqiqətə uyğun dəyişikliklər müşahidə olunmağa başlamışdır.
Əhməd bəy Ağaoğlu XX əsrdə dünyada bütün sahələrdə obyektiv münasibətin ön plana keçdiyini yazaraq islama münasibəti də həmin kontekstdə nəzərdən keçirir. Yazıçının "Şərqiyyat elmi" adlandırdığı orientalizmin inkişaf məsələlərinə çox ciddi elmi rakursadan yanaşması müasir dövrümüz üçün də əhəmiyyətlidir: "Zamanımızda... inkişaf edən Şərqiyyat elmi Şərq bilgisinə, çeşidli dinlərə olduğu qədər, Məhəmmədə və onun inamına dair bu günə qədər olan görüşləri tamamilə alt-üst etdi... O (Məhəmməd peyğəmbər - B.Ə.) orijinal, yeni və son dərəcə yüksək fikirləri ilə dünyanı sarsıtmış olan bir islahatçıdır". Burada bir məsələ xüsusilə diqqəti çəkir. Əsərin əsas mövzusu islam dinində qadına münasibət olduğu üçün həmin məntiqdən çıxış edərək Ə.Ağaoğlu Həzrəti-Məryəmə "Quran"da olan münasibəti xristianlıqla müqayisə edirdi: "Müsəlmanlar arasında Məryəm bəzi xristian məzhəblərindən daha çox hörmətə layiq görülür. Qızı Fatiməni mədh etmək istəyən Məhəmməd "Ruhul-Qudsun" anası Məryəmdən sonra Fatimə qadınlar arasında ikinci gəlir" demişdir. "Quranın bir çox yerində "mən İsanın gerçək dinini canlandırmağa gəldim" cümləsi təkrarlanmaqdadır" deyən Ağaoğlu ingilis orientalisti M.Müller və rus filosofu V.Solovyovun Şərqə obyektiv münasibətini örnək gətirsə də, geniş cəmiyyət arasında ənənəvi tendensiyanın davam etdiyini təəssüf hissi ilə bildirir.
Din və cəmiyyət məsələsinə Ə.Ağaoğlu özünəməxsus münasibət göstərir. Müəllifə görə, dinin cəmiyyətə təsiri cəmiyyətin dinə təsirindən az deyil, ona görə də müəllif bütün problemlərin arxasında dini məsələlərin dayanması kimi yanlış fikirləri təkzib edirdi. Buradan çıxış edərək yazıçı müsəlman qadınının müasir vəziyyəti ilə müsəlmanlığın ona verdiyi məziyyətləri və ilk müsəlman cəmiyyətindəki qadının vəziyyətini müqayisə etmişdir.
Ə.Ağaoğlu müasiri olduğu dövr üçün müsəlmanlığın orta çağını yaşadığını söyləyərək orta əsrlərdə Qərb dünyasında baş verən ziddiyyətlərin xristianlıqla birbaşa əlaqəsi olmadığı kimi islam dininin də müsəlman cəmiyyətindəki problemlərin səbəbi kimi qiymətləndirilməsinin doğru olmadığını əsaslandırırdı. Ə.Ağaoğlu islam dininin qadınlara verdiyi dəyəri göstərmək üçün öncə dinin meydana gəlməsindən öncəki ərəb həyatına nəzər salır: "O dövrdə elə bir varlı ərəb göstərə bilməzsən ki, 15, 20 hətta 100 arvadı olmasın. Bu qadınlar bütün haqqlardan məhrum idilər. Nə ərlərinin, nə də kişi qohumlarının mirasına sahib ola bilərdilər. Qız ataları müqəddəs bir ənənə olaraq qızlarına istədiklərini etmək haqqına sahib idilər. Daha beşikdə ikən onu istədiklərinə nigahlaya bilirdilər (daha doğrusu vəd edirdilər). Məhəmməd (peyğəmbər - B.Ə.) ilk vəəzlərində böyük bir səmimiyyətlə çevrəsində qadınlarla bağlı bu barbar ənənələr əleyhinə çıxmağa başladı. Bu soylu, bu duyğulu varlığı Ərəbistandakı qadınların vəziyyəti kimi heç bir şey belə həyacana gətirmirdi".
Əsərin "İslam qaynaqlarına görə qadın" adı ikinci bölümündə islamda qadına olan yüksək münasibət daha aydın şəkildə ifadə olunmuşdur. Müəllifə görə, yalnız "Quran"da qadınlardan bəhs edən "Əl-Nisa" surəsinin olması belə peyğəmbərin qadın məsələsinə nə qədər böyük önəm verdiyini göstərməkdədir. Ə.Ağaoğlu fikirlərini aydın şəkildə ifadə etmək üçün həmin surədən bir ayəni təqdim edir: "Ey insanlar! Sizi eyni maddədən yaradan, ondan da bərabərini yaradan və ikisindən də bir çox kişilər və qadınlar çoxaldıb yaradan Allahdan qorxun!". Müəllifə görə, bu ayə həm bütpərəstliyə qarşı çıxır, həm də qadınların cəmiyyətdəki yerini yeni baxışdan dəyərləndirirdi.
Ərəb cəmiyyətində qız uşaqlarının diri-diri basdırılması məsələsi əsərdə xüsusilə diqqətə çatdırılır, islam dininin bu sahədə gördüyü önəmli işlər göstərilir. Ə.Ağaoğlu Quranda və bəzi hədislərdə qız uşaqlarının doğulmasının ailəyə xosbəxtlik gətirməsinə işarə edən Allahın müjdəsi kimi göstərildiyini yazırdı. Yazıçının əsərdə nümunə gətirdiyi bir hədisdə qız uşaqlarını diri-diri öldürən atalar "ürəyi insanlıq duyğularından məhrum qalmış", "insanlara bəxş olunan ən yüksək zövqlərdən birini dadmayan"lar şəklində adlandırılmışdır.
İkinsi bölümdə "Məhəmmədin qadınlara verdiyi haqqlar" adlı bir başlıq yer almışdır. Burada deyilir: "Peyğəmbər bir başqa münasibətlə "Allah cənnəti anaların ayaqları altına sərdi" demişdir. Beləcə qadınların mənəvi dəyərini ucaldan Məhəmməd onlara elə geniş haqqlar verdi ki, Fransa kimi bu günün bəzi məmləkətləri belə hələ bu haqqları tanımaq cəsarəti göstərməmişdir". Göründüyü kimi, müəllif islam dəyərlərini və qadınlara verilmiş hüquqları Qərb dünyası ilə də müqayisə edirdi. Onu da qeyd etmək lazımdır ki, Ə.Ağaoğlunun müasiri olduğu dövr üçün sözügedən məsələləri qələmə alması çox mühüm əhəmiyyət kəsb edirdi. İslama görə, ailə, cəmiyyət, miras, evlilik, idarəetmə kimi mühüm sahələrdə qadınların hüquqları da Ə.Ağaoğlu tərəfindən əsərdə sadalanmışdır. "İslamın qadına verdiyi dəyər" bölümündə də daha çox ailə və nigah məsələlərində qadınlara verilən haqqlar və üstünlüklərdən bəhs edilirdi.
Əsərin ən maraqlı və hətta zamanımız üçün də aktual olan bölümlərindən biri də "Birdən artıq evlənmə məsələsi" adlanır. Qeyd olunduğu kimi, Ə.Ağaoğlu islamın meydana gəlməsindən əvvəl ərəb və bir sıra Şərq toplumlarında çoxarvadlılığın geniş yayıldığını qeyd etmişdir. İslam dininin bu ənənəvi tendensiyanı qıraraq tək qadınla evləməyə apardığı yolu yazıçı məntiqli şəkildə ifadə edir. Ə.Ağaoğlu islamın öncə çoxarvadlılığı dörd qadınla məhdudlaşdırdığını və burada da qoyulan şərtlərin kişilər tərəfindən yerinə yetirilməsinin mümkün olmayacağını, günaha girməkdən çəkinənlərin isə yalnız bir qadınla evlənməklə kifayətlənəcəyini ardıcıllıqla və dini mənbələrdən gətirilmiş nümunələrlə izah edir. Ə.Ağaoğlu "Quran"dan belə bir nümunə gətirir: "Ən yaxşı arzularınıza rəğmən qadınlarınız arasında bərabərlik göstərməyə, onlara qarşı adil olmağa gücünüz yetməyəcəkdir". Çünki yazıçı qeyd edir ki, qadınlara qarşı ərlərindən tələb olunan ədalət və bərabərlik yalnız maddi sahədə və davranışlarda deyil, duyğularda da olmalı idi. Deməli, bunun da qeyri-mümkün olması kişilərin yalnız bir qadınla evlənmələrinə gətirib çıxarır, çünki əks halda günaha batacaqdırlar. Əsərdə "Quran"dan belə bir nümunə gətirilir: "Qadınlarınıza qarşı adil olmayacağınıza dair sizi qorxudan bir səbəb varsa, o zaman tək qadın alın. Ədalətsizliyə yer verməkdən, günaha girməkdən sizi qoruyacaq ən yaxşı yol budur". Buna görə də Ağaoğlu qadın məsələsində islamı tənqid edən Qərb yazıçılarına qarşı çıxır, İslamın Asiyada qadını yüksəltdiyini, o zamana qədər Şərqdə ona verilməmiş hüquqların verdiyini göstərir.
Əsərin üçüncü bölümü "Müsəlmanlıqda qadınlığın inkişafı və qadının bugünkü vəziyyəti" adlanır. Ə.Ağaoğlu müsəlmanlıqda qadınların inkişaf tarixini dörd dövrə bölür: 1. Əməvilərin hakimiyyətə gəlişinə qədərki dövr, 2. Əməvilərdən Türk hakimiyyətinə qədərki dövr. 3.Türk hakimiyyəti dövrü. 4. Qadın mövqeyinin zəifləməsi dövrü.
İslamın ilk dönəmindəki qadınlardan bəhs edərkən Ə.Ağaoğlu xanım Xədicəni nümunə göstərir: "Xədicə necə dəfə öyüdləri, şəfqətləri, cəsarət verən sözləriylə onun sarsılan imanını qüvvətləndirmiş, o zaman hər kəsə bir dəlilik kimi görünən vəzifəsinə davam etməsi üçün ona yeni bir qüvvət və enerji aşılamışdır". İslamın təbliğində fəal iştirak edən ilk müsəlman qadınları əsərdə bu dövrün dəyərləri kimi qiymətləndirilir. Bu dövrün ən aktiv qadınlarından biri kimi Ə.Ağaoğlu peyğəmbərin qızı Fatimeyi-Zəhranı göstərir: "...Fəziləti, çevrəsi üzərində sosial təsiri, onu hər dönəmdə bütün dünyanın ideal qadını halına gətirmişdir". Fatimeyi-Zəhra və Həzrət Əlinin ailəsi, yazıçıya görə, kişi və qadın münasibətləri, eləcə də uşaqlara diqqət və qayğı baxımından ideal bir örnək idi.
Əsərdə Ə.Ağaoğlu Əməvilər və Abbasilər dövründəki qadınları da nəzərdən keçirir. Yazıçı çox mühüm bir məsələyə diqqət yetirir: "O dövrün qadınları yalnız qanun, din, "ənənə" öyrənməklə kifayətlənmir, şeir, ədəbiyyat, nitq mədəniyyəti, kaliqrafiya da öyrənirdilər". Bütün elm sahələrinə maraqlı olan qadınlar arasında yazıçı Hişamə və Vəlidə adlı ərəb qadınlarını örnək gətirir.
Əsərin ən önəmli hissələrindən biri "Türk və tatarlarda qadın" bölməsidir. İslamın qəbulundan öncə türklərdə qadınların sərbəst olduğunu qeyd edən yazıçı yazır: "İslamlıq Türk -Tatar qadınları arasında ənənələri meydana gətirdiyi durumu sadəcə qəbul etdi. Bu hal onların əcəmlərlə qaynaşmasına qədər davam etdi. XIII əsrin başlanğıcında Asiyadan səyahət edən... İbni Batuta o dövr Türk-Tatarların qadına qarşı göstərdikləri hörmətə və qadının faydalanmaqda olduğu özgürlüyə təəccüblənmişdir". Türklərin təhsilə hər zaman maraqlı olduqlarını da yazıçı ayrıca vurğulayır. "Türk və tatar qadınları daha bundan çox öncə Bağdad xəlifələrinin və ərəb mədəniyyətinin qüdrət və şöhrətinin ən parlaq dönəmlərində göstərdikləri yüksək qabiliyyətlərlə ərəbləri təəccübləndirirdilər". Əsərdə türk qadınları gözəl, zəkalı, tez qavrayan qadınlar kimi qeyd olunur, Bağdad xəlifələri Harun Rəsid, Məmun və digərlərinin türk qanı daşıdıqları yazılır.Türklərin Qərbi Asiyanı istila etdikdən sonra qadınların Misirdə Məmluklar, Anadoluda Səlcuklar, İranda Atabəylər daxilində çox uğurları müşahidə olunur. Yazıçı Türk qadınları arasında Xədicə və Turhan Xatunun məktəblər açılmasında böyük rolu olduğunu qeyd edir. Atabəylərdən olan Alma xatunun Şirazda hökmdarlıq etməsi yazılır.
Nəticə olaraq Ə.Ağaoğlu müsəlman cəmiyyətinin inkişafında qadınların mühüm rolu olduğunu göstərməyə çalışır: "Müsəlmanların qurtuluşu onların maddi, mənəvi, siyasi yüksəlişi sadəcə iki məsələni; qadın məsələsi və əlifba islahatının həll edilməsinə bağlıdır. Bu günün müsəlman qadını sərbəst və bilikli ana, bir eş olmaq şərtiylə sosial vəzifələrini faydalı bir şəkildə başara bilir. Ancaq bu şərtlər altında o uşaqlarına sosial həyatda çox önəmli olan sağlam bir xarakter və iradə aşılaya bilir. Onlara yüksək duyğular, soylu düşüncələr aşılaya bilir".
Əsərin sonunda bir daha Əhməd bəy Ağaoğlu islamın cəmiyyətdəki problemlərin qaynağı kimi göstərilməsi fikrini təkzib edir: "Təkrar edək: nə Quran, nə şəriət yeniliyə əngəl deyildir. Lakin bunların təbliğatçıları, üləma və şeyxlər şəxsi mənfəətləri uğruna müsəlmanlığa əsli ilə uyğunlaşmayan sifətlər vermişlər".
Bəsirə
ƏZİZƏLİYEVA
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.- 2016.- 13 dekabr.- S.6.