Söz sənətimiz çağdaş ədəbi tənqid işığında

 

Çağdaş ədəbi-mədəni mühit və onun inkişaf tendensiyası özlüyündə müxtəlif təhlilləri, yanaşmaları bir zərurət kimi ortaya qoymaqdadır.

Ancaq bir məsələni bəri başdan etiraf edim ki, keçən əsrin doxsanıncı illərinin qarışıq ab-havası, ictimai, siyasi, mədəni mühitdəki hərc-mərclik, sovetlər imperiyasının çöküşünün ağlasığmaz fəsadları böyük narahatçılıqlarla, ciddi fikir ayrılıqları ilə səciyyələnirdi. Bir növ bütünlükdə sosial sfera baş verənlərin gərginliyini yaşayırdı. Ağırlığın məsuliyyətin daha çoxu isə ziyalı mühitinin üzərinə düşürdü. Bütün müstəvilərdə bədii düşüncə olanları ümumiləşdirməyin, fəal yaradıcı mövqeyinin çətinliyində idi, daha doğrusu gecikirdi. Ancaq etiraf edək ki, bu gündən elə uzaq olmayan həmin dövrü, daha doğrusu doxsanıncı illərdən bu yana olan iyirmi beş illik zamanı təhlil edəndə nikbin olacaq, uğurlu görünən xeyli işlər var. Əlbəttə, bunlar ictimai, siyasi, mədəni mühitdə olanlar müstəvisində geniş yanaşmaları zəruri edir. Mənim isə deyəcəyim çağdaş ədəbi tənqidin ümumi mənzərəsi timsalında tənqidçi Təyyar Salamoğlunun "Azərbaycan ədəbiyyatı: münasibətlər, həqiqətlər" (Bakı, "Orxan" NPŞ MMC, 2016) kitabı ilə bağlıdır. Ədəbi tənqid bütün vəziyyətlərdə ədəbi prosesin, böyük ədəbiyyatın yol yoldaşıdır. Ona görə mühitə, bədii düşüncə materiallarına, olanların varsa hamısına fəal tənqidçi mövqeyinin nümayişi, eləcə tənqidin bədiiliyə reallığa mövqeyi ən önəmli məsələdir. Təəssüf doğuran odur ki, hələ bu mövqe nümayişi, mühitin obyektiv mənzərəsinin təqdimi lazımi səviyyəsinə qalxa bilmir. Bu isə daha çox cəmiyyətin, bütünlükdə ictimai,siyasi, mədəni mühitin özündə baş alıb gedən loyallıqla bağlıdır. Ədəbi tənqidin isə funksiyası bədii məkanı olanları ilə (uğurlu uğursuz) birgə təqdim edə bilmək missiyası ilə ölçülür. Fərdi münasibətlər tənqidin bəlasıdır. Ancaq çağdaş ədəbi tənqid bütün olanları ilə nikbin tendensiyaya meyllənmədədir. Sevindirici, müsbət təəssürat doğuranı da budur. Müasir ədəbi tənqidin məsuliyyətini dərk edən mühitin problematikasını daha ciddi konsepsiyalarla təhlilə üstünlük verən tənqidçilərdən biri, bəlkə birincilərdən biri T.Salamoğludur.

Mətbuat səviyyəsində çıxan məqalələri, eləcə "Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri) (2005)","Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)" (2007), "Müasir Azərbaycan ədəbiyyatı məsələləri" (2008), "Tarixi çağdaş ədəbi prosesə dair araşdırmalar" (2009), "Ədəbi tənqid tarixinə dair portret - oçerklər" (2011), "İsmayıl Şıxlının bədii nəsri" (2014), "M.Ə.Sabirin milli intibah idealı" (2015) s. adlı kitabları çağdaş mərhələdə ciddi tənqidin mövcudluğunun oyanışı haqqında düşünməyə əsas verir. Əlbəttə, yaxın yüzillik üçün ədəbi tənqidin şərəfli inkişaf yolu bütün müstəvilərdə məsələyə nikbin yanaşmanı zəruri edir. H.Zeynallının, B.Çobanzadənin, Ə.Nazimin, Ə.Abidin, C.Əfəndizadənin, M.Hüseynin, M.Rəfilinin, M.Cəlalın, M.Arifin, M.Cəfərin, Ə.Hüseynovun, Y.Qarayevin, Q.Xəlilovun, A.Hacıyevin, A.Hüseynovun başqalarının XX yüzillikdə ədəbiyyat onun problemləri ilə bağlı yürütdükləri konseptual təhlillər nümunədir. Ədəbiyyatşünas alimimiz T.Salamoğlunun tənqidi mülahizələrinin, ədəbi təhlillərinin qaynağı bu mənada çox-çox dərinlərə, klassik ənənəyə bağlanır. Çağdaş ədəbi-mədəni mühitin istedadlı nümayəndələrindən olan Ə.Xələfli "Tənqidçinin azərbaycançılıq idealı" əsərində bu kontekstdə uğurlu bir qənaətdə görünür. O xüsusi olaraq vurğulayır ki, "Təyyar Salamoğlunun konserpsiyasında birlik - yəni milli bütövlük, Azərbaycanın ruhunu - azərbaycançılığı qorumaq əsas məqsəd kimi qabarıqdır. O, ədəbi tənqidin Sovet dövründən qalma "xalq" kultunu sındırıb, öz ideyaları yeni yanaşma tərzi ilə fikir arenasına çıxıb. Yaradıcılığının mənəvi tələbatı kimi sındırdığı kultun içindən çıxaraq (yaradıcı instinkti ilə) millətə, onun dəyərlərinə, etnosu yaşadan əbədi mahiyyətə tərəf hərəkət edib". T.Salamoğlunun yaradıcılığını, bütünlükdə olanları ilə izlədikdən sonra doğurdan da "öz ideyaları yeni yanaşma tərzi ilə fikir arenası"na çıxdığının şahidi oluruq. Elə "Azərbaycan ədəbiyyatı: münasibətlər, həqiqətlər" kitabı da məhz həmin düşüncənin hadisəsi kimi özünü göstərməkdədir. "Azərbaycan ədəbiyyatının bəzi məsələləri mübahisə müstəvisində", "Bədii həqiqət nəsr, poeziya tənqid müstəvisində" bölmələrində toplanan ciddi təhlillər bizə təkcə çağdaş mənzərənin ümimi dinamikasını, problematikasının istiqamətlərini göstərməklə kifayətlənmir, həm həlli yollarını düşünməyə şərait yaradır. Məsələn, "Bir daha Mirzə Fətəli Axundovun Füzuliyə münasibəti haqqında" məqaləsi bu gün müxtəlif fərqli münasibət baxışları aktuallaşdıran problemin dövriyyədə olmasını düşünməyə əsas verir. T.Salamoğlu bir böyük şairə (M.Füzuliyə) bir böyük tənqidçinin (M.F.Axundovun) yanaşmasının sxemlərini, mahiyyətində boy göstərən məzmunu ortaya qoyur. M.F.Axundzadənin "məqbul nəzm", "kəsalət artırıcı nəzm" mülahizələrinin altındakı informasiya çağdaş elmi - nəzəri düşüncə kontekstində açılır. Doğurdan da "şeir əlahiddə bir bəxşi ilahidir ki maddeyi-qabiliyyəti-şair xudadadədir təhsil tərbiyət o maddənin ancaq inbisatına əşarın artıq zinətinə bais olar" qənaətinin vaxtaşırı müxtəlifyönlü təhlillərə rəvac verməsi təbiidir. T.Salamoğlunun da bir tənqidçi kimi düşüncəsini məşğul etməsi olanları əlavələrlə arenaya gətirməsi diqqəti cəlb edəndir. Çünki T.Salamoğlu ədəbi-nəzəri fikir tarixinə, eləcə müasir ədəbi prosesə ciddi tənqidçi mövqeyi nümayiş etdirən bu mövqedə sabit çıxış edən az-az tənqidçilərdəndir. Tənqidçi alimin "Sabirşünaslıq monopoliyadırmı? ("Sabirşünaslığa töhfə" müəllifinə cavab)" məqaləsi yeni baxışın yazılanlara bir növ mövqe nümayişinin hadisəsidir. Hadisə sözünü təsadüfi işlətmədim. M.Ə.Sabir iyirminci yüzillikdə yaranan ədəbiyyatımızın ən istedadlı nümayəndələrindəndir ədəbi arenaya qədəm qoyduğu gündən indiyə qədər xüsusi diqqət mərkəzində olmuşdur. Heç şübhəsiz, yüz illər bundan sonra da eyni səviyyədə, bəlkə daha artan istiqamətdə diqqət mərkəzində olacaqdır. T.Salamoğlunun isə görkəmli şairimizi öz baxış prizmasında təhlildən keçirib yeni əlavələrlə təqdim etməsi bir sıra mövcud şablonların dağıdılmasıdır. Tənqidçi böyük şairin şeirlərindəki mətn informasiyasını, poetik məzmunun işarələdiyi faktları daha geniş kentekstdə açmaq yolunu tutur. Bir növ son dövrlərdə boy göstərən monopoliya təsəvvürlərini alt-üst edir.

Müasir ədəbi-mədəni mühitdə T.Salamoğlu daha çox roman tədqiqatçısı kimi vurğulanır. Ancaq mən belə deməzdim, onun yaradıcılığını sistemli şəkildə izləyənlərdən biri daha yaxından tanıyan kimi demək istərdim ki, roman janrının, daha doğrusu, Azərbaycan romanının tədqiqi araşdırmalarında mühüm bir hissədir bəlkə ağırlıq mərkəzinin düşdüyü yerdir. "Tənqiddən bədii mətn həqiqətlərinə, eposdan romana doğru", "Romanı inkardan nihilizmə qədər", "Romanın, yoxsa tənqidi mühakimənin yoxsulluğu", "Qarlı Aşırım" tənqid, yaxud estetik düşüncənin dinamikliyi, tənqidi düşüncənin statikliyi", "Ovlaq keçidindən boylanan həqiqətlər", "Döyüşən qüvvələr"in Bəxtiyarı, yaxud milli istiqlal tariximizin poetik salnaməsi" başlıqları altında verilən təhlillər fundamental yanaşmanın, ədəbiyyatın gərəkli məsələlərinin həlli baxımından aktual olanlardı.

Onu da əlavə edək ki, son dövrlərdə roman, bütünlükdə Azərbaycan romanı bəlkə təbilikdən bir qədər uzaq bir sıra müzakirələrin, bilərəkdən bilməyərəkdən qeyri konstruktiv yanaşmaların faktına çevrilmişdir.

Bunu özlüyümdə müxtəlif tendensiyaların, bədii düşüncənin daha dərin qatlarına bələd olmadan yürüdülən mühakimələrin nəticəsi kimi başa düşürəm. Ancaq məsələ burasındadır ki, zəngin Azərbaycan romanı kontekstində belə yanaşmalara biganə qalmağın mümkünsüzlüyüvar. Məhz T. Salamoğlunun apardığı mücadilə, fəal tənqidçi mövqeyi başa düşüləndi. Bir növ tənqidçi məsuliyyətidir. Ona görə də milli mənlik, təəssübkeşlik, vətəndaşlıq mövqeyi T.Salamoğlunun araşdırmalarında, bütün yaradıcılığında biri digərini tamamlayan məsələlərdəndir.

Onun tənqidinin mahiyyətində sənətin müqəddəsliyi, ədəbiyyatın keşiyini təəssübkeşliklə çəkmək duyğusu dayanır. Belə olan yerdə isə tənqidçi səmimiyyəti, sözün böyüklüyünə şərəflə xidmət etmək boy göstərir.

Onun "Dəli Kür", "Məhşər", "Qarlı aşırım", "Geriyə baxma, qoca" və s. romanları haqqında mülahizələri öz qaynağını epos təfəkküründə olan sxemlərin hərəkətindən, milli mənsubluğun oyanışından, etnosun davranış və əxlaq kodlarının yeni sferaya daxil olmasından alır. Çünki T.Salamoğlu tənqidinin qaynağı bədii mətnin ehtiva etdiyi məzmuna, onun daha alt qatlarındakının açımına hesablanmışdır. İ.Şıxlının "Dəli Kür" romanı timsalında dediyi fikri burda bir daha vurğulayıram.

"Dəli Kür" vaxtilə mövcud olan milli varlığı estetik düşüncənin predmetinə çevirir vəəslində onu yaddaşa köçürüb ictimai düşüncəyə ötürür". T.Salamoğlu tənqidi sağlam düşüncəyə, milli yaddaşa bağlananlara, verbal sistemin qoruyub müqəddəs olan kimi saxlamağa çalışdıqlarına hesablanır. Belə olan tərzdə isə tənqid və tənqidçi, bütünlükdə ədəbiyyat qazanır.

 

Mahmud ALLAHMANLI

filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2016.- 14 dekabr.- S.8.