Mən ölümü yaşamışam

 

Çəkin itir,

ya yavaş-yavaş,

ya da qəfil.

Ölüm budur

ya da qətl!

Milyon-milyon

zərrələrə parçalanırsan,

səpilirsən,

dağılırsan,

səssiz, səmirsiz,

sənsiz qalırsan.

Özünü tapa bilmirsən,

ölmürsən, dirilmirsən.

Qalırsan çəkisizlikdə

kimsəsizlikdə.

Burda bir yoxdu

sizlik, bizlik ...

Zaman, indən

keçib gedir, bilmirsən.

Ağlamırsan,

gülmürsən.

Qısqanclığın,

aclığın,

toxluğun yoxdu.

Zamanla getmirsən

Varlığın, yoxluğun - yoxdu!

Zaman il idi, ay idi bilmədim

Keçdi an kimi.

Zərrələrim qayıtdı.

Beçə verən bal arısı

şahının üstünə yığılan kimi.

Qayıtdı ağrım, acım,

gözümü açdım,

başımın üstündə xanımım,

övladım, bacım.

Qayıtdı qayğılarım, dərdim, çəkim.

Altımda çarpayı zarıyırdı.

Başımın üstündə

gülümsünürdü həkim.

Həkimə razılığımı bildirdim başla...

Ürəyimdə özümə dedim,

ay yazıq indi gəl

hər şeyi təzədən başla....

 

06.12.2016-cı il

 

Nyu-Yorkda qızmış öküz

 

Şəhərin mərkəzində

Çölün vəhşi bir kəli -

- özü deyil, heykəli.

Tuncdan tökülmüş öküz,

bərk hürküdülmüş öküz.

Varın, pulun simvolu.

Göz çıxıb çanağından

Cana sığmır "muskulu".

İnsan - sərvətin qulu.

Dönübdü pərvanəyə

Uçur atəşə doğru.

Biz bacara bilmirik

Allah, sən bizi qoru...

Bizi qoruyanmasan,

Bizdən öküzü qoru.

 

14.12.2016-cı il

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2016.- 15 dekabr.- S.8.