Yaxşı ki, Ramiz Rövşən var...

 

İndiki yaşımın az qala yarım əsrlik bir uzaqlığında, daha dürüstü 40 il bundan qabaq, 1970-ci ildə, o zamankı "Gənclik" nəşriyyatında o illərin ölçüsünə-qəlibinə sığmayan orijinal bir formada çapdan çıxmış bir şeirlər kitabı oxucular tərəfindən əldənlə gəzirdi. Müəllifi Ramiz Rövşən, kitabın da adı "Bir yağışlı nəğmə".

Bu o vaxtlar idi ki, mən orta məktəbin X sinifinin əlaçı şagirdi idim. Ədəbiyyat fənnindən xüsusi ilə fərqlənirdim. Yerli rayon qəzetində arabir miniatür, mənsur şeirlərim çap olunurdu. Şeirlər yazırdım.

O vaxtacan əlimizə keçənlərdən, oxuduqlarımızdan tamam fərqli, o zaman şəxsən mənə möcüzə kimi görünən misralar qətiyyətlə deyərəm ki, təkcə məni yox, yazmaq həvəsinə düşən bütün həmyaşıdlarımı yəqin ki, ovsunlamışdı.

 

Qəzəb oyuncağı, sillə savaşı,

Səssiz qələbənin bic gülüşləri,

Bir qız gözlərinin son yalvarışı,

Bir qız dodağının ilk öpüşləri...

 

O kitabdakı şeirlər şair olmaq, qafiyə qoşmaq həvəsinə düşənlərin çoxunun əlində qələmini tutub saxladı. Şeirimizə yeni ruh, yeni nəfəs gəlmişdi.

Bir ara o zaman onsuz da sayca az olan ədəbi dərgilərdə sevimli şairimizin şeirlərini axtara-axtara, gəzə-gəzə qaldıq. Nəhayət, ötən əsrin həmin 70-ci illərində hörmətli Anar müəllimin o zaman baş redaktoru olduğu "Qobustan" jurnalında bir silsilə şeirlərini görəndə susuzluqdan dodaqları çatdaq bir yolçunun çeşmə ilə rastlaşanda keçirdiyi ümman sevinci, fərəh, şad-xürrəmlik hisslərini yaşadıq. Və qələm dostumuz Aqil Abbasın sonralar xatırlayıb yazdığı kimi, jurnalın o səhifələrini kəsib özlüyümüzdə kitab kimi düzəltdik.

 

O gecə gen dünya mənə darıydı,

Ürəyim sinəmi sancan arıydı,

Yaxşı ki, ulduzlu göylər varıydı,

Ulduzlu göylərin altından keçdim...

 

...Və nəhayət, Ramiz Rövşənin 1987-ci ildə çapdan çıxan "Göy üzü daş saxlamaz..." kitabı...

Bu kitabı dönə-dönə oxuduğumdan şeirlərin hamısını az qala əzbər bilirdim. Və fikirləşirdim ki, bir gün Ramiz Rövşənin şeirlərini ən çox əzbər bilən oxucular arasında müsabiqə keçirilsə, yəqin ki, ilk yerlərin qaliblərindən biri də mən olaram. Ancaq zaman keçdi, şairin neçə-neçə pərəstişkarını tanıdım, bir çoxuyla sıx ünsiyyətdə oldum. Və mənim üçün nə qədər ürəkaçan olmasa da, artıq belə bir qənaətə gəlmişəm ki, oxucular arasında Ramiz Rövşəni əzbər bilənlərin ilk üçlüyünə düşməsəm də, yəqin ki, həvəsləndirici mükafat da olsa, alaram. Əlbəttə, Ramiz Rövşən poeziyasınn pərəstişkarı, təəssübkeşi kimi bəlkə də  bu elə mənim baş mükafatımdır.

Hə, sözümün bu yerində burasını da qoy deyim ki, indiyəcən təsadüfi görüşləri nəzərə almasaq, bu böyük şairlə hələ, necə deyərlər, göz-gözə, üz-üzə oturub ixtilat etməsək də, "Göy üzü daş saxlamaz..." kitabının çapından sonra (hərçənd ki, "Kitablar-kitabı" - "Nəfəs" kitabının da oxucusuyam) hörmətli şairimiz öz əsərlərilə yaxın-uzaq yolçuluqlarda mənim səfər yoldaşım, yol yoldaşım olub. Belə ki, o vaxtdan bəri yaxın-uzaq mənzilə yola düşəndə, şeirlərinin çoxunu əzbər bilsəm də, yenə o kitabı özümlə götürürəm. İstər isti yay, istərsə də soyuq qış günlərində ulduzlara baxa-baxa şairin "Yaxşı ki, ulduzlu göylər var idi" misrasını öz-özümə pıçıldadıqdan sonra deyirəm: yaxşı ki, Ramiz Rövşən var...

 

Aydın TAĞIYEV

 

525-ci qəzet.- 2016.- 14 dekabr.- S.7.