Heyrət doğuran dəyişiklik - (sənədli hekayə)

 

Əmioğlu Mehman on səkkiz il əvvəl Ağcabədidə limonad sexi açmışdı.

Ağcabədini və qonşu rayonları dadlı limonadlarla təmin edirdi. Biznesi pis getmirdi. Ancaq rayonda elektrik enerjisinin tez-tez kəsilməsi onun işini pozurdu. Vəziyyətdən çıxmaq üçün Mehman dizel yanacağı ilə işləyən generator alıb quraşdırdı. Ancaq bu da kömək etmədi. Generator tez-tez xarab olurdu. Generatorun yanacağına təmirinə çəkilən xərc limonadın qiymətini artırır, rəqabət qabiliyyətini aşağı salırdı. Enerji kəsilməsi nəticəsində boş dayanmadan bezən işçilər işdən uzaqlaşdı. Əmioğlu sexin fəaliyyətini dayandırmağa məcbur oldu. Özü isə başını götürüb üz tutdu Rusiyaya, Moskva şəhərinə...

On səkkiz il ərzində Mehman Moskvada özünə biznes qurmuş, mağaza açmış, ukraynalı bir qızla evlənmiş, "Opel" markalı minik maşını da almışdı. Samir adlı bir oğlu artıq on dörd yaşına çatmışdı. Bu illər ərzində bir dəfə də olsun öz doğma rayonuna qayıtmamışdı. Hərdən bir rayonda qalmış bacısına, bəzən də mənə zəng edib hal-əhval tutardı. Rayonumuzda, qohumlarda, dost-tanışlarda baş verən yeniliklərlə maraqlanardı.

Keçən il mən kiçik oğluma toy etməyə hazırlaşanda bu qərara gəldim ki, Mehmanı da dəvət edim. Ona zəng etdim. Xahış etdim ki, həyat yoldaşını oğlunu da gətirsin. Fikirləşdim ki, dünya ölüm-itim dünyasıdır, gələr görüşərik, əminəvəsi ilə tanış olarıq. Telefonla dəvətimi bildirəndə Mehman çox şad oldu. Əmioğlu olsaq da, mən yaşca ondan xeyli böyük olduğum üçün Mehman mənə "əmi" deyərdi. O dedi:

- Əmi, dəvətə görə çox sağ ol. Vallah, sizdən ötrü, qohum-əqrabadan ötrü, dost tanışlardan ötrü çox darıxmışam. Necə deyərlər, lap burnumun ucu göynəyir. Əmibalasının toyuna öz maşınımda ailəlikcə gələcəyik!

Toy gününə üç gün qalmış axşam, hava qaralandan sonra həyətdə hay-küy qopdu, dedilər, Mehman əmi gəldi. Həyətə düşdüm, Mehmanla qucaqlaşıb görüşdük. Maşallah, xarici görkəmi yaxşı, firavan həyatdan xəbər verirdi. Həyat yoldaşı Nataşa ilə səmimi görüşdük. O məni görməsə də, Mehmanın söhbətlərindən tanıyırdı. Yaraşıqlı və səmimi qadın idi. Tünd xurmayı saçlarına və iri şabalıdı gözlərinə görə, ukraynalıdan çox bizim azəri qızlarına oxşayırdı. Sonra Samirlə görüşdük. Çox qəşəng, ətli-canlı bir oğlan idi. O da azərbaycanlıya oxşayırdı. Bizim dili bilirdi. Mehmana "ata" deyirdi, mənə isə lap təzə dil açandan, telefonla danışanda Mehmanın öyrətməsi ilə "papa" deyirdi. Mən onu qucaqlayıb, qaldırıb bağrıma basmaq istədim, ancaq gücüm çatmadı, çox ağır idi. O mənim boynumu qucaqlayıb bizim dildə dedi:

- Papa, mən səni çox istəyirəm!

Samirin Azərbaycan dilində danışmasını gözləməyən qohumlar, onun bu sözlərini alqışlarla qarşıladılar. Hamı Samiri öpməyə başladı.

Mən qonaqları otağa dəvət etdim. Hamı yemək stolunun ətrafında əyləşdi. Mehmanın birinci sualı belə oldu:

- Əmi, generatorunuz işləyirmi? Birdən işıq sönər qaranlıqda qalarıq.

Mehmanın bu sözləri evdəkilərin təbəssümünə səbəb oldu. Mehman pərt olmasın deyə mən tez dilləndim:

- Əmioğlu, o vaxtlar keçmişdə qaldı. Neçə illərdi ki, bütün günü normal, 220 volt işıq verilir. Ağcabədi şəhərinə və rayonun əksər kəndlərinə bütün günü təbii qaz verilir. Qaz xəttinin açılışına şəxsən cənab prezident İlham Əliyev özü gəlmişdi. Onun rəhbərliyi dövründə rayonumuzda və respubilkamızda çox böyük işlər görülüb.

- Düz deyirsən, əmi! Mən bu gün gələndə Gəncə-Tərtər yolu ilə gəldim. Hindarx kəndini tanıya bilmədim. Yolun hər iki tərəfinə səki çəkilib, səkilərə metlax döşənib. Bir dənə də olsun qamış çəpər görmədim. Yolun hər iki tərəfinə daş hasar çəkilib, divarlar gözəl mozaikalarla bəzənib. Yollar çox gözəl dirəklərdə gecə işıqları ilə işıqlandırılıb. Elə yolda da eşitdim ki, Hindarxa qəsəbə statusu verilib.

Mən gülə-gülə:

- Bəs Ağcabədi şəhərinin girəcəyində çaşmadın ki?

- Bəli, əmi, Qarqarçayın körpüsünə çatanda, beşmərtəbəli evlərdən ibarət gözəl şəhərciyi görəndə lap özümü itirdim. Dedim yəqin yolu səhv gəlmışəm.

- Mehman, 550 ailəlik ,beşmərtəbəli evlərdən ibarət o şəhərciyi qaçqınlar üçün tikiblər, özü də cəmi bir ilin içində. Orada yaşamaq üçün hər cür şərait var. Qazı, suyu, kanalizasiyası, işığı, isitmə sistemi, məktəbi, uşaq bağçası, asfalt yolları, yaşıllığı...Bu şəhərciyin açılışında da hörmətli prezidentimiz cənab İ.Əliyev iştirak edib.

Mehman sevinclə əlavə etdi:

- Lap Moskvada olduğu kimi!

- Bəli, lap Moskvada olduğu kimi.

Stolun ustünə çay, salatlar, şirələr, isti yeməklər qoyuldu. Mən dedim:

- Atalar deyib ki, "söhbət quzunu qurda verər". Çay için, yemək yeyin, sonra söhbətimizi davam etdirərik.

Mehman çayını içib davam etdi:

- Qarqarçayı keçən kimi gözəl memarlıq üslubu ilə tikilmiş qurğu üzərində "Ağcabədı şəhəri" sözünü oxudum. Bu qurğu ulu Öndərimiz Heydər Əliyevin və hörmətli prezidentimiz cənab İlham Əliyevin əzəmətli portretləri ilə bəzədilib. Yolun hər iki tərəfi yaşıllaşdırılıb, çoxlu ağac əkilib, gözəl işıqlanma dirəkləri və gecə işıqları quraşdırılıb.

Mən dedım:

- Əmioğlu, rayonumuzda yeniliklər çoxdur. Yeməyimizi yeyək, sonra söhbət edərik.

Yarpaq dolmasının üstünə qatıq tökən Mehman yenidən dilləndi:

- Əmi, bu Türkiyə qatığı bura da gəlib çıxıb? Biz Moskvada bundan tez-tez istifadə edirik. Çox dadlı qatıqdır.

Mən Mehmanın əlində tutduğu "Atena" bankasını görüb vəziyyətin nə yerdə olduğunu başa düşdüm:

- Mehman, bu Türkiyə qatığı deyil. Ağcabədinin Ağabəyli kəndində tikilmiş "Atena" şirkətinin məhsuludur. "Atena" Avropada ən böyük süd emalı zavodudur. Bu zavodda yüzdən çox adda süd məhsulları istehsal edilir və təkcə respublikamızda deyil xarici ölkələrdə də uğurla satılır. Hamısı da biri-birindən dadlı, ləzzətli.

Sonra mən əlavə etdim:

- Əmioğlu, belə getsə sən ac qalacaqsan. Bir azdan çay süfrəsi açılacaq. Onda da söhbətimizi davam etdirərik.

Çay veriləndə Mehman yenidən maraqlandı:

- Əmi, yəqin toy üçün həyətdə mağar quracaqsınız?

- Mehman, indi şəhərimizdə bir-birindən gözəl, əzəmətli səkkiz şadlıq sarayı fəaliyyət göstərir. Biri istifadəyə verilmək ərəfəsindədir. Kəndlərdə gözəl şadlıq sarayları fəaliyyət göstərir. Daha mağar,palatka quran yoxdur. Bizim toy məclisi də "Qızıl Saray" şadlıq evində olacaqdır.

Söhbətimiz gecə yarıya qədər davam elədi. Hiss edirdim ki, rayonumuzda həyata keçirilmiş yeniliklərin çoxuna Mehman inanmır...

Növbəti axşam yenidən bizim evdə süfrə arxasında əyləşdik. Bu dəfə söhbətə birinci Mehman özü başladı:

- Əmi, dünən siz danışanda mən elə hesab edirdim ki, bəzi məqamları həddindən artıq qabardırsınız. Bu gün səhər Nataşanı, Samiri və sizin nəvəniz Teymuru maşına oturdub öz doğma şəhərimizi, Ağcabədimizi gəzməyə başladıq. Teymur "bələdçilik" edirdi. Maşallah, yaxşı bələdçidir. Şəhərdə bir dənə də olsun qamış çəpər qalmayıb. Hər yerdə eyni hündürlükdə daş barılar suvanıb, rənglənib, üstündə yağmurluq qurulub. Şəhərin bütün küçələrinə rahat asfalt səkilərə bahalı və gözəl plitələr döşənib. Səkilərin kənarına gözəl gül-çiçək və nadir ağaclar əkilib. Heç Moskvada bu qədər gül-çiçək əkilmir.

- Elədir, Mehman!

- Əmi, bir şey məni təəccübbləndirdi. Ağcabədi kənd rayonudur. Çox adam heyvan saxlayır. Necə olur ki, bu gül-çiçəyi və ağacları heyvanlar əzmir?

- Düz deyirsən, Mehman. Bu ağacların və gül-çiçəyin əkilib-becərilməsində şəhərin bütün işləyən əhalisi iştirak edir. Yaşıllığı, gözəlliyi burda hamı qoruyur. Bir də ki, heyvan sahiblərinin özəl torpaq sahəsi var, mal-qaranı orda otarırlar. Ən başlıca səbəb odur ki, bu nizam-intizam öz-özünə başa gəlməyib. Bu rayon rəhbərliyinin neçə illərdir adamlar arasında apardığı təbliğat və izahat işlərinin nəticəsidir.

Mehman razılıqla sözünə davam etdi:

- Şəhərin bütün küçələrini gəzdik. Hər yerdə təzə tikilmiş, ya da ki, tam təmir edilmiş məktəbləri gördüm. Şəhərin girəcəyində təzə tikilmiş müasir görkəmli, gözəl bir uşaq bağçası vardi, Teymur dedi ki, bu il istifadəyə verilib.

- Bəli, Mehman, təkcə rayon mərkəzində deyil, bütün kəndlərimizdə təzə, ən müasir avadanlıqlarla, internetə qoşulmuş komputer otaqları ilə təhciz edilmiş, hər cür kommunal şəraiti olan məktəb binaları tikilib istifadəyə verilib.

- Əmi, bütün idarə binaları da təzələnib. Mən gedəndə rayonda təkcə "Kapital Bank" fəaliyyət göstərirdi. Bu gün Teymur mənə səkkiz bank binası göstərdi. Sonra təzə xəstəxana kompleksinin yanından keçdik.205 çarpayılıq bu xəstəxana çox əzəmətli və gözəl layihədir. Üzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzi və onun ətrafında salınmış parklar da öz gözəlliyi ilə göz oxşayır. Şəhərdə bir neçə heykəl-abidələr gördüm. "Ana abidəsi", "Fitnə ", "Ana və əsgər" abidələri. Onlar da şəhərə xüsusi yaraşıq və məzmun verir.

Mən soruşdum:

- Bəs Teymur sizə Gənclər Mərkəzini, Şahmat Məktəbini, Heydər Əliyev Mərkəzini, Qonaq evini, əzəmətli Bayraq muzeyi kompleksini, "Royal & Şah" OTEL komleksini, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni tikilmiş binalarını göstərmədi?

Mehman cavab verdi:

- Əlbəttə, göstərdi. Allah saxlasın, Teymur rayonumuzu çox sevir. Yaxşı bələdçilik edirdi. Yeniliklər barədə danışmaqdan doymurdu. Hələ istəyirdi ki, bizi rayonda tikilən Olimpiya İdman Kompleksinə aparsın. Mən dedim ki, gecdir, sabah gedərik.

-Düz eləmisən. Sabah gedib gəzərsiniz. Bunlardan başqa Teymurun görmədiyi obyektlər də tikilib. Rayonda 36 yeni məktəb və 2 yeni baxça binası tikilib ,10 məktəb və 2 uşaq baxçası binası əsaslı təmir edilib. Dörd kənd xəstəxanası əsaslı təmir edilib, üç kənddə yeni kənd həkim məntəqələri tikilib, iki kənddə ət kombinatı, bir kənddə 1000 tonluq və başqa bir kənddə 5000 tonluq soyuducu ambarlar, taxıl ambarı kompleksləri tikilib, çoxlu yeni ticarət, xidmət və istehsal obyektləri tikilib istifadəyə verilib. Bununla da həm şəhərimiz gözəlləşib, həm də yeni iş yerləri açılıb.

Mehman xeyli fikirləşdikdən sonra soruşdu:

- Əmi, necə oldu ki, qısa müddətdə belə nəhəng işlər görüldü?

Mən Mehmanı başa düşürdüm. Axı nə yetmiş illik Sovetlər dövründə, nə də Müstəqilliyimizin ilk illərində bu qədər iş görülməmişdi. Ona görə Mehmana bir qədər izahat verməli oldum:

-Əmioğlu, bu işlər hörmətli prezidentimiz cənab İlham Əliyevin imzaladığı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət proqramları əsasında həyata keçirilib. Dövlətimizin iqtisadi yüksəlişi bu proqramların həyata keçirilməsinə imkan yaradıb. Rayon ictimaiyyətinin, rayonun uşaqdan-böyüyə hər bir sakininin və xüsusən rayon rəhbərinin bu Proqramların həyata keçirilməsində mühüm rolu olub. Bu proqram əsasında rayonun beş kəndini birləşdırən , uzunluğu 27.0 km olan yola asafalt beton örtük çəkilib. Başqa bir layihə əsasında rayonun 17 kəndini birləşdirən 41.5 kilometr uzunluğu olan yol asfaltlanıb. Rayonda südlük keçi təsərrüfütı yaradılıb. Bu təsərrüfatda çox məhsuldar keçi cinsləri becərilir. Hər keçi orta hesabla gündə altı litr süd verir. Burada istehsal olunan keçi pendiri öz dadı və keyfiyyəti ilə çox məşhurdur.

Hörmətli prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə pambıq və barama istehsalını artırmaq üçün hazırlıq görülür. Taxıl istehsalı üçün iri pilot təsərrüfatları yaradılıb. Yaxın illərdə Ağcabədi rayonu vaxtı ilə pambıqçılıq sahəsidə qazandığı şöhrəti özünə qaytaracaq. Bu tədbirlər sayəsində yüzlərlə yeni iş yerləri açılacaq, insanların qazancı artacaq, maddi rifahı yaxşılaşacaq.

Mehman gülə-gülə dedi:

- Əmi, sənin dediyin həqiqətdir və bu həqiqət, orta məktəbdə ədəbiyyat fənnindən keçdiyimiz, böyük dramaturq Cəfər Cabbarlının "Firuzə " hekayəsinin qəhrəmanının Bakıda gördüyü yeniliklərlə əlaqədar dediyi sözləri yadıma salır: "Həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab!" Bu sözləri Ağcabədidə görülən işlər haqqinda da demək yerinə düşər... Əsl inqilabi inkişafa nail olunub.

- Bəli, Mehman! Özü də bu inkişaf təkcə Ağcabədi rayonunda deyil, respublikamızın hər yerində, hər bir bölgəsində gedir. İndi Ağcabədi rayonunun əksər kəndlərinə rahat, gözəl asfalt yollar çəkilib, təbii qaz , fasiləsiz elektrik enerjisi verilib...

Oğlumun "Qızıl Saray"da təşkil edilmiş toyunda, Mehman və ailəsi böyük həvəslə iştirak etdilər və toydan zövq aldılar.

Ən müasir memarlıq üslübünda tikilmiş "Qızıl Saray" şadlıq sarayının əzəməti və gözəlliyi, rahatlığı, zalda quraşdırılmış elektronika avadanlıqları Mehmanı heyran qoymuşdu. Bakıdan dəvət edilmiş müğənnilərın ifaları da çox gözəl idi. Xüsusi ilə hazırda Bakıda yaşayan həmyerlimiz Tağı Salahoğlunun ifası qonaqlara yüksək zövq verirdi.

Toydan sonra Mehman məni təbrik etdi, yeni ailə quran gənclərə xeyir-dua verib, xoşbəxtlik arzulayandan sonra dedi:

- Əmi məni dəvət etdiyinə görə çox sağ ol ! Əgər özüm gəlib gozümlə görməsəydim, rayonumuzda qazanılmış bu inkişafa heç cür inanmazdım!

Bir həftə sonra əmioğlu ailəsi ilə birlikdə, zəngin təəssüratla Ağcabədidən ayrılıb, Moskvaya qayıtdılar.

 

Mart, 2016

 

Teymur MUĞANLI

 

525-ci qəzet.- 2016.- 14 dekabr.- S.7.