Milli dəyərlərin təcəssümü: ədəbi axtarışlar, ideoloji mübarizələr

 

Ədəbiyyat irili-xırdalı çayların qovuşduğu nəhəng dənizlərə bənzəyir və əbədiyyətdə qərarlaşır.

Ədəbiyyat cəmiyyətdə, xalqın taleyində kəsb etdiyi böyük mənaları - öyrətmək, tərbiyələndirmək, həyatı daim öz inkişafı axınında yeniləmək, bütün mənalarda, əsasən də ibrətamizlik baxımından nizamlamaq, dövrün və zamanın ədəbi şəxsiyyətlərini yetişdirmək missiyasını ifadə edir. Odur ki, ədəbiyyatın rolu həyatın bütün sahələrində çalışan insanların taleyindən təsirsiz ötüşmür.

Bu sənətin özünün əhatə etdiyi sahələrin - folklordan, xalq yaradıcılığından başlamış, yazılı ədəbiyyatın sonrakı inkişaf proseslərində nəsrin və poeziyanın növ və janrlarında yaranan əsərlərin bədii siqlətinin, ictimai-siyasi xarakterinin, milli-bəşəri mahiyyətinin öyrənilməsi və bunların elmə gətirdiyi yeniliklər bütün zamanlarda ədəbiyyatşünaslığın, ədəbi tənqidin materialı olmuşdur. Bədii yaradıcılıq istedadın - həyatı və insanları öyrənməyin, müşahidə qabiliyyətinin, yazmaq səriştəsinin təcəssümüdürsə, ədəbiyyatşünaslıq, ədəbi tənqid, bunlar da ehtiva olunmaqla, mövzunun araşdırılması, xarakterik təhlil və tədqiqin, ümumiləşdirmə və müqayisələrin axtarış əziyyətlərini ortaya qoyur. Bu mənada sahənin elmi-nəzəri, ictimai yükünü çəkmək olduqca böyük zəhmət tələb edir. Bütün bunların ədəbi təxəyyüldə, düşüncədə xarakterizə olunması və material üzərində işləmək vərdişi, püxtələşmək üç ildə, beş ildə yox, uzun illər qət olunan axtarış və tədqiqat yollarında formalaşır, yetişir. Sənətə aşiqlik və bağlılıq zaman-zaman ədəbi fəaliyyəti genişləndirir, daha dəqiq desək, ömür boyu davam edir.

XIX əsrin sonu, XX əsrin əvvəllərindən formalaşmağa başlamış Azərbaycan ədəbiyyatşünaslığı bütöv bir yüzillikdə böyük inkişaf yolu keçmiş və bütün dönəmlərdə ədəbiyyat tariximizin yeni səhifələri yazılmışdır. Sahənin elmi-nəzəri problemləri bir şox istiqamətdən tədqiq olunmuş, sonrakı mərhələlərdə ədəbiyyatın araşdırılması, tədqiqi, yenilənməsi prosesi ardıcıl şəkildə davam etdirilmiş, zaman-zaman müasir düşüncəli, zəhmətkeş tədqiqatçılar yetişmişdir. Onlar da öz növbəsində Azərbaycan ədəbiyyatşünaslığının elmi potensialını gücləndirməklə ictimai-ədəbi fikrin inkişafına xidmət etmişlər. Ədəbiyyatımızın müxtəlif növ və janrlarında davamlı olaraq xeyli əsərlər meydana gəlmiş, ədəbi şəxsiyyətlərin yaradıcılıq yolları, əsərlərinin ideya istiqamətləri bütün zamanlarda ədəbiyyatşünaslığın, ədəbi tənqidin predmeti olmuşdur.

Bu ənənələri özünün çoxşaxəli yaradıcılığı ilə yeni, mükəmməl formada inkişaf etdirən ədəbiyyatşünas alim, yazıçı, publisist professor Teymur Əhmədovun 60 ildən çox apardığı elmi-ədəbi axtarışları, tədqiqatları ədəbiyyat tariximizə yeni səhifələr yazmışdır. Son bir neçə ayda alimin 5 cilddən ibarət "Seçilmiş əsərləri"ni mütaliyə etməyim bu zəhmətkeş insanın elmi-ədəbi fəaliyyətində keçdiyi yola bir çox istiqamətdən nəzər salmağıma, irsinə münasibət bildirməyimə əsas oldu. O, ədəbiyyatşünaslıq sahəsində ərsəyə gətirdiyi tədqiqat əsərləri ilə paralel ədəbi yaradıcılığın bir sıra qollarında da müntəzəm olaraq fəaliyyət göstərmişdir. T.Əhmədov ömür yolunu nizamlayan işgüzarlığı, çoxçeşidli fəaliyyətinin özünəməxsus səliqə-səhmanı, qayda qanunları ilə xeyli sayda ədəbi-bədii, tarixi, publisistik əsərlər yazmışdır. Bunlar bütöv halda alimin ədəbiyyatşünaslıq sahəsində ərsəyə gətirdiyi elmi-ədəbi yaradıcılığına yeni məzmun və forma gətirmişdir. Bu sırada müstəqillik uğrunda mübarizə yollarında yeni, demokratik mətbuatın formalaşması, inkişaf etdirilməsində özünün yaratdığı və redaktoru olduğu qəzet və jurnallarda ("Ata yurdu" (1989), "Vətən səsi" (1990-1991), "Elturan" (Milli məsələlər - 1992), "Vətən həsrəti", "Hikmət" (1992-1993), "Yeni fikir" (1994-1995), "Füyuzat" (2007 - indiyədək) milli-bəşəri mövzularda qələmə aldığı yüzlərlə məqalələri, tarixi-bədii oçerkləri və portret yazılarının da müasirlik və aktuallıq prizmasından diqqət çəkməsi mühüm əhəmiyyət kəsb edir. Buraya onun 1996-cı ildən bu günədək mətbuat yaradıcılığında xüsusi bir səhifə təşkil edən "Respublika" qəzetində müstəqil dövlətimizin möhkəmlənməsi, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin yeni ənənələr zəminində inkişaf etdirilməsi istiqamətində redaktorluq fəaliyyətini də əlavə edəndə çəkilən zəhmətin miqyası göz önündə canlanır.

Teymur Əhmədovun elmi-ədəbi yaradıcılıqda genişəhatəli fəaliyyətinin, tədqiqat axtarışlarının təməli universiteti bitirdikdən sonra, 1954-cü ildə "Sovet Ermənistanı" qəzetindən başladı. Yeni kitablar, kinofilmlər haqqında düşüncələr, rəylər, tanınmış şəxsiyyətlərin həyat yolunu öyrənməkdə atılan ilk addımlar, sonradan böyük araşdırmaların bünövrəsi oldu. O vaxtdan vüsət alan elmi-ədəbi yaradıcılıq sahəsində çalışmalar bu gün də böyük şövqlə davam etdirilir.

Teymur Əhmədovun mətbuat yaradıcılığı, qəzetçilik fəaliyyəti, eləcə də bədii əsərləri ədəbi ömrün başlanğıcından ona böyük inam qazandırsa da, alimin yaradıcılıq mətbəxində ictimai-siyasi xadim, yazıçı-publisist, doktor Nəriman Nərimanov mövzusu axtarışlarının ən uzunömürlü, sabit bir işi olmuşdur. Tədqiqatçı böyük şəxsiyyəti yaddaşlarda yaşatmaqdan ötrü onu yaradıcılığın fəxri kürsüsündə yerləşdirmişdir. Burda onu da xatırlatmaq yerinə düşər ki, Teymur Əhmədov 1961-1964-cü illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alarkən "Nəriman Nərimanovun dramaturgiyası" üzərində işlədiyi və 1966-cı ildə akademik Mirzə İbrahimovun rəhbərliyi ilə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdiyi vaxtlar bu böyük insana münasibət nəinki birmənalı deyildi, hətta bu istiqamətdə araşdırmalar aparmaq da çətin və əziyyətli idi. Amma o, heç bir çətinlikdən qorxmadan keçmiş SSRİ-nin bir çox şəhərlərinin arxiv və kitabxanalarında aylarla axtarışlar apardı, N.Nərimanovun millətin azadlığı yolunda mücadiləsini, vətənpərvər, tərəqqipərvər bir şəxsiyyət olaraq geniş miqyaslı fəaliyyətini işıqlandıran qiymətli sənədləri aşkar etdi. 1988-ci ildə "Nəriman Nərimanovun yaradıcılıq yolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Alim bundan sonra da yaradıcı ömrünün böyük bir dövrünü ictimai-siyasi xadimin, ədibin mübarizələrdə keçən həyatını, yazıçı-publisist, ictimai-siyasi xadim kimi fəaliyyətini, xalqın taleyindəki misilsiz xidmətlərini, yaşadığı mühitin mürəkkəb, ziddiyyətli dövrünü xarakterizə etməyə yol açan arxiv materiallarını yeni istiqamətdən araşdırmağa, öyrənməyə və dəyərli əsərlər yazmağa sərf etmişdir. Bu genişmiqyaslı fəaliyyətin müqabilində də Nəriman Nərimanovun ədəbi yaradıcılığını, inqilabi fəaliyyətini daha dolğun, unikal sənədlərin, faktların timsalında tədqiq edərək, onun ictimai-siyasi xadim, yazıçı-publisist obrazını yaratmış oldu. Bu mövzuda yazdığı iri həcmdə tədqiqat əsəri toplunun I cildində yer almışdır.

T.Əhmədov neçə onilliklər boyu yaradıcılığın bir sıra qollarını eyni vaxtda və yüksək peşəkarlıqla apara bilmişdir. Qeyd etdiyimiz kimi, ədəbi fəaliyyətinin ilk dövründən başlamış mətbuatla sıx əlaqəsi, bədii yaradıcılığı, ədəbi-bədii fikir tariximizin görkəmli nümayəndələrinin həyatı, irsi və maarifçilik görüşlərinin işıqlandırılması müəllifin araşdırmalarının daim mərkəzində olmuşdur. Mətbuat tariximizin müstəqilliyə aparan çətin və məşəqqətli yollarında özünün yaratdığı mətbuat orqanlarında xalqın üzləşdiyi milli-ictimai bəlalar, eləcə də azadlıq arzularını ifadə edən publisistik, ədəbi qeydlər, üzdəniraq qonşularımızın xəyanəti, daşnakların son 100 ildə törətdiyi faciələr, qanlı əməllər, sənədli oçerk, etüdlər və dolğun ömrə ədəbi zinət verən xatirələr Teymur Əhmədovun, hər biri öz ampulasında, sanbalında olan yaradıcılığına ictimai, bəşəri məzmun vermiş, ideoloji mübarizəsini yeni istiqamətlərdən dolğunlaşdırmışdır.

Bu mənada professor T.Əhmədov II cilddə toplanmış əsərlərində - "Ədəbi-bədii fikir tarixindən" Abbasqulu ağa Bakıxanov Qüdsidən başlamış, poeziyamızın qaynar təbli, sinədəftər şairi Zəlimxan Yaquba qədər, Cənub ədəbiyyatının bir sıra görkəmli nümayəndələri (Ə.Qaracadağı, M.Ə.Talıbov, M.Ə.Möcüz, M.Şəhriyar, H.Billuri, H.Sahir, H.Cavan...) də daxil olmaqla Azərbaycan ədəbiyyatı tarixinin neçə yüzilliklərdə formalaşaraq, yeni məzmun və məna kəsb etdiyini bu aydınların ideoloji mübarizələri timsalında xarakterizə etmişdir. Bu məqalələrdə professor ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığını, eləcə də onların yaşadığı dövrü, maarifçilik görüşlərini, məfkurəvi mübarizələrini də əhatəli şəkildə tədqiq etmişdir.

T.Əhmədov elmi yaradıcılığında özünün geniş diapazonu ilə yadda qalan, ümumən Azərbaycan ədəbiyyatşünaslığının bir çox istiqamətdən, yeni və fərqli məzmunda predmeti olan "Nəriman Nərimanovun yaradıcılıq yolu"ndan bəhs edən başqa bir tədqiqat əsərinə III cilddə yer vermişdir. Kitabın "Tənqid və ədəbiyyatşünaslıq" bölməsində isə müxtəlif mövzularda qələmə aldığı ədəbi qeydlərlə yanaşı müəllifin N.Nərimanovun ədəbi-tənqidi görüşlərindən, yaradıcılığından, dramaturgiyasından, teatrşünas fəaliyyətindən bəhs etdiyi məqalələri cildi daha da dolğunlaşdırmışdır. Vaxtilə alimin N.Nərimanovla bağlı tədqiqatlarına, eləcə də daim axtarışda olan zəhmətkeş qələm sahibinin yaradıcılığına bir ədəbi ekskurs edən Akademik Cəmil Quliyevin "Zəhmət və istedadın vəhdəti", professor Xeyrulla Məmmədovun "Ədəbiyyatşünas alimin yaradıcılığı" məqalələri ilə açılan kitab özəlliyi ilə böyük əhəmiyyət daşıyır.

Teymur müəllim tədqiqat axtarışlarında olduğu kimi, jurnalistikada da yaradıcılığın hamar yolu ilə getməmişdir. IV cilddə bir araya gətirdiyi publisistik məqalələri də müəllifin daim arayıb-axtardığı, ictimai-mədəni maraqları ifadə etdiyi yüzlərlə tədqiqat xarakterli əsərlərində aydın nəzər çarpır. "Təlatümlü həyatın əks-sədası" olan bu məqalələr milli mətbuat tariximizin salnaməsində özünəməxsus yeri və rolu olan əsərləri Teymur Əhmədovun jurnalistika yaradıcılığını əsaslı şəkildə ifadə edir. Bu məqalələrdə ötən əsrin sonlarından başlamış milli oyanış dövründə yaranan yeni düşüncə, əxlaq formaları, ictimai-bəşəri mündəricəli məsələlər böyük səylə və ədəbi ustalıqla tədqiq edilmiş, işıqlandırılmışdır. Meydan hadisələrinin odundan qor alan ictimai fikrin durulmasında mətbuatdakı çıxışları ilə özünün olduqca ciddi, prinsipial mövqeyini bildirmişdir. Onun pulisistikasında fikirlər dəqiqliyi, dürüstlüyü, mübarizliyi, cəsarəti ifadə etməsilə qüdrətlidir.

"Milli mətbuat tarixindən" bölməsində ötən əsrin sonlarından başlamış milli özünüdərkin yeni mərhələsində yaratdığı və redaktoru olduğu qəzet və jurnallarda vətənin və xalqın maraqlarını ifadə edən, ictimai-sosial problemlərini açan, tarixin ağır sınaqlarından çıxmış mətbuatın keçdiyi yolu tədqiq edən müəllifin cəmiyyətdə əks-səda doğurmuş əsərləri toplanmışdır. Bu sətirlərin müəllifinin "Müstəqillik uğrunda mübarizə yollarında" ön söz əvəzi məqaləsi də bütünlükdə T.Əhmədovun publisistikasının xarakterini, inkişafı mərhələlərinin işıqlandırılmasına yönəlmişdir.

Burda onu da xatırlatmaq yerinə düşər ki, İsmayıl bəy Qaspiralı "Tərcüman"ı, Mirzə Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"i, Əli bəy Hüseynzadə "Füyuzat"ı, Əhməd bəy Ağayev "Həyat"ı necə böyük yanğı, məhəbbətlə yaratmışdısa, Teymur Əhmədov da "Ata yurdu"ndan başlamış, yuxarıda adlarını çəkdiyimiz qəzet və jurnalları da elə bir yanğıyla, sevgi ilə işıq üzünə çıxarmışdır. Bu fikrin davamı kimi, belə bir qeydi də nəzərə çatdırmağı vacib sanıram ki, T.Əhmədovun publisistikasını əks etdirən əsərlərinə göz yetirəndə onu Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Üzeyir Hacıbəyovun, Məhəmməd Ağa Şahtaxtının, mənəvi varisi, xələfi saymaq doğru olar. Onlar yaratdıqları mətbu nəşrlə xalqın yolunda necə bir maarif işığı yandırmışlarsa, Teymur Əhmədov da maarifpərvər ziyalı olaraq yaratdığı mətbuat orqanlarında sələflərinin amallarını vətənpərvərlik, milli təəssübkeşlik hissi, elmi-mədəni yüksəlişin tərənnümçüsü, təbliğçisi kimi sözü, əməli ilə davam etdirmişdir. Xalqın taleyinə, dərd-sərinə sənətkar, bir ziyalı vətəndaş yanğısı ilə yanaşan publisistin əzəldən yaradıcılığı ictimai mənafeləri ifadəyə söykənmişdir.

 

(Ardı var)

 

Şəfəq NASİR

Filologiya üzrə fəlsəfə dokrotu

 

525-ci qəzet.- 2016.- 14 dekabr.- S.6.