Ana dilimizin Naxçıvan qrupu dialekt və şivələri haqqında dəyərli elmi əsər

 

Son illər türk dillərinin tədqiqinə xüsusi maraq göstərilir. Bu cəhətdən Azərbaycan dilçiliyi türkologiyanın ön cərgələrində gedir.

 Belə ki, təkcə Azərbaycan ədəbi dilinin xüsusiyyətləri deyil, onun dialekt və şivələri də geniş və ətraflı surətdə öyrənilir. İndi ölkəmizdə dialekt və şivələrin fundamental tədqiqi daha yüksək mərhələyə daxil olmuşdur. Yeni təfəkkür dövrü Azərbaycan dilçiliyinin bir sahəsi olan şivələr leksikasını tarixi müqayisəli şəkildə tədqiq etməyi aktual bir problem  kimi qarşıya qoymuşdur. Həm də indi kökə qayıtmaq, xalq dilinin dərin leksik qatlarını öyrənmək, şivə sözlərinin törəmə modellərini müəyyənləşdirmək, onların fono-semantik inkişafını izləmək, söz yaradıcılığı üsullarını qohum dillərin materialları ilə müqayisəli araşdırmaq çoxdan həllini gözləyən problemdir.

Azərbaycan dilinin dialekt və şivələri bu günə qədər həm ümumi şəkildə, həm də ayrılıqda regionlar üzrə öyrənilmişdir. Bu mənada Naxçıvan qrupu dialekt və şivələri dialektoloji araşdırma baxımından həmişə böyük maraq doğurmuşdur. Bu aktuallıqdan irəli gəlir ki, həmin regionun dil materialları daim öyrənilir və öyrənilməkdədir. Filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın müəllifliyi ilə çapdan çıxan yeni tədqiqat əsəri də bu baxımdan Naxçıvan qrupu dialekt və şivələrini öyrənmək üçün mühüm mənbə ola bilər.

Bugünlərdə Almaniyanın nüfuzlu beynəlxalq çap mərkəzi olan "Lambert Academic Publishing"də nəşriyyatın baş direktoru Anna Ziminanın təşəbbüsü ilə işıq üzü görən, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın "Theoretical problems of word creation in the dialects and accents of Nakhchivan and the Eastern Anatolia" (Naxçıvan və Şərqi Anadolunun dialekt və şivələrində söz yaradıcılığının nəzəri məsələləri) adlı monoqrafiyasının ingilis dilində çapı diqqəti cəlb edir.

Monoqrafiya giriş, iki fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Müəllif zəngin məhəlli dil faktları ilə yanaşı son illərin nəşri olan 130-a yaxın elmi ədəbiyyatdan da istifadə etmişdir.

Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrdə söz yaradıcılığı ilə bağlı araşdırma sistem halında ilk dəfə bu monoqrafiyada  aparılır.

İlk fəsildə Naxçıvan qrupu dialekt və şivələrinin tədqiq olunma səviyyəsi geniş şəkildə təhlil olunur. Belə ki, Azərbaycan Respublikasının dialektoloji baxımdan zəngin bölgələrindən biri kimi Cənub qrupuna daxil olan Naxçıvan Muxtar Respublikasının dialekt və şivələri tədqiqat baxımından olduqca böyük maraq doğurur. Naxçıvanın dialekt və şivələri mənəvi bir xəzinədir. Məhz elə bu bölgənin belə zənginliyi və tükənməzliyi səbəbindən uzun illərdir ki, bu sahədə çox qiymətli, orijinal tədqiqatlar aparılır. Həmin tədqiqat əsərlərini müəllif ayrı-ayrılıqda elmi təhlil süzgəcindən keçirir. Onun fikrincə dialekt və şivələrin öyrənilməsi dil tarixinin, eləcə də xalqın milli-etnik mənşəyinin və onun etnoqrafiyasının, tarixinin tədqiqi üçün mühüm əhəmiyyətə malikdir.

Növbəti yarımfəsildə Naxçıvan qrupu dialekt və şivələrdə qədim tarixin izləri araşdırılır və faktlarla sübuta yetirilir.

Belə ki, dilin tarixini tədqiq edərkən ilk növbədə onun qədimliyini qoruyub saxlayan yazılı mənbələrə və canlı xalq dilinə müraciət etmək lazım gəlir. Naxçıvan Muxtar Respublikasının dialekt və şivələrinin, Şərqi Anadolu ağızlarının hər birinin ayrı-ayrılıqda tədqiq olunmasında başlıca məqsəd  şivələrin qədim leksik vahidləri, eləcə də xüsusiyyətləri hansı səviyyədə qoruyub saxladıqlarını və bir sıra digər əhəmiyyətli cəhətləri ortaya çıxarmaqdan ibarətdir.

Digər dialekt və şivələrimiz kimi Naxçıvan və Şərqi Anadolunun dialekt və şivələrini müqayisəli şəkildə tədqiq etməkdə məqsədini müəllif özü belə izah edir: "Bizim məqsədimiz başqa mühitdə, kənar və yad təsirlər əhatəsində, izole olmuş şəkildə inkişaf edən Azərbaycan dilinin bu dialektinin digər dialekt və şivələrimizlə fərqli və oxşar cəhətlərini müəyyənləşdirmək, müxtəlif sərhədlər daxilində yerləşmələrinə baxmayaraq, qədim xüsusiyyətlərini necə qoruyub saxladıqlarını nəzərə çatdırmaqdır.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, kənar mühitdə, başqa dillər əhatəsində inkişaf edən dialekt və şivələrdə qədim sözlər, qədim element və xüsusiyyətlər daha çox qorunub saxlanılır. Buna azərbaycanlıların məskunlaşdığı Qars, İğdır, Ardahan və digər bölgələrdə araşdırmalar apardığımız zaman şahid olmuşuq. Şərqi Anadoluda yaşayan azərbaycanlılar və tərəkəmələr öz danışıq xüsusiyyətlərində daha çox Azərbaycan dilinin Naxçıvan Muxtar Respublikasına xas dialekt və şivələrinin xüsusiyyətlərini özündə qoruyub saxlamışdır.

Naxçıvan qrupu dialekt və şivələrin xüsusiyyətlərini özündə cəmləşdirən Şərqi Anadolu ağızları - yəni dialekt və şivələr qədim Oğuz tayfalarının dil elementlərini özündə yaşatmaqdadır. Qədim yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud"da işlənmiş onlarca, yüzlərcə sözə Naxçıvan Muxtar Respublikası və Şərqi Anadolunun dialekt və şivələrində  rast gəlirik. Yeri gəlmişkən onu da qeyd edək ki, bəhs etdiyimiz ərazilərdə ta qədimdən oğuz tayfalarının məskunlaşması məlumdur. Bunu göstərən tarixi faktlar və toponimik göstəricilərlə yanaşı bu bölgələrin dialekt və şivələrinin leksikasının əsasını təşkil edən qədim türk təbəqəsi də bunu bir daha təsdiqləyir".

Monoqrafiyanın ikinci fəslində Naxçıvan qrupu dialekt və şivələrin leksik sistemində fono-semantik söz yaradıcılığının qanunauyğunluqlarını aşkara çıxarılır, bu prosesdə yaranan modelləri müəyyənləşdirilir. Birhecalı sözlərin fono-semantik dəyişmə prosesi, əvvəllər düzəltmə olmuş sözlərin sadələşmə gedişi, mürəkkəb sözlərdə sadələşmə meyilləri və sözlərdə fonetik dəyişmə və onun söz yaradıcılığı ilə əlaqəsi kimi məsələlər  müəllif tərəfindən araşdırma məxrəcinə gətirilir.

Növbəti yarımfəsil də bu fəslin məntiqi davamıdır. Burada Naxçıvanın dialekt və şivələri üzrə birhecalı sözlərin quruluş dəyişmələrində baş verən keçidləri araşdırılır, qədim türk leksik bazası əsasında dialektal törəmələri və onların modelləri müəyyənləşdirilir. Həmçinin, mürəkkəb sözlərin sadələşmə prosesində fono-semantik dəyişmələrin ümumi qanunları aşkarlanır, məhəlli sözlərin formalaşmasında baş verən fonetik hadisələrin sistemi ortaya çıxarılır. Bütün bu proseslər tarixi-müqayisəli metod tətbiq edilərək araşdırılır. Müəllif qədim birhecalı söz köklərinin təhlilində, onlara qovuşub daşlaşmış şəkilçilərin sərhədlərinin müəyyənləşdirilməsində, öncə mürəkkəb olmuş sözün sadələşmiş formasının qədim şəklinin bərpasında, səs dəyişmələrinin söz yaradıcılığı ilə əlaqəsinin açıqlanmasında şivə faktlarından abidələrə, abidələrin faktlarından şivələrə istiqamətləri əsas götürmüşdür.

Bəllidir ki, Azərbaycan dilinin  Naxçıvan qrupu dialekt və şivələrində söz yaradıcılığı geniş mövzudur, onun müxtəlif vasitələri, üsulları və modelləri var.  Dosent Zülfiyyə İsmayıl monoqrafiyada söz yaradıcılığı probleminin bir hissəsindən bəhs edir. Buna ümumi halda leksik-semantik söz yaradıcılığı da deyə bilərik. Yəni təkhecalı sözlərin məna inkişafı ilə əlaqəsi səs tərkibinin dəyişməsi, birhecalı söz kökünə müxtəlif şəkilçilərin qovuşması ilə çoxhecalı sadə sözlərin əmələ gəlməsi, mürəkkəb sözlərdə sadələşmə və calaqlanma, bir kökdən başqa sözlərin formalaşmasında səs dəyişmələrinin rolu əsas tədqiqat istiqamətləridir. Monoqrafiyada həmin məsələlər tarixi-etimoloji planda araşdırılır.

Əsərdə dialektikanın forma və məzmun vəhdəti qanunu şivə sözlərinə tətbiq edilir. Məlumdur ki, sözün şəkli dəyişməsi onun mənaca dəyişmə və inkişafı ilə dialektik vəhdətdədir. Sözün mənaca inkişafı formanın da dəyişməsinə təsir edir. Forma dəyişməsi də fonetik qanunlarla idarə olunur. Gənc tədqiqatçı bu kimi məsələləri diqqət mərkəzində saxlamış və geniş şəkildə tədqiq etmişdir.

Beləliklə, dosent Zülfiyyə İsmayılın Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölgəsinə həsr olunan bu monoqrafiyası olduqca əhəmiyyətli tədqiqat əsəridir. Bu əsərin Azərbaycan dilinin dialektologiyası, ədəbi dilimizin tarixi, lüğətçiliyimiz, şifahi söz sənətimiz, onomologiya sahəsi üçün, bütünlükdə xalqımızın soykökü, etnoqrafiyası, tarixi, coğrafiyası üçün xüsusilə faydalıdır. Bunlarla yanaşı gələcəkdə hazırlanacaq çoxcildli dialektoloji lüğətlər və şivə leksikası üzrə araşdırmalara yeni istiqamət və material vermək baxımından da monoqrafiya faydalı ola bilər və dialektologiya fənninin tədrisini keyfiyyətcə yüksəltməkdə filologiya fakultələrinin tələbələri üçün də gərəklidir.

 

Qüdsiyyə QƏMBƏROVA

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2016.-16 dekabr.- S4.