Nağıl kimi bir ömür: Nüsrət Kəsəmənli

 

UNUDULMAZ ŞAİRİMİZİN 70 İLLİYİNƏ

Biri var idi, biri yox idi, keçən əsrin ortalarında Azərbaycanın qədim bölgələrindən biri olan Qazax mahalının Kəsəmən köyündə Adıgözəl adında bir kişi vardı. Sadə, zəhmətkeş, ziyalı bir insan idi. Onun üç oğlu var idi: Yusif, Nəsib və Arif.

 

Hamısı bir-birindən yaraşıqlı, cəsarətli, cəngavər. Böyük oğlu Yusif Qazaxda bir pəhləvan kimi ad çıxartmışdı. Günlərin bir günü Yusifin yolu onun atasının dərs dediyi Göyçay rayonuna düşür və burada o, Xanım adlı bir gözələ aşiq olur. Bu xəbər böyüklərə çatır, el adəti ilə elçilər gedir, razılıq alınır, nişan-toy məclisləri qurulur və Xanım Göyçaydan Qazaxa gəlin köçür. Aradan bir il keçməmiş Yusiflə Xanımın bir oğulları olur, adını Həvva nənəsi (Yusifin anası) Nüsrət qoyur (Nüsrət ərəbcədən zəfər, qələbə deməkdir), ilk nəvəsi kimi ona böyük gələcək arzulayır. Amma Nüsrətin 3 aylığında Yusiflə Xanım arasında xoşagəlməz söz-söhbət yaranır, Xanım küsür və məsum Nüsrəti də götürüb gedir atası evinə, Göyçaya. Burada Xanımı qarşılayan valideynləri onun qucağındakı körpəni qəbul etmək istəmirlər. Xanım böyüklərin sözü ilə qaytarır zavallı körpəni Həvva xanıma. Çox keçmədən Yusif başqa bir qızla ailə qurur. Xanım da başqa bir qazaxlı oğlana ərə gedir, ikinci dəfə Qazaxa gəlin gəlir. Ortada qalan dünyadan bixəbər körpə Nüsrət olur, bir də onun halına alışıb yanan nənəsi Həvva xanım. O özünə söz verir ki, Nüsrəti heç kimə verməyəcək, onu elə böyüdəcək ki, o heç atasız-anasız olduğunu bilməsin. Beləcə zaman keçir, Nüsrət nənəsinin laylaları, oxşamaları, bayatıları altında böyüyüb boya-başa çatır, sazlı-sözlü Qazaxın havasını udur, suyunu içir, məclislərində olur, şairləşir, kişiləşir...

 

Orta məktəbi müvəffəqiyyətlə bitirir. Elə bu ərəfədə artıq yaşa dolmuş Həvva xanım həyat yoldaşı Adıgözəl kişiyə deyir: A kişi, bu dünya etbarsızdı, birdən nə olar, nə keçər, başımıza iş gələr, ölüb gedərik, Nüsrət vəziyyətdən hali olar, bizi qınayar, gəl olub-keçənləri Nüsrətə danışaq, yekə kişidi, başa düşər. Kişi razılaşır və bir axşam Həvva xanım Nüsrəti qoyur qabağına, yavaş-yavaş ona vəziyyətin nə yerdə olduğunu söyləyir. Nüsrət bunu eşidəndə dünya başına fırlanır, gözünə qaranlıq çökür, eşitdiklərinə inanmaq istəmir, çölə qaçır, başını əlləri arasına alıb haray qoparır, göz yaşı tökür. Nənəsi dalınca qaçıb: Ölöm əyaxlarıyın altda, nooldu sana, dedim xatamı oldu, ağrın ürəyimə. Ağlama, a canım sana sadağa, ayıfdı, yekə oğlansan. Babası çıxır: Ayə başına dönöm, ağrın alem, ürəyimizi tökmə, əvvəl-axır bunu bilməliydin sən, bə nağayrax, ölüm-itim dünyasıdı, - deyir. Qardaşları Yusif və əmiləri hərəsi bir tərəfdən yalvarır. Nüsrət heç nə eşitmək istəmir. Axı o indi tamam yetim qalırdı, anası, atası bildiyi nənəsi, babasını da itirirdi; əsl anasını, atasını isə görmək belə istəmirdi... Hannan-hana Nüsrət sakitləşir, özünə gəlir, oturub fikrə gedir. Onu qılıqlayıb birtəhər evə aparırlar.

 

Bir müddət keçəndən sonra Nüsrət doğma anasını görmək, onunla söhbət etmək, ona ürəyindəki çoxsaylı sualları vermək istəyir. Bunu hiss edən Həvva xanım bir gün onu babası ilə birlikdə aparır Qazaxbəyli kəndinə, Xanımgilə. Xanım onları çox mehriban qarşılayır və arxada gələn Nüsrəti görüb, Həvva xanımdan soruşur: Bu da Arifdimi, a Hava xala, maşallah, nə gözəl oğlan oluf?! (Arif ən kiçik qaynı idi və Xanım onu yadına salır). Həvva xanım bir az susub: Yox, a dərdin alem, tanımadınmı, bu sənin Nüsrətindi, - deyir. Bunu eşidən Xanım, necə deyərlər, bu ilmi ölmüşəm, bildirmi, Nüsrətə baxa-baxa huşunu itirib, yerə yıxılır. Həvva xala bir qaraqışqırıq salır, qonum-qonşu tökülür: biri su gətirir, biri həkim dalınca qaçır. Deyirlər, yəqin qəfil xəbərdən ürəyi partladı. Bunu görən Nüsrət özünü anasının üstünə atır: Yox, - deyə fəryad qoparır, - sən nağayrersən, ana, harya gedersən, mən səni indi tappışam, ölmə, ana, qurvan olom, ölmə! Onun üz-gözündən öpür. Doğma balasının bu səsinə, nəfəsinə Xanım ayılır, qollarını Nüsrətin boynuna salır, ana-bala bir-birinə sarmaşırlar. Sonra içəri keçir, süfrə arxasına əyləşirlər, çay-çörək gəlir, ordan-burdan söhbət edirlər, bir-birlərindən hal-əhval tuturlar. Hərdən Nüsrətlə anası Xanımın gözləri bir-birinin üzlərində qalır, amma heç nə demirlər, ancaq gözlər danışır... Ayrılanda Nüsrət anası ilə görüşüb halallaşır və söz verir ki, ona həmişə baş çəkəcək. Onu da deyim ki, Xanımın ikinci əri də çox yaxşı, mərifətli, istiqanlı bir insan olur.

 

Nüsrət orta məktəbi uğurla bitirir. Sinif yoldaşları Bakıya, ali məktəblərə yollanırlar. Nüsrət isə oxumağa getmir, kənddə qalıb onu böyüdən babasına, nənəsinə kömək etməyi, onların qulluğunda durmağı qərara alır. Axı onlar ona atadan, anadan da artıq olmuş, onu bu günə çatdırmışlar. O, ancaq Əlibayramlı (indiki Şirvan) şəhərinə üz tutur, orada peşə məktəbinə daxil olur, sürücülük (traktorçuluq) kursunu bitirib kəndə qayıdır. Kənddə üç il işləyir. Hərdənbir kövrək şeirlər yazır, rayon qəzetində çap olunur. Lakin onun ali məktəblərdə oxuyan keçmiş sinif yoldaşlarının tətilə gələndə onun yanında lovğalanmaları Nüsrətə çox pis təsir edir. Axı Nüsrət onların hamısından yaxşı oxuyurdu. Ona görə də bir gün o, nənəsinə üzünü tutub Bakıya ali təhsil almağa getmək istədiyini söyləyir. Nənəsi bu xəbərdən çox sevinir, axı o özü də bunu ona dəfələrlə demişdi. Odur ki, bıy sana qurvan olom, get, atam-anam, get, eləmi get. Sən kimnən əysiysən? - deyir.

 

Beləcə, Nüsrət bir yay axşamı Ağstafa vağzalından minir qatara, yük vaqonlarından birinə Bakıya gəlir. Sonralar özünün dediyi kimi, vaqonlara sıxıla-sıxıla gəlir şəhərə, heç kəs toxunmasın deyə divarlara sıxıla-sıxıla yeriyir. Bir qohumlarıgilə pənah gətirir Nüsrət, lakin burada onu çox soyuq qarşılayırlar, tək görüb, əlini boş görüb əlini sıxmırlar. Kəndə gələndə ayaqları altına qoç yıxdıqları qohumlar onun ayağının altına bir palaz da atmırlar. İşini İncəsənət institutuna verir, iki imtahandan keçir (o vaxtlar bir ay ərzində dörd imtahan verərdilər), sevincini bölmək üçün adam axtarır, qohumlarsa heç buna əhəmiyyət vermirlər. Nüsrət bu soyuq münasibətdən bezir, çıxır şəhərə, xeyli dolanır şəhərin küçələrini, fikirləşir ki, elə qalan günləri də şəhərin parklarında, vağzalda birtəhər gecələyər, sonra çıxıb gedər kəndə. Bir də gözünü açır ki, Səməd Vurğun parkında düz heykəlin yanındadı. Qəriblikdə darıxıb birdən öz doğmasını görən adam kimi az qalır özünü heykəlin üstünə atıb ağlasın. Axı o, uşaq vaxtından həm babası Adıgözəl müəllimin, həm də Qazaxda bütün elin-obanın dilindən Səməd Vurğun haqqında ən xoş sözlər eşitmişdi, onun şeirlərini əzbər bilirdi, onu özünün mənəvi atası sayırdı. Onların taleyində də müəyyən oxşarlıqlar var idi: ikisi də Qazaxda dünyaya göz açmışdı, ikisinin də atasının adı Yusif, ikisi də analarını körpəlikdən itirmişdilər, ikisini də nənələri saxlamışdı, ikisi də ilk sevgilərindən yarımamışdılar... İndi də sanki Səməd Vurğunun ruhu çəkib gətirmişdi bir oğul kimi onu yanına.

 

Artıq axşam düşmüşdü, Nüsrət heykəlin yanındakı oturacaqlardan birinə əyləşir və çox keçməmiş gözünə yuxu gedir. Bir də hiss edir ki, onu kimsə dümsükləyir: A bala, ay oğul, dur görüm kimsən, nəçisən, niyə burda yatırsan? Diksinib gözünü açır, görür ki, başının üstündə bir milis nəfəri dayanıb. Tez ayağa durur, cibindən imtahan vərəqini çıxarır, ona uzadaraq: Dayı, rayondan gəlmişəm, instituta imtahan vererəm, qalmağa yerim yoxdur. Polis çox xeyirxah adam imiş, onu götürüb gətirir özü ilə o vaxtki Ç.İldırım adına Politexnik institutunun yataqxanasına, yəqin ki, çox yaxını olan komendantdan xahiş edir ki, Nüsrət bir az burda qalsın. Komendant da bir söz demədən onu qəbul edir, bu qalan günlər ərzində yeməyinə, yatmağına kömək edir. Nüsrət iki imtahanını da uğurla verib gedir kəndə. Hamı yüyürür qabağına, onu böyük sevinclə qarşılayırlar, nənəsi bağrına basıb üz-gözündən öpür: Boy, Allaha şükür, ömrüm-günüm! Sana demerdimmi, get, qəbul olajaxsan, a qavağında ölöm?!. Adıgözəl kişi qurban kəsir, doğmaları bayram edirlər...

 

Bir neçə gündən sonra dərslər başlayır, Nüsrət Bakıya gəlir, ona İncəsənət institutunun yataqxanasında yer verirlər. O, üç il İncəsənət institutunda oxuduqdan sonra oranı atır, sənədlərini verir Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə.

 

Fikirləşir ki, həm işləyər, həm də oxuyar. O, universitetdə oxumaqla və yazıb yaratmaqla yanaşı özünə iş axtarır. Özünün yazdığı kimi:

 

Üzüm güldü tələbəyəm deyəndə,

Sıxılırdım dost pencəyi geyəndə,

Müəllimlə dil tapa bilməyəndə

Qiymətimin biri vardı, biri yox.

 

Elə bu zaman Allah-təala onun qarşısına çox xeyirxah bir insan çıxardır - jurnalistika fakültəsinin dosenti Nəsir İmanquliyevi. O, Nüsrət Kəsəmənlinin çox istedadlı bir gənc olduğunu görüb, onu Bakı qəzetinə işə dəvət edir, ona mənəvi dəstək olur. Bundan sonra Nüsrətin qarşısında geniş üfiqlər açılır. Anadan şair kimi doğulmuş, Qazaxda böyüyüb boya-başa çatmış və artıq həyatda müəyyən əzablar, əziyyətlər çəkmiş Nüsrət şeirlər yazır, sevgidən yazır, qəzetlərdə çap olunur və tezliklə onun adı, şeirləri dillər əzbəri olur. O, Azərbaycan gəncliyinin sevimlisinə çevrilir. O, həm də çox yaraşıqlı, hündürboy, qartal baxışlı, batman yerişli bir oğlan olduğundan bütün gözəllər ona aşiq olur. Gülərüzlü bir tale düşür onun qabağına! O, sürətlə parlamağa başlayır, maddi sıxıntılardan canını qurtarır.

 

Mayası məhəbbətdən tutulmuş, xəmiri sevgiylə yoğrulmuş, sevginin gözəlliyindən, qüdrətindən şeirlər yazan Nüsrət özü də sevir. Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyan Sevda adlı bir gözələ vurulur, ona ürəkdən bağlanır. Sevda da Nüsrətə bir könüldən min könülə aşiq olur və bu sevgi də onun yaradıcılığında yeni və daha gözəl bir mərhələni açır. Nüsrət Sevda xanıma elçi göndərir, lakin onu Nüsrətə vermirlər.

 

Gəl dedim, köksümə yaralı düşdü,

Əl açdım, əllərim aralı düşdü,

Ona bu ağ dünya qaralı düşdü,

Bir sevda ağlayır, içimdə mənim...

 

Növbəti ağır bir zərbə. Gəl, indi buna döz! Nüsrət dözür, Sevdalı dərdini, qəmini şeirlərə köçürür və daha da sevilir, seçilir, əfsanələşir. Dünyadan əlini üzmür, gələcəyə böyük ümidlə, arzularla yaşayır. O, küsmür heç kimdən, heç nədən; sevgidən yazır, məhəbbətdən yazır Nüsrət, həyata, anaya, Vətənə, insanlara olan saf məhəbbətdən. Çünki bilirdi ki, insanı insan edən yeganə qüvvə məhəbbətdir.

 

Bununla belə, Nüsrət içində bir boşluq, tənhalıq hiss edir; özünə bir həmdəm, könül dostu, sirdaşı, həyat yoldaşı arzulayır və onu da tapır. O zaman elə jurnalistika fakültəsində kafedrada laborant vəzifəsində çalışan Rəhilə adlı bir qızdan xoşu gəlir. Onu izləyir, yerini-yurdunu öyrənir, ətraflı məlumat toplayır. Görür ki, bu qız elə o deyəndi və günlərin birində ona tələbə dostlarının birindən makinada yığmaq üçün bir şeir göndərir. Rəhilə xanım şeiri makinada yığır və şeirdən çox xoşu gəlir. Ertəsi gün şeirin dalınca Nüsrət özü gəlir, özünü təqdim edir, bildirir ki, şeir onun şeiridi, aparmağa gəlib. Rəhilə xanım çap etdiyi şeiri əlyazması ilə bərabər Nüsrətə qaytaranda o, əlyazmanı götürmür, deyir, qoyun qalsın sizdə. Rəhilə xanım heç nə anlamadan imtina edir, Nüsrət isə acizanə bir baxışla ondan şeirin əlyazmasının qalmasını xahiş edir. Sən demə Nüsrət bu şeiri elə ona yazıbmış. Elə bu şeir də mənim başıma bəla oldu, - deyir Rəhilə xanım zarafatyana...

 

(Ardı var)

 

Valeh NƏSİBLİ

 

525-ci qəzet.- 2016.- 17 dekabr.- S.17.