Çadır saraylarda soldum, çərlədim,

Ömrü hədər etdim, günü vərlədim.

Ağrı gülümsədim, kədər tərlədim -

Məndən adam olmaz daha dünyada...

 

lll

 

sən imkanın olanda

ya da ki, elə-belə -

qoy, telefo num səksənsin -

hərdən mənə zəng elə...

 

istəyirsən, danışma,

təki hənirin gəlsin.

mənə rişxənd edənlər

bir-birindən şəklənsin.

 

mənsə sıxıb köksümə,

o telefona can! deyim.

səninlə birlikdəyəm -

hər zaman, hər an, deyim.

 

bəlkə çox gülüncdü

arzum da, əməlim .

inan, varlığın durur,

sevgimin təməlində.

 

lll

 

oxundan üzülmüş yay tək

uçdum nişangaha doğru.

sonuncu məktub tək, hay tək

üstünə gələni, oxu...

 

yuxumun beşiyi yanıb,

əlimin yaddaşı itib.

tək səni düşünüb, anıb

bilməmişəm ki, vaxt ötüb...

 

xatirə yüküm - son ümid,

qorxuram qopa vərəqlər.

üstümə enib bir bulud -

leysana məni qərq elər...

 

lll

 

yenə qırıq-qırıq səs,

yenə qəm dolu gözlər.

yenə tıncıxan nəfəs

boylanıb yolu gözlər...

 

xəyal qasırğa kimi

birdən sorar könlümü.

ruhumun sarı simi

hirsdən qırar könlümü.

 

ovunmaq gücüm qalmaz,

kirpikdə yaş gəzirəm.

dərdimə çəki verən -

dərd boyda daş gəzirəm.

 

lll

 

zülüm-zülüm ağladı

içimdə bir qış günü.

mən namərd, unutmuşdum -

ömrümə o tuş günü...

 

məğlub döndüm davadan

dərddi məni yubadan.

perik düşüb yuvadan -

uçub gedən quş günü.

 

doğranıb, ovxalanıb

səninlə doğmalanıb,

gör, necə lovğalanıb -

ürək, ağıl, huş günü.

 

lll

 

qaldım ortalıqda, fikrim qarışıq

qapım döyülür, pəncərəm.

yuxum didərgindi, gözüm bulaşıq -

dərdlə döyüşdəyəm, qəmə səngərəm...

 

dağdan enən duman sıxır gözünü

çatdırıb, üstümə yıxır özünü.

məni tanıyanlar axır sözünü -

səbirlə saxlayır, dözür - mən gələm.

 

mənə doğma olan dərə-təpəni

yaxşı tanıyıram, həsrət çəkəni...

hər an görmək üçün ruhum öpəni -

ümidim çənədi, olub çən, gələm...

 

orada fərq varmış yerlə göy qədər

hamı eyham vurur - yanıram hədər.

hər gün sevəcəyəm, Məcnundan betər -

hər an cəhd edəcəm, sənə tən gələm!

 

lll

 

əriyən zaman içində

un payım var, kəpək...

mənə bu yerin üzündə

çaqqal ular, hürər köpək...

 

küləksiz, mehsiz şam sönür

içimdə istək, kam ölür,

hər yerdən əlim boş dönür -

hər gün qısalır ətək.

 

baxıram yol - sinəsi qan

ağrısı qan - kinəsi qan...

sevgiyə, kinə sığan -

həyatım var, mənim fələk...

 

lll

 

oduna yananı unudan mələk,

mənim ömür payım bir addım qalıb.

alıbdı başımın üstünü fələk -

sənsiz mən yoxam - bir adım qalıb.

 

xəyal dünyasında atıb getmisən

yol göstərmisən, ki, ümid.

məni sənsizliyə sürgün etmisən -

bir təbəssüm göndər, ruhumu kirit...

 

kükrəyən dalğayam, dörd yanım sahil,

gözlərim, əllərim sənə can atır...

mənim hər sözümü fəryad bil, ah bil -

həsrətin könlümü didib, qanadır.

 

gecəmin, günümün sərhəddi itib,

yadına düşmürəm bəs, niyə, canım?

mənim ürəyimdə bir xəncər bitib -

sarıma, çək onu, qoy axsın qanım...

 

lll

 

dil tökdüm - bəyənmədi

dedi, olan olubdu.

gül tökdüm, bəyənmədi -

ayaq altda solubdu...

 

yeridim arxasınca,

kölgəm tək gəzmə, - dedi.

yüyürdüm qarşısına -

yolumu kəsmə, - dedi...

 

uzaq durub izlədim

dedi, söz yaradırsan.

varlığınla çevrəmin

qanını qaraldırsan...

 

çəkildim duman-çən tək

gözdən uzaq bir küncə.

canımı üzən mələk,

ruhumu qoydum dincə -

mən çəkəni sən çək!

 

lll

 

ilan kimi sürünmək

yerimək olmasa da,

dizin-dizin yerimək

yüyürmək olmasa da,

sevgimin ünvanına

and yerim tək baxıram

kükrəyən dağ çayı tək

ona doğru axıram...

 

qıvrılıram içimdə,

gah qartal tək enirəm.

olan-qalan gücümlə

hər an sənə dönürəm...

 

iməkləmək, sürünmək

bəlkə , xoş görünməz.

sevən əyilər eşqə -

sevgi ölər - sürünməz...

 

lll

 

içimizdə xoş bir niyyət,

gəldik inam ünvanına.

dilədik, dözüm göstərsin -

o, bizlərin günahına...

 

Haqqdan işıq pay alıb,

özümüzü haqda görək.

yazsın bizə, yada salıb,

halal sevgi, halal çörək...

 

Tanrı nuru bu yurd-ocaq,

biz pərvanə həvəsində...

diz çökmüşük, üstümüzdə

olsun əlin, nəfəsin ...

 

lll

 

sökülən dan yeri ilk həmsöhbətim,

səhəri onunla açıram indi.

bu andan başlayır mənim heyrətim

xəyal qanadında uçuram hər gün...

 

gecə köynəyini soyunan səhər

hələ doğacaq, özü bilmir.

gecəsi canından soyulan səhər -

özünü hələ özündə bilmir.

 

bir tarix dəyişir, gün yeniləşir

hər kəs istəyinin iziylə gedir.

səsi ayaq tutur, təkcə sükutu -

gecənin həmişə özüylə gedir.

 

sökülən dan yeri, ilk həmsöhbətim

səhəri onunla açıram hər gün.

özümdə bir dünya açır heyrətim -

tər dözüm, tər arzu, tər sevgi, tər gün...

 

lll

 

ayrıldıq, içimdə ümid apardım

sözündən, hənrindən duymuşdum onu.

mən arayardım, tapardım,

bilsəm, ümidsizdi hər şeyin sonu.

 

ayrıldıq, sabahkı görüş vədiylə,

xəyal dünyam oldu uçuş zolağı.

varmı bundan böyük görən, hədiyyə -

sevgimin göylərdən gəlir sorağı.

 

ayrıldıq, mən ümid şamı əlimdə

tələsdim, səhəri tez açmaq üçün.

o qəfil bəd xəbər - telefon dilində

qırdı qanadımı, de, necə uçum?

 

lll

 

düşdüyüm bu odun adı - məhəbbət

uzun yolçuluqdu - dözüm istəyir.

bir dünya bəxş edir, hamıdan xəlvət -

yerinə ürəyi, gözü istəyir.

 

fikrində bir ünvan, dilində bir ad

ürəyin bir gözəl yuvası olur.

elə dəyişir ki, səninçün həyat -

özgəyə baxmağın davalı olur.

 

yerişin, duruşun, baxışın belə

dəyişir inan ki, səndən xəbərsiz.

dünyada olmayıb məhəbbət hələ

sevincsiz, vüsalsız, qəmsiz, qəhərsiz...

 

düşdüyün məhəbbət odun mübarək!

qaça bilmədiyin qismətə şükür!

sevəndə dağ boyda olursa, ürək -

önündə ağrı da, şübhə çökür.

 

lll

 

dərdini çəkdiyim mənim dərdimin,

adını bilir, ünvanın.

bircə təbəssümlə, bircə baxışla

dağıtmaq istəmir nisgil dumanın.

 

çırpır günlərimi taleyin əli

ruhumda dərdlərin izi göyərir.

bu yaşda mən oldum gülünc bir dəli

dəlidən de, axı, kim öyrənir?

 

yordum gözlərimi, işıqdan qaldı

bəs ürək neyləsin, gücü çatmırsa...

məni bu görkəmə xəyallar saldı -

xəyal ki, heç nədi, inandırmırsa.

 

çin olan hələ ki, dəli həsrətim

qoymaz qaralmağa canımda közü

sən gəl, ucuz tutma, bu məhəbbəti -

axı adımıza pay gəlib özü...

 

lll

 

bu səhər yenə

həsrət qəm dolu

ömrümə

ümid işığı düşmədi.

çəkdiyim ahlar,

etdiyim dualar

bir

bütün olanlar

qəfil xəbər kimi

bu səhərin

kar qulağını deşmədi.

mən necə deyim

inandırım

ki,

eşitsin,

bilsin -

ürək şüşədi,

sındırmaqdan qorxsun...

 

lll

 

yaman qərib gəldi mənə,

o baxış, o göz...

elə bil ki,

min dağ uzaq

soyuqluqdan boylanırdı...

o qəriblik ürəyimi

etdikcə köz-köz -

bu baxışlar

öz min illik

yuxusundan oyanırdı...

çətin oldu anlamaq da,

elə, yazmaq da

fikirlərin düyün yeri

düşdü könlümə.

nolar, məni qınamayın,

belə yazmaqda.

bu qəriblik öyrədilmiş

işdi könlümə.

mən umduğum bir təbəssüm,

bir gilə işıq,

o da donub, qalıb indi

qəribliyində.

ətrafıma sahib ikən bir belə işıq

mən azmışam

qərib gözlər

dərinliyində.

 

lll

 

döyülən qapı kimı,

sinəm yumruq yeridi.

qəm alın qanı kimi

üz-gözümdə diridi.

 

mən baxıb ovunduğum

çox təsəlli tükənib.

boynu bükük həsrət də

pardaxlayıb, dikəlib.

 

pəncərəmin şüşəsi

çiliklənmiş şüadı.

mən çəkdiyim ah deyil,

dərd ovudan duadı.

 

dilim sözün girovu

əlim ələ elçidi.

hər an sınanan könlüm -

məhəbbətçün ölçüdü...

 

lll

 

heç belə inciməzdim,

səni tanımasaydım.

ötüb, keçib gedərdim,

ya da bir eh! edərdim -

sənə inanmasaydım...

 

heç belə ağrımazdım,

könlümü verməsəydim.

arayıb-axtarmazdım,

səsləyib çağırmazdım -

əzəldən görməsəydim.

 

heç belə yaşamazdım,

mən səni sevməsəydim.

özümlə bacarmazdım,

bu qədər ucalmazdım -

sən məni sevməsəydin!

 

Əbülfət MƏDƏTOĞLU

 

 

525-ci qəzet.- 2016.- 17 dekabr.- S.22.