Türk xalqlarının ədəbi-mədəni həyatında mühüm hadisə

 

Birinci Türkoloji Qurultay - 90

 

VƏ YA BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN BİR QRUP İŞTİRAKÇISININ KƏDƏRLİ AQİBƏTİ

 

Türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsində 1926-cı il 26 fevral - 6 martda keçirilmiş Birinci Türkoloji Qurultayın materialları böyük əhəmiyyət kəsb edir.

Bakıdakı "İsmailiyyə" binasında (hazırda AMEA Rəyasət Heyətinin binası - A.Ş.) keçirilən qurultay ümumtürk ədəbi dili, əlifba, termin məsələləri, eləcə də tarix, arxeologiya və ədəbiyyat sahələrinin bir sıra istiqamətlərini əhatə edən çox mühüm hadisə kimi tarixə düşüb.

Azərbaycan Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 80 illiyi ilə bağlı 9 noyabr 2005-ci il tarixli sərəncamının xüsusi əhəmiyyətini vurğulamaq yerinə düşür.Türkdilli xalqların tarix və etnoqrafiyasının, dil və ədəbiyyatının aktual problemlərinin həllində mühüm rol oynamış, bu xalqların mədəni inkişafında yeni bir mərhələnin təməlini qoymuş Türkoloji qurultayın yubileyinin keçirilməsi haqqında ilk Prezident sərəncamı türk xalqları arasında möhkəm əlaqələrə, beləliklə də türkologiya elminin inkişafına böyük təkan verdi.

Azərbaycan Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında" 18 fevral 2016-cı il tarixli sərəncamı da həmin qurultayın türk xalqlarının həyatında necə böyük tarixi əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Sərəncamda qeyd olunduğu kimi, "Qurultaydan bəri ötən dövr türkologiyaya dair araşdırmalar sahəsində yeni konsepsiyaların formalaşdırılması, Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır". Dövlət başçısı tərəfindən imzalanmış hər iki sərəncam bu gün türkdilli respublikalar arasında elmi-mədəni əlaqələrin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, 2016-cı ildə türkdilli respublikalarda Birinci Türkoloji Qurultayın möhtəşəm yubiley mərasimləri keçirilir. 23-25 may Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş "Böyük Çöl" Birinci Beynəlxalq Humanitar Forumunu buna misal göstərmək olar. Belə ki, bu tədbirdə türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkədən 200-dən çox ekspert və alimlər iştirak ediblər.

Tədbir çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nu qazax xalqının böyük oğlu, müasir ədəbiyyatın görkəmli nümayəndəsi və tanınmış ictimai xadim Oljas Süleymenova təqdim edib. Qeyd edək ki, 17 may 2016-cı il tarixdə dövlətimizin başçısı İlham Əliyev 80 illik yubileyi münasibətilə Oljas Süleymenovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdı.

Forumda "Avrasiya məkanında elmi əməkdaşlıq və inteqrasiya: Müasir yanaşmaların axtarışı", "Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər", "Türk irsi müasir etnik-mədəni inteqrasiya kontekstində", "Böyük Çöl sivilizasiyası: ümumi və xüsusi" mövzusunda panellərdə müzakirələr aparılıb, "Böyük Çöl"ün mədəniyyəti, həmin sivilizasiyada insanın formalaşması kimi mövzular müzakirə olunub. Məşhur alimlərin tarix, arxeologiya, etnoqrafiya, folklor, ədəbiyyat və incəsənət, dil və terminologiya elmlərinə və sahələrinə, latın əlifbası məsələlərinə dair mülahizələri maraqla dinlənilib.

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş "Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər" mövzusunda keçirilən panelin moderatoru akademik İsa Həbibbəyli olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə imzaladığı sərəncamın böyük əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli yubileylə bağlı digər türkdilli dövlətlərlə yanaşı ölkəmizdə də keçirilən tədbirlərdən ətraflı danışıb. "Türk dünyasında inteqrasiya prosesləri: ədəbi-tarixi ənənələr və müasir dövr" adlı məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli qurultayın tarixi və elmi əhəmiyyəti, müzakirə olunmuş məsələlər, təmsil olunmuş ölkələr və Birinci Türkoloji Qurultayın nümayəndələri, onların sonrakı taleyi haqqında geniş danışaraq Birinci Türkoloji Qurultayın 131 nəfərlik nümayəndə heyətinin ölkələr üzrə adlarını bəyan edərək görkəmli türkoloq alimlərin xatirəsini minnətdarlıq hissi ilə yad edib. Türkoloji Qurultaya həsr edilmiş iclasda Seul Universitetinin professoru Yonq Sonq Li (Koreya), Əhməd Baytursunov adına Dilçilik İnstitutunun baş elmi işçisi Alimxan Junisbek (Qazaxıstan), Türk Dil Qurumunun prezidenti Mustafa Kaçalin (Türkiyə), Miçiqan Universitetinin professoru Timur Kocaoğlu (ABŞ), İstanbul Universitetinin professoru Osman Fikri Sərtqaya (Türkiyə) və Rusiya EA Sibir Şöbəsi Filologiya İnstitutunun direktor müavini, professor Natalya Şirobokova (Rusiya) Altay dilləri üzrə tədqiqatlar, ümumi türk əlifbası, türk ədəbi abidələri, türk dünyasının ümumi latın əlifbasına keçid məsələləri, müasir türk dünyasının tarixi əlaqələri və sair mövzularda məruzələrlə çıxış edərək dəyərli fikir və mülahizələrini bildiriblər.

Beynəlxalq forum çərçivəsində Türk Dünyası Elmlər Akademiyaları Birliyinin də toplantısı keçirilib. Qurumun rəhbərliyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin də təmsil olunduğu iclasda bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mühüm əhəmiyyətə malik qərarlar qəbul olunub. Birinci Türkoloji Qurultayın 90 illiyi ilə bağlı tədbirlər planından danışan akademik İsa Həbibbəyli türk dünyasında mütəşəkkilliklə keçiriləcək yubiley tədbirlərinin koordinasiyası, əhatə dairəsi, mövzuları barədə ətraflı söhbət açaraq təkliflərini səsləndirib. Türkdilli respublikalarda qeyd olunacaq yubiley tədbirlərindən sonra akademik İsa Həbibbəylinin təklifi ilə yekun beynəlxalq elmi konfransın bu ilin noyabr ayında Bakıda keçirilməsinin planlaşdırıldığı və tədbirin elmi istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edək ki, yubileylə bağlı tədbirlər 2016-cı il boyu davam etdirilir.

Məlum olduğu kimi, Birinci Türkoloji Qurultayda 131 nümayəndə iştirak etmişdir. Sonradan 120-yə yaxın iştirakçısının, seçmə alim və mütəfəkkirinin əksəriyyətinin həbsi və fiziki məhvi ilə bitən bu qurultay türkologiya elminin müxtəlif istiqamətlər üzrə öyrənilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilir.

Tarixi qurultayda doqquz gün ərzində 17 iclas keçirilib, türk dünyasının dilinə, tarixinə, ədəbiyyat və mədəniyyətinə həsr olunmuş 29 məruzə dinlənilib. İsmayıl bəy Qaspıralı və Vasili Radlovun şərəfinə keçirilməsi qərarlaşdırılan qurultay, artıq qeyd olunduğu kimi, türk xalqlarının ədəbi-mədəni həyatında mühüm əhəmiyyətə malikdir. Dünya türkologiya elminin məşhur simaları olan görkəmli şərqşünas-alimlərin tədbirdə iştirakı və məruzələrlə çıxış etmələri Birinci Türkoloji Qurultayın elmi-tarixi mahiyyətini daha da artırıb.

Qazax xalqının nümayəndələrinin də fəal iştirak etdiyi Birinci Bakı Türkoloji Qurultayında türkologiyanın çoxaspektli, geniş yaradıcılıq istiqamətlərinə malik mövzularını əhatə edib. Bunlar aşağıdakılardır: Əlifba məsələsi; İmla-orfoqrafiya problemi; Termin məsələsi; Tədris-metodika məsələsi; Qohum və qonşu dillərin qarşılıqlı əlaqəsi və interferensiya problemləri; Türk dillərinin ədəbi dil problemləri, o cümlədən, ortaq ədəbi dil məsələsi; Ulu dil nəzəriyyəsi və türk dillərinin tarixi problemləri. Müzakirəyə çıxarılan problemlər əsasən dil məsələlərinə aid olub, digər filoloji problemləri əhatə etməyib. Bunun da əsas səbəbi Sovet ideologiyası məsələləri idi ki, bunun da səbəbləri aydındır. Sonrakı dövrdə - 1937-1940-cı illərdə İ.V.Stalinin yenidən türklərin əlifbasını dəyişərək kiril-rus əlifbasına keçməsi, dilin adını dəyişdirməsi isə sovet repressiya siyasətinin və ümumən, totalitar rejim ideologiyasının tərkib hissəsi kimi səciyyələndirilir.

Türkdilli xalqların qarşılıqlı ədəbi əlaqələrinin daha da genişləndirilməsinə stimul yaratmış Birinci Türkoloji Qurultay türkologiya problemlərinin öyrənilməsində misilsiz əhəmiyyətə malik olub. Belə ki, qurultaydan sonrakı uzun bir dövr ərzində türkdilli xalqların əlifbalarının poliqrafik və orfoqrafik əsasları, ədəbi dil, dilçilik xüsusiyyətləri, elmi terminologiya məsələləri, ana dilində dərsliklərin yazılması, lüğətlərin yaradılması istiqamətlərində xeyli işlər görülüb. XX əsrin məşhur rus şərqşünas alimi, görkəmli dilçi və türkoloq Andrey Kononov "Qurultayın qərarlarının elmi əhəmiyyətini bu gün də itirmədiyini" xüsusi qeyd edib.

Qurultay türk tarixinin, türk etnoqrafiyasının, türk təsviri sənətinin öyrənilməsi ilə bağlı məruzələr, çıxışlar elmi dəyəri və bu gün də əhəmiyyətini itirməyən elmi sanbalı ilə seçilir.

İndiyədək qurultayın məram və məqsədi, tarixi əhəmiyyəti, ayrı-ayrı türk xalqlarının filoloji tarixinin öyrənilməsi və digər bir çox məsələlər barədə müxtəlif ədəbi-elmi qaynaqlarda, kütləvi elmi tədbirlərdə ətraflı bəhs olunub, türkoloq dilçi və filoloq alimlərin elmi, elmi-nəzəri müddəaları öz əksini tapıb.

Birinci Türkoloji Qurultayın böyük coşqu və mütəşəkkiliklə davam edən əks-sədası böyük bir coğrafiyanı əhatə edirdi. 1927-ci ildə Krımda, 1928-ci ildə Səmərqənddə, 1930-cu ildə Almatıda imla konfransları, 1932-ci ildən başlayaraq keçirilən Türk Dili Konqresləri, 1976-cı ildə Almatıda, 1980-ci ildə Daşkənddə, 1988-ci ildə Aşqabadda keçirilən Sovet türkoloji konqresləri Birinci Türkoloji Qurultayın təsiri ilə keçirilmiş mühüm elmi tədbirlərdir. Bu tədbirlər türkologiyanın müxtəlif istiqamətlər üzrə inkişafına böyük töhfələr vermişdir ki, bu inkişafda da bütün türkdili xalqların nümayəndələri kimi qazax xalqının görkəmli alimlərinin də xüsusi payı vardır.

Biz digər türkdilli xalqların nümayəndələri ilə yanaşı, qurultayda iştirak etmiş və müxtəlif mövzularda çıxışlar etmiş Qazaxıstan nümayəndələri barədə söhbət açacağıq.

Birinci Türkoloji Qurultayda Qazaxıstan 4 nümayəndə ilə təmsil olunub. Nazir Torekulov adlı daha bir qazax isə tədbirə Moskvadan dəvət edilmişdi. Beləliklə, qurultayda iştirak edən 5 nəfər qazax - məşhur maarifçi, dilçi alimlər, öz ölkələrində yeni əlifba siyasətinin görkəmli nümayəndələri Əhməd Baytursunov (1872-1937), Bilal Suleyev(1893-1937), İldes Omarov (1892-1937), Əziz Bəyseyidov(1893-1955) və Nazir Torekulov(1892-1937) olublar.

Onlar kim idilər? Qazax xalqının tarixində misilsiz xidmətləri ilə iz salmış bu görkəmli şəxsiyyətlərin keçdiyi həyat yoluna qısaca nəzər salaq.

İctimai-siyasi xadim, maarifçi, linqvist alim, ədəbiyyatşünas, türkoloq, tərcüməçi olan Əhməd Baytursunov (5 sentyabr 1872-1937) parlaq ədəbiyyatşünas və pedaqoq kimi tanınıb.

Əhməd Baytursunov aul ilk təhsilini mollaxanada almış, burada əlaçı şagird kimi tanınmışdı. Sonra Turqay ikisinifli rus-qazax məktəbində təhsil almışdı. Daha sonra Orenburqa gedərək təhsilini davam etdirmək məqsədi ilə görkəmli maarifçi İbray Altınsarin tərəfindən əsası qoyulmuş dördillik müəllimlər seminariyasına daxil olur. Əhməd Baytursunov olmazın əzab-əziyyətinə, böyük maddi çətinliklərə baxmayaraq 1895-ci ildə məktəbi bitirir və o vaxtdan 1909-cu ilədək Aktübinsk, Kustanay və Qarqaralı uyezdlərinin aul volost məktəblərində müəllimlik edir. Kustanay uyezdində işlədiyi zaman meşəbəyinin evində yaşayan Əhməd onun qızı Aleksandra ilə evlənir. Müsəlman adətilə ailə quran cütlüyün xanımı ərinin soyadını götürüb adını da dəyişərək Badrisəfa Məhəmmədsadıq qızı Baytursunova kimi tanınır. Kustanayda məskunlaşan ailə sonradan Omska, daha sonra Qarqaralıya köçərək 1909-cu ilədək burada yaşayır. Əhməd Baytursunov 1907-ci ildə çar üsuli-idarəsini tənqid etdiyinə görə həbs olunur və iki ildən sonra ikinci dəfə tutularaq məhkəməsiz-filansız 8 ay müddətinə azadlıqdan məhrum edilərək Semipalatinsk həbsxanasına göndərilir. 1905-ci ildə siyasi fəaliyyətə başlayan Əhməd Baytursunov bir müddətdən sonra məsləkdaşı ilə Orenburqda "Qazax" qəzetini açır və 5 il müddətində bu qəzet əsas milli ictimai-siyasi və elmi-ədəbi nəşr kimi tanınır. 1917-ci ildə "Alaş" qazax partiyasının və Alaş-Orda hökumətinin yaradıcılarından və rəhbərlərindən biri kimi tanınsa da, təşkilat bağlandıqdan sonra Sovet hakimiyyəti tərəfinə keçərək bir sıra vəzifələrdə çalışır.

Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul edilən Əhməd Baytursunovu 1919-cu il aprelin 24-də qurulan RSFSR Xalq Hərbi Komissarlığı yanındakı Qırğız (Qazax) bölgəsini idarə edəcək Hərbi İnqilab Komitəsinə üzv təyin olunur. Bolşeviklər hakimiyyətə gələndən sonra o, Qazaxıstan MSSR maarif naziri təyin olunur. Əhməd Baytursunov Mərkəzi Komitədə, Qazaxıstan MSSR Mərkəzi İcraiyyə Komitəsində müxtəlif vəzifələrdə və Türküstan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı "Ak jol" qəzetində işləyə-işləyə elmi-pedaqoji fəaliyyətini də davam etdirir. 1926-cı ildə onu partiya üzvlüyündən və vəzifədən azad edirlər. 1929-cu ildə keçmiş siyasi fəaliyyətinə görə NKVD tərəfindən həbs olunaraq Arxangelsk vilayətinə sürgün olunur, arvadı isə qızlığa götürdükləri Şolpanla birlikdə Tomska göndərilir.1934-cü ildə Maksim Qorkinin arvadının müdaxiləsi ilə həbsdən azad edilir və sonradan yenə də ailəsi ilə birgə-artıq övladlığa götürdüyü 3 uşaqla birlikdə Alma-Ataya köçür (burada yaşadığı ev sonradan muzeyə çevrilmişdir - A.Ş.). 1937-ci ilin oktyabr ayında yenidən həbs edilən Əhməd Baytursunov iki aydan sonra - dekabrın 8-də "xalq düşməni" adı ilə güllələnir. Yalnız ölümündən 51 il sonra - 1988-ci ildə ona bəraət verilib.

 

(Ardı var)

 

Ağahüseyn ŞÜKÜROV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2016.- 21 dekabr.- S.4.