"Dərddən sonra şair gəlir dünyaya"

 

 

Firuzə Məmmədlini Azərbaycan oxucularına ədəbi ictimaiyyətə tanıtmağa ehtiyac yoxdu.

O, qadın şairlərimiz arasında birinciliyi neçə illərdir əlində saxlayır, bu öncül mövqeyə poetik istedadının tükənməzliyi, hər yeni şeirlər kitabında təzə söz demək məharəti ilə nail olub. Xalq yazıçısı Anar yazır: "Firuzə Məmmədli Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam inkişaf etdirən şairlərimizdəndir. Onun şeirləri özünə bənzəyir: bir az kövrəkdi, bir az həzindi, yeri gələndə bir az da sərtdi. Sözə həssaslıqla məsuliyyətlə yanaşması, dilinin sadəliyi, gündəlik həyatın ən adi ən müxtəlif faktlarında, hətta dərddə, ölümdə şeiriyyət tapmaq cəhdi Firuzə Məmmədli imzasını imzalar içində fərqləndirir. Ən azı bütün bunlara görə onun mənəvi haqqı var ki, desin: mən şairəm".

 

Firuzə xanımın "Seçilmiş əsərləri"nin səkkizinci cildinə nəzər yetirirəm: bu kitabda toplanan şeirlərin əksəriyyəti son beş ildə qələmə alınıb, amma qırx-əlli il bundan əvvəl yazılan şeirlərə rast gəldim. Onları müqayisə eləməyə heç bir ehtiyac duymadım. Çünki onun şeirlərinin hansı ildə yazılmasından asılı olmayaraq hər biri öz poetik sanbalı ilə diqqəti cəlb edir. İlk şeirlərindən başlanan sözü ehya eləmək, fikri, mənanı sözün cövhərinə çevirmək bacarığı ildən-ilə davam edir. Təbii ki, bu yolda çətinlikləri olur, axı, şeir bilik şairlik istedadından başqa, həm axtarış deməkdir. Axtarış isə asan başa gəlmir.

 

Hər bir şairin, o cümlədən, Firuzə xanımın da müraciət etdiyi ənənəvi, yəni əsrlərdən bəri işlənən mövzular var. Amma ənənəyə yaradıcı şəkildə yanaşanda, "köhnə havalarda" təzəlik yaratmaq olur. Məsələn, anaya aid yüzlərlə, minlərlə şeirlər həsr olunub. Onların arasında ana məhəbbətini poeziya məhəbbətinə çevirən şeirlər az deyil. Firuzə xanımın "Ana, ay ana" şeirini bu yaxşılar sırasına qata bilərik:

 

Keçsə ömrüm, günüm, keçsə ilbəil,

Mehriban surətin getməz gözümdən.

Fəqət, bu illəri səninlə deyil,

Ancaq xəyalınla keçirərəm mən.

 

Gözünlə torpaqdan odlar götürdün

Mənim xatirimə, ana, ay ana.

Qara gün gördün, gün gördün,

Sən candan keçdinsə, mən gəldim cana.

 

Deyirlər şirinsən, ana, ay ana,

Canlı həqiqəti mən necə danım?!

Məni böyütmüsən sən yana-yana,

Qoy indi səninçün mən özüm yanım.

 

Elə ilk şeirlərindən bədii təsvir vasitələri, təşbih metaforalar onun şeirlərinə axıb gəldi, özü bu təşbih metaforalar təzə idi, hansı şairinsə şeirlərində işlənməmişdi. Düz əlli il öncə, 1966-cı ildə yazdığı səkkiz misralıq bir şeirinə diqqət yetirdim. Bu kiçik şeirdə şairlik üçün vacib olan sözlə rəssamlara məxsus lövhələr yaratmaq bacarığı hər misrada nəzərə çarpır:

 

Xəzər qədim bir kitab,

Oxunur axşam-səhər.

Dalğa səhifələri

Varaqlayır küləklər.

 

Ləpələr misra-misra

Dənizin varağında.

Ləpələr bir mahnıdır

Xəzərin dodağında.

 

Ələkbər Salahzadə Firuzə Məmmədliyə həsr elədiyi yazısında onun şairlik təbiətini belə müəyyənləşdirirdi:

 

"Firuzə Məmmədli hər şeydən öncə lirik şairdir. Lirik şeirləri zərif, kövrək hisslərlə zəngindir. Bu zəriflik, kövrəklik təkcə sevgi şeirlərində deyil, təbiətlə, vətənlə, anaya həsr etdiyi yazılarında da duyulur.

 

Bununla yanaşı, onun yaradıcılığında epik elementlər qabarıq nəzərə çarpır, yığcam, yay kimi sıxılmış misralar arasından həmin işartıları tez-tez üzə çıxır, şairin bu yöndəki potensial imkanlarını aşkarlayır". Bu məqamda mərhum deməyə dilim gəlmədiyi Ələkbər Salahzadəyə həsr edilmiş sərbəst vəzndə yazılmış "Rekviyem" şeirini nəzərdən keçirirəm. Bu şeirdə Firuzə xanımın OBRAZ yaratmaq xüsusiyyəti üzə çıxır. Ələkbər Salahzadənin ölümünə təəssüflə qələmə alınan bu şeirdə bircə artıq, yerinə düşməyən söz, ifadə tapa bilməzsən.

 

Şəklin

ölümə etiraz idi

duruşun,

baxışın,

gözlərində qıyılmış

təbəssümün,

dodaqların arasında

bərk-bərk sıxdığın

sözlərinlə.

Sıxılmış dodaqlarını

partlada bilmədi

o sözlər,

ürəyini partlatdı.

 

Firuzə Məmmədlinin lirikasında şairin fərdi duyğuları, illər boyu onu düşündürən, narahat edən həyati problemlər, qayğılar, zamanla, dünyada baş verən ictimai-siyasi hadisələrlə bağlı düşüncələr öz əksini tapır. Amma nədən yazırsa-yazsın onun lirik "mən"i həmişə ön planda olur. Dünya da, zaman da, cəmiyyətdə baş verən hadisə və olaylar da, insanlar da, onların müxtəlif xasiyyət və xarakterionun ürəyindən gələn və poetik sözə, şeirə və şeirdən daha uca poeziyaya çevrilir. Hələ təbiəti demirəm. Sanki Firuzə xanımın içindəki baharla, payızla təbiətdəki bahar və qış birləşir, biri o birini təsdiq edir. Hələ sevgi şeirlərini demirəm. İllər keçir, aylar ötür, amma içində yaşatdığı o sevgi hissləri heç bir vaxt sönmür, solmur, çünki təmiz, saf hisslərdir.

 

Görkəmli tənqidçi Aydın Məmmədovun bir fikrini xatırlayıram: "Poeziya kədərsiz təsəvvüredilməzdir. Amma böyük poeziyaya böyük kədər, dünyəvi kədər, bəşəriyyətin taleyi haqqında narahatlıqlardan doğan kədər lazımdır" - bu fikri heç bir tərəddüd eləmədən Firuzə Məmmədlinin poeziyasına şamil eləmək olar. Onun müxtəlif mövzulara həsr olunmuş şeirlərində doğrudan da kədərə, qəmə ürcah olursan, amma bu kədərli duyğular səni ağlatmır, sızıldatmır, bu hisslər bir fərdin bu qarışıq, xaotik zamana qarşı etirazları kimi səslənir. "Amansızdı fələklər, Boşa çıxır diləklər. Susub durur mələklər, İnsan eşitmir məni"- şeir bitir və niyə sualı meydana çıxır. Bu niyə sualının cavabını biz Firuzə xanımın digər şeirlərində tapırıq.

 

Şam kimi içindən əriyir zaman,

Haqq özü çaşbaşdı vaxtın əlində.

Dönəsi deyil ki, geriyə zaman,

Niyə yapışmışıq ətəklərindən?

 

Kimi un üyüdür, kimisi daş,

Qədərdi, hədərdi-fələkdən gəlir.

Çevirir vərəqi vaxt yavaş-yavaş,-

Qismətin gözündən hələ çən gəlir.

 

Geriyə dönəsi deyil ki zaman,

Ömrün o dünyaya qapısı-açıq.

Geriyə dönəmmir heyif ki, zaman,

Vaxtın kələyində çaşıb qalmışıq.

 

"Vaxtın kələyində çaşıb qalmışıq"- bu çağdaş bir şairin səmimi etirafıdır. Bu günün şairi bu günün həqiqətlərini yazmalıdı, içindən keçən fərdi, subyektiv duyğulardan tutmuş, yaşadığı məmləkətin ağrı-acılarına qədər hər şeyi ...Firuzə xanımın bir yazıçının ermənipərəst düşüncəsini əks etdirən fikirlərinə qarşı etirazında sərt haqlı ittihamlar səslənir:

 

Əsir Qarabağı unutduq yoxsa?-

O yollarda qalan gözdən eyibdi.

Dərisi soyulan, döşü kəsilən

Qarıdan, qocadan, qızdan eyibdi.

Gəlmir Xocalının ayağı yalın,

Qar üzü göynədir yer damarını.

Qızların soyulmuş abır-həyası

Qanına bələnmiş yol kənarıdır.

 

Firuzə xanımın bu kitabında sevgi şeirləri az deyil. Vaxtilə onun şeirləri haqqında yazdığım bir məqalədə "Sevgi" adlı bir şeirindən söz açmış həmin şeiri son əlli ildə yazılan ən gözəl sevgi şeirlərindən biri kimi qeyd etmişdim. Yenə o fikirdəyəm.

 

Gəl ömrümə, gözəl sevgi,

Gəl ki, yanıb külün olum.

Gözəlliyin mənə gəlsin,

Gəl, gözəl sevgilin olum.

 

Dünyaya yürüşüm sevgi,

Ömürlə görüşüm sevgi.

Ayağına düşüm, sevgi,

Ürəklərə yolun olum.

 

Minlərdən birinəm sənin,

Ömürlük sirrinəm sənin.

Ən gözəl dirinəm sənin,

Ən gözəl ölün olum.

 

Yaşanılan sevgi hissləri bu şeirlərin cövhəridir. Sevgi şeirlərinə xas olan ayrılıq, həsrət, ümid...bu şeirlərdə öz əksini tapır. Amma yavan-yalxı sözlər, ifadələr, misralarla deyil, insan qəlbinin dərinliklərindən qopan poetik mənalara yüklənən sözlərlə, ifadələrlə, deyimlərlə, diri-dopdolu misralarla. Həmin o "Sevgi" şeirinin davamı kimi bir "Sevgim" şeiri var bu şeir bir daha təsdiq edir ki, sevgi insan həyatının ən gözəl anlarıdı. Sevgisiz yaşamaq-ölüm, sevgiylə yaşamaq-həyatdır. sevgi həm bir nəfərin eşqiylə alışıb-yanmaq deyil, həm "Öpürəm bu gün üçün canımı sağ eləyən Bu torpağı, bu daşı, suyu, səmanı, sevgim".

 

Firuzə Məmmədli müasir şairdir. Həyatda da müasirdir, poeziyada da. Poeziyada müasirlik ənənəyə qətiyyən arxa çevirmədən yenilik, novatorluq axtarışlarına qoşulmaqdır. Müasir şeirdə ən başlıca məziyyət sözün yeni məna çalarlarını, poetik ifadə imkanlarını aşkarlamaq, bunları şeirə gətirməkdir. Firuzə xanım ixtisasına görə dilçidir, şeirlərinin dili təbii, sadə, anlaşıqlıdır. Ancaq bu, azdır. Həm də bu şeirlər poetik lövhə yaratmaq baxımından mənalıdır.

 

20 Yanvardan

başlayan ağrını

çəkib gətirdim

ürəyimin başına.

Gözlərimin yaşı

niyə qırmızı idi,-

bilmədim.

 

Firuzə Məmmədlinin son on ildə yazdığı və həm də ötən illərin şeirlərini də əhatə edən bu kitabı bir daha sübut edir ki, həqiqi şair heç vaxt ilkinlikdən gələn o təbiiliyi, o səmimiyyəti, daim poetik axtarışlara can atmasını itirə bilməz. "Dərddən sonra şair gəlir dünyaya. Hər dərdin gəlişi bir şairin doğuluşudur. Şair dərdləri dənləyə-dənləyə təmizləyir düz-dünyanı" - Firuzə xanımın şairlik missiyası da elə onun bu şeirində gözəl ifadə olunub...

 

 

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

525-ci qəzet.- 2016.- 27 dekabr.- S.7.