Nəvai sirr-sehrinə bülənd...

 

ALTI GÜN ƏFQANISTANDA

 

Nəvai saray xadimi olub sarayda yaşasa da heç zaman saray şairi olmadı. Onu xalqın ruhunu oxşayan, Nizamidən gələn klassik ənənələrə irsi ilə sadiq olan ədəbi tarixi şəxsiyyət kimi öyrəndim, bağlandım.

 

Nəvainin yaradıcılığı qədər də qiymətli olan tarixi abidələrin tikilməsinə atdığı imzalar günümüzə örnək kimi qiymətlidir. 550 il bundan əvvəl ucaltdığı tikililər, körpülər yüzillik savaşlardan salamat çıxıbsa, inanıram ki, qoruyucusu məhz Nəvai ruhu olub.

 

Nəvai deyincə, 30 illik elmi-yaradıcı fəaliyyətimdə baş əydiyim, ədəbi şəxsiyyətinə və irsinə tükənməz sevgi bəslədiyim, Türk ədəbi dilinin yaradıcısı, XV əsr ədəbi intibahın əsas sütunu, əməlləri ilə xalq ehtiramını  qazanmış tarixi dövlət xadimi, filosof, sufi mütəfəkkir, türkcə yazılmış ilk "Xəmsə"nin müəllifini anıram.

 

"Dahi özbək şairi Əlişir Nəvainin  575 illik yubileyinə həsr olunmuş simpoziumda iştirak etmək üçün 2 nəfər də Azərbaycandan dəvət olunub, onlardan biri, Almaz xanım, siz nəzərdə tutulmusunuz. Əfqanıstana getmək lazıımdır". AMEA Rəyasət Heyətinin Humanitar Elmlər bölməsindən telefonla aldığım bu tapşırığa tərəddüd etmədən və heç nə düşünmədən gedəcəyimi bildirdim.

 

Yəqin ki, ömrümün sonuna qədər unuda bilməyəcəyim Nəvai ünvanlı bir tədbir - Əfqanıstanın Kabil, Məzari-Şərif  və sehrlə dolu  möcüzəvi Herata səfərimiz - qutsal ziyarətimiz üçün AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə minnətdaram.

 

Cəmi bir gün vaxtımız vardı. Pasport işləmləri çox tez başa çatdı, biletimizi alıb, səhəri axşam saat 10-da Bakı-İstanbul-Kabul xətti ilə uçmalı idik. Aerokassadakı xanımın "Əfqanıstana getməkdən qorxmursunuz ki?" - sualının fərqinə varmadım, evdə-ailədə də eyni sual veriləndə də heç nə düşünmürdüm. Yalnız Nəvainin doğulduğu və əbədi uyuduğu torpağı, Nəvaini ziyarət etmək fürsətinə sevinirdim.

 

Axşam saat 10-da təyyarəmiz İstanbula yol aldı. Kabula çatanda isə səhər saat 10 idi. Şəhərin bütün reklam divarlarından "Əmir-ul Kalam Əmir Əlişir Nəvai - 575" afişləri, bir sözlə, simpoziuma aid müxtəlif plakatlarla Kabul bəzənmişdi.

 

Paytaxt Kabulun tozlu-torpaqlı küçələrindən keçərkən, xüsusilə hərbi maşınların, hərbi geyimli, əli tətikdə olan silahlıların müşayiəti ilə yerləşəcəyimiz otelə doğru şütüyəndə Bakıdakı sualların fərqinə vardım: "Əfqanıstana getməkdən qorxmursan ki?". Amma bu mənzərə də məni xəyalımdakı sevincdən ayıra bilmədi.

 

Sözün açığı, "Əmir Əlişir Nəvai-575" bayram ovqatını yerləşdiyimiz oteldə yaşadıq. Oteldə böyük bir canlanma var idi, ən azından 200-250 nəfərin qatıldığı bir simpozium idi: Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Hindistan və Pakistandan gəlmiş qonaqlar arasında tanıdığım nəvaişünasları görəndə sevindim. Doğma insanlar arasında özümü çox rahat hiss edirdim. Əfqanıstanın bütün elmi-ədəbi mühiti burada idi. Onların arasında tanıdıqlarım var idi. Əfqanıstan Elmlər Akademiyasının vitse-prezidenti, professor Mohammad Aslan Afzali ilə ötən il Səmərqənddə tanış olmuşdum. Bakıdan hədiyyə olaraq gətirdiyim kitabları akademiyanın kitabxanasına vermək üçün professor M.A.Afzaliya təqdim etdim.

 

Az sonra ilk məruzəçinin adı elan olundu. Beləliklə, iki gün davam edən elmi məruzələrdən bir ayrı zövq aldım, Nəvai dəryasından nur damlaları məclisi öz ahənginə almışdı. Nəvai hikməti, Nəvai fəlsəfəsi, Nəvai eşqi, Nəvai romantikası, Nəvai lirikası, Nəvai şeiriyyəti ruhumuzu elə ovsunlamışdı ki, bütün iştirakçıların nəinki üzü gülürdü, sanki hər kəs sehrə bələnmişdi. Elə bir enerji qəlblərə hakim olmuşdu ki, əsri-ili-ayı-günü unudub, hamımız Nəvainin müasirinə çevrilmişdik. Demə, Nəvai hikmətinin sirri bu imiş.

 

Azərbaycan alimləri professor  Paşa Kərimov "Əlişir Nəvai və XVII əsr Azərbaycan ədəbiyyatı" və filologiya elmləri doktoru Almaz Ülvi "Nəvai irsi Azərbaycan ədəbiyyatşünaslığında" mövzularında məruzə ilə çıxış etdilər.

 

Az sonra bütün simpozium iştirakçılarına Əlişir Nəvainin cağatay türkcəsində (fars qrafikasında) "Xəmsə"si (5 kitabda) və "Divani Fani" kitabları paylandı.

 

Həmin gün Əfqanıstanın baş naziri Abdulla Abdulla simpozium iştirakçıları ilə görüş oldu, o tədbirdə Əfqanıstan Dövlət kitabxanası üçün "Azərbaycan-özbək ədəbi əlaqələri", "Əlişir  Nəvai Azərbaycan ədəbiyyatşünaslığında" və  Ü.Bünyadzadənin "Əfqanıstan ağrıları" kitablarını da mən hədiyyə etdim.

 

İkinci günümüzün elmi məclisini Babur bağında davam etdirdik. "Bu tarixi bina Zəhirəddin Baburun hərəmxanasına aiddir" - deyə bizi müşayiət edən Əfqanıstanın məsul əməkdaşı bildirdi. Geniş və şərq üslubu ilə süslənmiş, başdan-başa yaşıllıqla, müxtəlif dekorativ ağaclarla əhatələnmiş bağçada əyləşib çay içdik. Saat 3-4 arası elmi məclisimiz başa çatdı, simpozium iştirakçılarına Təqdirnamələr verildi, fotolar çəkildi. Daha sonra elə həmin binanın arxasında yerləşən 300 illik hökmranlıq tarixi olan Türk-Moğol imperiyasının imperatoru, incə ruhlu şair, türk ədəbi tarixində ilk memuar sayılan "Baburnamə"nin müəllifi Z.M.Baburun türbəsini ziyarətə getdik - imperatorun qəbri önünə iri bir gül çələngi qoyaraq ehtiramımızı ifadə etmiş olduq. Vaxtilə Z.M.Baburun öz əli ilə saldığı ucu-bucağı görünməyən bağı gəzdik, Babur Camisini, Babur Muzeyini, Babur əsgərliyi deyilən tarixi yerlərə baxdıq, adama elə gəlirdi ki, o anlar Babur ruhu öz mehmanlarının pişvazına çıxıb və buradakı ilıq hava, xoş aura hamını öz ağuşuna almışdı. Gün qaralmaq üzrə olsa da, heç kim "yoruldum" demirdi. Babur Hindistanda vəfat etsə də sevdiyi şəhərdə - Kabulda dəfn olunmasını vəsiyyət edibmiş.

 

İkinci günün şam yeməyinə ölkənin vitse-prezidenti, ordu generalı Əbdürrəşid Dustumun evinə dəvətli idik - simpoziumun bütün heyəti (150 nəfərə qədər). Şərq ənənələrinə uyğun gözəl ziyafət təşkil olunmuşdu. Hər kəsin sevinci səmimi söhbətlərə körpü olmuşdu. Oradan gözəl duyğularla ayrıldıq.

 

Səhər saat 7-də Əfqanıstanın ikinci böyük şəhəri olan Məzari-Şərifə uçduq. Şəhər başdan-başa bayram libası geyinmişdi. Oradan birbaşa Məzari-Şərif Camisinə gəldik. Tarixi abidənin gözəlliyi hər kəsi heyran etmişdi. Təbriz tarixi memarlıq nümunəsi qarşısında donub qaldım - bu qədər də sehr olarmı, ilahi? İnsan zəkası, təfəkkürü, fitrətə nəyə qadirmiş, ilahi! Orada bir daha duydum ki, Allah öz bəndəsini nə qədər sevirmiş ki, ona belə qurub-yaratmaq eşqi, qüdrəti verib. Bu nəhəng memarlıq abidəsinin içərisini 4-5 saata gəzib qurtarmaq olmazdı.

 

Caminin içərisində böyük bir məqbərə gördüm: "Həzrəti Əlinin qəbridir" - dedilər. Bu tarixi şəxsiyyətin qəbrinin Nəcəfdə olduğunu bilirdim. Bu "sirri" öyrənmək üçün əfqanıstanlı ağsaqqal bir alimə yaxınlaşdım: "Günlərin biri Sultan Hüseyn Bayqara yuxusunda bomboz  boş düzənlikdə olan bu məkanda Həzrəti Əlinin qəbrini  görür. Yuxusunu baş vəziri Əmir Əlişir Nəvaiyə söyləyir. Nəvai həmin yuxu haqqında ustadı, dövrünün böyük alimi, şair Ə.Camidən məsləhət alır. Beləliklə, M.C.Rumi doğulan Bəlx şəhərinin cəmi 5-10 kilometrliyində yerləşən bu düzəngahlıqda inşaat işlərinə başlanır. Ə.Nəvainin rəhbərliyi ilə indi gördüyümüz və bizi öz sehrində heyrətləndirən göy çinili kompleks - Məzari Şərif Camisi və türbə tikilir". Bu əsrarəngiz tikiliyə və şəhərə Həzrəti imam Əlinin məzarının burada olduğu inancından Məzari-Şərif  adı verilir.

 

Bu romantik-reallıq içində rəngbərəng daşların üstündə Nəvainin əlinin hənirtisini duydum, bəzəkli ornamentlər üzərində Nəvai sığalını sezdim. Orada bu kompleks haqqında eşitdiyim hekayətin gerçəkliyi haqqında indi bu yazı üzərində işlərkən ensiklopediyalar arasında başqa bir şey aramadım. Çünki o hekayətdə Ə.Cami təfəkküründən süzülüb gələn, Nəvai qüdrəti ilə hasilə gələn milli düşüncə ruhumu  təslim etmişdi, yerli əhalini türklərdən - özbək, türkmən, mərvlərdən ibarət bir məkanın - Mövlana Ruminin doğulduğu yerin bir addımlığında olması faktı içərisində çözələnirdim.

 

Caminin bir addımlığında minlərlə göyərçinlərin qığıltısı dünyaya səslərini çatdıran Sülh marşını xatırlatdı. Bir ovuc buğda dəni atmaqdan özümü saxlaya bilmədim. Göyərçinlər bu neməti dünyaya hegemonluq etmək istəyən insan cəlladlarına qarşı Sülh müqaviləsi kimi qəbul edirdilər. Onlar da sevinirdi. Bəlkə də çoxdandır topların-silahların səs-küyündən uzaqlaşan göyərçinlər ölkənin bayram sevincinə qatıldıqlarından zövq alırdılar. Balaca bir oğlanın ovcunda mənə uzatdığı göyərçini mavi səmaya buraxmaq zövqünü də yaşadım.

 

Saat 3-4 arası Nəvainin eşq dolu misraları ilə başdan-başa süslənmiş bir binada - Şadlıq sarayında yemək süfrəsi arxasında əyləşdik.

 

Gözəl bir gündən doymamış saat 5-də Herat şəhərinə təyyarə ilə yol aldıq. 45 dəqiqənin tamamında Herata çatdıq.

 

Əsl Nəvai bayramı burada imiş ki! "İstiqlal oteli"ndə yerbəyer olduq.  Axşama doğru olsa da, Heratda ilk günümüz yenicə başlamışdı.

 

Heratda kimləri ziyarət edəcəkdik: Əbdürrəhman Camini, Hafiz Şirazini, Lütfini, Sultan Hüseyn Bayqaranı, Əlişir Nəvaini, Xoca Abdulla Ənsərini, Gövhərşad Bəyimi, Qiyasəddin Baysunquru... Dünyaya səs-soraq salmış tarixi abidələri - Gövhərşad bəyim türbəsi, Herat Ərk Qalası, Herat Muzeyi, nəhəng Müsəlla kompleksi, məşhur Beş Minarələr...

 

Herat Nəvainin şəhəridir! Bir anlıq Heratın tarixini vərəqlədim: Əfqanıstanın üç  ən böyük şəhərindən biri hesab olunur. Beş yüz minə yaxın əhalisini, əsasən özbəklər, xəzərlər, türkmənlər, puştular, taciklər və digər azsaylı xalqlar təşkil edir. Yunan tarixçisi Herodot Heratın Orta Asiyanın taxıl ambarı olduğunu yazmışdır. Miladdan öncə 330-cu illərdə şəhər Böyük İsgəndər tərəfindən alınır. Sonralar Selevkidlərin əlinə keçir. Miladdan öncə 167-ci ildə şəhərə Parflar sahib olur. Sasanilər (226-652) dövründə Ağ hun imperiyası ilə Sasanilər arasındakı müharibələrdə Herat strateji məkan idi. 786-809-cu illər arasında şəhər Abbasilər tərəfindən idarə olunur. 1000-ci ildə Qəznəvilərin, 1040-cı ildə Səlcuqluların himayəsinə keçir. Daha sonra Xarəzmşahlar sülaləsinin bir parçasına çevrildi. 1221-ci ildə Herat Çingiz xan tərəfindən yerlə-yeksan edilir. 1381-ci ildə Əmir Teymur dövlətinin, XV yüzillərdə Qaraqoyunluların, 1507-ci ildə özbəklərin, 1510-cu ildə Səfəvilərin, 1750-ci ildə Əhməd xan Dürraninin əlinə keçən Herat 1860-cı ildə Əmir Dostməhəmməd xan tərəfindən Əfqan dövlətinin tabeliyinə qatılır. XIX əsr boyunca şəhər ingilislər, Qacarlar dövləti və Əfqanlar arasında savaş meydanı oldu.

 

Herat şəhərini başdan-başa gəzmək üçün ilk olaraq Herat Qalasından başlamaq artıq ənənə halını aldığını orada öyrəndim. Heratın simvolu sayılan bu Qala möhtəşəm görünüşü ilə minilliklərdən xəbər verir. Köhnə Herat deyilən səmtdə bir təpənin başında tikilmiş Qalanın başından bütün şəhərin panoramını görmək mümkündür.  Herat Qalasının daha iki adı olduğunu öyrəndim: Ərk Qalası da deyirlər, Böyük İskəndər Qalası da. Böyük İskəndərin şəhəri fəth edəndən dərhal sonra bu Qalanı ucaldır və 2000 il boyunca bir çox hökmdarların müdafiə qərargahı, Heratın isə göz bəbəyi olur.

 

Minilliklərə şahid olan əlçatmaz, ünyetməz Herat qalasının ətəyinə bitişik tikilən Herat muzeyini gəzdik. Əsrləri dindirən eksponatlarla tanış olduq. Hər halda sadaladığımız savaşlara meydan olan Herat muzeyində çox da zəngin eksponat axtarmaq mümkün deyildi.

 

Herat Qala divarları arasındakı geniş meydanda qurulan "Nəvai gecəsi"ndə səslənən musiqi və mahnılar Nəvai ruhuna məxsus idi. Qərib gecənin işıqları arasında romantik məclisdən hər kəs məmnun qalmışdı. Musiqili məclis bitən kimi Qala divarlarının bir başqa səhnəsində şam süfrəsinə əyləşdik. Yeni tanışlıqlar, yeni söhbətlər, yeni ruh, yeni həvəs - bütün bunlar Nəvai poeziyasından boy atırdı. Nəvai eşqi ilə doğma bir ailə qazanmışdıq. İnsanların üz-gözü, qəlbi-könlü sevincdən ümmana dönmüşdü. Yeni layihələr söyləndi, yeni məclislərin ünvanı dilə gətirildi.

 

40-45 yaşlı bir cavan bizim stola yaxınlaşdı. Biz  burada azlıq təşkil edən Mərv xalqıyıq. Şeirlərimiz, yazılarımız var. Onları daha geniş meydana çıxarmaq ehtiyacındayıq. Həmən e-mail ünvanımı, telefonumu verdim, mənsub olduqları xalqın tarixi, ədəbiyyatı haqqında geniş bir yazı və şeir-yazı  nümunələrini mənə göndərmələrini xahiş etdim.

 

Gecə saat 12-ni ötsə də heç kim (təxminən 150 nəfərlik bir məclis idi) yerindən tərpənmək istəmirdi, şeir məclisi sanki yenicə başlamışdı, söhbətlər təzələndikcə təzələnirdi.

 

Bu arada, Əfqanıstanın çox zəngin mətbəxini - dadı damaqdan getməyən yeməklərini qeyd etməyə bilmərəm.

 

Bir həqiqətə inanmışdım ki,  Herat Qalası - Herat Ərk Qalası bəlkə də uzun illər idi ki, bu qədər sevinməmişdi. Qoynunda qurduğu bu məclisin başa çatmaması, uzandıqca uzanması üçün yeni bir sehr dalğası yayırdı. Amma hər şeyin sonu da qaçılmazdır.

 

Gecə "İstiqlal oteli"nə gəldik. Sübh tezdən ilk işimiz Nəvai Türbəsini - Nəvainin qəbrini ziyarət etmək olacaqdı.

 

Növbəti gəzinti məkanına yola düşənə qədər yol kənarında dayanıb gəlib-gedənlərə tamaşa etdim. Hər kəs heç nə olmamış kimi öz işində - öz yolunda idi. Bakıda olduğu kimi burada da insanlar harasa tələsirdilər. Bakıda avtomobil tıxacları sarıdan yaralı yerim olan nəqliyyat diqqətimi çox cəlb etdi. İnsanların çox hissəsi (müşahidələrim Otel tərəfdən idi) velosipeddən, üçtəkərli üstü bağlı furqonlardan minik kimi istifadə edirdilər. Yollar qaynayırdı, amma seyrək idi. Tank boyda nəhəng cip maşınları şütümürdü ki, tıxac yaranaydı.

 

Az sonra, "Bismillah" - deyib Heratın qədim memarlıq abidələri yerləşən hissəsinə - mərkəzə doğru yola çıxdıq. 15-20 dəqiqəyə böyük bir əraziyə daxil olduq. Bələdçi burada Gövhərşad bəyim Məscidinin (Səmərqənddəki Əmir Teymur məqbərəsinin eyni), Əmir Əlişir Nəvai türbəsinin yerləşdiyini elan etdi. İlk olaraq Nəvai türbəsinə baş çəkdik. Əvvəlcə iri qızılgül çələngi qoyuldu, bir-iki nitq söyləndi və məqbərəyə daxil olduq. Qəbrin üstü Ağ mərmərdən hündür sinədaşından ibarət idi. İçəridə də yeni nitq söyləndi - TV çəkilişləri, fotolar, dualar. Sonra Teymurilər dövlətinin şah əsərlərindən sayılan Gövhərşad bəyim Məscidinə getdik. Memarı  Qəvaməddin Şirazi olan bu məscid 1418-ci ildə Gövhərşad bəyimin əmri ilə tikilmişdir.

 

Məlumat üçün qeyd edim ki, Gövhərşad bəyim özbək əmiri Qiyasəddin Kişlikin qızı, Əmir Teymurun oğlu Herat hakimi Şahruh Mirzənin xanımı olub. İki məşhur oğlundan biri riyaziyyatçı, astronom, böyük alim, Səmərqənd hökmdarı Mirzə Uluğbəy və Teymurlu dövlət adamı, xəttatlığın, ədəbiyyat, rəssamlığın himayədarı Baysunqur Mirzə. Gövhərşad bəyim Saray həyatında hökmü, zabitəsi ilə sözü keçərli və ötkəm siyasətçi olub. Caminin içərisində Gövhərşad bəyimin, oğlu Baysunqur Mirzənin və üç nəvəsinin qəbri var idi. Eyni zamanda həmin dövrə aid eksponatlar, xəttatlıq nümunələri, kitablar və s. var idi.

 

Nəvai türbəsinin arxa tərəfində böyük sahəni əhatə edən bağda göyə dirənmiş məşhur beş minarə ucalırdı. Sultan Hüseyn Bayqara türbəsi də həmin bağçada idi. Bu minarələrin lap üst hissəsini 1963-cü ildə ingilislər topla vurub dağıdıblar, sonralar rus (Sovet) ordusu həmin minarələrdən qərargah kimi istifadə etdiklərindən xeyli bərpa işləri görmüşlər.

 

Gözoxşayan Şərq memarlıq abidələrinin yerləşdiyi ərazi böyük bağça ilə əhatələnmişdi. Həyətdə-bağçada rəngbərəng gül-çiçəklər insan ruhunu oxşayırdı. Hərdən hiss olunan zəif meh gül-çiçəklərin ətrini ətrafa yayırdı.

 

Bağçada çay, dondurma dəstgahı açılmışdı. Hava xeyli isti idi, dondurma yerinə düşmüşdü.

 

Yolumuza Heratın daha gözəl, hər daşı-divarı tarixi dindirən Müsəlla kompleksinə tərəf davam etdik. Bu tarixi kompleks haqqında Səmərqənddəki Registon kompleksinə ziyarət edərkən eşitmişdim. Səmərqənd kompleksi Əmir Teymur tərəfindən, Heratdakı kompleks isə  Gövhərşad bəyim tərəfindən tikdirilmişdir. Səmərqənddə deyildiyi kimi, bu kompleks daha əzəmətli, daha gözəl idi. Müsəlla kompleksi (1417-1438) dörd mədrəsədən ibarət olub ortası kvadrat şəkilli formada, Səmərqənddə isə üç mədrəsədən ibarət olub - açıq şəkildədir.

 

Məşhur təsəvvüf xadimi, "Mənazil us-sairin" və "Qurani-Kərim təfsiri" kitablarının müəllifi Xoca Abdullah Ənsarinin (1006-1089) türbəsinin ətrafı insanlarla dolu idi. Bir sufinin ekstaz vəziyyətdə "Allah, Allah" - deyə dua etməsi səhnəsi çox təsiredici idi. Onu da unutmadan deyim ki, Xoca Abdullah Ənsari Peyğəmbərə aid ən çox hədis müəllifi kimi tanınıb.

 

XI yüzillikdə yaşamış Xoca Abdulla Ənsari türbəsini ziyarətə gələnlərin sayı-hesabı yox idi, elə oradaca öyrəndim ki, bu qutsal övliyənin ilboyu ziyarətçilərinin ardı-arası kəsilmir. Türbə Müsəlla kompleksinin içərisində, açıq meydandadır, kompleksin girişinə görə lap başda yerləşib. Türbənin çöl hissəsində yerləşdirilmiş Xoca Abdullah Ənsarinin əzəmətli, xüsusi xəttatların işləmələri olan  900 illik tarixi olan abidə daşın (5 metr hündürlüyündə olan mərmər daş şüşə içərisində saxlanır) və türbənin yanında fotolar çəkdirdik. Daha doğrusu, Gövhərşad bəyim nəhəng Müsəlla kompleksini həmin türbənin əhatəsində tikdirdirib, burada o dövrün hakim ailələrə məxsus xeyli sayda qəbrlər vardır. Məsələn, Sultan Hüseyn Bayqaranın kiçik oğlunun qəbri xüsusilə diqqətimi çəkdi. Sultan Hüseyn Bayqara özü üçün mərmər daş üzərində ustad xəttatlara xüsusi incəliklə qəbirüstü abidəsi hazırladır, bu abidə-daşın hazırlanması 16 ilə başa gəlir. Hazır olandan 2-3 il sonra H.Bayqaranın kiçik oğlu qəflətən vəfat edir və həmin memarlıq nümunəsini-abidəni oğlunun məzarına qoyulmasını bildirir. Bu hadisədən 9 il sonra Sultan Hüseyn Bayqara dünyasını dəyişir, ikinci belə bir abidə hazırlamaq ona nəsib olmur.

 

Giriş qapısının hündürlüyü 30 metr və göy rəngli çini mozaikalarla bəzədilmişdi. Giriş bütün ziyarətçilərə pulsuzdur. İçəri girən kimi sağ tərəfdə dar bir pilləkənlə lap üst qata qalxıb Həzrəti Məhəmməd Peyğəmbərin saç tükü eksponat kimi saxlanan hücrəyə baş çəkdim, içəridə 3-4 ədəd bir nəfərlik ayrı-ayrı hücrələr var idi. Hər hücrədə saç-saqqalları dümağ nurani qocalar bardaş qurub kitab oxuyurdular (çox güman ki, "Qurani Kərim" idi). Gəlib-gedənlərin fərqində deyildilər. Onları müşahidə edərkən bir məsəli xatırladım. Günlərlə beləcə kitaba  baş qatıb heç kəsi fərq etməyən birindən soruşurlar ki, bütün zaman qapanıb tək qalmaqdan darıxmırsanmı? Cavab verir ki, indi məni dindirdin, dünyamdan ayırdın və mən tək qaldım. Mən heç tək olmuram ki, daim Allahımla baş-başa olur, gözəl söhbətlərə şahid oluram". O mənada onlara heyran qalmışdım.

 

Bir sözlə, Müsəlla kompleksi başdan-başa möcüzələr aləmi, minlərlə insanın girib çıxdığı bu məkanda Allahımla baş-başa qaldığım anı ruhumda hiss etdim (nə gözəl an idi!). Bir həqiqətin - möcüzənin də şahidi oldum ki, bura eyni anda ziyarətə gələn yüzlərlə insan bir-birinə toxunmur, heç kim bir-birinə mane olmur, heç kim bir-birini "görmür", hər kəs həmən öz dünyasına qapılır - dualar edirlər,  qayğılarının, problemlərinin ağırlığını orada bölüşür, yüngülləşib çıxırlar.

 

Heratın gözəl mənzərəsini seyr etmək üçün Harirud çayı üzərində XII əsrdə Böyük Səlcuqlu imperatorluğu dövründə tikilmiş Malan körpüsünün gözəlliyi insana bir ayrı gözəl ovqat yaşadır.

 

Heratda baş çəkdiyimiz, doya-doya seyr etdiyimiz Yeni Tarix muzeyi oldu. Sovet ordusunun Əfqanıstana hücumunu, orada tökdüyü qanlar bahasına baş verən hadisələri əks etdirən tarixi bir muzey. Həyətdə nəhəng gerçək tank, müxtəlif hərbi sursatların- avtomatların, topların (adını bilmədiyim növbənöv silahlar) açıq havada muzey eksponatı kimi nümayiş etdirilməsi insanlarda işğalçılara qarşı nifrət hissi yaşadır. Bu muzeyi gərək özün görəsən, danışmaq çox ağrılıdır, acıdır. (Sovet ordusunun dadını-duzunu 1990-cı ildə Azərbaycan xalqı bildiyindən uzun-uzadı danışmaq ağrılarımızı oyatmaqdan başqa bir şey deyil). Muzeyə Ülvinin "Əfqanıstan ağrıları" kitabını hədiyyə etdim.

 

Səhər tezdən başlanan tarixi məkanları gəzinti proqramımızı yekunlaşdırıb gözəl gül-çiçəklərlə əhatələnmiş bir bağçaya gəldik. Gur suların şırıltısı, təmiz hava, sərin meh - bundan gözəl istirahət nə ola bilər ki? Açıq meydanda 5-6 nəfərlik hücrələrdə xalçalar üstündə əyləşdik. Hamımız bir-birimizə elə qaynayıb-qarışmışdıq ki, kiminlə əyləşməyimiz üçün seçim etməyə lüzum yox idi. Şirin, zarafatyana söhbətlər, xatirələr baş alıb gedirdi.

 

Bütün bunlarla yanaşı, Əfqanıstan xalqı haqqında da bir-iki kəlmə demək istəyirəm, bəlkə də yazımın müəyyən sətirlərində bu hisslərimi bildirmişəm. Burada yaşayan xalqlar - bizimlə ünsiyyət quran hər kəs bizi, bütün simpozium heyətini öz evinin qonağı bildi. Onların xoş davranışı, mehribançılığı, səmimiyyəti, qonaqpərvərliyi, gülərüzləri, şirin münasibətləri bizi yenidən  Əfqanıstana - Kabula, Məzari Şərifə, Herata getməyə, onlar üçün darıxmağa şans yaratmışdı. Sanki öz ölkəmizdə bir şəhərdən başqa şəhərə getmişdik. Şərq adət-ənənəsi, ədəb-ərkanı, böyüyə-kiçiyə hörmətə, ustad-şagird münasibəti doğma idi.

 

Əfqanıstana qədəm basdığımız ilk andan son günümüzə qədər bütün simpozium iştirakçılarına həssaslıqla yanaşan, bir an belə heç kəsi nəzarətlərindən, diqqətlərindən qoymayan, bütün sorğu-suallara yüksək intellektləri ilə cavab verən məsul şəxsləri - Azizullah Arral bəyi, M.Humayun Hayri bəyi və onların xanımlarını dərin minnətdarlıqları anıram. İnanıram ki, bu iki şəxsin timsalında Əfqanıstanda dəyərli və unudulmaz dostlar qazandıq.

 

Əfqanıstan indi də Amerikanın işğalındadır, talibançıların tapdağındadır. Yazıda qeyd etdiyim tarixi abidələrin hamısı 4-5 il bundan əvvəl talibançıların qəfləti hücumu ilə darmadağın edilmişdi. Vətənini, tarixini sevən Əfqanıstan dövləti çox tezliklə uçulub-dağıdılan abidələri - tarixin əmanətlərini bərpa etmiş və turistlərin üzünə açmışdı, bütün abidələrin pulsuz ziyarət edildiyinin də şahidi oldum. Tarixinə dəyər verən, ölkəsini dünyaya tanıdan dövlət işğalçılardan imkan etsə görəcəyi işləri çoxdur.

 

Bakıdan təyyarə ilə Əfqanıstana cəmi 2 saat yarım yol olsa da, Kabul-İstanbul-Bakı təyyarə xətti ilə 7 saat yarım yol qət etdik.

 

Səfərimiz uğurlu olduğundan məsafənin nə dolanbaclığı, nə də  səfər ağırlığı məni yormamışdı. Gözəl bir yuxu sandım.

 

Almaz ÜLVİ

filologiya elmləri doktoru, nəvaişünas

 

525-ci qəzet.- 2016.- 27 dekabr.- S.4;6.