Tariximizdə silinməz izləri olan
şanlı nəsillər
TƏHMASİBLƏR
Ulu əcdadlarının soyadını daşıyan bu
nəsil tariximizdə həmişə ehtiramla
xatırlanır. Azərbaycan tarixinin çox zəngin və
unikal səhifələrindən biri olan Naxçıvan
tarixində Naxçıvana sədaqətləri ilə iz
qoymuş nəsillərdən biri də Təhmasiblərdir.
Axtarışlar zamanı aşkar olunub ki, Təhmasiblər
Naxçıvanın qədim sakinləridir.
Kəngərlilərə
aid sənədlərdə, xüsusilə bağlanmış müqavilələrdə Təhmasibqulu
bəyin adına bir-iki yerdə rast gəldik. XIX
yüzilliyin sonlarında isə Naxçıvanın çox
zəngin tacirlərindən biri olan Hacı Ələkbər
oğlu Təhmasibbəyovun adı sənədlərdə
çəkilir. Hacı Ələkbər bəy XX əsr
Azərbaycan mədəniyyətində, teatr və kino sənəti tarixində
ən uca zirvələrdən birini tutan Rza Təhmasibin ata
babasıdır. Bu haqda bir az sonra. XVIII əsrin
sonlarından əsasən Naxçıvan şəhərindəki
Əlixan və Zaviyyə məhəlləsində yaşayan
Təhmasibbəyovlar bolşevik hökumətinin amansızcasına təqib
etdiyi nəsillərdən biri olmuşdur. Elə bunun nəticəsidir
ki, indi Naxçıvanda bu familiyanın bir az
dəyişdirilmiş formasında - Təhməzbəyov kimi
yazılışına rast gəlinir.
Vəssalam. Amma
Naxçıvanda maarif və mədəniyyətin
inkişafında maddi, mənəvi köməyini əsirgəməyən
Hacı Ələkbər bəyin ulu əcdadlarının
soyadını daşıyan Təhmasiblər tariximizdə həmişə
ehtiramla xatırlanır. Bu nəsildən
hələ çar Rusiyası zamanında hərbçilər
və maarifçilər də yetişmişdir.
Naxçıvanda
hamının çox hörmət etdiyi Dilbər
xanımın dediyinə görə, Təhmasibbəyov
familiyası ulu babalarının şərəfinə qəbul edilmişdir. Aparılan araşdırmalar bunun doğru olduğunu
təsdiqləyir. Xanlıq dövrünə
aid sənədlərdə onlar "Təhmasiblu" kimi qeyd
edilmişlər.
Təhmasibbəyovların Naxçıvanda geniş ərazidə
pambıqtəmizləmə fabrikləri də olmuşdur. Hacı Ələkbər
bəyin oğlu Abbasqulu bəy 1920-ci ilədək bu fabriki
idarə etmişdir. Sonralar Abbasqulu bəy
də mənşəyinə görə təqib
edilmişdir.
Abbasqulu bəyin həyat yoldaşı Tərxan Sultan Kəngərlinin
qızı Münəvvər xanım olmuşdur. Tərxan
Sultan isə məşhur hərbçi Novruz ağanın
oğludur. Abbasqulu bəyin Rza, Məmmədhüseyn
və Cəmilə xanım adında övladları
olmuşdur. Unudulmaz alimimiz Əziz Şərifin
yazdığı gündəliklərdə də Təhmasiblər
haqqında, xüsusilə Abbasqulu bəyin oğlu Rza Təhmasibin
təhsil illəri haqqında maraqlı məlumatlar vardır.
Rza Təhmasibin təhsil illərində familiyası sənədlərdə
Təhmasibbəyov yazılmışdır. Onun varislərinin
yazdığına görə, 1910-cu ildə Rza Hüseyn
Cavidin məsləhətilə familiyasını "Təhmasib"
kimi yazmışdır. 1920-ci ildən
sonra bunu ləqəb kimi bilmişlər və onu
daşımağı böyük sənətkara qadağan
etməmişlər.
Rza Təhmasib haqqında, həmçinin onun
qardaşı folklorşünas alim Məmmədhüseyn
haqqında xeyli kitablar yazılmışdır. Biz yalnız
onların həyatlarından bəzi məqamlara nəzər
salmaq istərdik. Onlar Təhmasibbəyovlardan
olduqları üçün həyatda böyük
haqsızlıqlarla üzləşmişlər.
Rza Təhmasib kimi böyük sənətkar çox
vaxt işsiz qalmış, olduqca zəngin şəxsi arxivini
yandırıb ki, balalarını xilas etsin. Qızı Tamilla
xanımın yazdığına görə atası arxivini
yandırandan sonra hönkür-hönkür ağlayıb.
Tamilla xanımın
yazdıqları Təhmasibbəyovların necə
təqib edilmələrindən xəbər verir. Həmin
xatirənin kiçik bir hissəsini xatırlamaq yerinə
düşər: "...Atamla olan çox ürəksıxıcı
söhbəti xatırlayıram. Bir axşam mən arxivini
yandırmasını, özü də iki dəfə, ona
heç cür bağışlaya bilmədiyimi dedim. O, əvvəlcə
dinmədi, başını aşağı salıb beləcə
dayandı. Sonra günahkar-günahkar astadan
danışmağa başladı: mən məcbur oldum, vəziyyət
elə idi ki, mən sizi xilas etməli idim... məni bir
neçə dəfə çağırıb səhərəcən saxlamışdılar. Hətta, bir dəfə evə zəng etmək
üçün icazə istədim, dedilər ki, telefon
işləmir... mən siyahıdaydım. Lakin
nə vaxt tutulacağımı bilmirdim. 6
ay mən gecə yuxusunun nə olduğunu bilməmişəm.
Hər gecə geyimli gözləyirdim ki, gəlib
məni aparacaqlar. Hətta, təsadüfən
bir maşın küçədə dayananda durub paltomu
geyirdim ki, evə soxulub sizi yuxudan oyatmasınlar. Mənə demişdilər ki, kimin evində ərəb
əlifbası ilə yazı tapılsa, xüsusilə əlyazma,
onun ailəsini də sürgün edirlər. Mən sizi
yazılarıma, kitablarıma qurban verə bilməzdim, bala! Mən arxivimi qurban verdim.
Peşiman olmuşdum. Qəlbinə
toxunduğum üçün, onu bu etirafa məcbur etdiyim
üçün əzab çəkirdim. Yaxınlaşıb
əlindən, üzündən öpdüm. Üzr istədim. Başını
qaldırıb mənə baxanda gözlərindən yaş
axırdı. İlk dəfə idi ki, onu
gözüyaşlı görürdüm...".
Naxçıvanda yaşamaq Təhmasibbəyovlara
qadağan olunmuşdu. Hamısını
köçürürdülər. Abbasqulu
bəyi və digərlərini 1918-1920-ci illərdə
Naxçıvandakı "Araz-Türk Cümhuriyyəti"nə
kömək etdikləri üçün daha çox incidir,
Naxçıvandan köçürdürdülər.
Həmin amansız illərdə böyük alim, ədəbiyyatşünas
Əli Sultanlını da siyahıya salmışdılar. Çünki
atası Kəngərli Sultanovlardan, anası isə Təhmasibbəyovlardan
idi. O, Rza Təhmasibin bibisi oğludur. Hacı
Ələkbər bəyin qız nəvəsidir.
Bir sənədə görə Hacı Ələkbər
bəy Naxçıvan xanlarının varislərinin çox
ehtiram bəslədikləri şəxs olub. Hətta,
onların görüşünə gedəndə nəvəsi
Rzanı da özü ilə aparırmış.
Abbasqulu bəyin qızı Cəmilə xanım
psixologiya üzrə görkəmli alim olub.
Ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyevin
1969-cu ildə hakimiyyətə gəlməsi bir
çoxları kimi Təhmasibbəyovları da gizlin təqiblərdən
xilas etdi.
Azərbaycanda elm, maarif, mədəniyyət və incəsənət
sahələrində fəaliyyət göstərən Təhmasiblər
qayğıyla əhatə olundular. Naxçıvanda qalan
Təhmasiblərdən biri Həsən bəyin oğlu Heydər
bəy idi. Onun atası Həsən bəy
Qori Seminariyasını bitirmişdi. Dilbər
xanımın söylədiyinə görə, Heydər bəy
Rza Təhmasiblə əmioğlu və həmyaşıd idilər.
Heydər bəy familiyasını Təhməzbəyov
yazdırmışdı. Bəlkə də təqiblərdən
yaxa qurtarmaq üçün o, Moskvada gimnaziyada oxumuşdu.
1915-ci ildə Naxçıvan teatrında musiqi
hissə rəhbəri vəzifəsində işləyib.
Çox illər rus dili dərsini də şəhər
məktəblərində tədris edib. Sonralar
sənətkarlıqla məşğul olub. Özü
tar və saz düzəldib satırmış. Onun Cəmil,
Şəbib, Nadir, Dilbər xanım və Zivər xanım
adında övladları olub.
Dilbər xanım Təhməzbəyova Böyük Vətən
müharibəsi veteranı olub. Tibb bacısı və
hərbi rütbəsi kiçik leytenant olmuşdur.
Müharibənin başlandığı gündən əlində
silah tutan şəfqət bacısı Dilbər
xanımın sağlığında xatirələrinə dəfələrlə
qulaq asmış və qeydlər aparmışam... Təhmasiblərə məxsus səmimilik, vətənpərvərlik
və təvazökarlıq onun nurani çöhrəsinə
həkk olunmuşdu. Dilbər xanım
özü bir çox sənədli əsərlərin
baş qəhrəmanıdır. Və bizə
elə gəlir ki, onun haqqında ən sanballı əsər
hələlik yazılmayıb. Təhmasiblərin nəsil
şəcərələri diqqətlə işlənsə, onların XVIII əsrdən
üzübəri hərbçilərinin də adları məlum
olacaq. Çünki tarixin təkrarladığı
əlamətlərdən biri də cəsurluqdur,
qorxmazlıqdır.
Heydər bəyin oğlu Şəbib Azərbaycan
Milli Təhlükəsizlik Nazirliyinin polkovniki olub.
Təhmasibbəyovlar-Təhmasiblər haqqında
aparılan tədqiqatlar, elmi araşdırmalar çox yeni
faktları üzə çıxaracaq. Bu faktlardan
yaranacaq əsərlər isə hər yeni nəslin qürur
mənbəyi olacaq.
MÖVLƏVİLƏR
Tariximizdə, xüsusən Naxçıvanın mədəniyyət
və incəsənətində mühüm xidmətləri
olan nəsillərdən biri də Mövləvilərdir. Mövləvilər
əsasən 1920-ci ildən sonra Naxçıvana Təbrizdən
köçüb gəlmişlər. Bu
sayılıb-seçilən nəslin adını ləyaqətlə
təmsil edən Azərbaycan Respublikasının Xalq artisti, mərhum
Səməd Mövləvini şəhərimizin yaşlı
sakinləri yaxşı xatırlayırlar. Onun ömrünün 50 ildən çoxu fasiləsiz
olaraq teatrla, xüsusən Naxçıvan teatrı ilə
bağlıdır. Teatrşünas alimlərimiz
Cəlil Vəzirov və Əli Qəhrəmanov onun mədəni
irsini tədqiq etmiş və kitablar yazmışlar. Ona görə də biz ancaq bu nəsil və onun
şəcərəsi haqqında fikirlərimizi sizlərlə
bölüşmək istərdik.
Əbdülsəməd Məhəmməd oğlu
Rzalı 1900-cü ildə Təbrizdə doğulmuşdur. Onun atası Məhəmməd
Rzalı dövrünün inamlı və elmi sevən bir
insanı kimi oğlu Səmədin uşaq yaddaşına həkk
olunmuşdu. Səməd Mövləvinin
qızı Natella xanımın söylədiyinə görə,
atasını 8 yaşında itirən Səməd
ömrünün axırına kimi atası Məhəmməddən
tez-tez söhbət açırmış. Deyirmiş
ki, babamız Allahı sevən, necə deyərlər,
mövlana nurlu insan idi... Məhəmməd
Rzalının böyük oğlunun adı Əhməd,
qızlarının adları Münəvvər və Möhtərəm
olub. Atalarının vəfatından sonra
anaları Leyla xanım oğlu Əhmədlə ailəni
dolandırıb. Qardaşı Əhmədin köməyilə
8 yaşlı
Səməd əvvəlcə "Rüşdiyyə" məktəbində
təhsil almışdır. Tarixi sənədlərdə
bildirilir ki, o, 1916-cı ildə təhsilini tamamlamış və
əsasən teatr aləminə bağlanmışdır.
Həmin illərin çox qarma-qarışıq hadisələrinin
şahidi olan Səməd böyük qardaşı Əhmədi
itirəndən sonra Təbrizdə yaradılan "Cəmiyyəti-Xeyriyyə"yə
üzv olur ki, ailəni dolandırmaqda anasına köməklik
etsin. 1919-cu ildə görkəmli demokrat
yazıçı Mirzə Cəlil Məmmədquluzadə ilə
olan tanışlığı onu daha dərin tellərlə
teatra bağlayır. Həmin illərdə Naxçıvandan
mühacirət etmiş bir çox naxçıvanlılarla tanış olan Səməd sonralar
Naxçıvana köçüb gəlir və
ömrünün sonuna kimi burada yaşayıb.
Onun övladlarının söylədikləri xatirələrdə,
yazılan kitablarda Səməd Rzalının
Naxçıvana gəlməyində Mirzə Cəlilin
böyük köməyi olub. Hamımıza məlumdur
ki, Mirzə Cəlilin "Ölülər" əsərinin
Təbrizdə tamaşaya qoyulması çox böyük əks-səda
doğurub. O tamaşada oynayan gənclərin əksəriyyəti
sonradan tanınmış aktyorlar olublar. Onlardan
biri də Səməd Mövləvidir ki, həmin tamaşada
Şeyx Nəsrullah rolunu ifa edib. İyirmi
yaşına təzəcə qədəm qoymuş Səmədin
istedadını Mirzə Cəlil həssaslıqla sezmiş və
öz həyat yolunu müəyyənləşdirməkdə
ona mənəvi, maddi köməklik etmişdi.
Səməd Naxçıvana gələndə burada da vəziyyət
mütəhərrik idi. Tez-tez dəyişilən siyasi ab-hava ilk əvvəllər
onu əziyyətə salsa da, o, Naxçıvandan geri
qayıtmadı. Bəlkə də onun ulu əcdadları
bir vaxtlar Naxçıvanda yaşamışdılar?!
Qızı Natella xanımın söylədiyinə
görə, atası Naxçıvana Mirzə Cəlili gətirən
qatarla gəlib. Səməd Mövləvi həmin tarixi səfəri
tez-tez xatırlayırmış və deyirmiş ki, biz
Naxçıvanda dəmiryol vağzalında
düşdük. Mirzə Cəlillə
ailəsi İrəvan-Tiflis yolu ilə Bakıya getdi. Naxçıvanda yaşadığı ilk illərdə
də onun əsas işi teatr tamaşalarında aktyorluq etmək
olub. Onun bu sahədə müəyyən qədər
iş təcrübəsi və istedadı tez bir zamanda onu
naxçıvanlılara sevdirdi. Artıq onu da unudulmaz
aktyorlarımız Həsən Səfərli, Əli Xəlilov,
Rza İsfəndiyarlı, Rza Təhmasib, Kazım Ziya, Mirhəsən
Mirişli və digərləri ilə birlikdə ürəkdən
alqışlayır və oynadığı tamaşalarda
iştirak edirdilər. Natella xanımın
xatırlamasına görə atası bir gün tarzən
Tapdıq Hüseynovgilin evlərində olan balaxanada (köhnə
Naxçıvan tikililərində üst qatdakı balaca
otaq-müəllif) oturub qonşu həyətdəki toyda rəqs
edənlərə baxırmış. Dostu
Tapdıqla nərd oynasa da, fikri-zikri ortada sürətlə rəqs
edən bir qızda imiş. Dostunu belə
süzgün görən Tapdıq Hüseynov deyir ki,
ehtiyatlı ol, o qız komissar İbrahim bəyin
baldızıdır, Gürcüstandan gəlib. Amma Səmədin həvəsi ötəri olmur, o bu
gözəl qıza ürəkdən vurulur. Tapdıq Hüseynov və onun dostları bu işi
yoluna qoyurlar. Naxçıvanda İbrahim bəyin ailəsinə
deyirlər, sonra uzaq Kutaisiyə gedib Nadejdanı Səmədə alırlar.
Səməd Mövləvi ilə Nadejda Qaramanovanın (Qəhrəmanova)
qurduğu ailə öz nümunəviliyi ilə
Naxçıvanda bu gün də unudulmayıb. Onlara şəhərin
mərkəzindəki ikimərtəbəli binanın birinci
qatında mənzil verirlər. Səməd Mövləvi
ömrünün axırına kimi - 1962-ci il
fevralın 3-nə kimi bu mənzildə yaşayıb. Ona təzə mənzil vermək istəyəndə
deyirmiş ki, yox, buranı çox sevirəm, düşərli
evdir. Yeri gəlmişkən, indi həmin
mənzildə onun oğlu Azərbaycanın Xalq artisti Tofiq
Mövləvi yaşayır. Nadejda
xanım əvvəlcə Naxçıvan teatrında (o
vaxtlar indiki Böyük bağda yerləşirmiş, 1952-ci
ildə həmin bina yanıb) paltar sexində işləyib.
Sonralar doğulan uşaqların
qayğısını çəkmək üçün
evdarlığa alışmalı olub. Onların
nikahından Tamella (Tiflisdə doğulub), Natella, Tofiq və
Turan adlı övladları dünyaya gəlib. Onu da deyək
ki, Səməd Mövləvi bir neçə il
İrəvan və Tiflis teatrlarında da işləyib.
Nadejda
xanım Səməd Mövləvidən sonra 39 il yaşayıb və 2001-ci il martın 11-də
Naxçıvanda əbədiyyətə qovuşub. Ömrünün sonuna kimi hər cümə
axşamı ərinin məzarı üstə çiçək
buketi gətirən bu qara geyimli xanıma hamı ehtiram
göstərirdi.
Yenə də Natella xanımın söylədiklərinə
qayıdaq. Yeri gəlmişkən Natella xanım rus dili müəllimi
ixtisası alsa da, uzun illər dövlət orqanlarında
işləyib. Onun dediyinə görə
atasının ən yaxın dostları İsa Musayev, Məmmədhüseyn
Təhmasib və Sidqi Ruhulla olub.
Natella
xanımın dediklərindən:
- Anam Məcnunun ariyasını atamın ifasında can-dildən sevərdi. Bir vaxtlar Cəfərqulu xanın mülkünün yanındakı klubda tamaşalar göstərilirdi. Evimizə yaxın olduğundan bizim həyətdə atamın oxuduğu, səhv etmirəmsə son pərdədə Məcnunun ariyasına, ilahi, anam necə qulaq asardı... Bizi - balalarını da çağırardı ki, gəlin qulaq asın, atanız necə də gözəl oxuyur... O səs, şirin avaz üçün indi də ürəyim əsir...
Unudulmaz aktyorumuz Səməd Mövləvinin (Rzalının) yaxşı, zəngin foto arxivi də vardır. Onların hamısını aktyor oğlu, Azərbaycanın Xalq artisti və Prezident təqaüdçüsü Tofiq Mövləvi qoruyub saxlayır. Və indi onun oğlu Əbdülsəməd fortepianoda babasının oxuduğu ariyanı ürəyəyatımlı şəkildə ifa edir...
Biz onun oynadığı rollardan və digər ictimai fəaliyyətindən söhbət açmadıq. Yazılan və yazılacaq kitablarda bu haqda xeyli məlumatlar olduğunu nəzərə aldıq. İstədik ki, bəzi məsələlərə aydınlıq gətirək. Çünki böyük şəxsiyyətlərin həyatlarının hər bir anı gələcək gənclik üçün nümunədir. Qaldı aktyorun Mövləvi soyadını işlətməsinə. Övladları bu haqda ətraflı heç nə deyə bilmədilər. Dedilər ki, aktyor ləqəbi qəbul etmiş və sonralar rəsmiləşdirmişdir. Amma ən çətin illərdə bu ləqəbi işlətmək o qədər də asan məsələ deyildi. Axı, insan ömründə açılmayan səhifələr də var... Bizcə, Mövləvi soyadının kökü onun ulu əcdadlarına gedib çıxır...
Səməd Mövləvi onu itməyə qoymadı, yaşatdı və Naxçıvan qədim Şərqdə əzəmətlə parladıqca o soyadı da yaşadacaq.
Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2016.- 28 dekabr.- S.4.