Cəmiyyət onların çiynində ucalır
Nə zamansa xəyallarında zabit
olmaq, orduda xidmət etmək arzusunu quranda talenin onu
Əfqanıstan, Qarabağ müharibələrindən
keçirəcəyini xəyalına belə gətirmirdi. Ancaq bu
ömür yaşandı.
Ehtiyatda olan polkovnik, siyasi
elmlər üzrə fəlsəfə doktoru, dosent Cəlil Xəlilov. Onun
bioqrafiyası yaşadığı ömrü, fəaliyyətini
tamamilə əks etdirir. Bioqrafiyası ilə
tanışlıq Cəlil müəllimin keçdiyi yol,
yaşadığı ömür haqqında aydın təsəvvür
yaradır. Onu tanıdığım zaman
(90-cı illərin ortaları) mən Müdafiə Nazirliyinin
orqanı olan "Azərbaycan ordusu" qəzetinin baş
redaktor müavini kimi hərbi vətənpərvərlik
istiqamətində gedən prosesləri yaxından izləyirdim.
C.Xəlilov isə Sərhəd Qoşunları
Silahlı Qüvvələrində xidmət edir, peşəkar
zabit olaraq ordu quruculuğunda əlindən gələni əsirgəmirdi.
Tanışlığımıza qədərki
həyat yolunu isə yalnız tərcümeyi-halından
öyrənirəm.
Polkovnikin
ömürlüyünə nəzər salarkən
özünü gənc yaşlarından orduya həsr etdiyinin
şahidi oluruq. Hərb işə olan marağı və
bacarığı onu Semferopol Ali Hərbi Siyasi Məktəbinə
gətirib çıxarmış və oranı bitirmişdi.
Hərbi təhsillə kifayətlənməyərək,
1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq
fakultəsinin də (qiyabi) məzunu olmuşdu. Həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd
dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin
müavini, sərhəd dəstəsində hərbi-siyasi
şöbədə təlimatçı vəzifəsində
xidmət edir. Sovetlər dönəmində
hər bir əsgər və zabitin ən böyük
sınağı Əfqanıstan müharibəsi hesab olunurdu.
Onun da taleyinə Əfqanıstan müharibəsindən
keçmək yazılmışdı. Xalq
arasında qorxunc müharibə imici qazanan Əfqanıstan
müharibəsində o, sərhədçi kimi xüsusi xidmət
orqanlarının tərkibində bir neçə xüsusi əməliyyatın
iştirakçısı olur.
C.Xəlilov harada, hansı vəzifədə
xidmət etməsindən asılı olmayaraq hərbçi
bacarığı, intuisiyası, intizamı,
tapşırığı vaxtında və səhvsiz yerinə
yetirməsi ilə komandirlərin hörmətini qazanır, həm
də hərb olimpində addım-addım irəliləyir. Əfqanıstan
təcrübəsi Qarabağ döyüşlərində
onun köməyinə gəlir. Gənc
zabitin həyatında çox qısa bir müddətdə
iki fərqli müharibədə iştirakı
ömrünün qürur səhifələrini təşkil
edir. C.Xəlilov bu dövrdə Azərbaycan
təhlikəsizlik orqanlarının tərkibində olan Sərhəd
Qoşunlarının yaradılması və formalaşması
prosesində öz bilik və bacarığını əsirgəmir.
Onun dövlətçiliyə göstərdiyi
dəyərli və əvəzsiz xidmətlər yüksək
qiymətləndirilib. C.Xəlilov
ümumiyyətlə, 2013-cü ilə qədər Sərhəd
Qoşunları və keçmiş Milli Təhlükəsizlik
Nazirliyində müxtəlif rəhbər vəzifələrdə
layiqincə xidmət edib.
Hər bir hərbçinin həyatında
bir veteran olmaq xoşbəxtliyi də var. Şərəf dolu
hərbi xidmət arxada qaldıqdan sonra C.Xəlilov yenə də
həyatını ordu quruculuğundan kənarda görmədi. Yüz minlərlə
veteranın həyatı, güzaranı onu düşündürdüyü
üçündür ki, ömrünü Respublika Müharibə,
Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına
bağlayıb, vətən uğrunda şəhid olmuş
insanların ailələrinə, müharibə əlillərinə,
İkinci Dünya, Əfqanıstan və Qarabağ müharibələrinin
veteranlarına diqqət və qayğı ilə
yanaşıb və çox az bir müddətdə
veteranların hörmətini qazanıb. General-mayor
Dadaş Rzayevin rəhbər olduğu bu təşkilat
respublika veteranlarını təmsil edir. Veteranların
bu birliyi yeni gənc nəsil üçün də bir örnəkdir.
Ehtiyatda olan polkovnik C.Xəlilov
2014-cü il Respublika Veteranlar Təşkilatının
sədr müavini seçilib. O, bu gün ölkə rəhbərliyinin
veteranlarla bağlı həyata keçirdiyi dövlət
siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin
azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik,
öz tarixinə hörmət ruhunda tərbiyə
olunmasında bütün biliyini, bacarığını sərf
edir.
Təşkilatın başlıca vəzifələrindən
biri veteranların cəmiyyətə inteqrasiyasına nail
olmaqla, vətəndaş cəmiyyətinin
formalaşmasında yaxından iştirakdır. Cəlil Xəlilov Azərbaycan Vətəndaş Cəmiyyətinin
inkişafında, bu sahədə dövlət siyasətinin həyata
keçirilməsində də fəaldır. Onun ölkədə veteran hərəkatının
genişlənməsində xüsusi rolu və təşkilatçılıq
səyləri danılmazdır. Veteranlar
bunu bilir və yüksək qiymətləndirirlər.
C.Xəlilov peşəkar hərbçi
olmaqla, həm də bir alim ömrü yaşayır; bu iki
amili uzlaşdırmaq hər bir hərbçiyə müyəssər
olmur. O, hərb
sahəsindəki praktik bacarığını elmi sahəyə
də gətirmiş "Milli təhlükəsizliyin təmin
edilməsində milli mənlik şüurunun rolu"
mövzusunda elmi işini uğurla müdafiə edərək
siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi
almışdır. Bu istiqamətdə
yazdığı məqalələr ölkənin nüfuzlu
elmi jurnallarında dərc edilmişdir.
Məlumdur ki, dünya siyasətinin
əsas prinsiplərindən birini təşkil edən milli mənafe
və təhlükəsizlik məsələləri Azərbaycan
müstəqilliyini qazandıqdan sonra qarşıda duran
prioritet istiqamətlərindən biri olmuşdur. Çünki
dövlətin və xalqın mənafe və
maraqlarının özü bunu tələb edir. Azərbaycan da mürəkkəb geosiyasi bir
coğrafiyada yerləşdiyindən dayanıqlı, gələcəyə
yönəlik bir milli təhlükəsizlik konsepsiyasına
malik olmalıdır. Müstəqilliyini
qazanan Azərbaycanın bu istiqamətdə
hazırladığı davamlı və dayanıqlı
konsepsiyalar onun milli mənafe və təhlükəsizliyini
qorumağa yönəldilmişdir. Lakin
milli təhlükəsizlik və mənafelərin qorunması
həm də bir vətəndaşlıq borcudur. Çünki milli təhlükəsizliyin təminatı
fərdlərin bu işə münasibətindən
asılıdır. Hər bir fərdin
milli təhlükəsizliklə bağlı biliklər
sistemində, dünyagörüşündə bu problem
başlıca yer tutmalıdır.
O, Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının dosenti kimi bu sahədəki elmi və
praktik biliklərinin gənc nəslə
çatdırılmasında səylərini heç zaman əsirgəmir.
Dörd kitab, əllidən çox elmi məqalə,
bir proqram və dərslik müəllifi kimi
araşdırmalarını davam etdirir. Praktik və nəzəri
biliklərini ali məktəblərdə
biliklər sisteminə çevirib tədris etmək onun tərcümeyi-halının
ən önəmli səhifələrindən birini təşkil
edir. Ali məktəblərin, universitet və akademiyaların
uyğun bölümlərində bu vəzifə həyata
keçirilsə də, əsas məsələ bu istiqamətdə
yeni proqramların, dərsliklərin və dərs vəsaitlərinin
yazılmasıdır. Bu mənada siyasi elmlər üzrə
fəlsəfə doktoru, dosent C.Xəlilovun "Milli təhlükəsizlik
strategiyası" (Bakı, 2016) dərsliyi olduqca böyük
əhəmiyyət daşıyır. İndiyədək
C.Xəlilov milli təhlükəsizlik problemi ilə
bağlı bir çox məqalələr yazsa da, son tədqiqatı
monumentallığı, aktuallığı və əhəmiyyəti
ilə bu sahədəki boşluğu tamamilə doldurur.
Əslində bu vəsait dərslik
adlandırılsa da, elmi sanbalı, məzmunu, problemlərin
qoyuluşu və ona yanaşma baxımından tədqiqatın
da tələblərinə tamamilə cavab verir və ona
görə də onu cəsarətlə dərslik-monoqrafiya
adlandırmaq mümkündür.
Dərslikdə milli təhlükəsizlik
strategiyası və onun nəzəri əsasları,
formalaşması və inkişaf xüsusiyyətləri, eləcə
də prioritetləri konseptual şəkildə təhlil
edilir. Müasir beynəlxalq münasibətlər nəzəriyyəsində
milli təhlükəsizlik problemini daha çox nəzəri
istiqamətdə araşdırır və təhlükəsizliyin
təmin edilməsi məsələsində beynəlxalq
münasibətlər nəzəriyyəsi və təcrübəsinə
əsaslanır. N.Makiavelli, T.Hobs, F.Ratsel, X.Makkinder, N.Şpaykmen kimi
görkəmli geopolitika nəzəriyyəçilərinin əsərlərində
formalaşan siyasi realizm məsələləri yeni
düşüncə ilə təhlil edilir.
Dərslik-monoqrafiyada kollektiv
təhlükəsizlik sisteminin mahiyyəti, məzmunu və
xüsusiyyətlərinə ayrıca bir fəsil
ayırması problemin aktuallığından irəli gəlmişdir. Belə ki,
indiki zamanda kollektiv təhlükəsizlik, dövlətlərin
sülhə təhdidin aradan qaldırılması, təcavüz
aktlarının qarşısının alınması, yaxud
yatırılmasında beynəlxalq sülhün və təhlükəsizliyin
təmin edilməsini şərtləndirən əsas amillərdəndir.
Beynəlxalq təhlükəsizlik sisteminin
universal və regional məsələləri ilə
bağlı son əlli ildə dünyada qəbul edilən qərarlar
və müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti
yeni dünya təhlükəsizik sisteminin formalaşması
istiqamətində dəyərləndirilir. Dərslikdə
dünyada milli təhlükəsizliyin mürəkkəb,
çoxşaxəli bir sistem olduğu və burada şəxsiyyətin,
cəmiyyətin, dövlətin təhlükəsizlik məsələləri
və onların tərkib hissələri, eləcə də
prioritet istiqamətlərinin başlıca yer tutması
çoxsaylı nümunələr və nəzəri fikirlər
əsasında təhlil edilir.
Dosent Cəlil Xəlilovun
"Milli təhlükəsizlik strategiyası" dərsliyinin
böyük bir hissəsi Azərbaycan Respublikası milli təhlükəsizlik
siyasətinin təşəkkülü, formalaşması və
inkişaf xüsusiyyətlərinə həsr edilmişdir. Müəllif çox
doğru olaraq, müasir geosiyasətdə Azərbaycanın
daxili və xarici siyasətinin özünəməxsus yeri
olduğunu, 1993-cü ildən başlayaraq milli təhlükəsizliyin
təmin edilməsinin formalaşması
üçün verilən qərarların, görülən
işlərin təkmilləşdirildiyi və sistemli bir fəaliyyət
halına gəldiyini qeyd edir: "Ümummilli lider Heydər
Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən
sonra ən mürəkkəb problemlərdən biri sayılan
regional səviyyədə dövlətin xarici münasibətlərinin
ziddiyyətli, qeyri-sabit xarakteri və dünya xarici siyasət
səhnəsində qeyri-müəyyən perspektivlərlə
üzləşdi". Buna baxmayaraq Azərbaycanın
xarici siyasət prioritetləri sırasında beynəlxalq təşkilatlarla
əməkdaşlıq, enerji layihələrinin işlənib
hazırlanması və reallaşdırılması, iki qitə
arasında nəqliyyat dəhlizi rolunun yerinə yetirilməsində
mühüm rol oynaması onun strategiyasını müəyyənləşdirmişdir.
Bütün bunlar ölkənin sabit və
davamlı inkişafını şərtləndirdiyini, ictimai
həyatın bütün sahələrini əhatə edən
dinamik dəyişikliklər prosesinə mühüm təsir
göstərmişdir.
Respublika Veteranlar Təşkilatının
sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov həmişə
olduğu kimi, bu gün də eyni əzm və
işgüzarlıqla Azərbaycan dövlətinə və
xalqına sədaqətlə xidmət edir. Mən burada
C.Xəlilovun tərcümeyi-halının bəzi məqamları
üzərində dayandım. Bu məqamlardan
həyatının bütün anlarında ürəyi vətəni,
xalqı, dövləti ilə döyünən bir vətəndaş
boy göstərir. Bu cür insanlar,
bütün varlığı, həyatı, fəaliyyətləri
ilə Vətəni ucaldır və bir parçasına
çevrildikləri cəmiyyətin inkişafına təkan
verirlər.
Bədirxan ƏHMƏDLİ
Professor, Qarabağ müharibəsi veteranı
525-ci qəzet.-
2016.- 22 dekabr.- S.8.