Türk xalqlarının ədəbi-mədəni həyatında mühüm hadisə - Birinci Türkoloji Qurultay - 90

 

VƏ YA BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN BİR QRUP İŞTİRAKÇISININ KƏDƏRLİ AQİBƏTİ

 

Türk xalqları ədəbiyyatı tarixinin öyrənilməsində 1926-cı il 26 fevral - 6 martda keçirilmiş Birinci Türkoloji qurultayın materialları böyük əhəmiyyət kəsb edir...

Birinci Türkoloji Qurultayda iştirak edən 5 nəfər qazax - məşhur maarifçi, dilçi alimlər, öz ölkələrində yeni əlifba siyasətinin görkəmli nümayəndələri Əhməd Baytursunov (1872-1937), Bilal Suleyev(1893-1937), İldes Omarov (1892-1937), Əziz Bəyseyidov(1893-1955) və Nazir Torekulov(1892-1937) olublar. Qazax xalqının tarixində misilsiz xidmətləri ilə iz salmış bu görkəmli şəxsiyyətlərin keçdiyi həyat yoluna qısaca nəzər salaq..

 

(Əvvəli ötən sayımızda)

 

Əhməd Baytursunovun yaradıcılığı bir sıra mühüm hadisələrlə zəngindir. 1896-cı ildə qazax çöllərini gəzərək folklor toplayan, qazax xalqının etnoqrafiyasını, dialektlərini öyrənən çuvaş araşdırıcısı Alektorovla tanışlıq gənc Əhmədin dünyagörüşündə böyük dəyişiklik yaradır. Vətənini hədsiz məhəbbətlə sevən Əhməd xalqının yaşadığı coğrafiyanı, millətinin yaşam tərzini öyrənir, folklorunu toplayır, uşaqların daha yaxşı təhsil alması, biliklərə tez yiyələnməsi üçün forma və metodlar axtarır. Yeniyetmə yaşlarında dombra çalmağa böyük maraq göstərən Əhməd həm də qazaxların jır adlandırdığı xalq mahnılarının toplanması ilə məşğul olur.

Baytursunov qazax əlifbasını ərəb qrafikası əsasında yenidən işləyərək tarixi islahat aparıb. 1912-ci ildə qazax dilində işlənməyən ərəb hərflərini əlifbadan çıxararaq onları doğma dilə uyğunlaşan hərflərlə əvəzləyib. "Jan emle" ("Yeni orfoqrafiya") adını almış bu əlifba indinin özündə də Çin, Əfqanıstan və İranda yaşayan qazaxlar tərəfindən istifadə olunur.

Görkəmli xadim, parlaq maarifçi, qazax, rus, tatar dillərini səlis bilən Bilal Suleyev Qazaxıstanda təhsil sisteminin əsas yaradıcılarından biridir. Bilal Suleyev Orenburqda müəllimlər seminariyasını bitirdikdən sonra bir müddət müəllim işləyib. 1918-ci ildə dövrün görkəmli ziyalı xanımı, maarifçi, pedaqoq, şair və yazıçı, rus, alman və fransız dillərinin gözəl bilicisi tatar qızı Fatimə Qaibova ilə ailə həyatı qurub. Bilal Suleyev tanınmış maarif işçisi idi. 1923-cü ildə Kommunist Partiyasına qəbul olunduqdan sonra təhsil və maarifçilik sahəsində məsul vəzifələrdə işləyib. 1920-1929-cu illərdə Semireçye xalq təhsili şöbəsinin müdiri kimi vilayətin bütün yaşayış məntəqələrində məktəb və internatların açılışını təşkil edib. 1928-ci ildə Qazaxıstan xalq maarif komissarlığının məsul işçisi kimi Bilal Suleyev Uraz Candosovla birlikdə Qazaıstanda ilk universitetin açılmasında böyük əmək sərf edib. Bilal və Fatimənin 1919-cu ildə qızı Fəridə, 1923-cü ildə isə oğlu Janibek (Böyük Vətən müharibəsində 1943-cü ildə həlak olub) dünyaya gəlmişlər. 1929-cu ildə Suleyevlər ailəsi Aktübinskə köçdükdən sonra Bilal vilayət xalq təhsili şöbəsinin müdiri işləyib. 1930-cu ilin qışında 10 yaşlı Fəridənin dünyadan köçməsi ailəyə böyük kədər gətirib. Sonra ailə Seminapalatinskə köçüb, Bilal Suleyev burada pedaqoji institutun rektoru vəzifəsində çalışıb. 1930-cu ildə Azat adlı oğlu dünyaya gəlib. 1931-ci ildə millətçilikdə təqsirləndirilərək həbs edilən Bilal Suleyev 1932-ci ildə azadlığa buraxılıb. Bundan sonra, Moskvaya getmiş, istehsalatda çalışaraq maarifçilik fəaliyyətini davam etdirib. Məhz bu zaman Fatimə iki övladı ilə birlikdə Semipalatinskdən Alma-Ata şəhərinə köçüb. (Lakin onlar 1932-ci ildə boşanıblar. Fatimə Qaibova sonradan şair, Qazaxıstan SSR Yazıçılar İttifaqının sədri İlyas Cansuqurovla (o da iftira ilə 1937-ci ildə tutulub, 1938-ci ilin fevral ayında "yapon casusu" adı ilə güllələnib), üçüncü dəfə isə məşhur qazax yazıçısı Muxtar Auezovla ailə qurub). 1934-cü ildə Qaraqalpak MSSR-in Nukus şəhərinə ali təhsil müəssisələri və orta məktəblər şöbəsinə müdirlik etmək məqsədilə Moskvadan göndərilmiş Bilal Suleyev 1937-ci ildə NKVD tərəfindən yenidən həbs edilib və repressiya olunub. Yalnız 1958-ci ildə Qazaxıstan SSR Ali Məhkəməsi tərəfindən bəraət alıb.

Görkəmli ictimai xadim, publisist, tərcüməçi, alim-linqvist Eldes Omarov 29 fevral (bəzi mənbələrdə 1mart) 1892-ci ildə Kustanay vilayətinin Semiozernıy rayonunun Kojay aulunda anadan olub. Əvvəlcə aul mollaxanasında təhsil alıb, sonra Kustanay ikisinifli rus-qazax məktəbini fərqlənmə ilə bitirib. Daha sonra Orenburq qırğız məktəbini bitirdikdən sonra Komek volostunun Dobay aulunda müəllimlik edib. 1917-ci ildə dərslik hazırlayan komissiyanın üzvü seçilən Eldes Omarov Orenburqda nəşr edilən məşhur "Qazax" qəzetinin fəal müəlliflərindən biri kimi də tanınıb. Vətəndaş müharibəsi illərində Alaş-Ordanın Kustanay uyezdi üzrə sədri və uyezdin komissarı olub. 1920-ci illərin əvvəllərindən Orenburq xalq təhsili komissarlığının məktəb şöbəsində işləyən Eldes Omarov Qazax Xalq Təhsili İnstitutunda dərs deyib. Məktəblilər üçün dərslik yazıb. Alma-Ata şəhərində yaşayıb fəaliyyət göstərib. Alaş-Orda muxtariyyətinin yaradılması proqramının müəlliflərindən biri olub.

Sonradan özü kimi "vətən xaini" damğası vurulmuş Əhməd Baytursunov, Miryakıb Dulatov, Muxtar Murzin, Jusibbek Aymautovla dostluq edib. Doğma vətənini dərin məhəbbətlə sevən Eldes Omarov qazax yazısının ərəb qrafikası əsasında işlənməsinin tərəfdarı olub. O, bu barədə Birinci Türkoloji Qurultayda da bildirib. Qazax şifahi ədəbiyyatının mahir bilicisi kimi tanınmış Eldes Omarovu müasirləri "qazaxların Lomonosovu" adlandırıblar. Riyaziyyat, cəbr, fizika, triqonometriya, həndəsə üzrə çoxsaylı dərsliklərin müəllifi olmuş Eldes Omarov balacalar üçün özündə atalar sözləri və məsəllər, xalq yaradıcılığı nümunələrini əhatə edən əlifba ("Alippe") dərsliyi hazırlasa da nəşrinə nail ola bilməyib. O, görkəmli qazax yazıçısı Muxtar Auezovun elmi fəaliyyətinin ilk tədqiqatçılarından biri olub.

Eldes Omarovun həyatı daima məhrumiyyətlərdə keçib, dəfələrlə həbs olunub. Birinci dəfə ona 10 il həbs cəzası kəsilib, Kareliya meşələrində sürgün həyatı yaşayıb. 1933-cü ildə sürgündən vaxtından qabaq azad olunaraq bir müddət Tibb İnstitutunda, sonra isə Qazaxıstan Dövlət Universitetində dərs deyib, yeni dərsliklər üzərində yorulmadan çalışıb. Həkimlər üçün qazax dili dərsliyinin hazırlanması ona tapşırılıb. 22 noyabr 1937-ci ildə yenidən tutularaq dekabrın 1-də barəsində ölüm hökmü çıxarılıb, 1937-ci ildə güllələnib. 25 may 1989-cu ildə qazax xalqının görkəmli oğlu Eldes Omarova Alma-Ata prokurorluğu tərəfindən bəraət verilib.

Görkəmli ictimai-siyasi xadim, dilçi və diplomat, publisist, filoloq, keçmiş Sovet İttifaqının Səudiyyə Ərəbistanında ilk səfiri olmuş Nazir Torekulov 1892-ci ildə Fərqanə vilayətində anadan olub. Kokandda "Cədid" mədrəsəsində və rus-tuzem məktəbində ibtidai təhsil alıb, burada səkkizillik kommersiya məktəbində oxuyub, 1914-1916-cı illərdə Moskva Kommersiya İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. O, çar Rusiyasının əsarətində olması ilə Türküstanın nə qədər məhrumiyyətlərə düçar olduğunu gözəl anlayırdı. O, bu fikrini məruzə və çıxışlarında, çap olunmuş kitablarında dəfələrlə açıq-açığına bildirirdi. Çar hökuməti və bolşeviklər Türküstanı Rusiyanın xammal məkanı hesab edirdi. Bir sıra qəzet və jurnalların (Məsələn, "Xalık qazetası", "İnkilob" jurnalı və s.) yaradılmasında, eləcə də redaktə olunması və nəşrində fəal iştirak etmiş Nazir Torekulov diyarın müsəlman bürosunun orqanı olan "İştrati-İyun" qəzetinin redaktoru olub. Çoxmillətli Türküstan Respublikasının siyasi həyatında vacib post tutan Nazir Torekulov Türküstan KP MK-nın birinci katibi seçilmiş (1920), respublikanın Mərkəzi İcraiyyə Komitəsinə başçılıq etmişdi (1921-1922). Onun köməkliyi ilə Daşkənddə ilk qazax ali məktəbi açılmışdı. Yüksək vəzifələrdə çalışdığı vaxt o, təkcə siyasi sahədə deyil, mədəniyyət sferasında da xeyli işlər görmüşdü. 1920-ci illərin əvvəllərində müsəlmanların ən əziz bayramı olan Qurban bayramının (Kurban-ayta) üç gün bayram edilməsi ilə bağlı fərman vermişdi. 1922-1926-cı illərdə Moskvada işləmiş, SSRİ xalqlarının nəşriyyatına başçılıq edib, eyni zamanda Şərq Zəhmətkeşləri Universitetində mühazirələr oxuyaraq elmi-pedaqoji fəaliyyətlə məşğul olub. O dövr üçün çox nadir hadisə sayılan 36 yaşından Səudiyyə Ərəbistanının səfirliyində fəaliyyətə başlayıb, cəmi iki ildən sonra səfir kimi irəli çəkilib. 8 il böyük SSRİ-ni bu ərəb ölkəsində təmsil etmiş Nazir Torekulov keçmiş SSRİ-nin Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, İordaniya ilə dostluq əlaqələrinin qurulmasında yaxından iştirak etmişdi. Ümumittifaq yeni türk əlifbası komissiyasının sədri kimi türk yazı nümunələrinin ərəb əlifbasından latın əlifbasına tərcüməsi işində böyük səy göstərmiş görkəmli maarifçi alim türk yazısının latınlaşdırılması problemi ilə məşğul olaraq yeni türk əlifbası layihəsinin müəllifi olub.

Alaş-Ordaçıları dəstəklədiyinə görə millətçilikdə təqsirləndirilərək 3 oktyabr 1937-ci ildə repressiya olunub və güllələnib. 28 yanvar 1958-ci ildə bəraət alıb.

Əziz Bəyseyidov 1893-cü ildə Semipalatinsk vilayətinin Zaysan uyezdində anadan olub. Zaysan yeddiillik ibtidai-ali məktəbini və Türkiyədə səkkizillik müəllimlər seminariyasını bitirib.

1924-cü ildən Kommunist partiyası sıralarına daxil olan Əziz Bəyseyidov 26 yaşından müəllimlik fəaliyyəti ilə məşğul olub. Daşkənd Qazax Maarif İnstitutunda (1919-20) və Birinci dərəcəli Aul-Ata məktəbində (1920-21) müəllim, Aul-Ata kənd təsərrüfatı texnikumunun müdiri (1921-22), Aul-Ata "Koşçi" yoxsullar ittifaqının katibi, sədri (1922-23), Aul-Ata Xalq təhsili şöbəsinin müdiri (1923-24), Sırdərya maarif şöbəsinin inspektoru (1924-25), Qazaxıstan SSR Xalq Maarif Komissarlığı Akademik Mərkəzinin diyar insruktor məktəbinin müdiri (1926-27) vəzifələrində işləyib. Semipalatinsk şəhər avtoyol texnikumunu yaradıb, 1935-ci ilədək texnikumun direktoru olub.

Əziz Bəyseyidov əks-inqilabi millətçi qruplaşmaların təşkilində təqsirli bilinib, 1935-ci il dekabrın 28-də tutularaq 1937-ci ildə mühakimə olunub. Bu zaman hamilə olan həyat yoldaşı üç qızı ilə birlikdə Karaqanda vilayətinin Ulutau kəndinə - ərinin qohumlarının yanına köçüb. 5 il islah-əmək düşərgəsində cəza çəksə də müharibənin başlanması ilə əlaqədar olaraq həbs müddəti 1945-ci ilədək uzadılıb. Yalnız 19 yanvar 1947-ci ildə əməlində cinayət tərkibi olmadığına görə bəraət alıb. 1949-cu ilədək Karaqanda vilayəti Ulutau rayon yol şöbəsində işləyib. 1949-cu il mayın 3-də "xalq düşməni" kimi yenidən həbs edilərək 10 il həbs cəzası alıb, Kolıma və Maqadana sürgün olunub. Cinayəti sübuta yetirilmədiyinə görə 1954-cü ildə Əziz Bayseyidov yenidən azad edilib. 1955-ci ildə azad olunaraq ailəsinin yanına qayıtsa da bir neçə aydan sonra dünyasını dəyişib. Yalnız 2003-cü ildə Şərqi Qazaxıstan vilayətinin prokurorluğu əməlində cinayət tərkibinin olmaması ilə əlaqədar olaraq Əziz Bəyseyidov kütləvi repressiyaların qurbanı hesab edilib və bəraət qazanıb.

Göründüyü kimi, Birinci Türkoloji Qurultay nümayəndələrinin böyük əksəriyyəti kimi, tədbirdə təmsil olunmuş və müxtəlif səpkili elmi müzakirələrdə yaxından iştirak etmiş 5 nəfər qazax mütəfəkkiri də ağır repressiyaya məruz qalıb, yalnız ölümlərindən sonra bəraət qazanıblar.

Beləliklə, Birinci Türkoloji Qurultayın ümumi fəaliyyətinə və bu mötəbər tədbirdə iştirak etmiş qazax alimlərinin həyat yoluna nəzər saldıq. Qazax xalqının görkəmli ziyalıları Əhməd Baytursunov, Bilal Suleyev, İldes Omarov, Əziz Bəyseyidov, Nazir Torekulov nə qədər məşəqqətli həyat sürsələr də, hər cür məhrumiyyətə düçar olsalar da, daima qazax xalqının maariflənməsi yolunda əsl fədakarlıq göstərib, yorulub-usanmadan hər zaman öz məsləkləri uğrunda mübarizə aparıblar. Qısa ömürlərində bir sıra dövlət vəzifələrində az müddətdə fəaliyyət göstərsələr də onlar öz əqidələrinə sadiq qalaraq xalqın maariflənməsi yolunda canlarını fəda ediblər. Birinci Türkoloji Qurultaya gələndə də onların məqsəd və məramı aydın idi: öz aydınlıqlarını və ziyalılıqlarını qazax xalqının maariflənməsinə yönəltməklə, ümumilikdə türk dünyasının aydınlığına xidmət göstərmək və xalqın mənafeyini hər şeydən üstün tutmaq! Onlar bütün ömürləri boyu yalnız bu arzu ilə yaşamış və ideallarına son nəfəslərinədək sadiq qalmışlar. Məhz elə buna görədir ki, Birinci Türkoloji Qurultayın qazax millətindən olan nümayəndələri Əhməd Baytursunov, Bilal Suleyev, İldes Omarov, Əziz Bəyseyidov və Nazir Torekulovun adı qazax xalqının qəlbində fəxrlə xatırlanaraq millətin yaddaşında uca mərtəbəyə yüksəlib, görkəmli maarifçi və eyni zamanda vətənpərvər mütəfəkkirlər türk dünyasının fəxri vətəndaşları zirvəsinə ucalıblar. Belələrini isə nə tarix, nə zaman, nə də ki, insanlar unudur! Onlar müqəddəs amallar uğrunda mübarizə aparan, bu yolda ömrünü şam kimi zərrə-zərrə əridən azadlıq carçılarına dönərək ölməzliyə qovuşurlar.

 

Ağahüseyn ŞÜKÜROV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2016.- 22 dekabr.- S.6.