Bədii publisistikada multikulturalizm

 

Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşmişdi. Azərbaycanın Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyətlərin müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb.

Qədim tarixi ənənələrdən gələn, xalqın başqa etnik qrupların adət-ənənələrinə, mədəniyyətinə hörmət hissi multikulturalizmin (elmi termin işləkliyi yeni olsa da) ölkəmizdə tarixini daha da dərin köklərə aparıb çıxarır.

Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq olmadan mümkün deyil. Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyilə hazırda uğurla həyata keçirilir və inkişaf etdirilir. Multikulturalizm assimilyasiyanı inkar edən inteqrasiyaya doğru aparır. İnkişaf etməkdə olan ölkəmizdə çoxlu etnik və dini icmalar arasında milli, irqi zəmində heç vaxt azərbaycanlılar tərəfindən ayrı-seçkilik olmamışdır. Çünki ölkədə tarixən formalaşmış tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən ənənəyə çevrilib.

Multikulturalizm ölkənin ədəbi mətbu orqanlarlarından biri olan "Azərbaycan" jurnalında çap olunan həm azərbaycanlı, həm də xarici ölkə vətəndaşlarının publisistik əsərlərində öz əksini tapmışdır. Multikulturalizm formulu real fakt və hadisələrə söykənən publisistikada özünü dinc birgəyaşayış, tarixi-mədəni abidələr haqqında informativ məlumatlarda, xarici ölkələrlə ədəbi-mədəni əlaqələrdə, doğma ocağa bağlılıq hissi və digər münasibətlərlə bağlı qarşılıqlı əlaqələrdə özünü göstərir. Publisistikada multikulturalizmin araşdırılmasını Azərbaycan multikulturalizmi və dünya baxımından 2 cür qruplaşdırıb tədqiqata cəlb etmək daha məqsədəuyğundur.

Tarixən Rusiya ilə mövcud olan müsbət ədəbi əlaqələr nəticəsində qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər meydana gəlib. Böyük Azərbaycan şairi Səməd Vurğunun 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan" jurnalının 1976-cı il 9-cu sayı rus yazıçılarından Aleksandr Fadeyev, Nikoloy Tixonov, Rəsul Həmzətovun məqalə və məktubları ona həsr edilib.

Aleksandr Fadeyevin həmin sayda çap olunan "Dost məktubu" müəllif S.Vurğuna qarşı sevgisi tək bir insan deyil, eyni zamanda yüksək istedad mövqeyinə görə idi: "Sənin vüsətli poeziyan bizim xalqların yaratdığı ən gözəl poeziya kəhkəşanında parlaq ulduz kimi şəfəq saçır".

"Nə yaxşı ki, dünyada Səməd Vurğun var" başlıqlı məqalədə A.Fadeyevin S.Vurğun haqqında böyük məhəbbətlə dediyi ifadədən iqtibas edilib. Sənədli filmin rejissoru Yalçın Əfəndiyev S.Vurğun haqqında çəkdiyi kinonun ekranlaşdırılması ilə bağlı məsələlərdən bəhs etmiş, onun haqqında geniş həcmli bədii filmin gələcəkdə çəkilməsinin vacib olduğunu diqqətə çatdırır. Daha sonra Nikolay Tixonov, Rəsul Həmzətov, Konstantin Simonov S.Vurğun haqqında dəyərli fikirlərini bölüşmüşdür. N.Tixonov S.Vurğunu klassik şairlərdən geri qalmayan istedad sahibi, ağlasığmaz qüvvəyə malik insan, yubilyarın son şeirlərini ruscaya çevirən Konstantin Simonov onun vətəndaşlıq qeyrətinə malik insan kimi səciyyələndirir.

Rus yazıçısı Yuriy Libedinskinin "Şair ata yurdunda" xatirə oçerkində Azərbaycan və Rusiya ədəbi əlaqələri Səməd Vurğun-Puşkin, Səməd Vurğun-Yuri Libedinski-Mehdi Hüseyn münasibətlərində özünü göstərir. Əsərdə marşrut adıçəkilən 3 yazıçının birgə gəzdiyi Azərbaycanın Qazax, Gəncə, Daşkəsən, Ağdam, Ağdaş bölgələrindən keçir. S.Vurğunun Puşkin yaradıcılığına qarşı sevgisi, S.Vurğuna qarşı bütün bölgələrdə uşaqdan tutmuş böyüyə qədər ona rəğbətlə qarşılması Y.Libedinskini daha da sevindirir. "Mən Səmədlə adamlar arasında olan canlı, mənəvi əlaqəni təsəvvürümdə canlandıraraq fikirləşirdim: insanların qəlbi üzərində belə gözəl, belə əzəmətli hakimiyyətə malik olan şairə eşq olsun!"

A.M.Qorkinin 100 illik yubileyinin qeyd olunması münasibəti ilə "Azərbaycan" jurnalın 1968-ci il 6-cı sayında Mirzə İbrahimovun "Yeni dünyanın nəğməkarı", Məmməd Arifin "Dünənin, bu günün və sabahın sənətkarı", İvan Tretyakovun 60 illiyi münasibəti ilə İsmayıl Şıxlının "Mən əsgərəm" (1982, 10) məqalələr jurnalın Rusiya ədəbiyyatına qarşı böyük maraqdan qaynaqlanırdı.

Bəhram Gözəlovun "Abidə" (1964, 11) oçerkində əsərin qəhrəmanı olan müdrik qoca ömrünün 50 ilini Bakının neft buruqları arasında keçirən, torpağın hər qarışına bələd olan rus geoloqlarının təcrübəsindən bəhrələnmiş, montyorluqdan tutmuş mühəndisliyə qədər vəzifələrdə zəhmətkeşcəsinə çalışmış, 80 yaşlı neft ustası Manaf Rzadır. O, əldə etdiyi təcrübi biliklər eqoistlik etməyib gələcək nəslə ötürüb montyor Kazım Hüseynov, mühəndis Musa Məmmədov, eyni zamanda usta Aleksey İvanoviç kimi şagirdlər yetişdirmişdir. Çünki onun nəzərində milli-dini ayrıseçkilik deyə bir anlayış yoxdur: "Kişi odur ki, özündən sonra bir şey qoyub gedə. Başqaları da baxıb onu yad edə".

Südabə Ağabalıyeva, Asif Eyyublunun "Bu elin adı nədi, dostu nə, yadı nədi?" (1999, 11) məqaləsi Qubada məskunlaşmış 4500 dağ yəhudilərinin etnik mənşəyindən, vaxtilə onların Türkiyənin Ərzurum vilayətindən, İranın Gilan, Herat, Təbriz, Mamoğan vilayətindən Nadir şahın dövründə Qubaya gəlməsi, Fətəli xanın dövründə Qırmızı qəsəbəyə köçürülməsindən bəhs olunur. Əsərdə yəhudilərin qoruyub saxladığı, təqdirəlayiq kultural dəyərləri-Allah-Təalanın Musa Peyğəmbər vasitəsilə göndərdiyi 10 qanuna tabe olmaq, ata-anaya hörmət, müqəddəs şənbə günü, boş yerə and içməmək, halallıq, Roş-ha-Şana, Sukkot, Peysax, Şavüot, Xanuka, Purim, Tişa be-av yəhudi bayramları, ticarət və sənətkarlığın geniş yayıldığı Qırmızı Qəsəbə, qubalılarla yəhudilər arasında mənəvi körpü rolunu oynayan, 1894-cü ildə inşa edilmiş Tağlı körpü haqqında məlumatlar maraq doğurur. Əslində əsərdə azərbaycanlılarla yəhudilərin multikultural münasibətləri, tolerantlığın tarixini daha qədim zamanlara, hələ Fətəli xanın dövrünə bağlayır: "6 gün ərzində yəhudilər qozluq sahədən köçüb yeni ərazidə məskunlaşırlar. Duz-çörəklə Fətəli Xanın qarşısına çıxdıqları yerdə bu gün yəhudilərin sinaqoqu durur. Yeri gəlmişkən, sinaqoq binasındakı 6 guşəli emblem, həmin o 6 günün rəmzidir və hər gümbəz bir günü xatırladır. Beləliklə, Qubada yaşayan dağ yəhudiləri burada məskunlaşdıqları üçün Hüseynəli xan və Fətəli xana minnətdardırlar..." Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər və digər dinlərə etiqad edən insanlar da yaşayırlar. Südabə Ağabalıyeva, Asif Eyyublunun "Bu elin adı nədi, dostu nə, yadı nədi?" (1999, 11) məqaləsində Quba yəhudisi Yevda Abramovun 1990-cı illər hadisələrindəki yaralılara qan verən donorlara ərzaq yardımı etməsi, qayğıkeşliyi, digər yəhudilərin cəbhəyə yardım etməsi, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında yəhudilərin göstərdikləri həmrəylik Azərbaycan multikultural siyasətin uğurlu nəticəsidir.

Yurda-ocağa bağlılıq multikultural mühitin sosial-psixoloji cəhətdən üstün keyfiyyətlərindən biridir. Ə. Ramiz tərəfindən tərcümə olunaraq "Azərbaycan" jurnalında çap olunan Lev Vaysenberqin "Azərbaycan qəlbimdədir" (1972, 12) xatirə-oçerkində əsas obraz müəllifin özüdür. L.Vaysenberq uşaqlıq, gənclik çağlarını Azərbaycanda keçirmiş, Bakı Dövlət Universitetini bitirmiş, Bakı kinostudiyasında fəaliyyət göstərmiş Bakı yəhudilərindəndir. O, Sankt-Peterburqda yaşamasına baxmayaraq Bakı gündəlik yaddaşında doğma xatirə kimi canlanır, bunu oxuculara böyük fərəh hissi ilə çatdırır: "Əlli ildir ki, mən Bakıdan köçmüşəm, lakin hər il müntəzəm olaraq güzarım düşən bu şəhər mənə nə qədər əziz, nə qədər doğmadır". Müəllifin mənzilindəki bir çox fləşbək elementləri - Toğrul Nərimanbəyovun ona həsr elədiyi portret, "Kiçik bacı", M.Hüseynin "Səhər", M.İbrahimovun "Gələcək gün" romanları, Ağasəf Cəfərovun "Çiçəklənən bağça", Tağı Tağıyevin "Abşeron mənzərəsi" rəsmləri Bakı haqqında olan xatirələri yaddaşdan silinməsinə icazə vermir.

Azərbaycan ədəbiyyatına yaxından bələd olan, S. Rüstəmin, M.Arazın, İsa İsmayılzadənin əsərlərini, xalq bayatılarımızı gürcü dilinə tərcümə edən, gürcü oxucu auditoriyası üçün tanıdan tərcüməçi, Gürcüstan Yazıçılar İttifaqının üzvü Zezva Medulaşvilinin "Nağıllarınıza, dastanlarınıza vurğunam.." məqaləsi Azərbaycan ədəbiyyatına qarşı olan sevgi və sayğı hissindən qaynaqlanırdı. Onun Azərbaycan ədəbiyyatına olan məhəbbəti uşaqlıq xatirələrinin introspeksiyası ilə bağlıdır...

Sovet ideologiyası təsirinə ən az məruz qalan ədiblərimizdən Xalq yazıçısı Elçin 1986-cı il avqust ayında M.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, ingilis dili ədəbiyyatı üzrə mütəxəssis, tanınmış tənqidçi N.Anastasiyevlə birlikdə Qananın mədəniyyət naziri Məhəmməd ben Abdullanın dəvəti ilə Afrikanın Qana ölkəsinə səyahət edir,bu səyahətlərlə bağlı təəssüratlarını "Yanan ağacın şəfəqləri" oçerkində (1987, 1) əks etdirir. Publisistin diqqətini ən çox cəlb edən Qana kimi dövlətdə mövcud olan multikultural mühit və bu mühitin içərisində tolerantlığın olmaması nəticəsində əhalinin öz ölkəsindən digər ölkəyə miqrasiyası məsələsidir. On bir milyon əhalisi olan müxtəlif mədəniyyətlərə malik-akandilli xalqlar (tvi, fantı, akvapim, akim), prima, anya, baula qonja, qa, adanqme, eve, mosi, qurma, hər bir etnik qrupun başında duran, şər qüvvələri uzaqlaşdırmaq məqsədi ilə, "milli" ritual cadu mərasimləri həyata keçirən, ayaqlarını fil dişinin üzərinə qoyan, milli ənənədən uzaq Avropa spirtli içkisi şnaspla icra olunan milli mərasimlərə, xalqın bütün əmlakına sahiblik edən "qamanqe" titullu, şah həyatı sürən tayfa başçısı, lakin bu cəhalət içərisində müəllif itaətkar xalqı intellektdən zəif bir şəxsiyyət kimi qələmə vermir. Əksinə qannalılarla münasibətdə onların xarakterindəki mülayimlik, gülərüzlük, nikbinlik, yüksək istedadlılıq, həqiqi sənət mühafizəkarlığı, eyni zamanda elmə, müasir informasiyaya maraq göstərən mübariz vətəndaşlarını təqdirəlayiq hesab edir. Sadəcə gerilik, ətalətin tarixi kökünü aydın şəkildə izah edir. "Seyrçi Avropa Afrikaya heyvanxana, qəfəslərindəki heyvanlara, botanika bağlarındakı əcayib bitkilərə. Sirk tamaşalarına baxan kimi baxıb və buna görə həmişə də yerli əhalini ucuz ekzotikaya təhrik və sövq edib".

Elçin İngiltərə Kembric Universitetini bitirmiş, London Kral İncəsənət cəmiyyətinin üzvü, Qana Yazıçılar Sintikatının sədri Leqon universitetinin professoru Con Alukey Onayla ədəbi dialoqunda aydın olur ki, xalqın aşağı təbəqəsinin ingiliscə bilməməsi, xalqın ideallarını əks etdirən ədəbiyyatın ingiliscə olması xalqla ziyalı, oxucu ilə yazıçı arasında sədd çəkir. Afrika ictimai və ədəbi-mədəni problematikasını ingiliscə yazmaq, müstəmləkəçilərin humanizm və azadlıqsevər Şekspir və Bayron ədəbiyyatını yox, müstəmləkə ideologiyasına yeritməsi, tərcümə və əsər müəlliflərinin yazdıqlarının maddi çətinlik ucbatından çap olunmaması, ölkənin ədəbi sferasının problemlərindədir. Ancaq Elçinin düşüncəsində yazıçı öz mənsub olduğu xalqın aktual problemlərini qaldırmalı, bəşəriliyi milliliyin fövqündə təsəvvür etməməlidir. Çünki ədəbiyyat öz bəşərilik funksiyasını millilik funksiyasından artıq yerinə yetirəndə o, milli mənsubiyyətindən, xalqın sərvətindən, onu ifadə etdiyi ideallardan uzaq düşür.

Elçin "Yanan ağacın şəfəqləri" adlı əsərinin (1978, 1) sərlövhəsində səslənən "yanan ağac" ifadəsi "Ağ adamın qatili" mənasını daşıyan "oa" ağac arxetipi ilə bağlıdır. Müəllifin nəzərində oa ağacı qannalıları qul edən, müstəmləkə əsarətinə salan və ondan intiqam alan, əzəmətli olduğunu sübuta yetirməyə çalışan, təmkinli tolerant bir xalqın istedadının rəmzidir.

Ümumiyyətlə, istər ümumdünya, istərsə də Azərbaycanda mövcud olan multikulturalizmlə bağlı gələcəkdə çox saylı əsərlərin yazılmasına və üzərində daha geniş tədqiqat işləri aparılmasına böyük ehtiyac var.

 

Aynurə PAŞAYEVA

 

525-ci qəzet.- 2016. - 22 dekabr. - S. 4.