"Müstəqillik yollarında: Liderlik
missiyası"
DÖVLƏT MÜSTƏQİLLİYİMİZİN 25 İLLİYİLƏ BAĞLI DƏYƏRLİ ƏSƏR
Xalqımızın ən böyük nailiyyətlərindən
olan dövlət müstəqilliyimizin qazanılmasının
25-ci ildönümünün təntənəli şəkildə
qeyd edilməsi geniş vüsət alıb.
Azərbaycan prezidenti İlham Əliyevin
imzaladığı sərəncam da bu sahədə bir
sıra işlərin geniş vüsətlə
aparılmasına imkan yaratdı. Verilən sərəncam
və xalqımızın XX yüzillkdə əldə etdiyi ən
böyük nailiyyətin ildönümü
ziyalılarımızın da üzərinə müəyyən
vəzifələr qoyur. Bu münasibətlə
dövlət müstəqilliyinin əldə edilməsindən
ötən müddət ərzində Azərbaycanın
qazandığı nailiyyətlər və görülən
işlərə ziyalı münasibətilə fərqlənən
elmi əsərlərin meydana gəlməsi də əsas vəzifələrdən
biri idi. Bu yaxınlarda AMEA Naxçıvan Bölməsinin
elmi işçiləri, filologiya üzrə fəlsəfə
doktoru, dosent Ramiz Qasımov və filologiya üzrə fəlsəfə
doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifliyi
ilə ərsəyə gələn və dövlət
müstəqilliyinin əldə edilməsinin 25-ci
ildönümünə həsr olunan "Müstəqillik
yollarında: Liderlik missiyası" əsəri də məhz
ziyalı sözü və münasibətilə diqqəti cəlb
edir. Ümumiyyətlə, əsər Azərbaycan
xalqının dövlət müstəqilliyi qazanmasında
ulu öndər Heydər Əliyevin göstərdiyi misilsiz
xidmətləri, dövlətçiliyin möhkəmləndirilməsi,
siyasi xəttin, inkişaf konsepsiyasının müəyyənləşməsində
ulu öndərin uzaqgörən zəkasının
oynadığı rolu, qazanılan nailiyyətləri təhlil
və təqdim edir. Elə kitabın ilk səhifəsində
də Azərbaycan Respublikasının dövlət müstəqilliyi
qazanmasının 25-ci ildönümünün qeyd edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin
imzaladığı sərəncam təqdim edilib.
Əsər Azərbaycanın ümumi inkişaf istiqaməti
və xronikasını təqdim etmək baxımından
mükəmməl struktura malikdir. Bu baxımdan adıgedən
əsər üç bölmədən ibarətdir. Kitabın birinci bölməsi Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz fəaliyyəti
və misilsiz xidmətlərinə, bu görkəmli şəxsiyyətin
müəyyənləşdirdiyi siyasi xəttə və onun
ölkəyə qazandırdığı əvəzsiz
nailiyyətlərə həsr olunub. Əsərdə
Azərbaycanın keçdiyi inkişaf yolu ilə
bağlı ayrı-ayrı məqalələr təqdim
edilib.
"Azərbaycan
xalqının ümummilli idealları və Heydər
Əliyevin liderlik missiyası", "Müstəqilliyimizi əbədi
və dönməz edən şəxsiyyət", "Milli
qurtuluş tarixinin öndəri", "Milli siyasətimizin
atası", "Əsrin müqaviləsi"- Əsrimizin
mücadiləsi: böyük mücadilənin əzəmətli
lideri" kimi məqalələrdə ulu öndərin
dövlət müstəqilliyinin qazanılmasındakı
misilsiz xidmətləri, 90-cı illərdəki
qarmaqarışıqlıq və böhran, Azərbaycanı
bölünmək və yox olmaqdan qurtaran dahi şəxsiyyət
və ümummilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti,
qırılmaz əzmi, onun uzaqgörənliyi sayəsində
ölkənin keçdiyi inkişaf yolu və dahi liderin
dövlətçilik xətti və s. əhatəli şəkildə
öz təqdimini tapır. Bölməyə
başlanmazdan əvvəl ümummilli liderin müdrik kəlamının
təqdim edilməsi əsərin, konkret isə bölmənin
mahiyyətini açmağa bütün
aydınlığı ilə imkan verir. Bölmə
daxilində həm də dahi liderin Azərbaycana
qazandırdığı əvəzsiz uğurlar, o cümlədən,
milli ordunun yaranmasında ulu öndərin sərkərdəlik
əzmi və uzaqgörənliyi, milli dəyərlərimizə,
o cümlədən, ana dilimizə, adət-ənənə və
dövlətçilik dəyərlərimizə, ucalıq rəmzi
olan bayrağımıza göstərilən qayğı və
diqqətdən əhatəli şəkildə söhbət
açılır.
Qəti və konkret şəkildə bildirilir ki,
ümummilli liderin müdrik siyasəti olmasa idi, Azərbaycan
dövlət müstəqilliyi qazana və milli
varlığı və dəyərlərini də qoruyub
saxlaya bilməzdi. Bu mənada "Ərazi
bötövlüyümüzün qoruyucusu, Milli Ordumuzun
qurucusu", "Heydər Əliyevlə ucalan
bayrağımız", "Milli mənəviyyatın şəxsiyyət
təcəssümü", "Heydər Əliyev şəxsiyyəti
vətəndaşlığın, azərbaycanlılığın
və azərbaycançılığın
meyarıdır", "Heydər Əliyev və milli dil
siyasəti" başlıqlı yazılar bu görkəmli
şəxsiyyətin özünün zəngin və milli
mündəricəli xarakteri, mənəviyyatı ilə mənsub
olduğu xalqını uğurla təmsil edən şəxsiyyət
təcəssümü olduğu, xalqının milli dəyərləri
və onun mühafizəsinə göstərdiyi xidmətləri
konkret faktlarla təqdim edir. Əsərdə həmçinin
ölkəmizdə məhz bu müdrik liderin adı ilə
bağlı dövlət siyasəti və onun ayrı-ayrı
istiqamətləri, bilxassə dövlət qadın və gənclər
siyasəti təhlildən keçirilir, Azərbaycana
qazandırdığı nailiyyətlər göstərilir.
Əsərdə əmin-amanlıq, sülh
elçisi olan dahi liderin ölkəmizə bəxş etdiyi
sülh və əmin-amanlıq nailiyyəti də təhlildən
keçirilərək dahi şəxsiyyətin lideri olduğu
Yeni Azərbaycan Partiyasının milli dövlətçiliyimizin
möhkəmləndirilməsi və inkişafı yolunda
verdiyi töhfələr xüsusi yer tapır. Dahi liderin elmin və ədəbiyyatın
inkişafına göstərdiyi qayğı da əsərdə
təhlildən keçirilmiş, oxucuların diqqətinə
çatdırılmışdır.
Kitabda diqqəti cəlb edən özünəməxsus
məziyyətlərdən biri də budur ki, ulu öndər
Heydər Əliyevin müdrik siyasi xəttinin uğurla davam
etdirilməsindən doğan müvəffəqiyyətlər
sonuncu iki bölmədə əks etdirilmişdir. İkinci
bölməyə başlamazdan əvvəl Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanla
bağlı müdrik kəlamları, özünün davam və
inkişaf etdiriləcək ideyaları ilə bağlı
fikirləri əksini tapıb. Bu müdrik fikirlərdə
dahi liderin: "Mən ona özüm qədər
inanıram", - deyə bəhs etdiyi böyük siyasətçi,
bacarıqlı diplomat və ləyaqətli siyasi varis cənab
İlham Əliyev haqqındakı təəssüratları
epiqraf olaraq seçilib. Sonra dahi liderin siyasi
kursunun uğurlu davamçısı cənab İlham
Əliyevin həyat və fəaliyyət amalı ilə
bağlı müdrik fikirləri oxucuların diqqətinə
çatdırılıb. Sonrakı məqalələrdə
məhz Azərbaycanda ümummilli lider Heydər Əliyevin
müdrik siyasi kursunun cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi və dövlət müstəqilliyi
tariximizdə xüsusi mərhələ təşkil edən
2003-cü ildən məharətli siyasi xadim və
xalqının maraqlarının müdafiəçisi olan cənab
İlham Əliyevin ölkəyə rəhbərliyə gəlməsinin
qazandırdığı nailiyyətlər təhlil olunub.
"Qələbə əzmli lider", "İlhamlı
sabahın aydın, Azərbaycan", "Böyük zəfərlərə
aparan lider" başlıqları altında cənab İlham
Əliyevin ölkəyə rəhbərliyə gəlməsindən
sonra ulu öndərin müdrik siyasi kursunun uğurla davam
etdirilməsinin nəticəsində Azərbaycanın
keçdiyi sürətli inkişaf yolu, bölgələrin
abadlaşması, infrastruktur layihələrin uğurla həyata
keçirilməsi, ölkədə özəl sektorun
inkişafı və iqtisadiyyatın
dayanıqlılığının təminatı, Azərbaycanın
dünyada artan nüfuzunun güclənməsi, beynəlxalq təşkilatlara
üzvlüyü və maraqlarının beynəlxalq aləmdə
dəstəklənməsi, aparılan uğurlu ordu
quruculuğu, ölkənin siyasi və iqtisadi inkişafdan
kosmik gücə malik bir ölkəyə çevrilməsi və
başqa prioritet məsələlər faktik materiallar əsasında
təhlil və təqdim edilib.
Kitabın
üçüncü bölməsində Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasında uğurla davam etdirilən Heydər Əliyev
siyasi kursunun blokada şəraitində olmasına baxmayaraq,
muxtar respublikaya qazandırdığı sürətli
inkişaf, abadlaşma və dirçəliş əsas təqdimat
obyektinə çevrilir. Muxtar respublikaya
uğurla rəhbərlik edən Ali Məclisin hörmətli
sədri haqqında Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri
təqdim edilib.
Muxtar respublika rəhbərinin "Yol düzgün
seçiləndə, milli maraqlara və dövlətçiliyə
sədaqət olanda, adamların qayğısı və
ehtiyacları hədəfə alınanda istənilən
möcüzəni yaratmaq olar" fikri seçilərək həm
fəaliyyət prinsipi, həm də Heydər Əliyev siyasi
kursunun fəlsəfəsi kimi epiqraf olaraq təqdm olunub. Bu bölmədə təqdim
olunan "Naxçıvan möcüzəsini yaradan zəka",
"Dinamik inkişafın Naxçıvan nümunəsi",
"Naxçıvanın quruculuq və inkişaf fəlsəfəsi",
"Ordu quruculuğunun Naxçıvan nümunəsi",
"Naxçıvan Muxtar Respublikasında ictimai sabitlik təmin
olunur", "Naxçıvandan dalğalanan müstəqillik
rəmzi" kimi məqalələrdə Naxçıvan
Muxtar Respublikasındakı genişmiqyaslı
abadlıq-quruculuq işlərinin nailiyyəti olan müasir və
abad Naxçıvan, inkişaf etməkdə olan muxtar
respublikanın iqtisadiyyatı, yaranan yeni istehsal sahələri,
uğurla aparılan kənd quruculuğu və nümunəvi
imkanlara malik muxtar respublika kəndləri, müdrik və
uzaqgörən qərarların nəticəsində muxtar
respublikada yaradılan enerji təminatı və elektrik enerjisi
istehsal edən müəssisələr, enerji
idxalçılığından enerji
ixracatçılığına doğru keçilən
uğurlu inkişaf yolu və digər nailiyyətlər əsas
mövzu və şərh olunan məsələlər
sırasındadır.
Hər tərəfdən
sərhədlənən və blokadaya alınan
Naxçıvanın alınmaz qala kimi qorunmasına imkan
yaradan güclü və qüdrətli ordu hissələri,
yaradılan nümunəvi xidmət yerləri, hərbi təlimlər
prosesində nümayiş etdirilən ordu peşəkarlığı,
davamlı və ardıcıl şəkildə aparılan
ordu quruculuğu Naxçıvan Muxtar Respublikasında
yürüdülən siyasi kursun uğurlu nəticələri
kimi konkret faktlar əsasında təqdim edilir. Azərbaycanın
dövlət müstəqilliyinin qazanılmasında Naxçıvanda
ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
aparılan milli mücadilə, müstəqilliyin və milli
dirçəlişin təməlində dayanan dövlətçilik
tədbirləri, Naxçıvanda həyata keçirilən
uğurlu işlər və verilən tarixi qərarlar,
dövlət müstəqilliyimizin rəmzi olan üçrəngli
bayrağımızın məhz ilk dəfə
Naxçıvanda qaldırılması ilə Azərbaycan
Xalq Cümhuriyyəti ilə varisliyin təmin edilməsi,
Naxçıvandan başlanan xilaskarlıq yolu və başqa
bu kimi əhəmiyyətli mövzular əhatəli və
konkret faktlar işığında qələmə
alınıb.
Beləliklə, əsər Azərbaycan xalqının
dövlət müstəqilliyinə həsr olunan qiymətli
çap məhsullarından biridir. Əsərin elmi redaktoru akademik
İsmayıl Hacıyev, rəyçiləri AMEA-nın
müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor
Fəxrəddin Səfərli və AMEA-nın müxbir
üzvü, filologiya üzrə elmlər doktoru, professor
Əbülfəz Quliyevdir. Kitab elmi-publissitik
dildə yazıldığı üçün rahat
oxunaqlığa malikdir. Naxçıvanın
"Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində
çap edilən əsər, həm də nəfis tərtibata
malikdir. Kitab bütün oxucu kütləsinin
diqqət və marağına səbəb olacaq bir əsərdir.
Bu baxımdan AMEA Naxçıvan Bölməsinin elmi
işçiləri olan filologiya üzrə fəlsəfə
doktoru, dosent Ramiz Qasımov və filologiya üzrə fəlsəfə
doktoru, dosent Zülfiyyə İsmayılın həmmüəllifliyi
ilə dövlət müstəqilliyinin əldə edlməsinin
25-ci ildönümü münasibətilə çap olunan
"Müstəqillik yollarında: Liderlik missiyası" əsəri
hər bir oxucunun marağına səbəb olacağına
inanırıq.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü, filologiya
üzrə elmlər doktoru, professor
525-ci qəzet.-
2016.- 29 dekabr.- S.4.